beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd vəzilərinə qadının fərdi nəzarəti

Qadının mütəmadi olaraq özünün süd vəzilərini müayinə etməsi həkim-ginekoloq tərəfindən aparılan profilaktik müayinələrə əlavə edilən vacib tədbirdir!
Süd vəzilərini, ayda bir dəfədən az olmamaqla, mütəmadi olaraq müayinə etmək lazımdır. Normal aybaşı dövrü (tsikli) olan qadınlarda bu müayinə aybaşı başladıqdan 7-10 gün sonra aparılmalıdır. Aybaşılar qeyri-mütəmadi olduqda və ya tamamilə kəsilmiş olduqda, süd vəzilərinin profilaktik müayinəsi, ayda bir dəfə eyni tarixdə olmaqla, (məsələn, hər ayın 1-də) qadının özü tərəfindən aparılır.
Süd vəzilərinin müayinəsinin aparılma aşağıda qeyd edilir:
Güzgü qarşısında elə dayanın ki, bədənin yuxarı hissəsi asanlıqla tam şəkildə görünsün.
Əvvəlcə süd vəzilərinizi qollarınız aşağı olmaqla nəzərdən keçirin. Sonra əllərinizi belinizə qoyun daha sonra əllərinizi başınızın arxasına qoyun
Sonra ayaq üstə və ya oturmuş vəziyyətdə olmaqla sol əl ilə sağ süd vəzisinin hər bir sahəsini, kənardan vəzi giləsinə tərəf olmaqla, əlləyin.
Süd vəzisi toxumasına əlinizlə təzyiq etdikdə sizdə heç bir ağrı olmamalıdır.
Daha sonra eyni qayda ilə sağ əllə sol süd vəzisini əlləyin. Bundan başqa, qoltuqaltı sahələri də əlləyin
Sonra baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzi gilələrini sıxın. Bu halda ondan maye ifraz olunarsa, onun rənginə fikir vermək və həkim-ginekoloqa müraciət etmək lazımdır.
Süd vəziləri və qoltuqaltı nahiyələrin müayinəsini eyni ardıcıllıqla uzanmış vəziyyətdə, əvvəlcə müayinə olunan tərəfdə qolu yana salmaqla, daha sonra isə başın arxasına qoymaqla təkrar edin.
Süd vəzilərinə baxış keçirərkən və onları əlləyərkən aşağıdakı dəyişikliklərə fikir vermək lazımdır:
- heç bir ağrı verməsələr də, vəzilərdə düyünlərin və ya bərkimə sahələrinin əmələ gəlməsi;
- vəzi gilələrindən mayenin ifraz olunması;
- süd vəzilərinin forma və ölçülərində olan dəyişikliklər;
- vəzi üzərindəki dərinin və vəzi giləsinin içəriyə doğru dartılması;
- vəzi sahəsində dərinin və vəzi giləsinin kobudlaşması;
- süd vəziləri nahiyəsində və qoltuqaltı sahələrdə limfatik düyünlərin əllənməsi;
- vəzi nahiyəsində dəridə olan iltihabi dəyişikliklər.
Müayinə apararkən sadalanan dəyişikliklərin hər hansı birinə şübhə yarandığı halda tez bir zamanda həkim-mammoloqa (süd vəziləri üzrə ixtisaslaşmış həkim) müraciət etmək məsləhət görülür. Süd vəzisində hər hansı bir bərkimə sahəsi olduğu halda xəstənin yaşından asılı olaraq süd vəzilərinin USM və ya mammoqrafiya (vəzilərin rentgen şəklinin çəkilməsi) üsulu ilə müayinəsi təyin edilir.


Tarix: 18.05.2013 / 12:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 125 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri