beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədii metal

Orta əsrlərin erkən mərhələsində tarixi Azərbaycan ərazisində sənətin dekorativ tətbiqi növləri daha çox inkişaf etmiş, daş və metal üzərində oyma sənətinin, zərgərlik və şüşə emalının yüksək keyfiyyətli məhsullarını hazırlayan sənətkarlıq mərkəzləri və bütöv məktəblər meydana gəlmişdi. Bu sənət növlərinin Azərbaycanda geniş intişarı yalnız yazılı qaynaqlardakı məlumatla deyil, arxeoloji komplekslərdə tapılan çoxsaylı dekorativ-tətbiqi sənət nümunələri ilə də təsdiq edilir. Məsələn, Şamaxıda, eramızın III əsrinə aid daş qutu qəbrində aşkar edilmiş zərli gümüş döyrə yüksək ustalıq və bədii zövq nümunəsidir. Döyrənin içərisi başdan-başa ov səhnəsi ilə örtülmüşdür: dördnala çapan atın üstündəki süvari geri çevrilərək oxunu dağ keçisinə doğru tuşlamışdır. Texniki baxımdan nadir sənət nümunəsi yaradan yerli usta forma və tənasübü pozmadan mürəkkəb ov səhnəsini qabın yarımkürəvi müstəvisinə həkk etmiş, bununla yanaşı, rəsmin realizmini qoruyub saxlaya bilmişdir. Daha böyük qabarıqlığa nail olmaq üçün o, üstdən lövhəcik vurma üsulundan istifadə etmişdir. Məmulatın bu hazırlanma texnikası hətta Sasanilər imperiyasının paytaxt emalatxanaları üçün də nadir hadisə idi. Ov səhnəli belə qablar adətən konkret tarixi şəxsiyyətlərə - hakimiyyət başında olan şahənşahlara, vəliəhd şahzadələrə, iri vilayətlərin hakimlərinə ithaf edilirdi. Bir sıra tədqiqatçıların fikrincə (V.Q.Lukonin, Q.O.Qoşqarlı) Şamaxıdan tapılmış qab üzərində I Şapurun oğlanlarından biri, o dövrdə (III əsrin 70-90- cı illərində) imperiyanın şimal vilayətlərinin, o cümlədən Adurbadaqanın hakimi, gələcək şahənşah Nərsə təsvir edilmişdir. Güman etmək olar ki, bu nadir qab məhz Azərbaycanın torevtika emalatxanalarından birində hazırlanmışdır. Bakıda tapılmış, VI-VII əsrlərə aid zərli gümüş kuzə də nadir sənət nümunəsidir. Kuzənin üstü başdan-başa mürəkkəb naxışlarla oyulmuşdur. Zərlənmiş fon dörd romba bölünmüş, onların ayrı-ayrılıqda hər birinin içində xoruzun, qırqovulun, otyeyən heyvanı didişdirən qartalın və əfsanəvi Simurq quşunun təsvirləri verilmişdir. Rombların oyma naxışlı tərəflərinin kəsişdiyi yerdə, eləcə də aralarında altıguşəli ulduz və altıləçəkli gül təsvirli dolçalar yerləşdirilmişdir. Bu dolça mərasim qablarından hesab edilir. Lənkəranda tapılmış, boynunda "müqəddəs" baftası olan vəhşi qoç təsvirli gümüş döyrə yerli torevtikanın ən maraqlı nümunələrindəndir. Elə bil nəyi isə gözləyən, sərt buynuzlu bu heyvan başını yüngülcə arxaya çevirmişdir. Onun bədəni başdan-başa yuna bənzər döymə naxışla nöqtələnmişdir.
Zərdüştilik tanrılarının heyvan və quşlarda təcəssüm edilmiş surətləri Sasani imperiyasının və mədəni cəhətdən onunla bağlı ölkələrin incəsənətinin mühüm xüsusiyyəti olmuşdur. Bu surətlərin meydana gəlməsi və monumental abidələrdən tutmuş dekorativ tətbiqi incəsənətin miniatür məmulatınadək müxtəlif abidələrdə tez bir zamanda yayılması zərdüştiliyin Adurbadaqanda da dövlət dininə çevrilməsi və onun qaydalarının incəsənətdə qərarlaşması ilə bilavasitə bağlı olmuşdur. Heyvan və quşların boynundakı müqəddəs baftaların təsviri bu dövr incəsənətində tez-tez təsadüf olunan haldır. Usta bununla göstərmək istəyirdi ki, qarşımızdakı, məsələn, ov səhnələrini təsvir edən qablarda olduğu kimi, adi heyvan rəsmi deyil, ilahi varlıqların mücəssəməsidir. Arxeoloji qazıntılar bu dövrün torevtikasının digər qiymətli nümunələrini də aşkara çıxarmışdır. Həmin əşyaları düzəldən ustalar illərin təcrübəsindən çıxaraq, naxışbasmanın, qəlibkarlığın, döymənin, qaynağın, həkkaklığın və s.-nin sirlərini mənimsəmişdilər. Onlar məmulatın bədii təsir gücünü və estetik ifadəliliyini artırmaq məqsədilə saya gümüşün zər suyuna salınmış gümüşlə həmahəngliyindən məharətlə istifadə edirdilər.

Azərbaycanın şimal vilayətlərindən (eləcə də müasir Cənubi Dağıstandan) tapılan, adətən VI-VIII əsrlərə aid edilən tunc qablar, kuzələr və buxurdanlar da nadir sənət əsərləri kimi maraq doğururlar. Bu qablar zəngin həndəsi və nəbati naxışlarla, eləcə də heyvan təsvirləri ilə bəzədilmişdir. Belə sənət nümunələri arasında, hazırda Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanılan, ötən əsrin əvvəllərində Naxçıvanda qədim əntiq əşyalar alverçisindən satın alınan tunc buxurdan xüsusi maraq doğurur. 35,6 sm hündürlükdə, tuncdan tökülmüş süvari heykəlciyi formasında olan bu buxurdan alimlərin (K.V.Trever, V.L.Lukonin, Q.Qoşqarlı və b.) ümumi rəyinə görə, yerli sənətkar tərəfindən düzəldilmişdir. Albaniya tarixinin ilk geniş tədqiqatçılarından olan K.V.Trever burada alban hokmdarı Cavanşirin təsvir olunduğunu güman edir. Onun bu gümana gəlməsinə səbəb bir tərəfdən heykəlcikdə Sasani şahlarına xas olmayan elementlərin varlığı, digər tərəfdən isə süvaridəki ikonoqrafik cizgilərin Moisey Kalankatlının Cavanşir haqqındakı məlumatına uyğun gəlməsidir. Azərbaycan alimləri Q.M.Əhmədov və N.İ.Rzayev də K.V.Treverin bu gümanının gerçək olduğunu təsdiq edirlər.

Yazılı mənbələrdəki məlumatlar və arxeoloji araşdırmaların nəticələri göstərir ki, Azərbaycan feodal cəmiyyətinin yüksək təbəqəsinin bədii zövqü ilə məişətdə hədsiz dəbdəbə xoşlayan Sasani hakimlərinin zövq və məişəti arasında uyğun cəhətlər çox idi. Moisey Kalankatlı alban hökmdarı Cavanşirin sarayını belə təsvir edir: "O, günbəzdən tutmuş kandaradək hər yeri naxışlarla bəzətdirdi, divarlara başdan-başa ipək parçalar çəkdirdi, kainatın ziyasını qoruyub saxlayan yataq otağının qapısını gümüşə tutdurdu, üzərində oyma naxışlar açmağı əmr etdi". Sasanilər qiymətli əşyalardan öz diplomatik məqsədləri üçün geniş istifadə edirdilər. Yeqişenin məlumatına görə, onlar Cənubi Qafqaza gümüş əşyalar gətizdirir və yerli hakimləri ələ almaq üçün onlara bağışlayırdılar. Görünür, bu və digər yollarla (məsələn, ticarət) Azərbaycana gətirilən Sasani metal məmulatı yerli sənətkarlar üçün nümunə olmuş, bu tipli məhəlli məhsulların daha keyfiyyətli istehsalına gətirib çıxarmışdır. Güman edilir ki, mərkəzdən gətirilən və iri şəhərlərdəki sənətkarlıq emalatxanalarında hazırlanan yerli məhsullardan başqa, iri feodalların ehtiyaclarını ödəmək üçün saxladıqları şəxsi emalatxanalarında da belə şeylər hazırlanırdı. Məhz həmin emalatxanaların zəminində yaranmış yerli məktəblər bu gün də Lahıcda, Köbəçidə öz fəaliyyətlərini davam etdirirlər. Erkən orta əsrlər dövründə bu məktəblər üçün səciyyəvi cəhət onların əsasən "müqəddəs" ağacın çoxyarpaqlı təsvirini verən ornamentlərdən istifadə etməsi idi. Bununla yanaşı, bu dövrdə zoomorf (heyvanşəkilli) formalı qablar da geniş yayılmışdı.

Dulusçuluq
Ən qədim alban dulusçuluq nümunələri çox rəngliliyi və mürəkkəb naxış-bəzək sistemi ilə seçilir. Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter daşıyır. Bununla birlikdə Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənətin daha da inkişaf etdiyini qeyd etmək lazımdır. Məhz antik dövrdə dulus çarxının demək olar ki, tamamilə istifadədən çıxmasına və alban keramikasının böyük bir qisminin əllə hazırlanmasına baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir. Keramikanın ən səciyyəvi tiplərindən biri olan süddanlar xüsusilə maraqlıdır. Bunlar yumru gövdəli, birqulplu, azacıq yuxarı qalxmış uzunsov novçalı qablardır, novçanın başlandığı yerdə adətən çox vaxt "süzgəc" düzəldilirdi. Bunlar bişirilməmişdən qabaq ağımtıl və ya qırmızımtıl şirə ilə örtülürdü. Qabların boğazı və qulpu bir çox hallarda batıq və ya çökək ornamentlə, gövdəsi isə simmetrik şəkildə yerləşdirilən yapışdırma düyməvari naxışlarla bəzədilirdi. Səciyyəvi novçanın hər iki tərəfinə vurulan bu cür yapışdırma naxışlar həmin qablara zoomorf görkəm verir. Kürədə bişirilən məşhur birayaqlı və üçayaqlı qırmızı və qara vazalar kimi, təsvir edilən qabların da yerli xalq ənənəsində dərin kökləri vardır və bu ənənənin ünsürləri hellinizm dövrünün alban incəsənəti üçün xüsusilə səciyyəvidir. Eyni zamanda inkar etmək olmaz ki, Yaxın Şərq və Aralıq dənizi ölkələri xalqlarının mədəniyyəti də alban mədəniyyətinə müəyyən təsir göstərmişdir.

Eramızdan əvvəl IV-III əsrlərdə geniş yayılmış olan bədii keramikaya əməli əhəmiyyətini də saxlayan ən müxtəlif zoomorf və antropomorf qablar daxildir. Ümumiyyətlə, mücərrəd ornamentlə bəzədilmiş qablara xüsusi düzəlmiş qulpların, qapaqların və digər lazımlı ünsürlərin köməyi ilə zoomorf və ya antropomorf görkəm verilir. Bir çox saxsı qablarda heyvanların, quşların, insanın yapışdırma və basma ornamentlə, boya ilə yaradılmış sxematik təsvirləri vardır ki, bunlar alban incəsənəti haqqında müəyyən təsəvvür yaradır. Bununla əlaqədar olaraq İsmayıllı rayonunun Hacıhatəmli yaşayış yerindən tapılmış dabanlı oturacağı olan boz rəngli vazanı xüsusilə qeyd etmək lazımdır; Gövdəsi yapışdırma naxışla bəzədilmiş qabın kiçik şaquli qulpları vardır, ağzı dəyirmidir. Şaquli qulpların hər iki tərəfinə çiçək şəklində kiçik naxışlar yapışdırılmışdır; qulpun dibində də buna bənzər yapışdırma naxış vardır. Yapışdırma naxışların köməyi ilə qaşlar, gözlər, qulaqlar və üzün hər iki tərəfindən sallanan iki hörük, batıq cızıqların köməyilə kirpiklər bildirilmişdir. Qadın çöhrəsinin zəngin təxəyyülü naməlum usta tərəfindən məharətlə yaradılmış təsviri əsrləri arxada qoyaraq bizə gəlib çatmışdır. Buna oxşar antropomorf saxsı qablar qədim Şamaxı qazıntılarından məlumdur. Qabın gövdəsinin yuxarı hissəsi adam başı formasındadır; qulaqlar, burun, gözlər və bel realist görkəmdə verilmişdir. Təsvir edilmiş keramikaya bənzəyən, maral, keçi, öküz, xoruz, göyərçin, tısbağa və i.a. formasında hazırlanan, realist alban incəsənəti üçün səciyyəvi olan antropomorf saxsı qab Türkiyə ərazisində olan het abidələrindən də məlumdur.


Tarix: 02.02.2015 / 14:12 Müəllif: Feriska Baxılıb: 1274 Bölmə: Qafqaz Albaniyası