beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qısa məzmunlu düşündürücü hekayələr

or hər il keyfiyyət müsabiqələrində yetişdirdiyi qarğıdalı qalib olan fermerdən bunun sirrini soruşdu. Fermer cavab verdi ki, o, hər il ən yaxşı qarğıdalıları qonşularına paylayır, qonşuları da əkin zamanı onlardan istifadə edirlər. Sirr də, elə budur.

Reportyor təəccübləndi:

— Nə üçün belə edirsiniz? Onlar ki, sizin rəqiblərinizdir, onlar da müsabiqədə iştirak edirlər.

Fermer gülümsəyərək cavab verdi:

- Məsələ burasındadır ki, külək tozcuqları mənim sahəmdən qonşularınkina və əksinə aparır. Əgər qonşularda pis qarğıdalı bitsə, tezliklə mənim məhsulum da tərifə layiq olmayacaq. Hansı fermerin sahələrinə daha yaxşı qulluq etməsi isə, artıq tamamilə başqa bir məsələdir.

Oxşar hadisələr həyatda tez-tez baş verir. Uğur qazanmaq istəyən yalnız özünü deyil, ətrafdakıları da düşünməlidir, onlara da uğura doğru addımlamağa yardım etməlidir. Onların güzaranı yaxşı olsa, sənin də həyatın gözəlləşər. Bu dünyada hər şey bir-birinə bağlıdır.

***

Bir nəfər qocaman alimin yanına gələrək dedi:

- Müdrik olmaq üçün nə etməliyəm?

Qoca çox düşünmədən cavab verdi:

- Çıx bayıra, bir qədər orda dayan, sonra gələrsən.

Küçədə yağış yağırdı. Odur ki, müsafir təəccübləndi:

- Bayıra çıxım? Sizcə bu mənə yardım edəcək?

Alim susurdu. “Bəlkə müdrikliyə aparan yol elə bu cür başlamalıdır” düşünən qonaq, səssizcə küçəyə çıxdı. Yağış isə get-gedə güclənirdi. On dəqiqədən sonra o, yenidən otağa daxil oldu. Artıq paltarları da, özü də tamamilə islanmışdı.

- Hə, dayandım. Bəs sonra?

Alim sual verdi:

- Nə baş verdi? Orda dayandığınız müddətdə ağlınıza nə gəldi?

- Nə gəldi? Düşündüm ki, burda yağışın altında dayananda lap axmağa bənzəyirəm!

Qoca gülümsəyərək dedi:

- Siz ki böyük kəşf etmisiniz! Müdrikliyə doğru ilk addım atıldı! Siz doğru yoldasınız! Əgər axmaq olduğunuzu anladınızsa, deməli dəyişikliklər artıq başladı!

Sizə elə gəlmirmi ki, bəzi insanların 10 dəqiqə deyil, saatlarla yağışın altında dayanmağa böyük ehtiyacları var? Hətta müdriklik zirvəsini fəth etdiyini düşünənlərin də...



***

Bir dəfə xanla abid görüşdü. Xanın əhvalı yaxşı idi, odur ki, rəiyyəti ilə söhbət etmək qərarına gəldi.

- Bilirsən, cavanlıqda mən həqiqəti, haqqı çox arardım. Amma tədricən bu hisslər harasa yox oldu. Dövlət işləri, xəzinənin problemləri, düşmən həmlələri, ailə, övladlar. Maraq yoxdur artıq. Deyirəm, bəlkə hardasa haqqı tapmışam, amma heç özümün də xəbərim olmayıb… Sən nə düşünürsən?

Abid uzaqda görünən dağlara əlini uzadaraq söylədi:

- Bir bax, xan, gözəl deyilmi?

- Çox gözəldir, Allah necə də yaradıb!

- O yoldakı böyük qayanı da görürsən? Gəl onun arxasına keçək, dağın gözəlliyini oradan seyr edək.

- Nə danışırsan, qoca? O qayanın arxasından dağı görmək mümkün deyil!

- Bax, xan, sən də belə etmisən. Elə yeri seçmisən ki, oradan nəinki haqqı görmək mümkün deyil, hətta onun axtarışına çıxmağa belə imkan yoxdur.

Bəzən insanlar haqq, ədalət axtarışına çıxırlar. Haqq aşiqləri, həqiqəti axtaranlar olduqlarını hər yerdə car çəkirlər. Hərdən onlara elə gəlir ki, haqqı tapıblar, tapdıqları da – haqdır. Amma sadəcə olaraq haqla aralarında nəhəng qaya parçası olduğunun heç fərqinə də varmırlar. Kimi bunu zaman ötdükcə anlayır, kimisi də elə bu yalançı “haqq” uğrunda başına olmazın müsibətlərini gətirir, özünə “haqq yolunda boran olar, qar olar”la təskinlik verir..



***

Abid yolla gedir, dünyanın gözəlliyinə heyran qalaraq, ona həyat bəxş etmiş Allaha şükür edirdi. Birdən qarşısında ağır yük altında qəddi əyilən yaşlı bir adamı gördü və ona belə sualla müraciət etdi:

- Nə üçün özünə belə əziyyət verirsən?

- Övladlarımın xoşbəxtliyi üçün bu ağır yükü çiyinlərimdə daşıyıram. Mənim babam ömrü boyu atamın, atam isə mənim xoşbəxtliyim üçün olmazın məşəqqətlərinə qatlaşıblar. Mən də bütün həyatım boyu əzab içində yaşayacağam ki, övladlarım, nəvələrim firavan həyat sürsünlər.

Abid ona yenə sual verdi:

- Bəs sizin ailədə heç olmasa bir nəfər xoşbəxt varmı?

Qoca tələsik və qəti şəkildə dedi:

- Yox… Amma mənim övladlarım mütləq xoşbəxt olacaqlar!

Abid başını buladı:

- Savadsız yazmağa öyrədə bilməz, köstəbəyin tərbiyə verdiyi isə heç vaxt qartal kimi pərvazlanmayacaq. Əvvəlcə özün xoşbəxt olmağa öyrən, o zaman övladlarını da xoşbəxt etməyin yolunu taparsan. Bu sənin onlara bəxş etdiyin ən böyük töhfə olar!



***

Sezar yalnız bir nəfərə — təbibi olan dostuna etibar edirdi. Xəstələndikdə yalnız onun şəxsən verdiyi dərmanları qəbul edirdi.
Səhhətində problem yaranan günlərin birində hökmdara anonim məktub gəldi: “Ən yaxın dost hesab etdiyin təbibindən qorx! O səni zəhərləmək istəyir!”.

Bir müddətdən sonra isə təbib Sezara dərmanlarını gətirdi. Hökmdar aldığı məktubu dostuna verdi, o oxuyana qədər isə, dərmanı son damlasına qədər içdi.

Təbib dəhşətə gələrək soruşdu:

— Hökmdar, bu məktubdan sonra verdiyim dərmanı necə qəbul etdin?

Sezar dedi:

— Dostumun sadiqliyinə şübhə etməkdən ölüm daha yaxşıdır!

Sadəcə olaraq bir sualı cavablandırmağa çalışaq: yaxın dostlarımıza neçə əsirlər öncə yaşamış bu romalı qədər etibar edirikmi?



***

Dilənçi bir qocanın qapısını döyərək gecələməyə yer istədi. Kişi qonağı qəbul etdi, kimliyini sordu. Dilənçi cavab verdi:

— Mən həqiqətləri söyləyən insanam. Buna görə məni hər yerdən qovurlar.

Qoca təəccübləndi, amma susdu. Şam etdikdən sonra, kişi qonağına “gecən xeyirə qalsın” deyib, yatağını göstərdi. Amma insanların nə üçün bu haqqsevəri hər yerdən qovduğu barədə düşüncələr onu sakit buraxmırdı.

Səhər açıldı. Qonaq yuxudan ayıldı. Dünən qaranlıqda ev sahibinin bir gözünün çəp olduğunu görməmişdi. Amma indi… Görən kimi əli ilə onu göstərərək ucadan, gülümsəyərək dedi:

— Qoca, sən ki çəpgözsən!

Bunu eşidən ev sahibi qəzəbləndi, ona qapını göstərərək dedi:

— Səni haqqı dediyinə görə deyil, insanlara tənə vurduğuna, yekəxanalıq etdiyinə görə hər yerdən qovurlar.

Sərt, qarşı tərəfi aşağılayacaq tərzdə söylənilən, hətta həqiqət olsa belə, təhqirə bənzəyir. Haqqı söyləyən öncə bu haqqı gözəl tərzdə və üslubda təqdim etməyi öyrənməli, sonra isə haqq çarçısı missiyasını üzərinə götürməlidir. Əks təqdirdə özünə, ən əsasl isə, eybəcər qiyafəyə saldığı haqqa (haqq isə elə haqq olaraq qalır) qarşı ikrah hissindən savayı heç nə əldə etməyəcək. Bu isə artıq haqqa vurulan bir zərbədir. Kaş ki, heç haqqı müdafiə etməyə qalxmayaydı!



***

Bir dəfə avropalı şagird Şərq əlbəyaxa döyüş ustasının yanına gələrək soruşdu:

— Ustad, mən öz ölkəmdə boks və güləş üzrə çempionam. Axı siz mənə daha nə öyrədə bilərsiniz?

Dünya görmüş Ustad bir qədər fikrə getdi, sonra isə dedi:

— Təsəvvür et ki, şəhəri dolaşarkən, təsadüfən qaranlıq bir küçəyə gəlib çıxmısan. Orda isə qol-qabırğanı sındırmağa və səni qarət etməyə hazır bir dəstə quldur gözləyir. Bax, mən sənə belə küçələrlə gəzməməyi öyrədəcəm.

İnsan nə qədər qüvvətli olursa olsun, düşünmək, vəziyyəti real dəyərləndirmək qabliyyətindən məhrumdursa, qaranlıq küçələrdən — bədbəxtlikdən və fəlakətdən yaxa qurtara bilməyəcək.


Tarix: 03.12.2014 / 13:29 Müəllif: Aziza Baxılıb: 148 Bölmə: Maraqli Hekayeler