beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişinin Qadına Qarşı əvvəl əməli, Sonra Tələbi

İslamda kişinin evdə öz ailə üzvləri ilə rəftarı mühüm şərtlərdən biridir. Bu barədə istər Quran ayələrndə, istər Peyğəmbərin və Əhli-beyt üzvlərinin hədislərində, istərsə də böyük səhabələrin və məşhur alimlərin davaranışlarında parlaq nümunələr tapmaq mümkündür.

Kişi ailə başçısı sayılsa da, öz hüquqlarından sui-istifadə etməməlidir. Elə məsələlər var ki, ailə başçısı özü bunlara riayət etməkdə digər ailə üzvlərinə nümunə olmalıdır. Əks halda, bunu öz həyat yoldaşından və uşaqlarından tələb etməyə haqqı olmaz. Məsələn, ailədə qadından tələb olunan əsas məsələlərdən biri öz əri ilə mehriban rəftar etmək, nəvazişli olmaq, kobudluğa və soyuqluğa yol verməməkdir. Amma bu qaydaya hamıdan əvvəl kişi özü əməl etməlidir. Ümmül-möminin Aişə xatırlayırdı ki, Həzrət Mühəmməd Peyğəmbər (s) həmişə evdə xoş sima göstərərdi, həyat yoldaşları ilə mehribanlıq edər, xoş sözlər danışar, gülümsəyərdi. Peyğəmbəri nadir hallarda qaşqabaqlı görərdilər. Bu da yalnız o zaman baş verərdi ki, kimsə ilahi əmrləri pozmuş və ya başqa bir müsəlmana qarşı haqsızlığa yol vermiş olsun.

Həm dində, həm də dünyəvi anlamda belə bir fikir formalaşıb ki, gərək qadın həmişə öz görünüşünə, gözəlliyinə fikir versin, əri üçün bəzənsin, onun gözunə xoş görünməyə çalışsın. Bu, həqiqətən belədir. Amma bu, yalnız qadının vəzifəsi deyil. Kişi də öz həyat yoldaşının xoşuna gəlmək, sevgisini qazanmaq və onu özünə bağlamaq üçün çalışmalıdır. Bunun üçün həm xarici görünüşünə, həm təmizliyinə, həm də əyin-başının səliqəsinə diqqət yetirməlidir. Təsəvvür edin, yaraşıqsız, səliqəsiz və çirkin qadın özünə qarşı ərində hansı təsəvvürü yaradır? Təmizliyinə, zahiri görkəminə və səliqəsinə diqqət yetirməyən kişi də öz arvadında eyni mənfi təəssüratın yaranmasına səbəb olur. Bu mənada məşhur səhabə, Peyğəmbərin əmisi oğlu Abdullah ibn Abbasın bir sözü çox maraqlıdır. O deyirdi: “Arvadım məndən ötrü bəzəndiyi kimi, məndə arvadımdan ötrü bəzənirəm. Özüm də arvadımdan mənə münasibətdə bütün vəzifələrini icra etməyi tələb etmirəm. Çünki bu halda gərək mən də onun qarşısında daşıdığım bütün vəzifələri tam yerinə yetirim. Çünki Allah-təala buyurub: “Kişilərin qadınlar üzərində hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır” (Bəqərə, 228)”.

Bir çoxlarının təsəvvür etdiyinin əksinə olaraq, ətir yalnız qadına deyil, kişiyə də aid olan bəzək növüdür. Xüsusilə, kişi evdə həyat yoldaşının yanında olarkən bədənindən xoşagəlməz qoxuların gəlməsinə şərait yaratmamalıdır. Həzrət Mühəmməd Peyğəmbər (s) ətir vurmağı xoşlayardı. Hətta yazırlar ki, o həzrətin ətirə xərclədiyi pul yeməyə xərclədiyi puldan çox olurdu. Hansı yerdən keçirdisə, orada ətri uzun müddət qalırdı. O həzrət gözəl ətirlərə olan məhəbbətini öz həyat yoldaşlarına qarşı duyduğu sevgiyə bənzədərək buyururdu ki, duyduğum ən böyük ləzzəti həyat yoldaşlarımdan və ətirdən alıram, amma gözümün nuru namaz və orucdur. Həzrət Mühəmməd Peyğəmbər (s) saç-saqqalını tez-tez darayar, saçına yağ sürtər, dişlərini misvak çubuğu ilə təmizləyərdi. Bu hərəkətlərin bir səbəbi də o həzrətin öz xanımları üçün yaraşıqdı və səliqəli görünmək istəyi idi.

Ailədə səmimi və mülayim ab-hava yaratmaq üçün hər mümkün vasitədən istifadə etmək lazımdır. Hətta ailə üzvlərinin bir-birinə müraciətləri də qarşı tərəfin xoşuna gələn tərzdə olmalıdır. Kişinin evdə qaşqabaqlı gəzməsi, arvadını qəzəbli səslə, xoşagəlməz ləqəblərlə və söyüşlərlə çağırması, onun üstünə səsini ucaltması bəyənilməz haldır. Həzrət Mühəmməd Peyğəmbər (s) həyat yoldaşı Aişəni nəvazişlə “hümeyra”, yəni “qırmızıcığaz və ya qırmızıyanaq” deyə çağırırdı.

Kişi hər bir söz və hərəkətlə öz həyat yoldaşına sayğı göstərməli, məhəbbətini ona izhar etməli, qadının tənha olmadığını ona çatdırmalıdır. Çünki qadın zərif və həssasdır, həmişə qayğıya, diqqətə və himayəyə ehtiyacı var. Islam Peyğəmbəri buyururdu ki, kişinin öz həyat yoldaşına söylədiyi “Mən səni sevirəm” sözü qadının qəlbində elə möhkəm yer edər ki, oradan heç vaxt çıxmaz


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar