beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavad Heyət

Cavad Heyət — cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" dərgisinın təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru
Həyatı

Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından imiş. O, məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun "Heyət" adı ilə tanınmışdır. Mirzəli Heyət İranda təmiz məhkəmə başqanı və İran ədliyyəsinin qurucularından biri kimi məşrutiyyət inqilabında fəal rol oynamışdır.

Cavad Heyət ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almışdır. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuş, ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək 1943–1946-cı illərdə burada tibb fakültəsində oxumuşdur.

Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmış, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləmişdir.

O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıtmış, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik etmişdir. Doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoymuşdur. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıtmışdır. 1969-cu ildə o, Tehranda ilk dəfə transplantasiya əməliyyatını uğurla həyata keçirmişdir. Bir çox cərrahi əməliyyatlar məhz onun adı ilə bağlıdır. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirmişdir.

Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur.

Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır.

Onun tədqiqatlarında və publisistik məqalələrindəki əsas fikirlərin böyük qismi təsis etdiyi “Varlıq” jurnalında əksini tapmışdır. O, 12 il ərzində "Daneşe pezeşki"(Tibb Elmi) adlı jurnal dərc etdirmiş və yüzlərcə elmi məqalənin, cərrahiyyəyə aid uç kitabın müəllifi olmuşdur. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli ilə birlikdə Tehranda Varlıq (jurnal)ını təsisçi kimi nəşr etdirən Cavad Heyət türkologiyaya aid yeddi cildl kitabın müəllifidir. Cavad Heyət eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktorudur (həm tibb, həm də türkologiya sahəsi üzrə).

Cavad Heyət 2014-cü il avqustun 12-də səhər saatlarında Bakı şəhərində dünyasını dəyişmiş və avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi. Beş qızı, beş nəvəsi vardı.
Əsərləri

"Türklərin tarix və mədəniyyətinə bir baxış" (İslamdan əvvəl və islam dövrü). Başlanğıcından XVI əsrə qədər, Bakı, Azərnəşr, 1993.

Azərbaycan dilidə əsərləri

آذربایجان شفاهی خلق ادبیاتی ۱۳۶۷ Azərbaycan şifahi xəlq ədəbiyatı
ادبیات شناسلیق ۱۳۷۴ Ədəbiyatşunaslıq

Fars dilidə əsərləri

سیری در تاریخ زبان و لهجه‌های ترکی ۱۳۶۵
ترومبوز و قلبیت و درمان آن ۱۳۳۵
نگاهی به تاریخ ادبیات آذربایجان دوجلد
مقایسه اللغتین مقایسه فارسی و ترکی ۱۳۶۲
زبان وادبیات ترکی آذربایجان در قرن بیستم (گزارش به ترکی استانبولی در چهارمین کنگره بین المللی تورکولوژی - استانبول ۱۳۶۴
نگاهی به تاریخ و فرهنگ ترکان ۱۳۶۵
خلاصه تاریخ فلسفه غرب


Tarix: 10.07.2015 / 15:38 Müəllif: Feriska Baxılıb: 228 Bölmə: Tibb