beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerikan cərrahları ilk dəfə olaraq soxulcanabənzər çıxıntını (appendiks) uşaqlıq yolundan çıxarmışl

26 mart 2008-ci il tarixində Kaliforniya universiteti nəzdindəki San-Diyeqo Tibb mərkəzinin həkimləri ABŞ-da ilk dəfə olaraq iltihablaşmış appendiksi (appendisit) uşaqlıq yolu üzrə çıxarmışlar. Science Daily-nin verdiyi məlumata görə, 50 dəqiqəyə yaxın davam edən bu əməliyyat uğurla nəticələnmişdir.
Qeyri-adi əməliyyat Kaliforniya universitetinin aspirantı olan Diana Şlamadinger üzərində icra olunmuşdur. Pasiyentin sözlərinə görə, o, əməliyyatdan sonra çox zəif – 10 ballıq şkala üzrə 0,5-1 bal qədər ağrı hiss etmişdir.
Appendiksin çıxarılması üçün ilk dəfə olaraq cərrahlar əyiləbilən, mütəhərrik alətlərin insanın təbii dəliklərindən (ağız, uşaqlıq yolu və ya düz bağırsaq) içəri yeridilməsinə əsaslanan translüminal endocərrahi üsuldan (NOTES) istifadə etmişlər. Qarın boşluğu və zədələnmiş orqana doğru cərrahi yol uşaqlıq yolu divarında kəsik aparmaqla əldə edilir. Bundan əlavə, cərrah Santyaqo Horqanın dediyinə görə, pasiyentin göbək nahiyəsində də kiçik bir kəsik aparılmış və buradan qarın boşluğuna 2 millimetrlik bir kamera daxil edilmişdir.
Mütəxəssislərin rəyinə görə, yeni texnika soxulcanabənzər çıxıntının çıxarılması üçün köhnə ənənəvi üsullara nisbətən xeyli üstün cəhətlərə malikdir. Bu üsulla icra edilən cərrahi əməliyyat həm daha kosmetik olur, həm də əməliyyatdan sonra yırtıq yaranma ehtimalı xeyli azalır. Həmçinin, xəstələr daha az ağrı hiss edir və daha tez sağalırlar.
Əvvəllər də San Diyeqo Tibb Mərkəzinin cərrahları artıq bir sıra translüminal endocərrahi əməliyyatlar etmişdilər. 2007-ci ilin sentyabrında onlar öd kisəsini uşaqlıq yolundan uğurla çıxarmış, bu ilin mart ayında isə iltihablaşmış appendiksi ağızdan çıxarmışlar.


Tarix: 07.01.2013 / 19:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Umumi Xestelikler