beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quyruqsuz çaqqal

Biri vardı, biri yoxdu, qədim zamanlarda Mehziyar adlı bir kişi vardı. O, ancaq doyunca yemək, qara günü üçün, heç olmasa, iki mis pul atmaq, allaha itaət etmək haqqında düşünürdü.

Günlərin bir günü şaxtalı bir qış gecəsində sürüdən geri qalmış bir keçinin buynuzları ilə qapını döydüyünü eşitdi. Mehziyar keçini içəri buraxdı, evində ona sığınacaq verdi.

İKi-üç ay keçəndən sonra keçi bir cüt çəpiş doğdu. O biri il keçi balaları böyüdü. Onlar da hərə bir cüt çəpiş doğdu. Bu yolla Mehziyar böyük bir keçi sürüsü yetişdirib varlı adam oldu. O özünə gözəl bir ev tikdirdi, bağ saldı. Amma o daş ürəkli, mərhəmətsiz adam olduğu üçün yurdsuzlara, yoxsullara əsla kömək eləmirdi. Mehziyar dirhəmi dirhəmin, dinarı dinarın üstünə yığır, çoxlu toyuq, xoruz bəslənir, hərdən də onları kəsib yeyirdi.
Bir gün Mehziyar gördü ki, onun toyuq, xoruzu harasa yoxa çıxır. Məlum oldu ki, qonşuluqda bir çaqqal məskən salıb. Çaqqal hər gecə həyətə soxulur, bir-iki toyuğu tutub boğur, çəkib yuvasına aparır, orada yeyirdi. Mehziyar heç təhərlə çaqqalı tuta bilmirdi. Görünür ki, çaqqal çox bacarıqlı oğru idi. Axırda Mehziyar hini başqa yerə köçürtdü, toyuq, xoruzu pəyəyə saldı, keçini, qoyunu həyətə çıxartdı.
Çaqqal gecə oğurluğa gələndə toyuq, xoruzun yerində keçi qoyunu görüb ovqatı təlx oldu. Fikirləşdi ki, keçi, qoyunu aparmaq üçün canavarı köməyə çağırsın. Ancaq canavara etibar eliyə bilmirdi, buna görə də caqqal Mehziyarın evini özü tək güdməyə başladı. O öyrəndi ki, Mehziyar Məkkə ziyarətinə getməyə hazırlaşır.
Bir gün səhər tezdən çaqqal əl-üzünü yuyub, Mehziyarın yanına gəldi, baş əyib yeri öpdü, pəncələrini sinəsinə qoyub, ev sahibinin qarşısında diz çökdü.
–Ey caqqal! Sənə nə lazımdır? Nə üçün gəlmisən? – deyə ev sahibi ondan xəbər aldı.
–Eşitdim ki, ziyarətə getməyə hazırlaşırsan. Mən sənə xeyir-dua verməyə gəlmişəm. Həm də sənə qulluq göstərmək istəyirəm. Məni nökər götürsən, sən gələnə kimi evini qoruyaram.
–”Yaxşı oldu, mən sürülərimi tapşırmaq üçün adam axtarırdım, –deyə Mehziyar düşündü. –Əgər sürünü insana tapşırsam, o, çoxlu hiylə işlədib isfənd ayında min qoyun bala verəndə yüzdən az olmayaraq özünə götürəcək. Yaxşı oldu ki, dördayaqlı çaqqal meydana çıxdı: o mənim mal-qarama göz yetirər”.
Ev sahibi dedi:
–Ey çaqqal! Müqəddəs yeri birlikdə ziyarət eləmək və onun astanasını öpmək üçün mən çox istərdim ki, səni də özümlə aparım. Sən öz quyruğunla, mən də öz saqqalımla ətrafı süpürərdik, amma sənin burada qalıb sürünü qorumağın mənim üçün daha da sərfəlidir. Mən qayıdaram səni də Məkkəyə yola salaram.
Çaqqal çox sevindi, dedi:
–Yaxşı, sahib, qoy sən deyən olsun.
Bir neçə gündən sonra Mehziyar sürünü çaqqala tapşırıb özü yola hazırlaşmağa başladı.
Bundan xəbər tutan qoyunlar çox təşvişə düşüb Mehziyara dedilər:
– Ey, Mehziyar! Çaqqal canavar cinsindəndir, o bizi yeyəcək.
Ancaq Mehziyar onları sakitləşdirdi.
– Canavar cinsindən olan heyvanların hamısı qoyun yemir. İtlər də canavar cinsindəndir, amma onlar sizin gözətçilərinizdir.
Mehziyar kəcavəyə oturub Bəlx şəhərinin qapılarından çıxan kimi çaqqal pəyəyə gəlib qoyunlara nəzər saldı, uşaqlıqdan dostluq etdiyi canavarı axtarmağa yollandı. Çaqqal bütün əhvalatı canavara danışdı, onu qoyunların yanına gətirdi.
Elə həmin gün onlar beş qoyunun qarnını yırtıb, yedilər. İşi belə görən keçilər canlarını qurtardılar, başqa sürüyə qoşuldular. Tənbəl qoyunlar yerlərindən tərpənmədilər, çaqqalla canavar onları bir-birinin ardınca parçalayıb yeyirdilər.



Günlər, həftələr, aylar gəlib keçdi. İl başa çatdı. Şəhərə xəbər yayıldı ki, ziyarətə gedənlər sağ-salamat qayıdırlar. Çaqqal Mehziyara necə cavab verəcəyi barədə düşünürdü ki, Mehziyar evinə qayıtdı, o saat da sürülərin yoxlamağa getdi.

Çaqqal ağlayıb zarımağa başladı, göz yaşını tökə-tökə Mehziyara dedi:
– Mənim əziz sahibim! Sən gedəndən sonra bilirsən başımıza nə gəldi? Elə birinci ay eşitdik ki, ziyarətə gedən karvan zəvvarları hamısı ağır xəstələnib, çoxu ölüb. Mən narahat oldum, əhd elədim ki, sən salamat qayıtsan, yüz qoyun kəsim, onların ətini dilənçilərə, kasıblara paylayım. Ertəsi günü sənin sağ salamat olduğunu biləndə, o saat qoyun kəsdim, ətini fağır-füqəraya payladım.
O biri ay xəbər gəldi ki, karvan yolu azıb, qumluğa düşüb, susuzluqdan 100 adam ölüb. Mən yenə allaha yalvardım, nəzir elədim ki, əgər sən sağ və salamat qalsan, yüz toğlu kəsib, ətindən dul qalmış yoxsul qadınların evinə göndərim, balalarına yedirtsinlər. Allaha şükür ertəsi gün xəbər gəldi ki, sənin başında heç bir qəza-qədər yoxdur. Mən də toğluları kəsib payladım.
Üçüncü ay xəbər gəldi ki, karvana quldurlar basqın edib, səksən adamı öldürüblər. Bu dəfə mən nəzir elədim ki, əgər sən onların içərisində olmasan, iki yüz qoyunu kəsim, paylayım. Ölənlərin içərisində sənin olmadığını biləndə o qədər sevindim ki!
Günlərin bir günü dedilər ki, şəhərə bir adam gəlib sənin ölüm xəbərini gətirmişdilər. Mən ağlaya-ağlaya iki yüz qoyunu kəsib sənə ehsan verdim. Ancaq iki gün bundan qabaq başqa bir adam gəldi, təzə xəbər gətirdi: o dedi ki, sən sağ və salamatsan, sabah ya birisi gün evinə gələcəksən. Sevincimdən özümü itirdim, yerdə qalan qoyunların hamısını kəsib, sənin qayıtmağının şərəfinə yoxsullara payladım. Mən çox şadam ki, səni sağ və salamat görürəm.
Mehziyar özündən çıxdı:
– Ay yaramaz! Elə güman edirsən ki, sənin uydurmalarına inanıram? Allaha and olsun, səhər açılanda səni tikə-tikə doğrayacağam!
Mehziyar qurşağını belindən açıb, çaqqalın boynuna keçirtdi, sürüyə-sürüyə ağacın yanına çəkdi, onu onu quyruğundan asıb dedi:
– Səhərə qədər belə qal. Səhər səni boğazından asacağam.
Çaqqal tələyə düşdüyünü anladı. Mehziyar qoyunlarının heyfini almaq üçün səhər onu asacaqdı. Çaqqalın quyruğunu qurban verməkdən başqa çarəsi qalmamışdı. O, quyruğunu dişləri ilə gəmirməyə başladı, axır, səhər açılana yaxın gəmirib qurtardı. Quyruq qırıldı, çaqqal şappıltı ilə yerə düşdü.
Mehziyar səs eşidib nə baş verdiyini bilmək üçün özünü həyətə atdı. Gördü ki, çaqqalın quyruğu qırılıb ağacda qalıb. Amma özü yoxdur.

Yola baxdı, gördü ki, çaqqal elə qaçır, elə bil uçur.

– Ey çaqqal! – deyə Mehziyar onun ardınca qışqırdı. – Quş olub göyə uçsan da, balıq olub dənizə girsən də əlimə keçəcəksən. Sənin yaxşı nişanən var – sən quyruqsuzsan.

Çaqqal anlardı ki, işi xarabdır, quyruqsuz olduğu üçün onu asanlıqla tapacaqlar. O fikirləşməyə başladı: görəsən necə eləsin ki, başqa çaqqalları da quyruqsuz qoysun, lazım gəldikdə onların arasında gizlənmək mümkün olsun.

Çaqqal uzun müddət dolaşdı, axırda tanımadığı bir adamın bağına gəlib çıxdı. Oradakı təpənin üstünə qalxıb ulamağa başladı. Ətrafına əlüstü əlli-altmış çaqqal toplaşdı. Çaqqal onlara dedi:

– Əziz dostlarım! Mən gecə-gündüz sizin barədə düşünürəm, düşünürəm ki, siz çox vaxt ac qalırsınız. Mənə qulaq asın, yaxında bir bağ var, orda ürəyiniz istəyən dadlı meyvələr var, – armud, üzüm, alma – bir sözlə hər şey. Ora gedin, xətriniz nə qədər istəyir yeyin.

Çaqqallar bağa getdilər. O çaqqalları bağa ötürdü, özü isə bağbanın yanına qaçıb dedi:

– Bağına çaqqal sürüsü soxulub, meyvələri yeyir, tapdalayıb əzirlər. Tək onlarla bacara bilməzsən. Odur ki, sənə öyrətmək istəyirəm ki, necə edəsən çaqqallar bura ayaq basmasınlar.

– De görüm.

– Özünü elə göstər ki, guya sevinirsən, onlara da de ki, “Nə qədər istəyirsiniz yeyin, ancaq bir şərtlə: qoy hərə özünə bir budaq, yaxud bir ağac seçsin və onun meyvəsini yesin, mən də quyruqlarınızı həmin ağaclara bağlayım. Doyunca yedikdən sonra quyruqlarınızı açaram, istədiyiniz yerə gedə bilərsiniz.” Çaqqallar razılaşacaqlar, sən onların quyruqlarını ağaclara bağlayarsan, yerdə qalanı mənim işimdir.

Bağban hər şeyi çaqqalın öyrətdiyi kimi eləyib getdi.

Bir saatdan sonra quyruqsuz çaqqal bağa gəlib yoldaşlarına dedi:

– Heç bilirsiniz bağban hara gedib?

– Yox!

– O, kəndliləri bura çağırmaq istəyir. Onlar gəlib dəyənəklə sizi əzişdirəcəklər.

Çaqqallar qorxdular. Bəziləri dedilər:

– Uydurursan!

Başqaları soruşdular:

– Bəs biz nə etməliyik?

Quyruqsuz çaqqal dedi:

– Əgər yaşamaq istəyirsinizsə, quyruqlarınızı gəmirin ki, kəsilsin, başqa çıxış yolu yoxdur.

Çaqqallar quyruqlarını gəmirir, bağban gələnə kimi ağaclardan yerə düşüb qaçmağa çalışırdılar.

İndi də Mehziyardan deyək. Mehziyarın çaqqala çox acığı tutmuşdu, fikirləşdi ki, onu necə cəzalandırsın.

“Mən çaqqalı mütləq tutmalıyam, – deyə Mehziyar düşündü. – Çaqqalı hamının qabağında rüsvay eləmək üçün onun qulaqlarını, burnunu kəsməliyəm, boynuna kəndir salıb küçələri, bazarları gəzdirməliyəm. Qoy camaat bilsin ki, vəhşi heyvanın insanla heç bir dostluğu ola bilməz”.

O, əlinə dəyənək alıb, quyruqsuz çaqqalı axtarmağa getdi. Amma nə qədər axtardısa da, onu tuta bilmədi. Birdən təpənin yanında quyruqsuz çaqqalı gördü. Mehziyar dəyənəyi qaldırıb onun başını əzmək istədi, çaqqal geri qaçıb dedi:

– Mən sənə nə pislik eləmişəm? Nəyə görə məni vurmaq istəyirsən?

– Mənə pislik eləməmisən?! Mənim bütün toyuq-xoruzumu, qoyunlarımı yemisən!

– O, başqa çaqqal olub, mən olmamışam.

Mehziyar dedi:

– Sənin nişanən var – sən quyruqsuzsan.

Çaqqal gülməyə başladı:

– Belə olur da, günahsızlar müqəssirlərin əvəzinə cəza alırlar! Əgər sənə bir quyruqsuz çaqqal zərər gətiribsə, başqalarının təqsiri nədir? Bizim nəsildən olan bütün çaqqalların quyruğu yoxdur. İnanmırsansa burda dur, özün görəcəksən.

Çaqqal uladı, əlüstü hər tərəfdən quyruqsuz çaqqallar onun yanına gəlməyə başladılar.

Mehziyar utanıb dedi:

– Məni bağışlayın, sizin quyruqsuz doğulduğunuzu bilmirdim.

Amma quyruqsuz çaqqalın kələk gəldiyindən şübhələnmiş çaqqallar cavab verdilər:

– Biz quyruqsuz doğulmamışıq, bəladan qurtarmaq üçün quyruqlarımızı özümüz gəmirib, kəsmişik.

– Axı, bu necə olub, – deyə Mehziyar soruşdu.

Çaqqallar bütün əhvalatı əvvəldən axıra qədər ona söylədilər. Mehziyar başa düşdü ki, bütün bunlar həmin çaqqalın fırıldağıdır.

– Ay, yaramaz! Özünü qurtarmaq üçün gör bir yoldaşlarını necə bada verib.

Çaqqallar aldandıqlarını indi başa düşdülər. Mehziyar onların köməyi ilə quyruqsuz çaqqalı tutdu, onu möhkəm bir budaqdan asdı.


Tarix: 20.11.2013 / 01:52 Müəllif: ADMIN Baxılıb: 994 Bölmə: Nağıllar