Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buda acı həqiqət!!! Rayonlarda qadınlar kişilərdən Bakıda isə kişilər qadınlardan qorxur!!!

Həm dinimizdə, həm də Konstitusiyamızda kişi və qadın hüqüqlarının bərabərliyi göstərilsə də, etiraf etmək lazımdır ki, bir çox məqamlarda hər birimiz bu bərabərliyin pozulmasının şahidi oluruq.
Məsələ ondadır ki, rayonlarda, xüsusən də kəndlərdə qadınlar demək olar ki, kişilərldən çox işləyirlər, bununla belə ərlərindən qorxurlar, öz hüqüqlarının müdafiəsinə qalxa bilmirlər. Şəhər mühitində isə vəziyyət bunun əksinədir. Qadınlar ya işləmir, ya da asan sahədə çalışırlar. Buna baxmayaraq Bakıda kişilər qadınlardan qorxurlar. Hər halda çox maraqlı və maraqlı olduğu qədər də qəribədir.


Azərbaycan qadını cəmiyyətdə deyil, daha çox ailələrdə zorakılığa məruz qalır...
Məsələ ilə bağlı öncə Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovaya müraciət etdik. O, qeyd etdi ki, həm beynəlxalq səviyyəli, həm də yerli hesabatlarda göstərilir ki, Azərbaycan qadını cəmiyyətdə deyil, daha çox ailələrdə zorakılığa məruz qalır:
«Bu hesabatlardada eyni zamanda deyilir ki, zorakılıq halları regionlarda daha çoxdur. İnformasiyanın çox olduğu böyük şəhərlərdə qadınlar özlərinə daha çox hörmət edir, nəinki regionlarda. Bu məsələ özü ilə bərabər bir sıra problemlərin də yaranmasına zəmin yaradır.

Bakı, Gəncə, Sumqayıt və Lənkaranda QHT-lər və Beynəlxalq təşkilatlar daha aktivdir. Qeyri Hökümət Təşkilatlarının aktiv olduqları bölgələrdə qadınların narazı vəziyyətlərindən şikayət etmək, yaxud da məsləhətləşmək üçün daha çox imkanları var. Müxtəlif şəhərlərdə seminarlarda olmuşam. Bir neçə dəfə belə bir ifadə eşitmişik ki, qadın polisə, məhkəməyə şikayət etsə artıq evə geri qayıtmır. 2008- ci ildə Cənub bölgələrində qadın hüqüqları ilə bağlı monitorinq keçirəndə məlum oldu ki, burdaa özünə qəsd halları daha çoxdur. Bu məsələni araşdıran zaman fikir verdik ki, bu bölgənin qadınlarının əksər hissəsi eyni problemlə üz-üzədir».

Cənub bölgəsində qadınlar mütəmadi olaraq zorakılığa məruz qalırlar
Bu bölgədə qadınların mütamadi olaraq zorakılıqlara məruz qaldığını deyən M.Əzizovanın sözlərinə görə, ər evini tərk edən qadının başına ağsaqqallar yığışır, məsləhət verirlər ki, vəziyyətə dözməlidir: «Qadın məcburi şəkildə təzədən həyat yoldaşının evinə qaytarırlar. Sonda valideynləri tərəfindən dəstək görməyən qadın ərindən qorxduğu üçün polisə şikayət edə bilmir. Nəhayət, özünə qəsd edir. Başqa bir misal çəkim, bir neçə gün öncə mənə bir müəllimə zəng etmişdi. Döyüldüyünü, bədənində sağlam yer olmadığını dedi. Söylədi ki, bilmir nə etsin. Maraqlısı budur ki, bu xanım nə polisə, nə də məhkəməyə şikayət vermək istəmir. Deyir ki özünə hörmət edir. Çox vaxt qadınlar fikirləşir ki, polisə müraciət etmək özünə hörmətsizlikdir. Bəs, döyülmək özünə hörmətdir? Özünü müdafiə etməmək də özünə hörmətsizlikdir».

Mətanət Əzizova bildirir ki, qadın bir dəfə polisə ərizə yazsa əri bundan sonra fikirləşəcək ki, qadına əl qaldırsın, ya yox: «Bundan sonra nəticəsi nə ola bilər. Bir çoxları isə hesab edir ki, bütün bunlar hörmətdən irəli gəlir. Bunu nə dərəcədə hörmət kimi qəbul etmək olar, mən deyə bilmərəm».

Qadınlar niyə qorxur?
Qadınları qorxudan səbəblərə gəlincə, müsahibimiz bildirdi ki, insan yeniyetmə və uşaqlıq dövründə ailəsinə güvənir: «Müəyyən zaman keçir, insan özü ailə qurur, övlad sahibi olur. Artıq onların uşaqları onlara güvənirlər. Adətən belə yaşda hər bir vətəndaş qanuna güvənməlidir. Əgər insan qanuna güvənmirsə və qorxursa, bu problemlərlə qarşılaşır. Cəmiyyətin streotipləri imkan vermir ki, onlar qanunlara güvənsin. Bu səbəbdən də qorxu hissi olur».

Qadınların uşağa görə susması düzgün deyil...
Şəhər mühitinə gəlincə, M.Əzizova bildirdi ki, burada qadınların işləməsi, öz hüqüqlarını bilməsi və yeri gələndə özünü müdafiə məqsədilə polisə şikayət etməsi vəziyyətin qadınların xeyrinə dəyişməsinə səbəb olan amillərdəndir: «Bəzən olur ki, kişi evdə elə bir abi-hava yaradır ki, yəni „mən olmasam, sən heç kimsən, sən kücələrdə qalarsan və s.“ kimi rəy formalaşır. Belə hallar daha çox kənd yerlərində müşahidə olunur. Belə vəziyyətlərdə adətən kişilərdə standart iki ifadə olur. Qadınları qorxudan səbəblərdən biri də uşaq məsələsidir. Ancaq bəzən qadınların uşaqlara görə susuram fikrini də düzgün hesab etmirəm. Çünki belə bir vəziyyətdə uşaq da gündəlik stress kecirir, psixoloji zərbə alır. Bu zaman belə fikirləşən qadınlara sual vermək lazımdır ki, uşağa görə susmaq, yoxsa mübarizə aparmaq lazımdır.

Şəhər yerlərində olan qadınlar öz hüqüqları uğrunda mübarizə aparır, rayonlarda və kəndlərdə isə yox. Bütün bunların əsasında isə savad dayanır. Ona görə bəzən deyirlər ki, regionlardakı xanımlar ərlərindən qorxur».

Qorxan kişiləri kim müdafiə etməlidir?
Tibb Universitetinin professoru, Azərbaycan Psixatrlar Cəmiyyətinin prezidenti Nadir İsmayılov hesab edir ki, bu problemin kökündə savad və intelekt dayanır: «Belə ki, regionlarda olan qadınların savad və intellekt dərəcəsi aşağıdır, eləcə də ağır kənd təsərrüfatı işlərinin və məişət problemlərinin çox olması bu məsələyə şərait yaradır. Qadın hüqüqlarının qorunması, artması hər zaman şəhərdə üstünlük təşkil edib. Şəhər qadınları adətən bir az savadlı olur, əksəriyyəti isə işləyir. Bir var idarədə, zavodda, fabrikdə işləyəsən, bir də var kənt təsərüfatında ağır işlə məşğul olasan. Bu özü qadını sıxan, əzən prosesdir. Üstəlik kənddə yaşayanların intellektual səviyyəsi, şəhərdə yaşayanlarla eyni olmur. Kənddə yaşayan əailələrin səviyyəsi də şəhərdəki kimi deyil. Bunlar hamısı şərait yaradır ki, güclü gücsüz üzərində hökmranlıq etsin».

Elə məsələlər var ki, orada kişini dinləmək, dediyinə əməl etmək lazım gəlir...
Qadın hüqüqlarını bütün sahələrdə qorumaq və artırmağı əsas vəzifə hesab edən müsahibimizin sözlərinə görə, bu hüqüqun da bir həddi olmalıdır: "Çox savadlı qadınlar var, ancaq onlar başa düşür ki, ər arvad münasibətində kompromis olmalıdır. Elə məsələlər var ki, orada kişini dinləmək, dediyini etmək lazım gəlir. Elə şəhər qadınları var ki, ali təhsillidir, hətta dövlət dairələrində işləyirlər, ancaq deyirlər ki, evdə kişinin kişi yeri olmalıdır. Əks halda mən onu heç özümə ər saymaram. Hesab edirəm ki, onlar düz fikirləşirlər. Ancaq elə qadınlar var ki, bunun tam əksinə hərəkt edirlər. Hər halda bütün hallarda qadın kişi münasibətinin nə vəziyyətdə olması diqqət çəkir. Onlar arasında sevgi, məhəbbət münasibətləri, intim münasibətlər nə dərəcədə normaldır, qənaətbəxşdir, bu məsələ qadını ya qıcıqlandırır, ya da sakitləşdirir".


Tarix: 17.05.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 222 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...