beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhalinin tərkibində sosial dəyişikliklər

XIX yüzilliyn II yarısında Şimali Azərbaycanın ictimai-iqtisadi həyatında baş verən dəyişikliklər burada burjua cəmiyyəti təbəqələrinin formalaşmasına zəmin yaradırdı.
Şimali Azərbaycanı imperiyanın mərkəzi rayonlarının sənayesi üçün satış bazarı və xammal mənbəyi kimi qiymətləndirən çarizmin müstəmləkə siyasət ilə, ilkin kapital yığımı mənbələrinin məhdudluğuna, XIX əsrin II yarısında Azərbaycan kəndində feodal qalıqlarının qalmasına baxmayaraq, diyarda burjuaziyanın təşəkkülü prosesi gedirdi. Özlərinin bütün məhdudluğuna baxmayaraq, XIX yüzilliyin 70ci illərində keçirilmş burjua islahatları bu prosesə müsbət təsir göstərirdi. Şimali Azərbaycanda sənaye və ticarət burjuaziyasının formalaşması prosesi, həmçinin əsrin sonunda kredit-bank sisteminin meydana çıxması və inkişaf edərək iqtisadi həyatda birinci dərəcəli əhəmiyyət kəsb etməsi ilə daha da sürətləndi.
Yüzilliyin son rübündə Şimali Azərbaycan sənayesinə əvvəlcə rus, 80-ci illərdən isə xarici kapital axını gücləndi.
Rusiyanın digər bölgələrinin burjuaziyası kimi, Şimali Azərbaycan burjuaziyası da siyasi mənafelərin ümumiliyi baxımından vahidlik təşkil edirdi.
Şimali Azərbaycanın xırda buıjuaziyası çoxsaylı idi. Onun tərkibinə xırda sənətkar-kustar müəssisələrinin sahibləri, kiçik tacirlər və binəkdarlar, xidmət sahəsindəki xırda müəssisələrin sahibkarları və b. daxil idi. Öz sosial təbiətinə görə, ümumiyyətlə xırda buıjua olan kəndlilərə gəldikdə isə, islahatdan sonrakı bütün Rusiyada olduğu kimi, burada da onlar parçalanır, bir qütbə varlı kəndlilər, qolçomaqlar, digərinə isə muzdla işləyən kəndlilər, yoxsullar cəmləşirdi.
Bütövlükdə Şimali Azərbaycan sənayesinin aparıcı sahəsində-neft sənayesində Azərbaycan milli buıjuaziyasının iqtisadi mövqeləri güclü deyildi. Hələ 1872-ci ildə, iltizam sisteminin ləğv edildiyi ilk vaxtlarda, neftli sahələrin 13 sahibkarı içərisində Azərbaycan kapitalı ancaq 2 kapitalistlə təmsil olunmuşdu.
XIX yüzilliyn 70-90-ci illərində Şimali Azərbaycanda intensiv surətdə fəhlə - işçi təbəqəsinin formalaşması prosesi gedir, alət və vasitələrdən məhrum olan, əksər hissəsi kənd təsərrüfatı ilə əlaqələrini kəsmiş və ya əlaqələri zəifləmiş, iri müəssislərdə cəmlənən, uzun illər boyu sənaye və nəqliyyatda çalışan sənaye kadrları yaranırdı.
XIX yüzilliyin ikinci yarısında sənaye kapitalizminin inkişafı, burjuaziyanın əmələ gəlməsi ilə eyni zamanda fəhlə təbəqəsinin formalaşması prosesi gedirdi. Bu proses o dövr Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında ən mühüm hadisələrindən biri idi. Şimali Azərbaycan fəhlə kadrlarının formalaşması prosesinə sosial-iqtisadi münasibətlər, əhalinin sosial və milli tərkibinin özünəməxsus xüsusiyyəti, çarizmin müstəmləkə siyasəti ilə bağlı olan yerli cəhətlər də öz təsirini göstərmişdir.
70-80-ci illərdən etibarən Şimali Azərbaycanda fəhlələrin sürətlə təşəkkül tapması ilə bağlı idi. Belə inkişafın ardınca labud olaraq, o dövrün ictimai istehsal münasibətlərinin ən kəskin surətdə dağılması prosesi başlayırdı.
XIX yüzilliynin ikinci yarısında Şimali Azərbaycanda kapitalizmin inkişafı, iqtisadi və mədəni mərkəzlərin yüksəlişi, ümumi bazarın yaranması, cəmiyyətin strukturunun dəyişməsi, milli burjuaziyanın və fəhlə təbəqəsinin formalaşması - bütün bu proseslər Azərbaycan millətinin təşəkkülünün ilkin obyektiv şərtləri oldu.
Digər millətlər kimi, insanların sabit, tarixi birliyi kimi formalaşmış Azərbaycan milləti də feodal pərakəndliyinin ləğv edilməsi prosesində, iqtisadi birlikdə dil, ərazi, mədəniyyət, şüur və psixoloji birliyin qovuşması əsasında meydana gəlir və inkişaf edirdi.
İqtisadi əlaqələrin möhkəmlənməsinin vacib şərti Azərbaycan millətinin ərazi birliyi idi. Uzun əsrlər boyu Azərbaycan xalqı şimalda Böyük Qafqaz dağlarından, cənubda Qızıl Üzən çayına qədər, şərqdə Xəzər dənizindən, qərbdən isə Gürcustana qədər olan ərazidə yaşamışdı. Yadelli işğalçılara qarşı uzunmüddətli mübarizənin gedişində Azərbaycan xalqı öz dövlətçiliyini, öz ərazi birliyini yaratmışdı.
Bununla belə, Azərbaycan ərazisi iki dövlət—Rusiya və İran arasında bölüşdüruldüyündən Azərbaycan millətinin təşəkkülü prosesi özünəməxsus şəraitdə gedirdi.
Şimali Azərbaycanın Rusiya tərəfındən istilası ilə ölkədəki feodal ara müharibələrinə son qoyulsa da, ərazi bütövlüyünə, yalnız azərbaycanlıların müxtəlif dövlət birliklərinin tərkibində olması deyil, həm də Şimali Azərbaycanın Rusiya imperiyasının daxilində müstəqil birləşdirici təsərrüfat-inzibati və siyasi vahid kimi mövcud olamaması mane olurdu.
XIX yüzilliyin ikinci yarısı Şimali Azərbaycanda həm sənətkarlıq və sənaye, həm də kənd təsərrüfatı sahələrində natural istehsalın ictimai istehsala çevrildiyi bir dövr idi, Kapitalizmin inkişafı nətiçəsində Şimali Azərbaycan iqtisadiyyatının dünya bazarına cəlb edilməsi onun iqtisadi
birliyinin təşəkkülünü şərtləndirirdi.
Bu cəhətdən Bakı çox böyük əhəmiyyət kəsb edirdi. Neft və onunla bağlı digər sənaye və ticarət sahələrinin yüksəlişi, mədəniyyətin inkişafı şəhərin görkəmini və orada yaşayan əhalinin tərkibini dəyişdirdi. Bakı çox böyük kapitalist şəhəri, Azərbaycan millətinin təşəkkülünün başlıca mərkəzi oldu.
Dəmir yollarının çəkilişi, dəniz nəqliyyatının inkişafı, rabitə yollarının yaxşılaşdırılması və s. feodal munasibətlərinin dağılmasına, kənd təsərrüfatı sahələrinin ixtisaslaşmasına, bazar üçün istehsalın genişlənməsinə yardım göstərdi ki, bu da əmtəə istehsalının və kapitalist munasibətlərinin inkişafını sürətləndirirdi.
Bu dövrdə iri kapital sahibləri olan azərbaycanlılar bir sıra ən mühüm təsərrüfat sahələrinin inkişafında müəyyənedici rol oynayırdılar. Xəzər dənizi nəqliyyatında, ipək və tütün sənayesində, müxtəlif liflərin emalında, çəltiktəmizləmə, kərpic, mexaniki istehsalda və s. sahələrdə milli kapitalın xüsusi çəkisi yüksək idi. Bundan başqa, Azərbaycan kapitalistləri torpaq sahələri əldə etməyə və yaşayış binaları tikintisinə xeyli vəsait sərf edirdilər.
Formalaşmaqda olan Azərbaycan millətinin aparıcı qüvvəsinin əsasını Bakıda və Şimali Azərbaycanın digər şəhərlərində olan sənaye müəssisələrinin sahibkarları, gəmi sahibləri, iri ev sahibləri, tacirlər, ziyalılar və b. təşkil edirdi.
Məlum olduğu kimi, Şimali Azərbaycan aqraq ölkə idi və onun əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olurdu. Buna görə də azərbaycanlıların burjua milləti kimi təşəkkülü heç də yalnız cəmiyyətin əsas zümrəsinin Azərbaycan buıjuaziyası və fəhlələrinin başlıca mənbəyi olan Bakı ilə və həmçinin burjua cəmiyyətinin təbəqələrinin formalaşdığı qəzalardakı sənaye mərkəzləri ilə deyil, həm də yeni intişar edən kənd təsərrüfatı istehsalı ilə bağlı idi.
XIX yüzilliyin ikinci yarısında kənd təsərrüfatı is- tehsalının özundə burjua cəmiyyətlərinə xas olan meyllər uzə çıxır, təsərrufatın kapitalizməqədərki formalarının kapitalist formasına keçməsi baş verir, doğulmaqda olan kənd burjuaziyası nümayəndələrinin fəaliyyəti genişlənirdi. Bu dövrdə Şimali Azərbaycanın iqisadiyyatı üçün belə bir hal xarakterik idi ki, kənd təsərrufatının əsas sahələrindən olan bağçılıq, heyvandarlıq (nisbətən) az dərəcədə kapitalist dövriyyəsinə cəlb olunmuşdu.
Əmtəə-kapitalist istehsalının, ticarət əkinçiliyinin inkişafı feodal münasibətlərini zəiflədir və qəzalar arasında sıx iqtisadi əlaqələrin yaranmasına, kənd təsərrüfatında kapitalizmin inkişafına şərait yaradırdı. Bu inkişaf kəndlilərin təbəqələşməsi ilə müşayiət olunmaqla, kəndlilərin çoxəsrlik ətalətini dağıdır, kəndlilikdən çıxma ilə müşayiət edilir, kəndli kütlələrini hərəkətə gətirirdi. Azlıq təşkil edən varlıların təsərrüfatının inikşafı, minlərlə kəndlinin müflisləşməsi və muzdurların sırasına keçməsi - Azərbaycan kəndinin kapitaltsi təkamülünün mahiyyəti belə idi.
Beləliklə, XIX yüzilliyin sonunda əmtəə-pul münasibətlərinin intensiv inkişafı nəticəsində Azərbaycan kəndində qapalılığın köhnə dayaqları dağılır, daxili əlaqədər yaranır və möhkəmlənir, kənddə keyfıyyətcə yeni təbəqələrkənd buıjuaziyası və fəhlələr meydana gəlirdi. Kəndin bütün ölkə ilə daimi iqtisadi əlaqələrə cəlb edilməsi Azərbaycan millətinin təşəkkülü prosesinin ümumi xarakter kəsb etməsini göstərirdi.
Azərbaycan millətinin təşəkkülü milləti xarakterizə edən bütün əlamətlərin inkişafında və möhkəmlənməsində ifadə olunurdu. Azərbaycan dili insanların ünsiyyət vəsitəsi kimi, ümummilli dil idi. Yadelli işğalçılara qarşı çoxəsrlik mübarizəyə, assimilyasiya siyasətinə baxmayaraq, Azərbaycan xalqı öz dilini qoruyub saxlaya bildi.
Feodal qapalılığının aradan qalxması, iqtisadi və mədəni mərkəzlərin yaranması, əhalinin sosial-iqtisadi fəallığının artması, ölkənin ayrı-ayrı rayonları arasında iqtisadi və mədəni əlaqələrin güclənməsi Azərbaycan milli dilinin inkişafı üçün şərait yaradırdı. Azərbaycan dilində ilk qəzet olan «Əkinçi»nin nəşri, mətbuatın, kitab nəşrinin daha da inkişafı, Azərbaycan ədəbiyyatının M.F.Axundov kimi nəhənglərinin pyeslərində əks olunan demokratik cərəyanın formalaşması kimi amillər ədəbi dillə xalq danışıq dilinin yaxınlaşmasına yardım etmiş və Azərbaycan millətinin təşəkkülünün ilk mərhələsində milli dilin inkişafına təkan vermişdir.
Azərbaycan dilinin lüğət tərkibi getdikcə zənginləşir və bu dil ədəbiyyatda, elmdə, məişətdə və təsərrüfat həyatında ümummilli və vahid dil olurdu.
Millətin mühüm əlaməti milli mədəniyyətin, şüur və psixologiyanın spesifık, özünəməxsus ümumiliyi idi. Milli mədəniyyətin özünəməxsusluğu Azərbaycan xalqının vərdişlərində, ənənələrində, məişətində əks olunurdu. Azərbaycan millətinə xalqdan irsi olaraq əməksevərlik, azadlıqsevərlik, mərdlik keçmişdi. Azərbaycanlıların milli xarakterində qonaqpərvərlik, böyüklərə hörmət, xeyirxahlıq, yoldaşlığa və dostluğa sədaqət özünü aydın göstərirdi.
Azərbaycan ədəbiyyatının M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Vəzirov, H.Zərdabi, və b. bu kimi bir çox görkəmli nümayəndəsi mədəniyyəti yeni ideya məzmunu ilə zənginləşdirir, demokratik istiqaməti inkişaf etdirirdilər. Onların ədəbi və elmi publisistik fəaliyyəti, Azərbaycan teatrının və mədəni-maarif müəssəsələrinin yaranması, maarifdə, incəsənətdə, musiqidə, xalq yaradıcılığında yeni əlamətlərin meydana gəlməsi, digər xalqların mədəninyyətinə geniş maraq Azərbaycan xalqının oyanmaqda olan milli şüurunu səciyyələndirən əlamətlər idi.
Burjuaziyanın bir çox liberal baxışlı nümayəndələri də Azərbaycan xalqını maarifə və elmə çağırırdılar. Bakıda çıxan «Kaspi» qəzetinin ətrafında Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi maarifpərvər xadimlər toplaşmışdılar.
Məlumdur ki, Rusiyada çar hökuməti tərəfındən «Azərbaycan» və «azərbaycanlı» terminlərinin işlədilməsinə icazə vermirdilər. Azərbaycanlıları müsəlman, tatar adlandırırdılar. Lakin Azərbaycan ideyası Azərbaycan ziyalıları tərəfındən yaşadılırdı.
M.F.Axundoun, H.Zərdabinin işlətdiyi «millət» anlayışının ədəbiyyatda və mətbuatda meydana çıxması XIX yüzlliyin ikinci yarısına aiddir. XIX yüzilliyin 80-cı illərində nəşr olunan və öz səhifələrində Azərbaycan milliyyəti ideyasını geniş təbliğ edən «Kəşkül» qəzeti isə ilk dəfə «Azərbaycan milləti» anlayışını işlətdi.
1891-ci ildə «Kaspi» qəzetində Məhəmməd ağa Şaxtaxtlı «Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı» məqaləsində bu türkdilli millətin azərbaycanlı olduğunu bildirmişdir.
1892-ci ildə Kamal Ünsizadə xalqımızda milli şüuru oyatmaq məqsədi ilə «Azərbaycan» adlı qəzet çıxarmağa təşəbbüs göstərmiş, ancaq çar hökuməti buna icazə verməmişdi.
Bütün bunlar maarifçi ziyalılarımızın Azərbaycanlılıq ideyasını yaşatdığını aydın göstərir. XX əsrin əvvəllərində bu ideyanı siyasi doktrina şəklində həyata və siyasi səhnəyə M. Ə. Rəsulzadə çıxartmışdır.
Beləliklə, XIX yüzüiiliyn ikinci yarısında intensiv şəkildə azərbaycanlıların millət kimi formalaşması prosesi gedirdi. Bütün başqa millətlər kimi, təşəkkül tapmaqda olan Azərbaycan milləti bütün təbəqələri, sosial qruplar və zümrələri birləşdirirdi.
Azərbaycan millətinin təşəkkülü prosesini Şimali Azərbaycanın müstəmləkə vəziyyəti məhdudlaşdırırdı. Rusiyanı xalqlar həbsxanasına çevirən, qeyri-rus xalqlara qarşı amansız istismar siyasəti yeridən çarizm ucqarlarda, o cümlədən Şimali Azərbaycanda feodal münasibətlərini qoruyub saxlamağa çalışır, ərazidə sənaye və mədəni mərkəzlərin yaranmasını, təhsilin, xüsusən ana dilində təhsilin yayılmasını ləngidirdi ki, bu da Şimali Azərbaycanda məhsuldar qüvvələrin, daxili iqtisadi, siyasi, mədəni əlaqələrin geniş inkişafına mane olurdu.


Tarix: 26.11.2014 / 17:18 Müəllif: Aziza Baxılıb: 129 Bölmə: Tariximiz ve rayonlarimiz