beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Akademik Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu

2006-cı ildə akademik Z.Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun 60 yaşı tamam olur. Bu şanlı tarix, institutun milli oftalmologiya elminin yaranmasına, inkişafına, ölkə əhalisinin ixtisaslaşdırılmış oftalmoloji xidmət ilə təmin edilməsinə yönəldilmiş çoxillik fəaliyyətinin bir sıra cəhətlərinin nəzərdən keçirilməsi və onlara qiymət verilməsi üçün münasib bir məqamdır.

Azərbaycan oftalmologiyasının inkişafı Bakıda səhiyyənin inkişafı ilə sıx əlaqədə olmuşdur. XX əsrin əvvəlində Bakı şəhərinin əhalisi 150 000 nəfərdən ibarət idi və şəhər əhalisinin artması ilə əlaqədar göz xəstəlikləri üzrə tibbi yardıma da ehtiyac artırdı. Bu zaman yalnız Mixaylovski xəstəxanasının nəzdində 10 çarpayılıq göz şöbəsi fəaliyyət göstərirdi və bir də Qaraşəhərdə neft istehsalçıları şurasının xəstəxanasında 16 çarpayı göz xəstələri üçün ayrılmışdı.

Həmin dövrlərdə Azərbaycanda cəmi 5 həkim-okulist var idi ki, onların da hamısı Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərirdilər. Rayonlarda oftalmoloji xidmət demək olar ki, yox idi və göz xəstələrinin müalicəsi quberniya və məhkəmə həkimlərinə həvalə olunmuşdu.

Bu illər müayinə olunan əhali arasında traxoma ilə xəstələnmə Abşeronda 65%, Bakı şəhərində – 20-25%, Kür-Araz ovalığında və Salyan qəzasında isə daha geniş yayılaraq 70-80% təşkil edirdi. Bakı şəhərində göz xəstiəlikləri üzrə tibbi yardımın geniş miqyas alması 1920-ci ildən başlamışdır. Həmin il Azərbaycanda Səhiyyə Komissarlığı nəzdində traxoma mərkəzi yaradıldı. 1922-ci ildə Bakıda 60 çarpayılıq göz xəstəxanası açıldı. 1924-cü ildə onun bazasında traxoma əleyhinə dispanser təşkil olundu.

Bu illərdə ambulator yardımla yanaşı stasionar yardımı da inkişaf etməyə başladı. 1928-ci ildə göz xəstəxanasının çarpayılarının sayı 100, 1936-cı ildə isə 105 idi. Eyni zamanda göz xəstəxanasında ali və orta tibb işçilərinin sayının artması da müşahidə olunurdu.

1928-ci ildə yaxşı təchiz olunmuş kimyəvi-bakterioloji və histoloji tədqiqatlar aparmağa imkan verən xüsusi laboratoriya açıldı. 1932-ci ildə qadın stasionarı nəzdində 10 çarpayılıq uşaq göz şöbəsi açıldı və uşaqlara bu sahədə ixtisaslaşmış tibb işçiləri yardım göstərirdi. Böyük elmi-praktik mərkəz olan xəstəxana tibbi kadrların hazırlanması sahəsində əhəmiyyətli fəaliyyət göstərirdi.

1935-1941-ci illərdə respublikanın bir sıra rayonlarında traxoma ilə yoluxma hələ də çox yüksək idi. Karyagin, Salyan rayonlarının kəndlərində müayinə edilmiş əhali arasında traxoma ilə yoluxma 23-60%, Xıllı rayonunun kəndlərində 29-60%, Abşeron yarımadasında 23-35% təşkil edirdi. Həmin vaxt bu vəziyyətlə əlaqədar respublika höküməti bir sıra qərarlar verir. SSRİ Xalq Komissarlar Sovetinin 3 iyun 1945-ci il sərəncamı və Azərbaycan Səhiyyə Komissarlığının 21 oktyabr 1945-ci il 924 № - li əmrinə əsasən 1946-cı ildə mərkəzi klinik göz xəstəxanasının bazasında 120 çarpayılıq oftalmologiya elmi-tədqiqat institutu yaradılır.

Beləliklə, institut diyar göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili və genişləndirilməsi məqsədilə yaradılır. İnstitutun elmi bölməsi 3 şöbədən ibarət idi: I şöbə – traxoma şöbəsi, II – cərrahiyyə şöbəsi, III – terapevtik şöbə.

İnstitutun ilk direktoru tibb elmləri namizədi M.Ə.Abbasov, elmi işlər üzrə direktor müavini – prof. S.İ.Vəlixan olmuşdur.

İnstitutun kollektivi traxoma ilə mübazidə elmi-metodik və təcrübi tədbirlərin həyata keçirilməsi yolunda böyük zəhmət sərf etmişdir. Tədbirlərin işlənilməsi, institutun əməkdaşlarından təşkil olunmuş həkim dəstələrinin traxomaya tutulmuş rayonlara dəfələrlə ezamiyyətə getməsi və kəndlərin əhalisinin ev-bə-ev müayinəsi, xəstələrin yerlərdə və institutun stasionarında müalicəsi, traxomanın fəsadlarının ləğv edilməsi, geniş sanitar-maarifçilik və profilaktik işinin aparılması institutun qarşısına qoyulmuş məqsədin əldə edilməsinə gətirdi. Bu böyük işin nəticəsində 1966-cı ildə Azərbaycanda traxoma tam ləğv edilmişdir.

Beləliklə, respublikada traxomanın ləğv edilməsi üçün yaradılmış institut bu vəzifəsinin öhdəsindən şərəflə gəlmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dövr ərzində institutun əməkdaşları tərəfindən yerinə yetirilmiş 351 elmi işdən 147-si və ya 41,8% traxomanın kütləvi xəstəlik kimi öyrənilməsi probleminə həsr olunmuşdur.

Ölkədə traxomanın ləğvindən sonra bu xəstəliyin tədqiqinə ehtiyac getdikcə azalmaga başlamışdır. Bu zamana qədər, qeyd olunduğu kimi, institutda cəmi 3 elmi şöbə fəaliyyət göstərirdi. Sonralar institut Cənubi Qafqaz regionunda yeganə elmi-tədqiqat oftalmologiya müəssisəsi olduğundan, oftamolögiyanın respublika və region üçün xüsusi sosial əhəmiyyət daşıyan problemlərini araşdıran elmi şöbələrinin strukturu daha da genişləndirilmişdir. Onun tərkibinə qlaukoma, gözün sinir-damar patologiyası, gözün virus patologiyası, uşaqların görməsinin mühafizəsi, toxuma terapiyası və keratoplastika, gözün zədəsi şöbələri, həmçinin patomorfoloji, biokimyəvi, virusoloji və bakterioloji laboratoriyalar, fizioterapiya kabinəsi, göz xəstəliklərinin rentgen diaqnostikası və rentgen terapiyası kabinəsi daxil olmuşdur. Azərbaycanda yayılmış digər göz xəstəliklərinin diaqnostika və müalicə üsullarının işlənilməsi, bu üsulların təcrübədə tətbiq edilməsi, oftalmologiya sahəsində elmi və praktik kadrların hazırlanması, maddi-texniki bazasının gücləndirilməsi, yeni diaqnostik xidmətlərin yaradılması kimi məsələlərə diqqət artırılmışdır.

1957-ci ildə instituta rəhbərliyi N.M.Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N.M.Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır.

İnstitutun maddi-texniki bazasının və kadr potensialının möhkəmləşməsi nəticəsində onun elmi fəaliyyəti genişlənmiş və zənginləşmişdir. Həmin illərdə institutun qlaukoma şöbəsində birincili və ikincili qlaukoma zamanı gözün ön kəsiyinin patohistoloji, biomikroskopik və qonioskopik müayinələri inkişaf edir, qlaukomanın hipersekretor, piqment, toksiki, uveal növlərinin patogenezi öyrənilir, cərrahi müalicəsinin funksional nəticələri müəyyən edilir, antiqlaukomatoz cərrahi əməliyyatlardan sonrakı hipotoniyanın müalicə metodları, qlaukoma ilə xəstələrin aktiv dispanserizasiyasının prinsipləri və metodları işlənilir.

Gözün sinir-damar patologiyası şöbəsində institutda yeni tətbiq olunmuş elektrofizioloji müayinələrin (elektroretinoqrafiya, reooftalmoqrafiya) köməyi ilə tor qişanın distrofiyaları zamanı görmə orqanının funksiyaları öyrənilir, bu patologiyanın medikamentoz və fiziki müalicə metodları işlənilir, görmə sinirinin patologiyası zamanı görmə analizatorunun reseptor aparatının vəziyyəti, o cümlədən funksional mobilliyi əlaməti üzrə müəyyən edilir, müalicə metodları hazırlanır. Bir sıra klinik və biokimyəvi müayinələr orqanizmdə gedən ümumi fizioloji və patoloji proseslər, o cümlədən fizioloji və vaxtından qabaq qocalma, hipertoniya xəstəliyi, nefrogen hipertoniya, toksoplazmoz və s. zamanı görmə orqanının vəziyyətinin öyrənilməsinə həsr olunmuşdur.

Uşaqların və yeniyetmələrin görməsinin mühafizəsi şöbəsində ambliopiyanın müxtəlif müalicə metodlarının effektivliyi öyrənilir, anizometropiyanın korreksiyası metodları, müştərək çəpgözlük zamanı binokulyar görmənin bərpası üçün terapevtik və cərrahi metodlar işlənilir. Virusoloji şöbədə buynuz qişanın herpetik zədələnmələrində virusoloji müayinələr aparılır, gözün ön kəsiyinin herpetik və adenovirus mənşəli zədələnmələrinin müalicə metodları işlənilir.

Zədə şöbəsində gözün kimyəvi yanıqları zamanı toxumalarda turşulaşma-bərpa proseslərinin pozulmaları tədqiq edilir, yanıqların yeni müalicə üsulları işlənilir, şüşəvari cisimdə qansızma və şvart əmələ gəlməsi nəticəsində baş verən biokimyəvi dəyişikliklər öyrənilir, şüşəvari cismə kontuzion qansızmaların, travmatik hipotoniyanın və travmatik endoftalmitin müalicə metodları hazırlanır.

Toxuma terapiyası və keratoplastika şöbəsində kataraktanın klinik və biokimyəvi xüsusiyyətləri və cərrahiyyəsinin fəsadları, afakiya zamanı gözün hidrodinamikası öyrənilir, buynuz qişanın distrofiyaları, zədələri və irinli zədələnmələri zamanı təbəqəli müalicəvi və dəlib keçən keratoplstika cərrahi əməliyyatları tətbiq edilir və nəticələri araşdırılır.

Patomorfoloji laboratoriyada gözün damarlı yolunun piqment şişlərinin, retinoblastomanın morfoloji və histokimyəvi xüsusiyyətləri öyrənilir, orbita şişlərinin tomoqrafik diaqnostikasının əsasları işlənilir.

Uşaqlarda görmə orqanının yenitörəmələrinin erkən əlamətləri təsdiq olunur, gözün travmalarının və onların fəsadlarının (travmatik iridosiklik, hipotoniya, qansızma) profilaktikası və müalicəsi məsələləri işlənilir.

Bu dövrdə gözün peşə patologiyasına da aid geniş müayinələr aparılır. Belə ki, respublikanın kimyəvi, neftkimyəvi, neftayırma, mədən emalı, metal emalı sənaye müəssisələrində işləyən şəxslərdə görmə orqanının vəziyyəti, müxtəlif kimyəvi maddələrin, o cümlədən sulfat turşusunun, etil spirtinin, anilin, butil kauçukun görmə orqanına təsiri öyrənilir.

Əsrin 80-ci illərində göz almasında mürəkkəb mikrocərrahi əməliyyat üsullarına və bir sıra göz xəstəliklərinin müalicəsində lazer terapiyası üsullarına yiyələnmək məqsədilə institutda gözün mikrocərrahiyyəsi mərkəzi və oftalmoloji lazer mərkəzi yaradılır. Bu illərdə institutun mikrocərrahiyyə mərkəzində gözün ön şöbəsinin və şüşəvari cismin müxtəlif patologiyasında, o cümlədən gözdaxili qansızmalarda rekonstruktiv və vitreal mikrocərrahiyyənin, kataraktanın mikrocərrahi üsullarla ekstraksiyasının tətbiqi tədricən artır. İnstitutun əvvəlcə qabaqcıl və sonralar gənc əməkdaşları bu üsullara həvəslə yiyələnərək öz cərrahi texnikasını daha da təkmilləşdirir. Mərkəzdə oftalmologiyanın bu müasir sahəsində elmi tədqiqatların da sayı artır, belə ki, müxtəlif mənşəli intravitreal qansızmalarda aparılan şüşəvari cismin müəyyən maddələrlə hissəvi əvəzedilməsinin klinik və funksional nəticələri öyrənilir. Bundan əlavə mərkəzin əməkdaşları tərəfindən bir neçə müdafiə olunmuş namizədlik dissertasiyaları intravitreal qansızmalar zamanı şüşəvari cisimdə gedən peroksidləşməsi proseslərinin antioksidantlarla korreksiyasına həsr olunmuşdur.

Respublika Oftalmoloji Lazer Mərkəzində həmin illərdə əldə edilmiş OK-2 Rubin, "Yataqan" YAQ, Arqon, Helium-Neon lazer qurğularının istifadəsi ilə Azərbaycanda ilk dəfə olaraq ikincili katarakta, diabetik retinopatiya, tor qişanın mərkəzi və periferik distrofiyaları, qapalı bucaqlı qlaukoma və bir sıra digər göz xəstəliklərinin lazer müalicəsinin fəal aparılması başlayır. 1974-cü ildən institutda tətbiq edilən görmə üzvünün ultrasəs müayinələri həmin dövrdə Lazer Mərkəzində aparılır və bunun köməyi ilə göz almasının və onun strukturlarının parametrləri müəyyən edilir, şüşəvari cismin patologiyasının, tor qişanın qopmasının, göz almasının və orbitanın yenitörəmələrinin diaqnostikası dəqiqləşdirilir.

Gözün zədəsi şöbəsində də göz almasının dəlib keçən zədələri zamanı yaralanmanın birincili işlənməsi artıq mikrocərrahiyyə üsullarının tətbiqi ilə aparılır və şöbənin elmi fəaliyyəti bu üsulların tətbiq sahəsinin genişləndirilməsi imkanlarının axtarışına həsr olunur.

Bu dövrdə digər şöbələrin də elmi fəaliyyəti zəmanəyə uyğunlaşdırılır; qlaukoma üzrə tədqiqatlar dərinləşdirilir, morfohistokimyəvi müayinələri vasitəsilə birincili və ikincili qlaukomanın patogenezi öyrənilir, şəkərli diabet və hipertoniyanın birgə təsiri nəticəsində gözün zədələnmələrinin epidemiologiyası, ümumi xəstəliyin ağırlığından və mərhələsindən asılı olaraq göz xəstəliyin klinik xüsusiyyətləri öyrənilir, tor qişanın və görmə sinirinin damarlarında qan dövranının kəskin pozulmalarının respublikanın müxtəlif iqlim-coğrafi zonalarında yayılması araşdırılır, diaqnostikasının və kompleks müalicəsinin metodları işlənilir.

Virusoloji şöbədə herpetik, bakterial və qarışıq mənşəli dərin keratitlərin, keratouveitlərin və uveitlərin diaqnostikası, müalicəsi və profilaktikası üsulları müəyyən edilir, epidemiologiyası öyrənilir. Respublikada uşaqlarda daha çox yayılmış optik qüsurlar müəyyən edilir, bunların nəticəsində görmə funksiyalarının zəifləməsinin kompleks müalicəsi və profilaktikası tədbirləri işlənilir, çəpgözlüyün və yaxındangörmənin cərrahi müalicəsi tətbiq edilir və nəticələri araşdırılır, binokulyar görmənin bərpası üçün metodların axtarışı gedir. Bu illərdə institutda görmə orqanı patologiyası nəticəsində korluğun, zəifgörmənin və əlilliyin tibbi-sosial cəhətlərinin öyrənilməsi başlayır.

90-cı illərdə məlum iqtisadi çətinliklərə baxmayaraq, institutun əməkdaşları oftalmologiyada yeni texnologiyaların və metodların tətbiq edilməsini davam etdirməyə çalışıblar.

Bunun sübutu kimi qlaukomalı xəstələrdə görmə sinirinin maqnitostimulyasi üsulu ilə müalicəsi və ikincili qlaukomanın müalicəsində dərin sklerektomiyanın modifikasiyasının hidrogel eksplant-drenajın istifadəsi ilə aparılmasını, şüşəvari cismə və tor qişaya qansızma zamanı lipidlərin peroksidləşməsinin yeni antioksidantlarla korreksiyasını, afakiya zamanı tor qişada artmış peroksidləşməsinin antioksidantlarla korreksiyasını, uşaqlarda anadangəlmə xəstəlikləri və gözün ön şöbəsinin müəyyən patologiyası zamanı kristalloqrafik müayinələrin aparılmasını, göz almasının dəlib keçən yaralanmalarında və buynuz qişanın iltihabi xəstəliklərində xəstənin immun statusunun immunomodulyatorlarla korreksiyasını, buynuz qişanın irinli xəstəliklərində müxtəlif donor materiallarının istifadəsi ilə səthi müalicəvi keratoplastikanın tətbiqini, göz almasının və orbitanın müştərək zədələrinin müayinə və müalicə taktikasının işlənilməsini, göz almasının və orbitanın silahın müasir növləri ilə zədələnmələrinin müalicəsi və bu xəstələrin reabilitasiyası taktikasının işlənilməsini qeyd etmək olar.

Azərbaycanda görmə üzvünün anadangəlmə patologiyası nəticəsində zəifgörmənin, korluğun və görmə üzrə əlilliyin tibbi-sosial xüsusiyyətlərinin öyrənilməsi, profilaktikası və azalması məqsədilə aparılan tədbirlərin işlənilməsi, süni büllurun implantasiyasının genişlənmiş tətbiqi ilə əlaqədar üzə çıxan tibbi və sosial problemlərin tədqiqi və həlli yollarının müəyyən edilməsi, oftalmoerqonomik müayinələrin aparılması da bu fəaliyyətin nümunələridir.

1998-2005-ci illərdə institutun direktoru vəzifəsini K.T.Kərimov tutmuşdur.

2001-2005-ci illərdə institutun elmi fəaliyyətini ametropiyanın və astiqmatizmin müxtəlif növləri zamanı fotorefraktiv lazer keratektomiyanın və makulanın lokal işıqlandırılmasının effektivliyinin öyrənilməsi, tor qişa venalarının trombozunda zəfəran bitkisindən hazırlanmış preparatın gözün funksiyalarına və hemo-hidrodinamikasına təsirinin öyrənilməsi, qlaukomalı xəstələrin görmə sinirinin atrofiyasının bütöv zəfəran gülünün sulu məhlulu ilə müalicəsinin effektliyinin öyrənilməsi, buynuz qişanın dəlib keçən yaralanmalarında və kontuziya mənşəli gözdaxili qansızmalarda helium-neon lazerstimulyasiyanın və patogenetik yönlü medikamentlərlə hopdurulmuş müalicəvi yumşaq kontakt linzaların birgə tətbiqinin effektivliyinin yaş aspektində öyrənilməsi, buynuz qişanın iltihabi və distrofik xəstəlikləri zamanı helium-neon lazerstimulyasiyanın müxtəlif konservativ və cərrahi metodlar ilə müştərək tətbiqinin effektivliyinin öyrənilməsi, ikincili infeksiya ilə fəsadlaşmış buynuz qişanın zədələri zamanı müxtəlif bioloji örtüklər ilə birgə Bioptron-işıq terapiyasının effektivliyinin öyrənilməsi təşkil etmişdir.

Bu dövrdə institutda oftalmologiyanın ən müasir problemlərinə həsr olunmuş bir sıra doktorluq və namizədlik dissertasiyaları müdafiə olunub. Onların arasında "Azərbaycan Respublikasının Xəzəryanı regionunda işıq enerjisinin gözün bülluruna spesifik təsiri və qocalıq kataraktasının patogenezinin xüsusiyyətləri", "Yetişməmiş qocalıq və fəsadlı kataraktaların müxtəlif modifikasiyalı intraokulyar linzaların implantasiyası ilə fakoemulsifikasiyası zamanı ultrasəs müayinə metodları" mövzuları üzrə doktorluq dissertasiyaları, "Müxtəlif genezli uveitlərin differensial diaqnostikası", "Gözün kimyəvi və termik yanıqlarının reanimasiyaedici terapiyasının müasir üsulları", "Azərbaycan respublikasında görmə üzvünün patologiyası nəticəsində əmələ gələn korluğun və əlilliyin tibbi-sosial, klinik-oftalmoloji və immunoloji-genetik aspektləri", "Görmə üzvünün kontuziyasında perftoran emulsiyasının tətbiqi", "Diabetik retinopatiyanın kombinəolunmuş müalicəsinin müasir aspektləri", "Süd vəzi xərçəngi və limfoqranulematozu olan xəstələrin şiş əleyhinə kimyəvi müalicəsinin görmə üzvünə təsiri", "Azərbaycan respublikasında anadangəlmə kataraktalı uşaqlarda bəzi klinik-genetik aspektlərin öyrənilməsi və onların müalicə metodları", "Açıq bucaqlı qlaukomanın müasir cərrahi üsullarla müalicəsinin effektivliyinin təyini", "Müxtəlif etiologiyalı buynuz qişa bulanıqlıqlarında subtotal dəlib keçən keratoplastika əməliyyatndan sonrakı astiqmatizmin profilaktikası", "Uşaqlarda büllurun arxa kapsulunun tamlığının pozulması ilə müşayiət edilən travmatik katarakta zamanı intraokulyar linzaların implantasiyası", "Makulodistrofiyaların patogenezinin bəzi tərəflərinin öyrənilməsi və akupunkturanın bu xəstəliklərin müalicəsində effektivliyi" və s. göstərmək olar.

2001-ci ildən institutda Nd-YAG lazer qurğusunun istifadəsi ilə şəkərli diabet nəticəsində tor qişanın zədələnmələrinin müalicəsi kütləvi şəkildə aparılmağa başlayır və bununla yanaşı göz dibinin damarlı patologiyasının diaqnostikası üçün flüoressent angioqrafiya üsulu geniş tətbiq olunur. 2004-cü ildən institutda terminal və ifrat inkişaf etmiş qlaukoma zamanı siklokoaqulyasiya əməliyyatını aparmaq üçün ALOD-01 ALKOM Diod-lazer aparatı istifadə olunur. Bu lazer qurğularının istifadəsi nəticəsində institutda qlaukomanın və tor qişanın şəkərli diabetlə əlaqədar zədələnmələrinin lazer müalicəsi problemlərinə həsr olunmuş elmi-tədqiqat işlərin aparılması mümkün olmuşdur.

2004-cü ildən institutda tor qişanın və görmə sinirinin müxtəlif patologiyası zamanı retinanın çubuqcuq və kolbacıqlarınn funksiyalarının ayrı-ayrılıqda müayinəsinə imkan verən elektroretinoqrafiyanın müasir metodu tətbiq olunur.

21.01.2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z.Ə.Əliyevanın adı verilmişdir.


Tarix: 10.07.2015 / 16:01 Müəllif: Feriska Baxılıb: 156 Bölmə: Tibb