beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyyətin insanın aqibətinə nə təsiri var?

Yaxşı niyyət yaxşı işlərə səbəb olur, əksinə, pis niyyət çirkin işlərə zəmin yaradır.Çünki çirkin bulaqdan axan su, çirkin olacaqdır. Bu vaxt suyu təmizləmək istəsək, gərək bulağın suyunu saflaşdıraq.

Peyğəmbərimiz (s) buyurur: "Möminin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür».

Bu hədisin izahı aşağıdakı kimidir. İnsanın niyyəti və fikri onun həyatında gördüyü bütün işlərin mənşəyi və mərkəzidir. Əgər bu mərkəz sağlam olsa, onda insan yaxşı işlərlə məşğul olacaq, yox əgər çirkin olsa, onda insanın günah və fəsadla məşğul olmasına gətirib çıxaracaq.
Mömin şəxsin fikri və niyyəti sağlam olduğu üçün onun işləri də düzgün və təmiz olar. Onun sağlam fikri həyatında yalnız yaxşı əməllərlə məşğul olmasına zəmin yaradır. Əksinə, kafir şəxsin çirkin fikri və bəd niyyəti, pis işlərin yaranmasına səbəb olur. Onun fikri o qədər bulaşıqdır ki, hər bir zaman ən böyük günahları belə etməkdən çəkinməz.

İmam Sadiq (ə) buyurur: "Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da, Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Və behişt əhli ona görə həmişəlik behiştdə qalacaqlar ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər. Ona görə hər iki dəstə öz niyyətlərinə görə qiymətləndirilir».
Sonra o həzrət bu ayəni oxudu. ”De (ey Peyğəmbər) hər bir kəs öz fikri, niyyəti əsasında iş görür».

Burada da yemək, dost, mühit və bu kimi amillərin insanın fikrinin formalaşmasında mühüm rolu olduğunu qeyd etmək lazımdır. Məsələn: Yemək halal, yaşayış mühiti və eləcə də dost yaxşı olarsa, insanın fikrinin sağlam olmasına səbəb olacaq, yox əgər yemək haram, mühit qeyri-sağlam və dost pis yoldadırsa, onda insan istər-istəməz düşdüyü vəziyyətə uyğun tərbiyələnəcək və dünyadakı pis əməllərinin sayı artacaq.
İslam dinində yalnız xalis və pak niyyətlə görülən işlər Allah dərgahında qəbul olunur. Peyğəmbər (s) bu barədə buyurur: "Allah-təala hətta zərrə qədər riyakarlıqla qarışıq olan işləri qəbul etmir”.

Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: "Mömin bir şəxs yaxşı işi niyyət edib amma onu yerinə yetirə bilməzsə, həmin şəxs üçün Allah dərgahında bir savab yazılar (fikrin savabı); və əgər o işi yerinə yetirərsə, on bərabər savab yazılar. Lakin pis işi niyyət edib onu etməzsə, onun üçün heç bir cəza olmayacaqdır».


Tarix: 04.12.2014 / 10:57 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqlı melumatlar