beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın Adını Alma Murdar Ağzına.

“İnsan doğulmadan əvvəl həyatı, başına gələcəklər, sevinci, kədəri bir sözlə edəcəyi və yaşayacaqları yazılırmış. Uşaq doğulduqdan sonra ilk nəfəsini ağlayaraq alırmış. Ağlamayan uşaq ölü olurmuş Sonra ailəsi bir yerə toplanıb ad seçərlər. Bəzən beş, bəzən altı, bəzəndə on hərfdən ibarək adi bir kəlimə taparlar. Sonra o adi bir kəliməyə yerləşər insan. Onu tanıdan sadəcə yan-yana gəlmiş hərflərdən ibarət söz olur. Ətrafındakılar o adın arxasındakı insanın mahiyyətini dərk etmədən, onun bir “insan” olduğunu dərk etmədən sadəcə Əhməd, Kamran və.s olaraq tanıyarlar, qəbul edərlər. Çünki insanlar buna adət ediblər. Onlar üçün adi haldır bu. . Göz yaşları ilə başlayan həyat Mən isə insanların adiləşdirdikləri, görməzdən gəldikləri o şeyin əzabını çəkirəm illərdir. Ömər..Ömər..Ömər…” əsəbi halda bir neçə dəfə adını tələffüz etdi. Həm də mədəsi bulanırcasına. Adından və onun arxasında yerləşən ət və dəridən ibarət vücudundan nifrət edərcəsinə təkrar edirdi.
“Mən istəmişdim sizdən adımı Ömər qoyun? Axı mən hansınızdan xahiş etmişdim ki, məni dünyaya gətirin? Yox! Yox! Sadəcə dünyaya gətirməklə də qalmayın bütün ömrümü cəhənnam əzabı çəkməyə tərk edin məni. Sizə deyirəm hansınızdan istəmişdim axı?” Əlində tutduğu üç yaşındaykən çəkilmiş anasıyla, atasıyla tək şəkli idi. Əsəbləşdiyi vaxt şəkli qabağına qoyub bütün əsəbini, kinini şəklin üstünə tökərdi. Bəlkə də elə zənn edirdi ki, valideyinləri onu hiss edirlər. Ancaq bir şeydən əmin idi. Anası həmişə onun hiss etdiklərini hiss edir. Anası onu heç vaxt tərk etmirdi. İstər üsyan dolu olduğu zamanlar, istərsə də sakit olduğu vaxtlarda anası həmişə oradaydı. Ürəyinin ən dərin yerindəydi. Anasını itirdikdən sonra qaranlığa qərq olan həyatında, ürəyində sadəcə anasının olduğu yerdə işıq vardı. Həyatını davam etdirməyinin tək səbəbi iynənin ucu qədər sayılacaq işıq, bəlkə də işıltı idi. Ancaq bu ona bəs edirdi.
Atasınısa heç vaxt bağışlamamışdı. Onun yeri ürəyinin ən qaranlıq, ən dərin yerində idi. Ağlı kəsəndən evlərində hər axşam bir şeyin şahidi olmuşdu. Atası hər gün sərxoş halda evə gələr, kiçik bir hadisədən evdə qiyamət qoparar sonra anasını əli yorulana qədər döyərdi. O isə heç vaxt buna mane ola bilməmişdi. Yirmi iki yaşında özünə hələ də bağışlaya bilmirdi bunu. Sadəcə evin küncünə qısılar, qorxu içində atasının əlinin enib qalxmağını seyr edərdi. Və sadəcə bir səs eşidərdi: anasının ağrı içində çıxardığı səsləri. Kim bilir bəlkə də o günlər atası anasını döyərkən mətbəxdən əvvəlcədən aldığı bıçağı onun kürəyinə saplaya bilərdi. Bəl kə də öldürməyəcəkdi ancaq o gün anası daha az döyülmüş olacaqdı. Ancaq etməmişdi. Etmədiyinə görə özündən, o adın arxasındakı insandan nifrət edirdi. Sadəcə dörd hərfdən ibarət Ömərdən deyil.

Anasının üzünü son dəfə gördüyü günü isə hər gün, hər saat yaşayırdı. O səsi, o fəryadı… Sanki qulaqlarına həkk olunmuşdu o səs. Heç vaxt ondan ayrılmayacaq, onun son nəfəsinə qədər qulağında çınlayacaqdı anasının o gün axşam “Sənə rədd ol deyirəm. Əl çək Allah eşqinə əl çək. Onsuzda ölürəm qoy barı insan kimi ölüm” sözləri. Sonra atası bir şeylər bağırmışdı şillə yumruğun bərabərliyində. Yatağında atasının qolları arasında çırpınan qadından eşitdiyi son cümlə idi “Lənət olsun sənə” cümləsi. O cümlədən sonra anasının səsini eşidə bilməmişdi.

O zaman yeddi yaşında idi. Çox şeyləri dərk etmirdi, çox şeylər ona yad idi. Və o gün gördüyünü illərlə başa düşə bilməmişdi. O otaqda nə baş verdiyinin dərk edə bilməmişdi.


Yerindən qorxa-qorxa qalxıb qapıya yaxınlaşıb qapını bir az aralamışdı o gün. Oğrun-oğrun valedeyinlərinin yataq otağına baxırdı. Atası soyunmuş halda nə isə edirdi. Sərxoş nəfəsi, çətinliklə çıxırdı hər qabağa-arxaya hərəkət edişində. Ancaq qəribə idi anasından səs çıxmırdı. Və ilk dəfə idi ki, anası səssiz qarşılıq vermişdi atasına. Çünki Ömər yeddi yaşında ancaq bu qədərini dərk edə bilirdi. İllər sonra əslində o gün gördüyü hadisənin nə qədər iyrənc olduğunu dərk etmişdi. Yetkinlik yaşındaykən tay-tuşlarından intim münasibət haqqında ilk dəfə eşidəndə və sonralar bunu tam mənasıyla başa düşdüyü gündən Ömərin həyatı qaralmışdı. Başa düşmüşdü ki, atası xəsdə anasını zorlayaraq öldürmüşdü. Anasından ona son xatirə “Lənət olsun sənə” sözləri birdə üç yaşındakı şəkli idi. Lənət olsun sənə! Atası lənətlənməliykən o lənətlənmişdi. Onun həyatı cəhənnəm əzabına çevrilmişdi.

Qapının zilinin üç dəfə arxa-arxaya çalışı Öməri xəyallarının əlindən çəkib almışdı. Əlində tutduğu şəkli kənara qoyub qapıya tərəf getdi. Qapını açanda gözlərinə inanmadı. Gələn atası idi.

“Mən səni iki gün əvvəl rədd elədim axı bu qapıdan. Niyə əl çəkmirsən?” deyib atasının üzünə nifrətlə dolu gözlərlə baxdı.

“Oğlum and olsun Allaha peşman olmuşam. Gör nə qədər vaxtdır dilimə içki dəymir. Sənə yalvarıram məni bağışla.”

“Bir də Allahın adını alma murdar ağzına. Mənə nə dəxli var axı sən içirsən yoxsa içmirsən. Başa düş mənim atam ölüb. Yalvarıb biraz da özünü alçaltma” deyib evə tərəf bir iki addım atmışdı ki, atası Ömərin ayağından tutdu. Geri çevriləndə atası yerdə idi. Ayaqlarından tutub ağlayırdı. O günlər yenidən gözündə canlanmağa başladı. Atası anasını yumruqla, təpiklə döyürdü. Anasısa təpiklərdən xilas olmaq üçün atasının ayaqlarından tutub yalvarardı. Nifrət dolu baxışlarla atasını arxaya itələyib “İtil burdan” deyib qapının arxasında gözdən itdi.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 164 Bölmə: Maraqlı melumatlar