beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbülqasım (nağıl)

Günnərin bir günü İsfahanda bir kişi vardı, bı dedikcə kasıp idi. Bir qədər də bının özgəyə borcu vardı. Bir gün arvadına dedi:

– Birəz hərbiyə çörəkdən-zaddan qoy hazırra. Gedim görüm, o borcu düzəldə billəmmi?

Bının bir az da savadı vardı. Düşdü yola getdi, günə bir mənzil teyyi-mənazil getdi. O qədər ki, bir bulağa rast gəldi.

Gəldi bı bılağın üsdə düşdü, əlin yudu, üzün yudu, dəstəmaz alıp namazın qıldı oturdu. Çörəyin açdı qoydu qabağına, başdadı yeməyə. Çörəyin yedi qurtardı. Bı bulağın yaxınlığında da bir şəhər vardı. Yavaş-yavaş yola düşdü. Bı şəhərə gedirdi. Xeylax getdi, çatdı bı şəhərə. Bı kişi bir balaca da dərvişliy bilirdi. Bir küçeynən getdi gördü bir oğlan yanına xeylax çit töküb satır. Amma elə hey deyirdi: “Əli başı üçün almaram, Əli başı üçün vermərəm!”

Kişi fikirləşdi ki, oturum bırda görüm, bı nə işin sahibidi? Bı niyə bilə deyir?

Oturdu bir daş vardı, onun üstündə. Bı oğlan parça ölçdüyü yerdə baxdı gördü, bir daşın üsdə bir dərviş oturub.

Oğlan dedi:

– Vay məni, kor oleydım, şil oleydım! Ay dərviş ağa, mən səni niyə görməmişəm? Dur gedək əvə, bırda niyə oturmusan? Durdu bı parçanı-zadı yığışdırdı. Bı kişini də götürdü gəldilər əvə, qapıya çatanda, oğlan çağırdı:

– Nənə.

Arvad çıxıb dedi:

– Bala, nədi?

Dedi:

– Nənə, Allah qonağımız var.

Arvad dedi:

– Gəlsin, bala, Allaha da qurban olum, qonağına da, saa da. Xoş gəlip, göz üsdə gəlip.

Bı kişini apardılar əvə. Bı kişi baxdı gördü bının qapısında bağçası, fəvvarəsi, hamamı var. Bir imaratdı ki, tey mərmər daşınnan əmələ gəlib.

Bının altına döşək saldılar. Bı oturdu birəz söhbət elədilər. Sırpa salındı. Kişi gördü bir qızıl boşqabda bının qabağına xörək qoydular. Xörəyi yedilər, qurtardılar. Bı xonçeynan boşqabı götürdülər, qoydular bının heybəsinə. Dedilər:

– Qardaş, qaydamız bıdı. Hər kəs hankı qabda görək yesə, onu gərək onun heybəsinə qoyax, gedəndə apara!

Kişi qaldı məhətdəl ki, bı necə işdi. Bı oğlan dedi:

– Əmi, düz bir ay bizə qonaxsan. Bı şəhərdə də bircə şiyə mənəm. “Əli başı üçün almaram, Əli başı üçün vermərəm”. Onun üçün deyirəm nə bir qəpiy artıq almaram, nə də bir qəpiy əsgiy vermərəm. İldə də yüz tümən dil cərməsi verirəm, paçcaha.

Bı kişi bir ay qaldı bırda. Bir ay tamamıdı, oğlan dedi:

– Əmi, on gündə artıx qal.

Əbülqasımdı bı oğlanın adı. Axşam oldu Əbülqasım bir cüt alma çıxartdı oxudu, üfürdü, ikisin də elədi gül. Bıllar oynadılar, oxudular, çaldılar, çağırdılar. Dərviş də baxırdı. On gün tamam oldu, bir kisə pul gətirdi verdi ki, dərviş, sən xərcdə, birdən korrux çəkərsən. Dübara yüz manat da verdi ki, bı da sənin yor xərcin. Kişi durdu-düşdü yola. Günə bir mənzil, tey mənzil gəldi, özün yetirdi İsfahana.

Dedi:

– Gərək gedəm Şah Abbası da sınıyam, görəm o nə verir?

Gəldi Şah Abbasın qapısında qəsidəni başdadı, oxudu qurtardı. Şah Abbas dedi:

– Gətirin, bına bir qızıl verin.

Bına bir qızıl verdilər. Şah Abbas bınnan soruşdu:

– Ağa dərviş, heç mənim kimi səxavətli adam görmüsən?

Dərviş cavab verdi ki, filan şəhərdə bir Əbülqasım var, parça satır, özü də deyir, Əli başı üçün almaram, Əli başı üçün vermərəm. Əvinə də sırfa salınır. Bir qızıl xonçada bir qızıl boşqabda xörək gətirir, qoyur qabağına. Yeyib qutarannan sora da həmən qabı qoyur heybəsinə, deyir, apar, əvinə.

Əbülqasımın əvində nələr olmuşdu, söylədi Şah Abbasa.

Şah Abbas vəzir Allahverdixanı çağırtdı, dedi:

– Olmaz, gərək gedək görək, o necə işdi?

İkisi də dərviş-libas oldular. Şah Abbas bı kişini geyindirdi, çıxartdı taxda, dedi:

– Mən gəlincən paçcahlığı verirəm saa. Gedirik Əbülqasımın yanına. Əyər söylədiklərin doğruysa, gələndə saa bir şəhər bağışdıyacıyam. Düşdülər yola. Bı kişi də bılara dedi:

– Gedərsiniz, filan yerdə bir bılax var, onun üsdən baxanda həmən şəhər görükür. O şəhərdə də filan küçeynən gedin, çıxacaqsınız Əbülqasımın yanına.

Gəldilər o qədər ki, çıxdılar həmən çeşmənin üstünə. Əl-üzdərin yudular. Çörək yedilər, gördülər, bəli günorta namazının vaxdıdı. Dəsdəmaz alıp, namazdarın qıldılar. Gördülər şəhər görükür. Durdular getdilər həmən şəhərə, həmən küçeynən getdilər, gördülər həmən oğlandı, parçanı töküb alın bir tərəfə, qumaşın bir tərəfə. Arşın əlində alır-satır. Deyir:

– Əli başı üçün vermərəm, Əli başı üçün almaram.

Bılar oturdular həmən daşın dibində. Əbülqasım gördü iki dərviş oturup. Dedi:

– Ay ağa dərviş, başınıza dönüm, qurbanınız olum, gözdərim kor oleydı, mən sizi niyə görməmişəm? Durun gedək əvə. Başdadı parçaları yığışdırdı. Bıları da götürdü gəldilər əvə. Şah Abbas nəzər saldı, gördü, baho, bir otaxdı ki, heç bir yerdə yoxdu. Qapısında fəvvarəsi, gülü-güllüyü, bağı-baxçası, özü də tey mərmər.

Gəldilər qapının qabağında Əbülqasım dedi:

– Nənə, Allah qonağı.

Anası dedi:

– Bala, Allaha da qurban olum, qonağına da, saa da. Xoş gəliplər, beş gəliplər. Gəlsinnər. Niyə gəlmillər?

Gəldilər əvə, bıların altına döşək saldılar. Bılar oturdular, çörək vaxdı oldu. Bıların hərəsinin qabağına bir qızıl xonçada, bir qızıl qabda xörək gəldi. Bılar yedilər, içdilər yığışıldı. Bı xonçalar hər kəsin öz xonçasın, öz qabın, öz heybəsinə qoydular. Şah Abbas, vəzir Allahverdixan təəccüb elədilər ki, bı necə işdi? Söhbət elədilər. Söhbətdən sora Əbülqasım dedi:

– Ağa dərviş, bir ay maa qonax olun!

Bılar bir ay bırda qonax oldular. Axırıncı günü Əbülqasım dedi:

– Ağa dərviş, onca gün də artıx qalın.

Söhbətdən sora iki alma çıxartdı, dedi:

– Şəhəri görmüsünüz. Bir tamaşa eliyin kefiniz açılsın. Oxudu bı almaların ikisin də elədi qul. Bıllar başdadılar çaldılar-çağırdılar. Bılar da baxırdı. Şah Abbas dedi:

– Ay Əbülqasım, bıllar nə gözəl şeydi!

O saat Əbülqasım genə oxudu, bı almaların ikisin də elədi alma. Verdi Şah Abbasa, dedi:

– Ala, bılları saa bağışdıyıram.

Onuncu gün dedi:

– Ana, gətir bılların hərəsinə bir kisə pul ver.

Gətirdilər hərəsinə bir kisə pul verdilər. Hər kisədə yüz tümən pul vardı. Dübarə gətirdi yüz manat da pul verdi ki, bı da yol xərciniz. Almanı da neçə oxuyub qul eləmək lazımdı, necə də alma eləmək lazımdı örgətdi, saldı yola.

Yavaş-yavaş gəldilər çıxdılar öz şəhərrəri İsfahana. Gəldilər əvə. Bir kağız yazdı, verdi bı kişiyə dedi:

– Get, filan şəhəri verdim saa.

Kişi gəldi arvadının yanına başdadı olan borcdarın verdi, qutardı. Yedilər-içdilər, kefinən dolandılar.

Şah Abbas da geyindi çıxdı taxda, bir gün dedi:

– Vəzir Allaverdixan! Neyniyək ki, Əbülqasımın borcunnan çıxax?

Vəzir Allahverdixan dedi:

– Qibleyi-aləm, ona pul əsgih deyil, qızıl əsgih deyil. Neyniyəcəksən? Gətir, pərdeyi-ismətdə bir qızın var. Elə onu ver ona.

Şah Abbas dedi:

– Yaxşı olar.

Gecə yatdılar. Səhər bir kamıl molla vardı. Bını gətirtdilər, qızın kəbinin kəsdirdilər Əbülqasıma.

Bırda da bir keçəl oğlan vardı. Səhər tezdən düşdü yola, gəldi həmən şəhərə. Getdi paçcahın yanına. Baş yendirdi dedi:

– Qibleyi-aləm, Şah Abbas qızın verdi Əbülqasıma. Sabah da gələcək səni taxdan salacax. Əbülqasımı qoyacax sənin yerinə paçcah. Şah Abbas qızın tədarikin görməkdə, sizə kimnən xəbər verim. Bı paçcahın bir vəziri vardı. Bının da yeddi oğlu vardı. Bı vəzir də Əbülqasımnan çox dostdular.

Paçcah vəziri çağırdı, dedi:

– Bı and mənim üzərimə qənim olsun, bı gecə Əbülqasımı öldürtdürdün, öldürtdürdün. Öldürtdürmədin, sənin də yeddi oğluyun da boynun vırdıracağam!

Vəzir qaldı mat. Gecə neynim, nətər eliyiminən durdu düşdü yola. Əbülqasım gəldi gördü, bıdı qapı döyülür. Durdu qapını açdı, gördü vəzirdi. Dedi:

– Vəzir, bəs nə gec gəldin?

Vəzir dedi:

– Nə bilim, birəz kağız yazırdım. Ona görə gec gəldim. Gəldilər oturdular. Bı Əbülqasımın da bircə bacısıydı, bir anasıydı, bir də özü, ta heç bir kimsəsi yoxdu. Birəz söhbət elədilər, sora xörək gəldi. Vəzir dedi:

– Əbülqasım, o suyu maa ver.

Əbülqasım yönün əynə çevirdi, o saat vəzir behişdarı verdi Əbülqasıma. Bir şapalax, iki şapalax vurdu. Əbülqasım yıxıldı. Vəzir ta özün diddi töhdü ki, ay aman, ay dad, qoymayın Əbülqasımı. Bı nə işdi? Bının anası-bacısı istədilər ağlasınnar. Vəzir dedi:

– Bının şəhərdə alacağı çoxdu. Elə eliyin bının öldüyün şəhər əhli bilməsin, yoxsa heç biri verməz, danar! Görək birtəhər oları ala bilərikmi? Bıllar meyiti zirzəmiyə qoydular.

Vəzir apardı Əbülqasımı zirzəmidə çarmıxa çəkdi. Gətirdi bının burnuna bir şey tutdu, Əbülqasım ayıldı. Baxdı gördü, vəzirdi. Dedi:

– Ay duz-çörəyim səni tutsun, mən saa neynəmişdim ki, məni belə elədin.

Vəzir dedi:

– Ta keçip, əyər, səni öldürməseydim, sabah da yeddi oğlumun boynu vırılardı. Ta keçip, alacağın kimdədi, necədi, de, yazım. Əlin cibinə saldı, gördü qələmdan yoxdu. Yüyürdü qələmdanı əvdən gətirsin. Bı hində paçcahın xəznəsin qırx lotular yardılar. Götürdülər gəldilər, bı zirzəmiyə doluşdular. Bir azdan sora gördülər, nəfəs səsi gəlir. O ənə-buənə baxdılar, gördülər bıdı, Əbülqasım girip çarmıxa.

Dedilər:

– Ədə, Əbülqasım, bı nə işdi?

Əbülqasım dedi:

– O sizdən keçip, tez məni açın.

Əbülqasımı açıb buraxdılar. Xəznəni götürüp bırdan getdilər başqa yerə. Əbülqasım ta bir yer görməmişdi. Qaçağa yer tapılmıyan kimi, Əbülqasıma da gizdənməyə bir yer tapılmadı.

Əbülqasım gördü ta səhərdir işıqlanır. Əyənə-buənə baxdı, şəhərin qırağında uçux üç-dörd kümə vardı, girdi bının birinə. Gördü bırda qəlib qazılıp. Qəlibin birin qalxızdı, girdi altına. Bırda pünhan oldu. Vəzir gəldi gördü Əbülqasım yoxdu. Tez qayıtdı oğlannarına xəbər verdi. Yeddi oğlu, bir də özü atdandılar, başdadılar bı şəhəri axdarmağa. Bə Əbülqasımın bı küməyə girdiyin bir naxırçı görmüşdü, gəldilər çıxdılar bı naxırçının yanına, soruşdular. Naxırçı dedi:

– İndicə bırdeydi.

Bir qız da Əbülqasımın qəlibin altına girdiyin görmüşdü. Qız bılara dedi:

– Odey, həmən oğru o qəlibin altında.

Gəldilər qəlibi qalxızdılar, gördülər Əbülqasım orda gizlənip. Çıxartdılar atın döşünə qatdılar gətirdilər əvlərinə. Saldılar otağa. ağzın bağladılar. Çox yorulduxlarına görə yatışdılar. Bı vəzirin də bir qızı vardı gəldi dedi:

– Əbülqasım, məni alarsanmı, səni qurtarım.

Dedi:

– Alaram.

Qız gəldi biləyin çirmədi, bir qazan xörək qayırdı, içinə bihuşdarı daxil elədi. Atasıgil durdular. Qız o saat qazanı götürdü, qapıdan çıxdı.

Atası dedi:

– Bala, onu hara aparırsan?

Qız dedi:

– Siz Əbülqasımı axtarmağa gedəndə əhd eləmişdim ki, tapasınız bir qazan xörək bişirəm, paylıyam fəqir-füqərıya. İndi bişirmişəm, aparıram paylıyam.

Atası dedi:

– Bala, elə biz axşamnan ac yatmışıx. Gətir, yeyək.

Qız qazanı gətirdi qoydu bıların qabağına, dedi:

– Çəkmək lazım deyil, elə qazanda yeyin. Bılar bir-iki tikə aldılar, səkkizi də bəyağıdı bayıldılar. Qız o saat gəldi tovladan iki yaxşı at seçdi, çıxartdı. Yəhərrədilər. Əbülqasımı da otaxdan çıxartdı. Hərəsi birin minip düşdülər yola. O günü yol getdilər, səhər gəldilər çıxdılar İsfahana. Bırda atdarın satdılar, bir mənzil aldılar.

Bı bırda qalsın. Sizə xəbər verim Şah Abbasdan. Şah Abbas qızın toyun elədi, axşam kəcavəyə qoydu. Vəzir Allahverdi xanı da qoşdu bına qoşununan, cəlalınan yola saldı Əbülqasımın şəhərinə. Şəhərin bir ağacdığına gedəndə qız vəzir Allahverdixana dedi:

– Buratan biz gəlmişik, heç bilmirəm Əbülqasım da nətər adamdı, barı o gəlsin qabağımıza.

Qoşuna əmr elədi, düşdülər kəmingahların qurdular. Vəzir Allahverdixan atın sürdü Əbülqasımın qapısına, çağırdı:

– Əbülqasım, Əbülqasım.

Əbülqasımın anası çıxdı çölə. Baxdı gördü, bı bir paçcahyana adamdı.

Dedi:

– Neynirdin Əbülqasımı?

Bı dedi:

– Mən Şah Abbasın vəziri Allahverdixanam. Şah Abbas qızının kəbinin kəsdirip Əbülqasıma, göndərip qoşununan. İndi bir ağaclıqda düşmüşük. Qız deyir ki, gərək Əbülqasım gələ qabağımıza, görək nətər adamdı, keçəldi, şildi, nədi?

Anası dedi:

– Əbülqasım ölüp.

Vəzir Allahverdixan qayıtdı bı xəbəri qıza gətirdi. Qız dedi:

– İndi ki məni atam verip ona, ta qayıtmaram. Saçımın birin ağ hörərəm, birin qara. Oturram onun anasıynan, bacısıynan, onun yasın saxlaram.

Nə qədər vəzir Allahverdixan yalvardı, dedi, ölər qayıtmaram. Bını gətirdilər, Əbülqasımın əvinə düşdülər. Qoşunu da götürdü Allahverdixan, qayıtdı. Dedi:

– Şah sağ olsun, Əbülqasım biz qayıdannan sora ölüp. Qızına da nə qədər elədim, dedi, xeyr, saçımın birin ağ, o birin qara hörüp, anabacısıynan oturup, onun yasın saxlıyacağam.

Şah Abbas dedi:

– Qaldı, qaldı, neynəmək olar?!

Bəli, bılar bir müddət bırda qaldılar, bının yasın saxladılar. Bir il tamam oldu. Qız dedi:

– Xala, mənim atam bir paçcahdı. Bura da bir bütpərəs şəhərdi. Biri gələr qapımıza, atam da bilər-bilməz dost kimdi, düşman kimdi, bı şəhəri qırdırar. Gəl ağırlarımızı satax, yüngüllərimizi götürək, gedək atamın vilayətinə. Nə çoxdu xəznəsi, otağı, büsatı, orda olax. Satmalıların satdılar, götürməlilərin götürdülər, gəldilər Şah Abbasın qulluğuna. Şah Abbas da o Əbülqasıma verdiyi almaları qoxuyup, nəfsin qulu qayırmışdı. Qoymurdu gözünün qabağınnan bir havır o yana gedə. Bılara yer verdi. Bırda oldular üç gün, beş gün bılara yaxşı hürmət-izzət etdilər.

Əbülqasımgildə nə gətirmişdilər satdılar, yedilər. Ta səhərə çörək pulları olmadı.

Arvad dedi:

– Əbülqasım, heç fikir eləmə, Allah kərimdi, gətir mənim örtüyümü apar sat, bir palan tikdir. Artığın da ver çörəyə. Yüngül taylardanzaddan daşı. Hamballıx elə. Birtəhər dolanax, görək başımıza nə gəlir. Əbülqasım apardı örtüyünü satdı, bir palan tikdirdi, artığın da çörəyə verdi, gəldi əvə.

Axşam Vəzir Allahverdixanı Şah Abbası çağırıb dedi:

– İsdiyirəm, Əbülqasıma bir xeyrat vermək binəsi qoyam. Nə deyirsən?

Dedi:

– Çox yaxşı olar.

Axşam şəhərə car çağırtdırdı ki, bir adam yağ ala, düyü ala, boynu vırılacax. Hamı şahlığa yığışacaq. Şah xeyrat verəcək. Səhər tezdən Şah Abbas çıxdı bazara. Baxdı gördü bir balaca uşaxdı dalında palan. Bınnan soruşdu:

– Bala, hambalsan?

Dedi:

– Bəli.

Gəldi yağ aldı, qoydu bının dalına, dedi:

– Aparacaxsan bizə.

Bı yağı büdrüyə-büdrüyə gətirdi Şah Abbasın imaratına. Şah Abbas yer görkəzdi, yağı düşürdü, dedi:

– Bala, otur bırda, gedim saa çörək göndərim.

Nəzərqulu xörəyi gətirdi. Gördü baho, Əbülqasımdı. Xörəyi tulladı, ay ağa, başına dönüm, qurbanın olum! Bunun boynun qucaxladı, üzünnən öpdü. Əbülqasım dedi:

– Ədə, dəli-zad olmamısan ha, cəhənnəm ol yana.

Bı əl çəkmədi. Şah Abbas gördü qulunun biri gəlmədi. O birisin göndərdi. Bı da gəldi gördü, Əbülqasımdı, bı da sarıldı bının boynuna, ay ağa, başına dönüm, qurbanın olum!

Şah Abbas birəz gözdədi, gördü, bu qul da gəlmədi. Durdu yavaşyavaş özü gəldi qapını açdı, içəri girdi, gördü bılların hərəsi bının boynuna bir tərəfdən sarılıplar ki, ay ağa başına dönüm, qurbanın olum. Bı da deyir, cəhənnəm olun.

Şah Abbas birəz diqqət elədi gördü, xeyr, Əbülqasımdı. Vəzir Allahverdixan gəldi. Şah Abbas dedi:

– Bax gör, bı neçə işdi?

Bı qullar hərəsi bir tərəfdən:

– Ağa, bı deyir, Əbülqasım deyiləm.

Vəzir Allahverdixan gördü Əbülqasımdı. Şah Abbas vəzir Allahverdixana dedi:

– Get, bının anasının yanına. Soruş ki, Əbülqasımın ölümü nətər oldu?

Vəzir Allahverdixan gəldi arvadın yanına, dedi:

– Şah Abbas xeyrat verir. Deyir ki, Əbülqasımın nətər ölməsin desin.

Arvad dedi:

– Xörək bişirmişdim. Bir vədə gördük, qapı döyüldü, Əbülqasım durdu açdı, gördü ki, vəzirdi, gəldilər. Xörək yedikləri yerdə, Əbülqasım öldü. Biz istədik ayıldax, qoymadı ki, səs salmıyın, bının alacağı şəhərdə çoxdu, eşidəllər ölüp, verməzdər. Görək, bir təhər ala bilirikmi? Apardı yavaşca zirzəmiyə qoydu.

Vəzir Allahverdixan dedi:

– Bizdə bir adam var, o deyir, dəli olmamısınız ha?! Əbülqasım gəzir. Bir zəhmət çək gedək ona bax gör Əbülqasımdımı? Vəzir Allahverdixan arvadı da götürdü gəldilər. Baxdı gördü öz oğlu Əbülqasımdı. Oğul anasının, ana oğlun boynun qucaxladılar, öpüşdülər. Əbülqasım başına gələni Şah Abbasa söylədi. Şah Abbas dedi:

– Mənim qızım sənin hərəmindi. Vəzirin qızı da böyük hərəmin. Səhər açıldı, qoşunu cəm elədi, göndərdi həmən paçcahın üstünə.

Vəzir Allahverdixanı da, Əbülqasımı da qoşdu, dedi:

– Gedərsiniz həmən paçcahın taxdın tarımar elərsiniz. Əbülqasımı yerində paçcah qoyarsınız.

Qoşun gəlirdi. Paçcah gördü Şah Abbasın qoşunu gəlir.

– Vəzir, tədbir!

Vəzir dedi:

– Nə tədbir? Sən onun yanında duruş gətirə bilməzsən.

Qoşun gəldi başdadılar davanı. Səhər paçcahın qoşunu sınıx düşdü, hərəsi qaçdı bir tərəfə. Şah Abbasın qoşunu paçcahı öldürdü. Əbülqasımı paçcah elədilər. Şəhəri də döndərdilər müsəlman elədilər. Əbülqasım anasın, bacısın, hərəmlərin yığdı getdi. Başdadılar bırda kef elədilər.

O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin.


Tarix: 21.04.2013 / 18:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 917 Bölmə: Nağıllar