beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahların ən böyüyü Allaha şərik qoşmaqdır.

Bu dünyada yaşayırıq. Vətənimizdə insanlar tez-tez halal və haram sözlərini eşidirlər. Halal nədir, niyə halaldır? Haram nədir, niyə haramdır? Bəzi insanlar bu terminlərin mahiyyətinə vara bilmirlər. Səbəbi insanın bu sözü düzgün dərk etməməsi, halalın nə olduğunu, haramın nə olduğunu düzgün başa düşməməsidir.

Halal və haram anlayışı Allaha inamaqdan sonra olur. Allaha inanmağın əsasını belə bilmədən halalın və haramın nə olduğunu dərk etmək bizim üçün çətin ola bilər. Buna görə əvvəlcə Allaha inanmağın halal və haram tərəflərini açıqlamaq istəyirəm.

Haram – toxunulmaz, qadağan mənalarına gəlir. . Allaha inanmaqda belə insan harama düşə bilir. Yəni, insan Allaha inancında da sərhədləri aşa bilir. Allahın göndərdiyi elçisi, rəsulu, peyğəmbəri, Allahdan xəbər verən şəxs (ona və ailəsinə salam olsun) belə deyib: “Sizlərə böyük günahların ən böyüyünü xəbər verimmi?”. Bu sözü üç dəfə təkrar edir. Səhabələr deyirlər: “Xəbər ver, ey Allahın Rəsulu!”. Belə dedikdə Allah Rəsulu (ona və ailəsinə salam olsun) buyurur: “Günahların ən böyüyü Allaha şərik qoşmaqdır”. Hədisi ən etibarlı hədis alimləri olan Buxari və Müslim rəvayət ediblər.
Hər bir insan bu dünyada günah işlədir və günahsız qalmaq mümkün deyildir. Ancaq günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Allah təala bütün günahları istəsə bağışlaya bilər. Allaha şərik qoşanların isə günahları heç vaxt bağışlanmayacaq. Allaha şərik qoşmağı tərk edib, bu böyük günahdan tövbə edib, tək Allaha tərəf döndükdə ola bilər ki, Allah həmin insanı bağışlasın. Allah təala buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa (Qadınlar) surəsi, 48).
Allaha şərik qoşmaq iki hissədən ibarətdir. Birincisi böyük hissə, böyük şirk, ikincisi kiçik hissə, kiçik şirk adlanır.İnsanların bir çoxu Allaha həm böyük, həm də kiçik şəriklər qərar verirlər.
Cəmiyyətimizdə də gördüyümüz kimi insanların bir çoxu Allaha yaxınlaşmaq üçün qəbirlərə gedirlər. Qəbirlərdən ruzi, qazanc, kömək istəyirlər. Qəbirlərə gedənlər elə inanca sahibdirlər ki, onlar qəbirdən kömək istəməyi düzgün hesab edərək yalnız Allahın gücünün çatacağı məsələləri qəbirlərdən istəyirlər. İnsanların bir çoxu qəbirlərdən kömək istəyir, dünyadan köçən qəbir sahiblərinin insanların dünya və axirətdəki ehtiyaclarını, sıxıntılarını apara biləcəyini güman edirlər, onlardan hər cür kömək istəyirlər, bununla da qəbirləri Allaha ortaq, şərik qoşurlar. Çoxlarımız bu sözləri eşidirk ki, insanların bir çoxu etiraf edirlər ki, hansısa seyidin, pirin, övliyanın qəbrinə getdikdən sonra işləri, istəkləri, etdikləri dualar eşidilir. . Bu cür inancda olmaq insanin tək Allah inancına mənfi təsir göstərir.

Artıq insanlar peyğəmbərlərin demək istədikləri tək Allaha sığınma, tək Allahdan kömək istəmə, tək Allahı sevmə, tək Allaha ümid bağlama kimi inancları hansısa qəbirlərə, daşlara, ağaclara, seyidlərə, övliyalara həsr edirlər. Bununla da insanlar Allaha qarşı böyük haqsızlıq edərək özlərinə də zülm etmiş olurlar. Halbuki sevməyə layiq olan, ümid edilməyə layiq olan, qorxmağa layiq olan, kömək istənilməyə layiq olan yalnız və yalnız uca Allahdır. Allahı sevməkdə, qorxmaqda, ümid bağlamaqda, təvəkkül etməkdə heç nə ilə əvəz etmək olmaz. Bunu pirlərlə, seyidlərlə, qəbirlərlə əvəz edən insan Allaha şərik qoşan, Allaha qarşı səmimi olmayan, böyük günah sahibi olan insandır. Əksinə Allah təala buyrur ki: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 23). Həmişə oxuduğumuz məşhur Fatihə surəsində uca Allah buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (əl-Fatihə (Kitabı açan) surəsi, 5). İnsan yalnız Allaha ibadət etməli, Allah üçün yaşamalı, Allaha ümid bağlamalı, Allahı sevməli, Allaha təvəkkül etməli, Allahdan qorxmalı, Allahdan kömək istəməli, yalnız Allahın ona kömək edəcəyinə inanmalıdır.
Dünyasını dəyişmiş bir peyğəmbər, Allaha ibadət edib saleh əməl sahibi olan dünyasını dəyişən hər hansısa bir insan, imam, rəhbər, ağa, seyid, övliya artıq dünyasını dəyişdikdən sonra həyatda olan insana heç bir ruzi verə bilməz, onun duasına cavab verə bilməz, çağıranda eşitməz, eşitsə belə kömək etmək üçün yanına gələ bilməz. Ölüb gedən əməli saleh insanların həyatda qalanlara kömək etməsi inancı islam dinində batil inanc, qəbul olunmayan inanc, Allaha şərik qoşmaq hesab olunur. Bu da günahların ən böyüyüdür. Allah təala buyurur: “(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?” (ən-Nəml (Qarışqalar) surəsi, 62).

Biz dilimizdə ancaq Allahın gözəl adlarını zikr etməliyik. Bilmiriksə belə yenədə Allahın bildiyimiz Allah adını zikr etməyimiz bizə kifayətdir. Allahdan başqa digər batil, heç bir əsası olmayan ilahlarda, yəni, seyidlərdə, pirlərdə, qəbirlərdə, daşlarda, ağaclarda güc görən insanlar oturanda, duranda, hansısa çox çətin bir vəziyyətə düşəndə dərhal Allahdan başqa bu batil ilahların adlarını çəkirlər. And içəndə belə Allaha and içmək əvəzinə dünyasını dəyişən övliyalara and içirlər. Bəziləri ağızları ilə günah etməyi keçərək hətta evlərində, maşınlarında, iş yerlərində, obyektlərində “Ya Məhəmməd!”, “Ya Əli!”, “Ya Hüseyn!”, “Ya filan seyid”, “Ya filan pir”, “Ya filan dağ!”, “Ya filan daş!” və s. kimi batil müraciət formaları yazıb asırlar.

Bəs harda qaldı Ya Allah müraciət forması.Uca Allah bizə kifayət deyilmi?

Bütün bunlar Allaha şərik qoşmaq sayılır və günahların ən böyüyü hesab olunur. Cəmiyyətimizin bu cəhətdən maariflənməyə və Allaha yaxınlaşmağa böyük ehtiyacı vardır. Vətəndaşlarımız Allaha yaxınlaşdıqca, Allaha tərəf addım atdıqca daha rahat, daha normal, daha sağlam mühitə sahib ola biləcəklər. Bu istiqamətdə bütün vətəndaşlarımıza uğurlar arzu edirəm.

----------------
Əkrəm Həsənov (ilahiyyatçı).


Tarix: 08.04.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Maraqlı melumatlar