beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məişətin təşkili

Çox vaxt heç ağlımıza da gəlmir ki, özümüzdən asılı olan nə qədər amillər bizim sağlamlığımıza, zahiri görkəmimizə, əhval-ruhiyyəmizə təsir göstərir və bu da şən gəncliyin, fəal kamilliyin və xoşbəxt qocalığın təməlini qoyur. Bu amillərə ilk növbədə şəxsi gigiyena, yuxu və məişətin gigiyenası, düzgün qidalanma, zehni əməyin gigiyenası, iş gününün və istirahətin düzgün təşkili aiddir.

Bəzi qadınlar bizə etiraz edib deyə bilərlər ki, «düzgün həyat tərzini necə qurasan ki, bütün günü iş başımızdan aşır?» Lakin məlumdur ki, məhz işdə və evdə çox məşğul olan qadınlar vaxt tapıb özlərinə baxa bilirlər, bir o qədər çox məşğul olmayanlar isə bunun üçün vaxt tapa bilmirlər. Daha doğrusu bu, iş gününün ahənginə uyğunlaşmaq, nəzərdə tutulan hər bir işi ardıcıl yerinə yetirmək bacarığı ilə izah olunur. Bunun üçün təbii ki, hər adamın özünü idarə etmək, müəyyən təşkilatçılıq qabiliyyəti və … istəyi olmalıdır.

İşləyən qadın üçün ən mühüm vəzifə ev işlərini düzgün təşkil etməkdir. Bütün ailə üzvlərinin, böyükdən tutmuş kiçiyə qədər, hamının müəyyən vəzifəsi olmalıdır. Yaxşı məlumdur ki, hətta məktəbə getməyən kiçik uşaqlara belə ciddi yanaşıb bir iş tapşırdıqda çox sevinirlər. Düzgün bölünmüş ev işləri uşaqlarda məsuliyyət hissi oyadır və onlar öz yaxın adamlarına gərək olduqlarını hiss edirlər. Bu da ev işləri ilə ən çox yüklənmiş adam — ana üçün sərfəlidir.

Qarşılıqlı anlaşma, sakit, xeyirxah ev şəraiti təkcə gündəlik ev işlərinin düzgün qurulmasına kömək etmir, o həmçinin ev yiyəsində özünə fikir vermək tələbatı yaradır. Yaxşı əhval-ruhiyyə isə bizim əsəblərimizi qoruyur, qüvvəmizi mühafizə edir.
hər bir kiçik, ya böyük qanıqaralıq bütün ailə üzvlərini əsəblərinə təsir edir, bu da əvvəl-axır onların zahiri görünüşündə öz əksini tapır. Daimi ruhi sarsıntılar orqanizmdə ciddi pozğunluqların əmələ gəlməsinə səbəb olur. Xəstəliklərin çoxu xoşagəlməz stress vəziyyətlərinin nəticəsidir. Misal olaraq, mədə xorası və onikibarmaq bağırsaq xəstəliklərini göstərmək olar. Sakit adamlar ətrafdakılara daha xeyirxah yanaşırlar. Onların keçirdikləri hisslərdən asılı olmayaraq dəriləri daha hamar və üzlərində qırışlar daha az olur.

Təmiz, səliqəli və zövqlə bəzədilmiş mənzil də evdə əmin-amanlığın olmasına şərait yaradır. Bundan başqa evdə hər kəsin (kiçikdən tutmuş böyüyə qədər) öz istirahət guşəsi olmalıdır, burada o özünə lazım olan əşyaları saxlayır. Bu, həm ailə üzvlərinin əhval-ruhiyyəsini yaxşılaşdırır, həm də ev yiyəsinə xoş təsir bağışlayır.

Əgər siz yaxşı görünmək istəyirsinizsə, gün ərzində səhər gimnastikası, qısa istirahət (20—30 dəqiqə) və qısa gəzinti (yaxşı olar ki, yatmazdan əvvəl) üçün vaxt tapmalısınız. Bu tövsiyələrin yerinə yetirilməsi xanımlara öz sağlamlığını möhkəmlətməyə, gənclik və gözəlliklərini daha çox qorumağa kömək edəcəkdir.


Tarix: 28.12.2012 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Praktik meslehetler