beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Astara (Azərbaycan)

Astara — Azərbaycanda rayon. Astara rayonu Azərbaycanın cənub hissəsində yerləşir. Cənubdan və qərbdən İranla həmsərhəddir.Mündəricat
1 Tarixi
2 İri yaşayış məntəqələri
3 Coğrafiyası
3.1 Təbiət
3.2 Çaylar
3.3 Bitki örtüyü və heyvanat aləmi
3.4 Qoruq və yasaqlıqları
4 Əhali
5 İqtisadiyyat
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Memarlıq abidələri
8 İqlimi
9 Yerli media
10 Görkəmli şəxslər haqqında
11 Həmçinin bax
12 Mənbələr
13 İstinadlar


Tarixi


Astara rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur, 4 yanvar 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Tarixi faktlar təsdiq edir ki, Astara şəhəri Azərbaycanın Talış mahalının qədim və inkişaf etmiş məntəqələrindən biri olmuşdur. Astara şəhərinin adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xatirələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir.

Qədim dünyanın görkəmli riyaziyyatçısı, astronomu və coğrafiyaşünası İsgəndəriyyəli Klavdi Ptolomey eramızın 90-160-cı illərində yaşayaraq qədim tədqiqatçılardan biri olmuş və II – əsrə aid Xəzər dənizinin xəritəsini tərtib etmiş, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə ümumi qayda ilə dəqiq məlumat vermişdir. K. Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərin adlarını çəkmiş və Astaranın adı yunanca "Astarata" kimi qeyd olunmuşdur.

Qədim dünyanın digər alimi Strabon özünün "Tarixi hadisələr" barədəki qeydlərində "Astara" adının olmasını göstərərək, "dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi" barədə fikirlər söyləmişdir. İngilis taciri Antoni Cenkinson İngiltərə ilə Buxara arasında ticarət əlaqələrini yaratmaq məqsədi ilə 1959-cu ildə Xəzər dənizi sahillərində olmuşdur. 1562-ci ildə Londona qayıdaraq öz səfərləri haqqında "Rusiya-Tatarıstan təsviri" adlı əsərini nəşr etdirmiş və həmin əsərdə dərc edilmiş xatirədə Xəzər dənizi ətrafındakı yaşayış məntəqələrinin adlarını vermişdir. O, bu xatirədə Astaranın yunanca "Stara" kimi göstərmişdir.

Astara bir qədim yaşayış məntəqəsi olmaqla, tarixi İpək yolu onun ərazisindən keçmiş, Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası ilə geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub – qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının kənarında çox qədim tarixə malik olmaqla karvansara – ribat mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur.

Müxtəlif Şərq ölkələrini, eləcə də Azərbaycanı gəzib dolaşmış Alman səyyahı Hans Şilberqer (1394-1427) Astaranın beynəlxalq ticarət əlaqələri barədə konkret məlumat vermişdir. Səyyah qeyd etmişdir ki, Astarada çoxlu ipək istehsal olunur, bu ipəyin ən yaxşı növü Dəməşq, Bursa, Kaşan və Venetsiya kimi sənətkarlar mərkəzlərinə ixrac olunur. Bu yerlərdə həmin ipəkdən yaxşı məxmər parçalar toxunur.

Orta əsrlərdə Astaranın əyalət paytaxtı, dini, mədəni və ticarət mərkəzi olması barədə məlumatlar da maraqlıdır. Astara şəhərində dulusçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf etmişdir. Hələ XIII əsrin axırları, XIV əsrin əvvələrində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olmuşdur. Rus alimi A.M.Markov Dərbənd, Şamaxı və Təbriz, eyni zamanda Astarada zərb olunan sikkə pullarını dərindən öyrənərək, öz əsərlərində bu barədə geniş məlumatlar vermişdir. Alim sübut etmişdir ki, pulların üzərində adları yazılan şəhərlər, xüsusən də Astara şəhəri elə indiki Astara şəhəridir. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlarilər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsmişlər. Əmir Teymurun və ondan sonrakı dövrlərdə üzərində "Zərbe Astara" (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə bizim Astarada zərb olunan pullar olmuşdur. Bunu Avropa alimləri də öz əsərlərində sübut etmişlər. Hal " hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir.

Astara 1747-ci ilə kimi Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır.

Dövrün tanınmış alimlərindən biri olmuş məşhur alman səyyahı Adam Oleari (1599-1671) Astarada olmuş, astaralılar barədə müəyyən maraqlı məlumatlar vermişdir. 1638-ci ildə Novruz bayramı vaxtı Astarada olan səyyah yazır ki, Astara vilayəti Xəzər dənizi sahilində yerləşir. Burada adam yoğunluğunda üzüm tənəkləri vardır. Bu faktı vaxtı ilə qədim tarixçi Strabon da xəbər vermişdir. Strabonun verdiyi bu xəbərə görə o vaxtlar Hikaniya adlanan bu yerlərdə bir kiçik tənək bir səbət üzüm verərmiş. Bütün bunlar Astara torpaqlarının yüksək məhsuldarlığa malik olduğuna sübutdur.

Tanınmış Macar şərqşünas və səyyahı Armin Vanberinin (1832-1913) 1885-ci ildə Budapeştdə nəşr etdirdiyi "Türk elləri" adlı kitabın böyük bir fəsli Azərbaycana həsr olunmuş, Astarada gəzib dolaşdığını bildirmiş, burada yaşayan xalqın gözəl folklor nümunələrinə malik olmasını qeyd etmişdir.

Tanınmış fransız alimi, arxeloqu və səyyahı Jak De Morqan (1856-1934) Astarada olmuş, bu torpağın yeraltı və yerüstü sərvətlərinə heyranlığını gizlətməmiş və Astara haqqında belə yazmışdır: "Astara qədim rus şəhəridir. İranla-Azərbaycan arasında gömrükxana rolunu oynayır, həm də özünün keçmiş xüsusiyyətlərini saxlayır. İndi isə sadəcə gömrükxanadır. Hazırda Astara Azərbaycandan Ərdəbil – İrana karvanların və dənizdən yolların gəmilərin çıxış məskənidir". Məşhur fransız səyyahı, yazıçı Aleksandr Düma da Astara haqqında maraqlı məlumatlar vermişdir.

İri yaşayış məntəqələri

Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 90 kənd var.

Coğrafiyası

Şimalda Lənkəran və Lerik rayonları, cənubda İran İslam Respublikası, qərbdə İran İslam Respublikası və Talış dağları, şərqdə Xəzər dənizi həmsərhəddir.

Ərazisi haqqında daha geniş statistik məlumatÜmumi ərazi616,00 km²
Məhsuldar torpaqların ümumi sahəsi176,00 km²
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi0,00 km²
Heyvandarlıq üçün otlaqların sahəsi22,00 km²
Əkilmiş torpaqların ümumi sahəsi66,00 km²
Meyvə bağlarının ümumi sahəsi14,00 km²


Relyefi qərbdə dağlıq (Talış silsilələri), şimal-şərqdə düzənlikdir (Lənkəran ovalığı). Dağlıq hissədə bəzi zirvələrin hündürlüyü 2000 m-ə yaxındır. Xəzər sahilində dar zolaqda Antropogen, dağlıq və dağətəyi yerlərdə isə Paleogen çöküntüləri yayılmışdır. Mineral bulaqlar (Ağ körpü, İstisu, Sım, Bi, Toradi, Şeyx Nəsrullah bulaqları və s.) var. Ərazidən Təngərud çayı, İran İslam Respublikası ilə dövlət sərhədi boyu isə Astara çayı axır. Qleyli-podzollu sarı, qonur dağ-meşə, çimli dağ-çəmən və s. tipli torpaqlar yayılmışdır. Rayon ərazisinin çox hissəsi (37,4 min ha) meşələrlə örtülüdür. Burada relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiya, azat, həmçinin palıd, vələs, fıstıq, qoz, qızılgöz, cökə və s. bitir. Hirkan Milli Parkının çox hissəsi Astara rayonundadır. Azərbaycanda ən çox yağıntı Lənkəran ovalığının cənubunda, Astara ərazisində müşahidə olunur. Burada illik yağıntının miqdarı 1600 mm-dən çoxdur.

"Yanar bulaq" kompleksi Astara rayonunun çoxsaylı nadir geoloji obyektlərindən biridir. Bu kompleks Astara rayonunun Ərçivan kəndinin cənub qurtaracağında, Bakı-Astara magistral yolu yaxınlığında yerləşir. Bu bulaq insanların ən çox maraq göstərdiyi yerlərdən biridir. Belə ki, bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxdığından alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır . Bu bulağa, istər yerli əhali, istərsə də səyahətçilər tərəfindən böyük maraq vardır.

Təbiət

Astara aran və dağ zonasından ibarətdir. Rayonun şərqində Xəzər dənizi dalğalanır və qərbində isə zəngin meşəli Talış sıra dağları dayanır. Xəzər dənizində olan nadir balıq növlərindən hazırlanan xörəklər Astara mətbəxini hər yerdə məşhur etmişdir. Xəzər dənizi sahili boyu və meşəliklərdə adı ilə tanınan bulaqlar rayona gələn qonaqlar və turistlər üçün ən gözəl istirahət yerlərindəndir. Müxtəlif xəstəliklərin dərmanı olan Astaranın İsti suyu Respublikanın hər yerində tanınır. Astara meşələrində bitən nadir ağacların şahı dəmirağacıdır. Dəmirağac bu meşələrə gözəllik verməklə yanaşı, strateji əhəmiyyətə malik ağac növüdür. Astara hazırda bütün dünyada ekoloji cəhətdən təmiz və keyfiyyətinə görə yüksək olan çayı ilə məşhurdur. 2002-ci ildə və sonrakı illərdə İspaniyanın paytaxtı Madrid, Rusiyanın paytaxtı Moskva şəhərlərində keçirilən beynəlxalq sərgilərdə Astara çayına yuxarıda qeyd etdiyimiz ən yüksək qiymət verilmiş və Qızıl medal almışdır. Astarada yetişdirilən limon, portağal, kivi, kinkan, feyxoa və başqa sitrus meyvələri Respublika və xarici ölkə bazarlarında maraqla alınır. Astaranın ənənəvi çəltik sahələri son vaxtlar genişləndirilmiş, indi ətirli Astara düyüsü süfrələrin bəzəyidir. Astaranın mətbəx mədəniyyəti rəngarəng və özünəməxsus olmaqla diqqəti həmişə cəlb etmişdir. Saxsı təndirdə bişirilən “əl çörəyi”, ”ləvəngi” və onun müxtəlif növləri, düyüdən bişirilən 21 növ, ətdən 23 növ, çöl və ev quşlarından 7 növ, undan 20 növ, balıqdan 9 növ xörəklər hər yerdə tanınır. Xüsusi ilə “Balıq sırdağı”, onun ləvəngisi, cücə ləvəngisi, pətə, qara plov, toy qatığı, boranı plov və başqa yerli xörək növləri rayona gələn qonaqların sevimli yeməyidir.

Çaylar

Talış sahəsində axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25 l/san, km2-dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində, minimal kəmiyyəti isə (0,5-0,8 l/san. km2) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çaylarının mənbələrində muşahidə olunur.

Astaraçay - Azərbaycan Respublikasının İranla dövlət sərhəddində çay. Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindan qalasından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçayın bu hissədən mənsəbə qədər olan məsafəsi Azərbaycanla İran arasında dövlət sərhəddini təşkil edir. Çayın illik axımının 70 %-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axım 80-85%-i keçir. Suvarmada istifadə edilir. Astara şəhəri Astaraçayın mənsəbindədir. Astaraçay adını ərazidəki eyni adlı bulaqdan almışdır. Hidronim ast (aşağı, çökək dərə) və ara/ura (yer,su, çay, bulaq) sözlərindən düzəlib, "dərədə bulaq, çökək yerdən çıxan su" mənasındadır.

Bitki örtüyü və heyvanat aləmi

Talışın düzən meşəliklərinin səciyyəvi ağac cinslərindən dəmirağac və şabalıdyarpaq palıdı göstərmək olar. Burada relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiya, azat, həmçinin palıd, vələs, fıstıq, qoz, qızılgöz, cökə və s bitir. Hirkan Milli Parkının çox hissəsi Astara rayonundadır. Heyvanları - bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, çaqqal, tülkü, canavar, çöl donuzu və s. Quşları - qırqovul, vağ, qaz, ördək, göyərçin, kəklik, çöltoyuğu və s. Bitki örtüyü - meşəliklərin aşağı hissələrində danaya, bigəvər kimi həmişəyaşıl kollar vardır. Qafqaz xirniyi bir qədər rütubətli yamaclarda xüsusi cəngəlliklər yaradır. Xəzər şeytanağacı üstünlük təşkil edir. Bu meşələrin dənizə baxan yamacında Lənkəran akasiyası, cökə və bir çox başqa ağaclar xüsusi qarışıq meşəliklər yaradırlar. Dəniz səthindən bir qədər hündürlükdə ağcaqayının başqa bir növü Şərq fıstığı ilə birlikdə hündürboylu sıx meşəliklər əmələ gətirir. Bu tip meşəliyin alt mərtəbələrində qaraçöhrə, şümşad, az miqdarda danaya xüsusi mərtəbəlik yaradırlar.

Qoruq və yasaqlıqları

Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2004-cü il tarixli sərəncamı ilə yaradılmış “Hirkan Milli Parkı” nın 21,3 min hektar ərazisindən 18,3 min hektarı Astara rayonunun ərazisindədir. Meşələrdə relikt şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat, cökə, vələs, fısdıq, qoz, qızılgöz və s. bitir. Heyvanlardan - bəbir, vaşaq, ayı, meşə pişiyi, oxlu kirpi, daşlıq dələsi, porsuq, çaqqal, tülkü, canavar, çöl donuzu və s. yaşayır. Quşlardan -qırqovul, vaq, qaz, ördək, kəklik, göyərçin, çöı toyuğu, və s. vardır. Mineral bulaqlardan -Yanar bulaq, Ağ körpü, Sım, Bi, Toradi, Şeyx Nəsrullah və başqaları məşhurdur. Qoruğun ərazisindən Astara, Ərçivan və Pensər çayları keçir.

Əhali

1 iyul 2011-ci il tarixinə rayon əhalisinin ümumi sayı 99.046[2] (49.325[2] nəfəri kişilər, 49.721[2] nəfəri) nəfərdir . Əhalinin 22.582[2] nəfəri Astara şəhərində və Kijəbə qəsəbəsində, 76.464[2] nəfəri isə kəndlərdə yaşamaqdadır . Əhalinin sıxlığı hər 1 km²-də 161[2] nəfərdir . Orta ömür müddəti 73.6[2] ildən çoxdur. Kişilər üçün 70.9[2] yaş, qadınlar üçün 76.2[2] yaşdır. Yaşı 85-dən çox olan Astara sakinlərinin sayı 190 nəfərdir .[2]
Milli tərkibEtnik qruplar1939[4] s.a.1959[5] s.a.1970[6] s.a.1979[7] s.a.1999[8] s.a.2009[9][2] s.a.
Cəmi28 96330 66647 10359 74684 31996 230
azərbaycanlı4 47829 47545 20556 15278 44457 932
talış23 0472**5 69138 207
rus1 1959701 0701 1368263
tatary.y.3620175
ukraynalı91y.195236554
ləzgi177193312
türky.y.y.y.11y.
yəhudi12131132y.
erməni38336649y.y.
udiny.y.13y.y.
avar3y.79y.y.
saxury.y.y.1y.y.
gürcü8111117y.y.
kürd1y.11y.y.
alman12y.y.y.y.y.
digər6115548120861619


Qeyd : *-azərbaycalıların tərkibində .

İqtisadiyyat

Azərbaycan Respublikasının cənubunda yerləşən Astara rayonun iqtisadiyyatını əsasən sitrusçuluq, çayçılıq, tərəvəzçilik və çəltikçilik təşkil edir. Ayrı-ayrı təsərüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq inkişaf edir. Azərbaycanda istifadə olunan sitrus meyvələrinin çoxunun Astara rayonu verir. Astara rayonu İran İslam respublikası ilə sərhəddə yerləşməsi iki tərəfli ticarət əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Rayonda 3 Çay fabriki, 2 Konserv zavodu, Balıq zavodu, Kərpic zavodu, Çınqıl karxanası, Beynəlxalq Qaz Kompressor Stansiyası. Modul tipli Elektrik Stansiyası, 12 düyü və 4 un dəyirmanı və başqa müəssisələr vardır. Köhnə təsərüfat formaları dağıldıqdan sonra rayonda torpaq islahatı aparılmış, torpaqlar payçılara verilmiş və yeni təsərüffat qurumları yaradılmışdır. Hazırda rayonda ayrı-ayrı sahələr üzrə 68 kəndli (fermer) təsərüfatı yaradılmış, bunlar da müxtəlif növ kənd təsərüfatı məhsullarının istehsalı ilə məşğul olurlar. Rayonda 17,6 min ha əkinə yararlı torpaq sahəsi vardır. [10]

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Rayonda 8 məktəbəqədər uşaq müəssisəsi, 62 kitabxana, 28 klub, 5 mədəniyyət evi, 25 kinoqurğu biri rus dilli olmaqla 63 məktəb fəaliyyət göstərir, 62 məktəbdə 1-ci sinifdən 4-cü sinfə qədər həftədə 2 saat talış dili dərsləri keçirilir.

Memarlıq abidələri

Astara rayonunun çox qədim tarixə malik olan daşınmaz tarix və mədəniyyət abidələri vardır. Bu qədim tarixə malik olan maddi – mədəniyyət nümunələri haqqında çoxlu əfsanələr, rəvayətlər yaranmış, xalqın inancında və yaddaşında indi də qalmaqdadır.

Həmin abidələrdən 102 ədədi Respublika Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmüş daşınmaz tarix və Mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü"nə daxil edilib uçota alınmış və rəsmi inventar nömrəsi verilmişdir. Dərəcəsinə görə həmin abidələrdən ölkə əhəmiyyətli 26 arxeloji, yerli əhəmiyyətli 48 memarlıq abidəsi, 2 ədəd bağ – park monumental xatirə abidəsi, 21 yerli əhəmiyyətli arxeloji abidə, 5 ədəd dekorativ – tətbiqi sənət nümunəsi, xalq daş – heykəltaraşlıq nümunəsinə ayrılmışdır. Bu abidələrdən ən qədim nümunələri olan – e.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", Miki kəndindəki "Miki dolmen nekropolu", bizim e.ə. V-I əsrlərə aid Rıvadila kəndindəki "Xolobin daş qutu nekropolu", tunc və antik dövrə aid Siyaku kəndindəki I və II – Siyaku yaşayış yerləri, tunc dövrünə aid "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binabəy kəndindəki "Binəbəy kurqanları", dəmir dövrünə aid Koraoba kəndindəki "Koraoba daş qutu nekropolu" və s. göstərmək olar.

Rayonun İranla sərhəd kəndləri olan və hazırda əhali yaşamayan Anbaran, Baxçalar, Armudu, Çayağzı, Unuz, Təngöv, Növüştərü, Dilmədi, Siyov və başqa qədim yaşayış məntəqələrində yüzlərlə arxeloji cəhətdən tədqiq olunmamış maddi- mədəniyyət nümunələri vardır. Astara rayonunda ən maraqlı abidə hazırda Tarix – Diyarşünaslıq muzeyində saxlanılan daş insan heykəlidir. Bu daş heykəlin 2000 ildən çox yaşı olması barədə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutunun mütəxəsisləri muzeyə rəsmi rəy təqdim etmişlər.

Astara rayon Tarix – Diyarşünaslıq muzeyində 8 mindən çox eksponat vardır. Muzeydə daş, dəmir, tunc dövrlərinə aid eksponatlara rast gəlmək olar. Əsasən IX – XII əsrlərə aid mis sikkələr Şirvanşahlara, Abbasi xəlifələrinə aid digər sikkələr muzeyin bəzəyidir. Daş parçası üzərində Maral təsvirinin 2000 – 3500 il yaşı vardır. Astara memarlıq abidələri ilə zəngindir. Bunlardan Şahağac kəndindəki XII – əsrə aid türbə, Burzubənd kəndindəki Şeyx Məhəmməd Zalani türbəsi diqqəti cəlb edir.

Şindan qalası Bio kəndi yaxınlığındakı Qala – Kafu, Alaşa kəndinin qərbində yerləşən Divankə qalası, Təngərüd kəndindəki Yekdəst qalası, Hamuşam kəndində gəlin qayaları mədəni irsimizdən qalan yadigarlardandır. Şindan qalası və Qala – Kafu Astaranın dağlıq ərazisinin ən uca zirvəsində yerləşir. Şindan qalası daş və kərpicdən hörülmüşdür. Qalaya şimal tərəfdən ancaq bir yol vardır. Gözətçi və sərkərdənin müşahidəsi üçün düzəldilmiş xüsüsi yerlər maraq doğurur. Qalanın dəniz səviyyəsindən 2000 metrə yüksəklikdə olması onun yadelli işğalçılardan mühafizə məqsədi ilə tikildiyini söyləməyə əsas verir. Yerli xalqda olan inanca görə şindan qalası Babəkin qalalarından biridir. Ona görə də bu gün Astarada "Şindan" qalasının adı ilə bağlı mehmanxana, ticarət mərkəzi, rəqs qrupu, musiqi ansamblı, el aşığı qrupu və sair vardır. Azərbaycanın qədim guşələrindən biri kimi Astara əsrlər boyu müharibə meydanı olmuşdur. Heç də təsadüfi deyildir ki, 1638-ci ildə Astarada olmuş məşhur alman səyyahı Adam Oleari yazırdı: "Astaralılar həmişə silahı hazır saxlayırlar".

Rayonun Ərçivan kəndində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilmişdir. Həmin kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Pensər kəndində Məşədi Abutalıb hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir.

Astarada IX-XIII əsrlərin yadigarı, Azərbaycan xalqının qədim mədəniyyətini və tarixini özündə əks etdirən Şeyx Məhəmməd Zalani, Şeyx Məhəmməd Dilimi, Şeyx Nəsrullah, Baba Rəsul, Baba Cəbrayıl, Baba Misi, Baba Məhəmməd, Seyid Camal, Sultan Əhməd İbn Kərim, Seyid Kərim, Qırx Övliya, Xudavənd Xatun, Gəzəndaş və başqa onlarla ziyəratgahlar, pirlər, ocaqlar vardır. Maşxan kəndindəki Seymd Əhmədin məzar daşının XIV əsrə aid olması tanınmış tarixçi Məşədi Xanım Nemətova tərəfindən 1956-cı ildə tədqiq edilmişdir. O, məzar daşının üzərində bu ifadələrin yazılmasını müəyyən etmişdir. "Fələyin dərzisi elə bir köynək tikməmişdir ki, onu hamı axıra qədər geyə bilsin".

İqlimi

Yayı quraq keçən mülayim-isti. Rayonun düzənlik və dağətəyi hissəsi respublikanın rütubətli subtropik zonasına daxildir. Orta temperatur yanvarda -l,5°C-dən 4°C-yədək, iyulda 15-25°C-dir. İllik yağıntı 1200-1750 mm-dir.

Yerli media

Rayonun ictimai-siyasi qəzeti olan "Astara" 1932-ci ildən nəşr olunur. Hazırda qəzetin təsisçiləri Astara Rayon İcra Hakimiyyəti və redaksiyanın əmək kollektividir. Qəzetin baş redaktoru Sakitağa Kərimovdur. Qəzet Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində lisenziya almışdır. Qəzet ayda 2 dəfə nəşr olunur. Tirajı 500 nüsxədir. Azərbaycan Yazıçılar Birliyinin jurnalı olan "Alov" 2000-ci ildən nəşr olunur və rayonda yalılır. Jurnalın baş redaktoru Yazıçılar Birliyinin üzvü, Astara rayonunun Şuvi kənd sakini Tarif Əsgərdir. Jurnal vaxtaşırı 500-ə qədər tirajla nəşr olunur.

Görkəmli şəxslər haqqında

İkinci Dünya Müharibəsində iştirak etmiş Astara rayon sakinləri -Ədalət Qədəboli oğlu Əskərov, Ömər Osman oğlu Əliyev, Sadıq Həsənverdi oğlu Əliyev, Mirzəhəsən Gülhəsən oğlu İsayev, Xanmurad Cümşüd oğlu Əliyev.

Sovet İttifaqı Qəhrəmanları – akademik Ziya Bünyadov, Mirzə Cəbiyev, İlya Ananyeviç Kaverin.

Sovet İttifaqı Qəhrəmanı adına bərabər tutulan "Şöhrət" ordenlərinin hər üç dərəcəsini alanlar – Ağahəsən Mamulu oğlu Nəhmətov, Rəhmət Məmməd oğlu Hatəmov.

Sosialist Əməyi Qəhrəmanı – Böyükxanım Abdulla qızı Əliyeva.

Qarabağ müharibəsində iştirak etmiş Astara rayon sakinləri - Xanlar Mirəli oğlu Şəkərov.

Azərbaycanın Milli Qəhrəmanı – Yalçın Nəsirov.

Rayondan 3 general çıxmışdır: Azərbaycan SSR daxili işlər naziri işləmiş mərhum Aydın İsrafil oğlu Məmmədov, Azərbaycan Respublikası Polis Akademiyasının rəisi Rəsul Rəsulov, Azərbaycan Respublikası Müdafiə Nazirliyində İnformasiya şöbəsinin rəisi Vaqif Süleyman oğlu Rəsulov.

Hazırda Milli Məclisin üzvləri: AMEA-nın akademiki Südeyf Bəşir oğlu İmamverdiyev, tarix elmləri doktoru, professor, "Şöhrət" ordenli İskəndər Həsən oğlu Quliyev.

Lənkəran Dövlət Universitetinin prorektoru, elmlər doktoru, professor Maqsud Məmmədov, elmlər doktoru Əliağa Baxşiyev, BDU-nin professoru Mİrzə Rəhimov, Xudaverdi Qəmbərov, Sabir Cümşüdov, Tofiq Məmmədov, Gəncəli Gənciyev, Novruzəli Məmmədov, Calal Cümşüdov, Bakı Slavyan Universitetinin professoru İlyas Həmidov, Respublika Məhkəmə Tibb Ekspertizası İnstitutunun yaradıcısı və direktoru olmuş mərhum hüquq elmləri doktoru professor Firudin Davıdov, fəlsəfə elmləri doktoru, professor Kazım Əzimov, Respublikanın əməkdar elm xadimi, "Şöhrət" ordenli Seyfulla Əsədullayev, elmlər doktoru, professor Hüseyn Mədətov, tarix elmləri doktoru, professor Mirhüseyn Mirhadıyev, Dövlət Pedaqoji Universitetinin professoru Əlif Məmmədov, ARDNŞ-nin Qaz Departamentinin rəisi, texnika elmləri namizədi, "Tərəqqi" medallı Vasif İzzət oğlu Əliyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I idarəsinin rəisi İbrahim Hacıyev, Daxili İşlər Nazirliyində idarə rəisi Kamal İmamverdiyev və başqaları rayonun fəxridirlər. Azərbaycan Respublikasının əməkdar müəllimləri Zemfira Məmmədova, Sabir Kişiyev, Aftandil İmaməliyev, Şabala Əliyev, əməkdar mədəniyyət işçisi Cəbrayıl Əliyev, əməkdar rabitə işçisi Əlövsət Kərimov, Qırmızə Əmək Bayrağı və Lenin ordenli, Əmək Veteranı medallı, prezident təqaüdçüsü, və əməkdar rabitə işçisi Cəbrayıl Osmanov, əməkdar heyvandar Həsən İbrahimov və başqaları rayonu respublikada tanıtmışlar.

Astaranın və Azərbaycanın idman şöhrətini dünyaya yayan idmançılardan – Helsenki Olimpiadasının iştirakçısı, atlet Xandadaş Mədətov, sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu, 8 dəfə SSRİ çempionu, 8 il fasiləsiz sərbəst güləş üzrə SSRİ yığma komandasının kapitanı olmuş Aslan Ağayev, gənclər arasında boks üzrə Avropa çempionu Nurlan Məmmədov, bürünc mükafatçısı Fərid Əsədullayev, Respublikanın əməkdar məşqçisi, tanınmış güləşçi Tofiq Həmidov, Respublikanın sərbəst güləş üzrə dördqat çempionu, Rusiya Federasiyasının çempionu, Beynəlxalq yarışların qalibi, dekabr 2004-cü ildə Yaponiyanın Tokio şəhərində keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirin çempionu Teymur Əliyev, gənclər arasında sərbəst güləş üzrə Avropa çempionatının gümüş mükafatçısı Nadir Həmidov, Avropa qitəsi üzrə beynəlxalq dərəcəli hakim Gülağa Qüdrətov və başqalarını qeyd etmək olar. Əslən Astaralı olan şair Söhrab Tahir, Əhəd Muxtar, Fatma Həsənqızı, Kamran Nəzirli, publisist Şakir Yaqubov, bəstəkar Oktay Kazımi, əməkdar artist Adil Məlikov, müğənnilərdən Vəliağa Tağıyev, Nazənin və başqaları rayonun fəxrləridirlər.

Astaralı şairlərdən Mehman Qaraxanoğlu, Adil Yaqub, Tarif Əskər, mərhum Novruz İbadoğlu, Respublika Yazıçılar Birliyinin, Əfqan Şəfiyev YUNESKO-nun (İKOM) – Beynəlxalq muzeylər şurasının həqiqi üzvüdürlər. Astaranın yazarları olan Mərasim Hacızadə, Seyran Şiriyev, Fərman Zöhraboğlu, Arif Əliyev, İbrahimxəlil Fərziyev, Gülnar Əsədli, Cavanşir Salayev, Şahverən Cavab və başqaları bir neçə kitabın müəllifləridirlər.


Tarix: 16.03.2013 / 17:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1305 Bölmə: Tariximiz ve rayonlarimiz