beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geyimə necə qulluq etməli

Sevimli paltarlarınızın ömrünü necə uzatmaq olar?
Geyimə, alt paltarına, ayaqqabıya və bütün başqa bəzək əşyalarına qulluq məişətdə ən zəruri və vacib şərtlərdəndir. Vaxtında və səliqə ilə edilmiş bu qulluq sizin geyim və aksessuarlarınızın ömrünü uzadar və beləliklə, maddi büdcənizə xeyli qənaət etmiş olarsınız. Ona görə də əgər siz üst və ya alt paltarınızda ləkə ya da başqa nöqsan görsəniz, dərhal onu aradan qaldırmağa çalışın. Yoxsa balaca yırtıq, qopmuş düymə, sökülmüş paltar asqısı, köhnəlmiş ləkə sizin üçün lazımlı bir əşyanı tezliklə sıradan çıxara bilər.

Təmizliyə və səliqəyə alışmış adam üçün geyimə qulluq etmək çox asandır. Ona görə də bu vacib və faydalı vərdişi öz uşaqlarınıza və ailə üzvlərinizə təlqin edin. Ailənin hər bir üzvü özünə məxsus olan paltarı, ayaqqabını, baş geyimini toplayıb öz yerinə qoya bilər. Xüsusən uşaqlara kiçik yaşlarından öz geyimlərinə ehtiyatla və səliqə ilə yanaşmaq, ona qulluq etmək bacarığını tədricən aşılamaq lazımdır. Evdar qadının vəzifələrindən biri də ailə üzvlərinin geyimə səliqə ilə yanaşmalarına, onun təmizliyinə riayət etmələrinə fikir verməkdən ibarətdir.

Paltarlara və üst geyimlərinə qulluq. Siz tələsik əyninizdən çıxardığınız paltarı ya stulun başına atır, yaxud da paltarasana keçirmədən şkafa asırsınız. Stulun söykənəcəyi pencəyin ölçüsünə uyğun gəlmir. Bir neçə saatdan sonra pencəkdə yaranan xoşagəlməz qırışlar onun düz asılmadığının göstəricisidir.

Stulun söykənəcəyində asılı qalmış həmin pencəyə sabahı gün bir də nəzər salın. Onun yaxası, ətəyi əzilmiş, çiyinləri sallanmışdır. Pencəkdə xoşagəlməz qat və qırışlar əmələ gəlmişdir… Belə paltarı geyməzdən əvvəl mütləq ütüləmək lazımdır. Bu isə həm zəhmət, həm də vaxt tələb edir və üstəlik, parçanı da korlayır.
Palto, paltar, kostyum əzilməsin deyə onu xüsusi paltarasana keçirmək lazımdır. Paltarasanın ölçüsü mütləq paltarın çiyinlərinə uyğun gəlməlidir. Yadda saxlayın ki, geyimlərə tikilmiş asqı yalnız evdən kənarda istifadə etmək üçündür. Evdə ondan istifadəni birdəfəlik unudun.

Bir çox kişilər evdə pencəklərini stulun başına asmağı sevirlər. Bu pis vərdiş geyimə öz mənfi təsirini göstərir. Əgər bu alışqanlıqdan vaz keçmək sizin üçün çətindirsə, onda heç olmasa, elə stul seçin ki, söykənəcəyinin küncləri sivri olub, pencəyin çiyin hissələrində pis qırışlar əmələ gətirməsin. Belə namünasib asılma nəm pencəkdə daha çox iz qoyur.

Bir paltarasana üst-üstə bir neçə paltar asırsınızsa, çalışın ki, qalın paltar ən altda olsun. Klyoş biçilmiş paltarın və ya yubkanın ətəyini qaldırın ki, sallanıb uzanmasın. Belə paltarlar üçün xüsusi paltarasanlar vardır. Qalstukları və kəmərləri şkafın içəri tərəfindəki tamaşaya, yaxud bağlanmış ipə asmaq lazımdır.

Paltar şkafının havasını arabir dəyişmək lazımdır. Təxminən həftədə iki dəfə gecə şkafın qapısını və bütün gözlərini açıq qoyun. Əyninizdən çıxardığınız hər bir paltarı yaxşıca çırpın. Bunu mənzildən kənarda – dəhlizdə və ya pilləkən başında edin. Paltarı hər gün şotka ilə təmizləmək parçanı korlayır. Buna görə də şotkadan yalnız paltar çox tozlandığı zaman istifadə etmək lazımdır. Təmizlik zamanı şotkanı ancaq paltarın xovunun yatımına çəkmək lazımdır, əks istiqamətdə çəkmək paltara zərər verər.
Əgər paltara ləkə düşübsə, onu təxirə salmadan təmizləmək lazımdır.

Yağış və ya qardan islanmış paltarı çırpıb, paltarasana taxaraq sərin yerdə qurutmaq lazımdır. Tamamilə quruyandan sonra şkafa asmaq olar. Palçığa batmış yun məmulatı – şalvarın balağını, yubkanın ətəyini və s. yalnız yaxşı quruyandan sonra təmizləmək olar. Rezinvari parçadan tikilmiş plaş, örtük, gödəkçə, başlıq və s. geyimləri ütüləmək olmaz. Paltarları təmizləmək üçün cod və yumşaq tüklü şotkadan, xüsusi hazırlanmış böyük və kiçik süpürkəciklərdən istifadə edirlər. Bu təmizlik vasitələrini həmişə təmiz saxlamalı, çirklərini sabunlu ilıq su və naşatır spirti ilə vaxtaşırı yumaq lazımdır. Diqqətli olun: paltar şotkasının taxtasını islatmaq olmaz.

Paltarı vaxtaşırı – iki həftədə bir dəfədən gec olmayaraq, diqqətlə təmizləmək lazımdır. Bu zaman kostyumu yaxşı-yaxşı yoxlamaq, çibləri çevirib təmizləmək lazımdır; ləkə gözə dəyirsə, onu da təmizləmək lazımdır. Bunun üçün evdə naşatır spirti və ləkəaparıcı vasitələr olmalıdır. Kostyumu təmizləyəndən sonra ütüləmək, paltarasana taxaraq qurutmaq və havaya vermək lazımdır.


Tarix: 28.12.2012 / 18:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 672 Bölmə: Praktik meslehetler