beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan başı boş buraxılacağınımı zənn edir?

İnsan gərək heç vaxt elə zənn etməsin ki, o sahibsiz və ya başı boş buraxılan bir varlıqdır. Allah təala insanı nəzarət altında saxlayır. Ona hər cəhətdən sərbəstlik verməsi, insana elə gəlməməlidir ki, o nə istədi edə bilər və nə istədi danışa bilər. Allah təala hər bir insana hər bir işində kömək edər. Gəlin biz öz fikirlərimizi bir yana qoyaq və bu məsələdə Allahın və Onun elçisinin (s) sözlərini və bu barədə alimlərin dediklərini izləyək, sonra öz fikirlərimizi bildirək. Allah təala əl-Ənkəbut (Hörümçək) surəsinin 2- ci ayəsində buyurur ki: “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!).

Allah bizim üzərimizdə nəzarətçi olması haqqında Nisa surəsinin 1-ci ayəsində belə deyir: “- Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!”. Düzdür əslində əl-Ənkəbut surəsində 2-ci ayədə Allah təala əsasən inanan insanların zəhmətlərinin haqqının verilməsi, onların əməllərinin nəticəsiz qalmayacağı, əziyyətlərinin əvəzinin veriləcəyi bildirilir. Eyni zamanda insanların başıboş olmadıqlarını, onlara güclü nəzarətin olduğunu bildirir. Bəzən insan o qədər ətrafında olan bu səs-küyə və təlatümə qapılır ki, nəzarətdə olduğunu unudur. Allah təala buyurur ki; “Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini verəndir). Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır” (ən-Nisa (Qadınlar) surəsi, 85-86). Allah təala sizin qarşınızdakı insanla necə danışıq tərzi saxladığınızı, eyni zamanda qəlbinizdə ona qarşı hansı münasibətdə olmağınızı çox yaxşı bilir. Bəzən insan bunu dərk edir ki, həqiqətən də Allah ona nəzarət edir, ən azı insan bilir ki, onun hər iki çiynində onun əməllərini qeyd edən mələklər vardır. Lakin çox vaxt o buna etinasızlıq edir. Tərəddüd etmədən bildirir ki, heç nə olmaz, özümü belə aparım və belə danışım, sonra bundan ayrılandan sonra yenə əvvəlki mövqeyində qalır. Bununla bağlı geniş və çox ayələrə baxmalıyıq. Bizim mövzumuz əsasən Allahın insana nəzarətindən olduğu üçün mövzunu mürəkkəbləşdirmək istəmirəm. Allah təalanın insanı nəzarətdə saxlaması və qoruması haqqında Qurani Kərimdə Yusif (ə) qıssasında Yəqubun (ə) dili ilə belə deyilir: “(Yəqub) dedi: “Bundan əvvəl qardaşını (Yusifi) sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”. Bu ayələr açıq aşkar işarə edir ki, Allah təala biz insanları qorumaqla yanaşı, bizə nəzarət də edir. Həmçinin Allah təalanın bizi qoruması və nəzarət etməsi bizə məlum olduğu halda Allahın kitabında bir daha bunların bizə bildirildiyinin şahidi oluruq. Yetər ki, Qurana diqqət və vaxt ayıra bilək. Məsələn mən bununla bağlı sizə Nuh peyğəmbərin qıssasından bir misal vermək istəyirəm. Allah təala Qurani Kərimin 11-ci surəsi olan Hud surəsində belə buyurur: “Nuh dedi: “Gəmiyə minin! Onun (üzüb) getməsi də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”. Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu (Kənanı) haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!”. Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu. (Allahdan bir əmr olaraq: ) “Ey yer! Suyunu ud! Ey göy! (Yağışını) saxla (açıl)!” – deyildi. Su çəkildi. İş bitdi (Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi). Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv (Allahın mərhəmətindən uzaq) olsun!” – deyildi” (Hud surəsi, 41-44). Buradan aldığımız dərs budur ki, bizi yalnız hər bir təhlükədən Allah təala qoruya bilər. Çünki bizə hər yerdə və hər vaxt nəzarət edən məhz Allah təaladır.


Tarix: 10.04.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Maraqlı melumatlar