beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quuran__el Beqere

2.əl-Bəqərə (İnək) surəsi


180. Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır.

181. Odur ki, kim onu (həmin vəsiyyəti) eşitdikdən sonra dəyişdirsə (tərk və ya təhrif etsə), günahı yalnız onu dəyişdirənlərin boynunadır. Şübhəsiz, Allah eşidən və biləndir.

182. Buna görə də, kim vəsiyyət edənin səhv etməsindən və ya günahından qorxsa (onun səhvən və ya bilərəkdən varislərin hüquqlarını pozmasını başa düşsə) və beləliklə (vəsiyyəti dəyişdirməklə) onların (varislərlə vəsiyyət olunmuş şəxslərin) arasını düzəltsə, (bu dəyişikliyə görə) onun boynuna günah düşmür. Həqiqətən, Allah çox bağışlayan və mehribandır.

183. Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.

184. Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). Və oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir «mudd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!

185. Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Quranın nazil olduğu bir aydır. Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı (otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq «təkbir» deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz.

186. Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar.

187. Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız). Allah sizin (oruc gecəsi cinsi əlaqənin haram olması barəsində) özünüzə xəyanət etdiyinizi bilirdi. Buna görə də, nəzərini sizə yönəltdi və siz(in təqsiriniz)dən keçdi. Odur ki, indi onlarla yaxınlıq edin (edə bilərsiniz) və Allahın (bu əmələ görə) sizin üçün müəyyənləşdirdiyi (savabı, haramdan çəkinmək və saleh övlad kimi) şey(lər)i istəyin. (Oruc gecələri icazə verilir ki,) sübhün ağ sapı (gecənin) qara sap(ın)dan sizin üçün seçilənədək yeyin və için, sonra orucu gecəyə qədər tamamlayın. Məscidlərdə etikafda olarkən qadınlarla yaxınlıq etməyin. Bunlar Allahın (halal və haram) sərhədləridir, onlara yaxınlaşmayın (onları pozmayın). Allah Öz ayələrini insanlar üçün bu cür açıqlayır ki, bəlkə çəkinsinlər.

188. Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün (əməlininzin haram olmasını) bilə-bilə onu (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin.

189. Səndən yeni doğan aylar (və onun şəklinin para vəziyyətdən bütöv vəziyyətə kimi dəyişməsinin hikməti) barəsində soruşurlar. De: «Onlar, insanların (dünyəvi işlərinin) vaxtlarının və Həccin (eləcə də, dəqiq vaxta malik digər dini əməllərin vaxtının) müəyyən edilməsi üçün vasitə (təbii təqvim)dir. Həmçinin yaxşılıq evlərə (cahiliyyət dövründə olduğu kimi) onların arxa tərəfindən daxil olmağınız deyil (cahiliyyət dövründə adət belə idi və ehram geyimində olan şəxs öz evinə giriş qapısından deyil, divarın üstündən daxil olurdu) və lakin yaxşılıq (günahdan) çəkinən şəxs(in əməli)dir. Evlərə onların qapısından daxil olun və Allahdan qorxun, bəlkə nicat tapasınız.

190. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir.

191. Onları (Məkkə müşriklərini) harada ələ keçirsəniz öldürün və sizi qovub çıxardıqları yerdən (Məkkədən) qovub çıxardın. Fitnə (onların Allaha şərik qoşmaları, müsəlmanları incitmələri və Məkkədən çıxarmaları) öldürməkdən daha pisdir. Onlar sizinlə Məscidül-Həramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Beləliklə əgər sizinlə (orada) vuruşsalar, onları öldürün ki, kafirlərin cəzası elə odur.

192. Əgər (Allaha şərik qoşmaqdan və döyüşdən) əl götürsələr, həqiqətən Allah çox bağışlayan və mehribandır.

193. Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun. Beləliklə əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan başqasına qarşı həddi aşmaq rəva deyildir.

194. Haram ay haram ay müqabilindədir (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları haram aylardır və bu aylarda müharibə etmək və vuruşmaq olmaz. Amma əgər kimsə bu ayların ehtiramını pozub müharibəyə başlasa, onunla elə həmin haram ayda vuruşmaq lazımdır). (Hərəm, Məscidül-Həram və möminin canı, namus və şərəfi kimi) bütün möhtərəmlərin (qarşılıqlı) qisası vardır. Buna görə də, kim sizə qarşı həddini aşsa (və ehtiramı pozsa), siz də onun kimi ona qarşı həddi aşın. Allahdan qorxun (ki, əvəz çıxmaqda həddi aşmayasınız) və bilin ki, Allah təqvalılarladır.

195. (Malınızı) Allah yolunda xərcləyin və (cihad yolunda xərcləməyi tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir.

196. Həcc və ümrə (əməli)ni Allaha görə tamamlayın və əgər (ehram bağladıqdan sonra düşmən və ya xəstəlik vasitəsilə) əməlləri yerinə yetirməyinizə maneçilik törənsə, (Məkkənin və yaxud Minanın qurbangahına dəvə, inək və qoyundan) sizə müyəssər olan bir qurbanlıq (göndərmək sizin boynunuzadır). Və qurbanlıq öz yerinə çatmayınca başınızı qırxmayın. Əgər sizdən kimsə (ehram halında) xəstə olsa və ya başında bir narahatlığı olsa (və başını qırxmaq məcburiyyətində qalsa, başını qırxsın və) oruc ya sədəqə, ya da qurbanlıq qismindən kəffarə versin. Əgər (Həcc və Ümrə barəsində düşməndən və ya xəstəlikdən) xatircəm olsanız, onda «təməttö» (Allaha yaxınlaşmaqdan bəhrələnmək və ehram bağlandıqdan sonra haram olmuş şeylərdən ehramdan çıxdıqdan sonra istifadə etmək) ümrəsini qabağa salıb «təməttö» Həccinə tərəf gedən kəsin boynunadır ki, (dəvə, inək və qoyundan) müəssər olan qurbanlıq kəssin. Qurbanlıq tapmayan (və ya ona pulu olmayan) şəxs həmin Həcc səfəri zamanı üç gün və qayıtdığınız zaman yeddi gün oruc tutmalıdır. Bu tam on gündür. («Təməttö» adlanan) bu (Həcc), (özü və) ailəsi Məscidül-Həramın (Məkkə və onun iyirmi dörd kilometrliyinin) sakini olmayan kəslər üçün olan vacibdir. Allahdan qorxun və bilin ki, Allah ağır cəza verəndir.

197. Həcc(in zamanı) müəyyən olunmuş aylardır (Şəvval, Zilqədə və Zilhiccə ayları). Buna görə də, bu aylarda (ehram bağlamaqla) Həcci (özünə) vacib edən kəs (bilməlidir ki): Həccdə (həcc ehramında olan zaman) söyüş söymək, qadınlarla yaxınlıq, günah və mübahisə etmək (icazəsi) yoxdur. Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!

198. (Həcc əsnasında) Rəbbinizdən mərhəmət və ruzi diləməyinizdə sizə heç bir günah yoxdur. Ərəfatdan (Məşərə tərəf) axışarkən Məşərül-Həram (dağın)ın yanında (Müzdəlifə çölündə) Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl azğınlardan idiniz.

199. Sonra (müşriklərin getdikləri yol ilə deyil) camaatın axışdığı yer ilə (Məşər çölündən Minaya tərəf) yollanın. Və Allahdan bağışlanmaq diləyin ki, Allah çox bağışlayan və mehribandır.

200. Beləliklə, Həcc əməllərinizi yerinə yetirdikdən sonra, öz atalarınızı xatırladığınız kimi və ya ondan da yaxşı və dolğun şəkildə Allahı yada salın (ərəblərin adəti belə idi ki, onlar Həcc əməllərini yerinə yetirdikdən sonra Minada öz atalarının iftixar etməli işlərindən danışmağa başlayırdılar). Beləliklə, insanların bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada (nemət) ver!» Onların axirətdə heç bir payı yoxdur.

201. Onlardan bəzisi deyər: «Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru».

202. Əldə etdiklərindən payları olacaq kəslər onlardır. Allah çox tez hesab çəkəndir (bir göz qırpımında Qiyaməti bərqərar edəcək və yaradılmışların aşkar və müfəssəl hesabından qabaq, bir anın içində onların hamısının gizlin və müxtəsər hesabını aparacaqdır).

203. Sayı müəyyən olan gün (və gecə)lərdə (Zilhiccə ayının hacıların Minada olmalı olduqları on bir, on iki və on üçüncü günlərində zikr etmək, namaz qılmaq və «cəmərə»lərə daş vurmaqla) Allahı yada salın. Beləliklə (əməlləri) iki gün içərisində (yerinə yetirdikdən sonra) köç etməyə tələsən kəsə heç bir günah yoxdur. Həmçinin (üçüncü günə qədər) gecikdirənə heç bir günah yoxdur. (Bu ixtiyar ehram halında ov ovlamaqdan və qadınla yaxınlıq etməkdən) çəkinmiş kəs üçündür. Allahdan qorxun və bilin ki, sizin hamınız (axirətdə) mütləq Onun hüzuruna toplanacaqsınız.

204. İnsanların eləsi var ki, onun dünya həyatındakı danışığı səni heyran edir və o, Allahı öz qəlbində olana şahid tutur, halbuki, o, düşmənlərin ən qəddarıdır.

205. Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir.

206. Və ona «Allahdan qorx!» deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və o, zalımcasına əksül-əməl göstərər). Buna görə də Cəhənnəm ona kifayətdir və əlbəttə (o) çox pis bir yerdir.

207. İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır.

208. Ey iman gətirənlər, hamılıqla (Allaha) təslim və itaətə daxil olun və şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir.

209. Buna görə də əgər sizə (tovhid və nübuvvətin) aydın dəlillər(i) gəldikdən sonra səhv etsəniz (və şirk və küfrü seçsəniz), bilin ki, Allah qüdrətli və hikmətlidir (və sizə Öz hikməti əsasında əzab verəcəkdir).

210. Məgər (sənin dəvətini inkar edənlər hərtərəfli dəlillər göstərilib tamamlandıqdan sonra) Allahın (əmrinin) ağ buluddan olan kölgəliklər içərisində onlara gəlməsini, (əzab) mələklərin(in) gəlib yetişmələrini və işin (onların həlak olmalarının) bitməsini istəyirlər?! Bütün işlər Allaha qaytarılacaqdır.

211. İsrail övladlarından onlara nə qədər aşkar dəlil verdiyimizi soruş. (Onlara əsa, düm ağ əl, dənizin yarılması, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin və Tövrat kimi nemət və rəhmət vasitəsi verildi, lakin onlar öz naşükürlükləri ilə həmin nemətlərin hamısını əzab amillərinə çevirdilər)! Kim Allahın neməti ona çatdıqdan sonra həmin neməti dəyişdirsə, onda (bilsin ki,) Allah çox ağır cəzalandırandır.

212. Dünya həyatı kafirlərin gözündə (şeytanın və pis işlərə əmr edən nəfsin vasitəsi ilə) zinətlənmişdir və onlar (yoxsul) möminlərə məsxərə edirlər, halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah istədiyi şəxsə saysız-hesabsız ruzi verir.

213. (Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular). Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) kitab nazil etdi. (Sonra kitabın özü barəsində ixtilaf yarandı, bir dəstə kitabın özünü və ya onda olan təlimlərin bəzilərini qəbul etmədi.) Onda ixtilafı yalnız kitab verilmiş kəslər, özü də onlara (bu barədə) aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq və təkəbbür ucbatından yaratdılar. Beləliklə, Allah iman gətirənləri Öz köməyi ilə barəsində ixtilafa düşdükləri haqqa doğru istiqamətləndirdi. Allah istədiyi şəxsi doğru yola hidayət edir.

214. Yoxsa siz (möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır».

215. Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir.

216. Sizin üçün (kafirlərlə) döyüş yazıldı və qərara alındı, halbuki (bu,) sizin xoşunuza gəlmir. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz.

217. (İslam döyüşçülərindən bir neçəsi səhvən haram ayda vuruşduqları üçün) səndən haram ayda (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarında) döyüşmək barəsində soruşurlar, de: «Onda hər növ döyüş böyükdür (böyük günahdır), lakin Allah yolunun (insanların İslamı qəbul etmələrinin) qarşısının alınmasının bütün növləri, Ona kafir olmaq, (camaata) Məscidül-Həram(a girməyə mane olmaq) və onun əhalisini oradan çıxarmaq (kafirlərin etdikləri bu işlərin günahı) Allah yanında (haram ayda vuruşmaqdan) daha böyükdür. Və fitnə (Allaha şərik qoşmaq və müsəlmanları incitmək) öldürməkdən daha böyükdür! (Müşriklər) daim sizinlə vuruşacaqlar ki, əgər bacarsalar sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.

218. Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır.

219. Səndən şərab və qumar barəsində soruşurlar, de: «O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür». Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: «(Sizə) müyəssər olanı». Allah öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz,

220. dünya və axirət (işləri) barəsində! Və səndən yetimlər(in işlərinə müdaxilə etmək) barəsində soruşurlar, de: «Onların vəziyyətinin düzəldilməsi daha yaxşıdır. Əgər onlarla bir yerdə yaşasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah edəni fəsad törədəndən seçir. Əgər Allah istəsəydi, sizi çətinliyə salardı (onların mallarının və canlarının qorunmasını ayrı-ayrılıqda hər birinizə vacib edərdi). Həqiqətən Allah qüdrətli və hikmətlidir.

221. Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından - hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar.

222. Səndən aybaşı barəsində soruşurlar, de: «O bir növ əziyyət və narahatçılıqdır». Odur ki, aybaşı zamanı qadınlar(la cinsi əlaqədə olmaq)dan uzaq olun və pak olmayınca, onlara yaxınlaşmayın. Elə ki, (aybaşıdan) pak oldular (ya qüsl verdilər) onlarla Allahın sizə əmr etdiyi yerdən yaxınlıq edin. Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir.

223. Qadınlarınız sizin tarlanızdır. Buna görə də istədiyiniz tərəfdən və istədiyiniz zaman öz tarlanıza gəlin və (haram müqabilində halal ilə kifayətlənmək və bu əməl nəticəsində saleh övlad əldə etmək niyyəti ilə) özünüz üçün qabağa (savab) göndərin. Allahdan qorxun və bilin ki, həqiqətən, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.

224. Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin (müxtəlif bəhanələrə görə Ona and içməyin. Və ya: Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını bu cür, hər şeyə görə Ona and içməklə hörmətdən salmayın.) Allah eşidən və biləndir.

225. Allah sizi bihudə və boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan və həlimdir.

226. Öz arvadlarından (onları incitmək məqsədilə) uzaqlaşmağa (onlarla dörd aydan da çox cinsi yaxınlıq etməməyə) and içən şəxslərə dörd ay möhlət vardır. Beləliklə əgər qayıtsalar (və kəffarə versələr və yaxınlıq etsələr) həqiqətən, Allah çox bağışlayan və mehribandır. (Həm bu andın haram iş üçün olmasına və həm də and içilən şeyin özünün haram olmasına baxmayaraq o, şəriət baxımından and kimi gerçəkləşir və onu pozmaq və kəffarə vermək vacibdir).

227. Əgər talaq vermək qərarına gəlsələr (eybi yoxdur, and pozulur və kəffarə boyundan düşür), həqiqətən Allah eşidən və biləndir.

228. Talaq verilmiş qadınlar (aybaşıdan) üç paklıq müddətinə kimi gözləməlidirlər («iddə» saxlamalıdırlar, yəni üç dəfə aybaşı qanı görüb ondan təmizlənənə qədər gözləməlidirlər). Əgər Allaha və axirət gününə imanları varsa, Allahın onların bətnlərində yaratdığını (aybaşı qanını və ya övladı) gizlətmələri caiz deyildir (məsələn, üçüncü dəfə aybaşı olmasına baxmayaraq birinci ərinə qayıtmaq üçün onu inkar etməsi, yaxud üçüncü dəfə aybaşı olmamasına baxmayaraq əvvəlki ərinə qayıtmamaq üçün üç dəfə aybaşı olmasını iddia etməsi, yaxud başqa ərə getmək üçün bətnində övladın olmasını inkar etməsi halal deyildir). Əgər barışıq qəsdləri olsa («rici» təlaqdakı) «iddə» müddəti ərzində ərləri onları geri qaytarmağa (arvadlığa götürməyə başqalarından) daha haqlıdırlar. Qadınların boynunda kişilərin (talaq vermək, ləzzət almaq, gözəl davranmaq, başqa bir arvad almaq, səfərə çıxmağı qadağan etmək, övladın başçılığı, irs və sairə) haqları olduğu kimi (fitrət və şəriətin hökmü baxımından) kişilərin boynunda (da) onların (qadınların ləzzət almaq, dolanışığının təmin olunması, gözəl davranmaq və varislik kimi) bəyənilən hüquqları vardır. (Hüquqlar arasındakı kəmiyyət və keyfiyyət fərqlərinə əsasən) kişilərin onlardan üstünlükləri vardır. Allah qüdrətli və (yaradılış və şəriət məsələlərində məsləhəti daha yaxşı bilən) hikmət sahibidir.

229. (Kişinin arvadı yenidən özünə qaytarmaq haqqına malik olduğu rici) talaq iki dəfədir. Beləliklə (hər dəfə iddə müddətində qayıdaraq onu) yaxşılıqla saxlamaq və ya (qayıtmayıb onu) xoşluqla buraxmaq (kişinin öhdəsinədir). Və sizə onlara (mehriyyə kimi) verdiyinizdən bir şeyi geri almaq caiz deyil, hər ikisinin Allahın müəyyən etdiyi qanunlara riayət etməməkdən qorxmaları istisna olmaqla. Buna görə də əgər (siz şəriət hakimləri) o ikisinin Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxsanız (onların heç birinin digərini istəmədiyi və ya qadının kişini heç istəmədiyi təqdirdə onlara bildirin ki,) qadının (özünü azad etməsi üçün talaq əvəzində mehriyyənin bir hissəsini, ya hamısını, yaxud da ondan da çoxunu) fidyə verməsində onlar üçün heç bir günah yoxdur. Bunlar Allahın (təyin etdiyi) sərhədləridir, onları pozmayın. Allahın sərhədlərini pozanlar, həqiqətən zalımdırlar.

230. Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hədlərinə (hökmlərinə) riayət edəcəklərinə inamları olduqları təqdirdə, (həmin qadının əvvəlinci əri ilə) təkrar evlənməsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hədləridir (hökmləridir).

231. Qadınlarınızı (ric’i talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi ne’mətləri,öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Qur’anı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!

232. Boşanmış qadınların gözləmə müddətləri bitərkən aralarında barışıq və yaxşılıqla yaşamağa razılıq olduğu zaman onların təkrar öz ərlərinə nikah edilməsinə mane olmayın! Bu sizin Allaha və axirət gününə inananlarınıza verilən bir nəsihətdir. Bu (şər’i baxımdan) sizin üçün daha təmiz (faydalı) və daha pakdır. Allah (sizin mənfəətinizi) bilir, siz bilməzsiniz!

233. Analar (istər boşanmış, istərsə də boşanmamış olsun) uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində (uşağın) atasının üzərinə düşür. Heç kəs gücü çatdığından artıq yüklənməz. Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşağınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz, yenə də sizə günah sayılmaz. Allahdan qorxun və bilin ki, Allah, həqiqətən, sizin nə etdiklərinizi görəndir!

234. Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!

235. (Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin (gözləmə müddətində) onlarla gizlində və’dələşməyin, onlara şəriətə müvafiq söz deyin! Gözləmə vaxtları bitməyincəyə qədər onlarla nikah etmək fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan (Allahdan) qorxun, Allahın bağışlayan, həlim olduğunu bilin!

236. Yaxınlıq etmədiyiniz (toxunmadığınız) və mehrini (kəbin haqqını, başlığını) tə’yin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey (müt’ə) versin!

237. Kəbin haqlarını tə’yin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, tə’yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.

238. (Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).

239. Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın). (Təhlükədən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Qur’an vasitəsilə) nə cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!

240. Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!

241. Boşanan qadınları qəbul olunmuş tərzdə (şəriətə müvafiq) faydalandırmaq müttəqilərin vəzifəsidir.

242. Allah sizə Öz ayələrini, (hökmlərini) bu qaydada aydınlaşdırır ki, düşünüb anlayasınız (əqlinizə batsın).

243. (Ya Rəsulum!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: "Ölün!" - dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!

244. Allah yolunda vuruşun və bilin ki, Allah eşidəndir, biləndir!

245. Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.

246. (Ya Rəsulum!) Musadan sonra bir dəstə (tanınmış) İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: "Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!" - dedilər. O da (onlara): "Sizə vuruşma əmri olduqda, bəlkə, vuruşmadınız?" - söylədi. Onlar cavabında dedilər: "Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq". Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!

247. (İsrail övladının) peyğəmbəri onlara dedi: "Allah Talutu sizə padşah göndərdi". Onlar isə: "Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?" - deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: "Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!"

248. (İsrail övladının) peyğəmbəri onlara dedi: "(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mə’nəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bə’zi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz mö’minsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbiq edən) qəti dəlil vardır".

249. Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: "Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir"! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan mö’minlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: "Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur"! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: "Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!"

250. Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: "Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!"

251. Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfükardır.

252. (Ya Rəsulum!) Bunlar (bu söylənilənlər) Allahın ayələridir (qüdrət nişanələridir) ki, onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, (Allah tərəfindən seçilərək insanlara) göndərilən (mürsəl) peyğəmbərlərdənsən.

253. (Ya Rəsulum!) Bu peyğəmbərlərin bə’zisini digərindəm üstün etdik. Allah bunlardan bə’zisi ilə danışmış, bə’zisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq mö’cüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlarda bə’ziləri (Allaha) iman gətirdilər, bə’ziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!

254. Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir!

255. Allah başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

256. Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!

257. Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

258. (Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür", - dediyi zaman, o (Nəmrud): "Mən də həm dirildir, həm də öldürürəm", - demişdi. İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!

259. Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: "Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?" - demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: "Nə qədər yatmısan?" - deyə soruşdu. O da: "Bir gün, bəlkə, bir gündən daha az" - deyə cavab verdi. Allah ona: "Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının) sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?" - deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: "Artıq bildim ki, Allah hər şeyə qadirdir!" - dedi.

260. (Ya Rəsulum!) Xatırla ki, İbrahim: "Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!" - dedikdə (Allah) : "Məgər (ölüləri diriltməyimə) inanmırsan?" -buyurmuşdu. (İbrahim: ) "Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)", - deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: "Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!"

261. Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir.

262. Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını Allah yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

263. Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!

264. Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!

265. Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!

266. Məgər sizdən biriniz istərmi ki, içində xurma ağacları, üzümlüklər, (ağacları) altından arxlar axan və cürbəcür meyvələr olan bir bağçası olsun, (sonra) zəif (iş bacarığı olmayan, himayəyə möhtac) uşaqları olduğu halda ona qocalıq üz versin, həmin vaxtda da ora odlu bir qasırğa düşsün və o bağ yanıb tələf olsun? Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, düşünəsiniz.

267. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tə’rifə) layiqdir!

268. Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət və’dəsi verər. Allah (mərhəməti ilə) genişdir. (Allah hər şeyi) biləndir.

269. Allah istədiyi şəxsə hikmət (elm, mə’rifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!

270. (Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi, şübhəsiz ki, Allah bilir, lakin (xəsislik göstərib özlərinə) zülm edənlərin (qiyamət günü) heç bir köməkçisi olmaz!

271. Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!

272. (Ya Rəsulum!) İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. (Sənin vəzifən ancaq onları haqq yola də’vət etməkdir). Allah kimi istərsə, onu doğru yola yönəldər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!

273. (Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!

274. Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

275. Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

276. Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!

277. İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

278. Ey mö’minlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!)

279. Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin!Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!

280. Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!

281. Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!

282. Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) də’vət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!

283. Səfərdə olub katib tapmasanız, girov saxlayın. Əgər bir-birinizə e’tibar edirsinizsə, e’tibar olunmuş şəxs əmanəti geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi (şahidi olduğunuz şeyi) gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir!

284. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!

285. Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qur’ana) inanmış və mö’minlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: "Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!"

286. Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Mö’minlər deyirlər: ) "Ey Rəbbimiz, (bə’zi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!"


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 775 Bölmə: Maraqlı melumatlar