beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Onları Belə Yaratdı..

Bir vaxt Allah-təala iradə etdi ki, Adəm ələyhissəlamı yaratsın. Cəbrailə əmr etdi ki, Yerə nazil ol və Adəmin bədəni hazırlamaq üçün torpaq gətir. İblis ondan qabaq gəlib Yerə dedi ki, Allah-təala istəyir ki, sənin torpağından bir məxluq yaratsın, sonra Cəhənnəmdə ona odla əzab versin. Odur ki, Cəbrail torpaq üçün gəldikdə Yer dedi: Pənah aparıram Pərvərdigara ki, məndən bir məxluq yaradıb, sonra ona odla əzab versin?! Cəbrail qayıdıb ərz elədi ki, Pərvərdigara, Yer Sənə pənah aparıb torpaq vermk istəmədi, mən də ona rəhm elədim.

Allah-təala Mikaili, sonra da İsrafili (mələkləri) Yerə nazil edib, Yerdən həmin sözləri eşitdikdə ona rəhm edib qayıtdılar. Sonra Allah-təala Əzraili göndərdi. Yer yenə də Allaha pənah aparıb həmin sözləri deyəndə, Əzrail dedi ki, mən də Allaha pənah aparıram ki, Onun fərmanından çıxmış olam. Əzrail Yerin üzündən, altından, ağ, qara, qırmızı, yumşaq və bərk torpaqların qarışığından götürüb Adəmin bədəni üçün apardı. Bu səbəbə görə insanların rəngləri və xasiyyətləri müxtəlif olub.

Allah-təala Əzraildən Yerə nə üçün rəhm etmədiyinin səbəbini soruşanda, Əzrail cavab verdi ki: Pərvərdigara, sənin əmrinə itaət etmək, ona rəhm etməkdən yaxşıdır. Allah-təala buyurdu: İstəyirəm bu torpaqdan bir xəlq yaradam ki, peyğəmbərlər, ləyaqətli şəxslər, eləcə də pislər və günah sahibləri onların arasında olsun. Səni de, ey Əzrail, onların canını almağa müvəkkəl elədim.

Sonra Allah-təalanın əmriylə Cəbrail bir dəstə məxsusi mələklərlə Yerə enib Məhəmməd (s) Peyğəmbərin müqəddəs qəbrinin yerindən bir ovuc torpaq götürdülər, o torpaqdan təsnim, tə'zim, təkrim, rəhmət və əfv suları ilə xəmir yoğurdular. Sonra o xəmiri Adəmin bədəni üçün hazırlanmış palçığa qarışdırdılar. Ona acı, şor və şirin sularda qarışdırılmışdır. Odur ki, onun gözünün suyu şordur; bələ olmasaydı göz bəbəyinin piyi əriyərdi. Onun qulaqlarına yığılan şirə acıdır; belə olmasaydı ora xırda həşarat girərdi. Burun içindəki rütubət bəd iylidir; belə olmasaydı, insan xoş iyləri duymazdı. Həmçinin ağızın suyu şirindir; belə olmasaydı, insan yemək və içməkdən ləzzət ala bilmezdi.

Allah-təala bütün mələklərə buyurdu ki, palçıqdan bir bəşər yaradıram, ona ruh üfürəndən sonra hamınız onun yanına səcdə etməyə gəlin. Mələklər hamısı Allahın dərgahına yığılıb intizarla durdular. Allah-təala öz qüdrətiylə Adəmin bədənini yaratdıqdan sonra öz xəzinəsində olan ruha əmr etdi ki, Adəmin bədəninə daxil olsun. Ruh o darısqal yere daxil olmaq istəmədi. Allah-təala əmr etdi: Oraya kərahətlə daxil ol, çıxanda da kərahətlə çıx. Odur ki, insan can verəndə çətinliklə can verir.

Ruh Adəmin bədəninə daxil oldu, onun gözlərinə çatanda Adəm öz bədənini görürdü və mələklərin danışıq sədalarını eşidirdi. Ruh onun damağına çatanda asqırdı. Allahın əmriylə o, dil açıb dedi: "ƏLHƏMDÜ LİLLAH" - yə'ni "Həmd olsun Allaha". Bu onun dilindən çıxan ilk söz idi. Allah-təala buyurdu: "YƏRHƏMÜKƏLLAH" - yə'ni "Allah sənə rəhm edər". Allah-təala mələklərə əmr elədi ki, Adəmə səcdə etsinlər (tabe olsunlar). Onlar səcdə etdilər, lakin İblis səcdə etməkdən imtina edib dedi ki, məni oddan yaratmısan, Adəmi isə torpaqdan xəlq eləmisən. Od torpaqdan şerafətli olduğu üçün mən Adəmə səcdə etmərəm. İblis odu torpağdan üstün tutmaqla özü də günaha batdı, çünki od ağacdan yaranır, ağac isə özüdə torpaqdan göyərib çıxır.

İblis ərz elədiki, Pərvərdigara, Adəme səcdə etmək əmrindən məni azad et, onun əvəzində mən sənə o qədər ibadət edərəm ki, heç bir kəs o qədər ibadət etməyib. Allah-təala buyurdu: Adəmə səcdə etməkdən başqa səndən heç bir şey qəbul etmərəm. İblis yenə də səcdədən imtina edir. Allah-təala ona qəzəb və lə'nət eləyib, mələklərə əmr etdi ki, onu öz aralarından qovub çıxarsınlar. Sonra Allah-təala buyurdu: "Qiyamət gününə qədər sənə mənim lə'nətim olsun". İblisdə həmin günə qədər Allahdan möhlət alıb mələklərin arasından uzaqlaşır.



Allah-təala Adəmin tək qalıb darıxacağını düşünüb, Həvvanı yaratmağı qərara alır və Adəmi elə bir vəziyyətə salır ki, buna nə yuxulu vəziyyət demək olar, nə də oyaq. Adəm bir növ yuxulu görünsə də əslinde oyaq olur. Bundan sonra Allah-təala Həvvanı Adəmin hansı orqanından yaratmaq istədiyini düşündükdən sonra, Cəbrailə əmr edir ki, Adəmin aşağı qabırğasının birini çıxartsın, həm də elə çıxartsın ki, o nə ağrı hiss etsin, nə də əzab çəksin. Əgər Adəm peyğəmbər ağrı hiss etsəydi və əzab çəksəydi, onda kişi ilə qadın arasında heç bir dostluq və məhəbbət ola bilməzdi.

Cəbrail əmrə əməl etdikdən sonra Allah-təala Həvvanı yaradır (Həvva ərəbcə "diri" deməkdir. Yəni o diridən yaranmışdır). Beləliklə Adəm ayıldıqda Həvvanı görüb ona meyl edir və Allah-təala onların Cənnətdən istifadə etmələrinə izn verir. Yalnız "Şəcəreyi-mənhiyyə" ağacının meyvəsindən başqa. Allahın qəzəbinə məruz qalmış İblis, Adəmdən qisas almaq üçün onları kənardan izləyirdi. Bu zaman onlara tapşırılan bu tapşırığı eşidir və İblis bu fürsətdən istifadə edib, hiyləyə əl atır. Həvvaya yaxınlaşıb onu yoldan çıxarır. Bildirir ki, sizi burada gözləri götürmür və burada daimi deyilsiniz. Siz o ağacın meyvəsindən yeməyə ona görə məhrum edilmisiniz ki, burada çox qalmayasınız. O ölməzlik meyvəsidir, o meyvədən yeyən əbədi Cənnətdə qalar.

Hevva İblisin bu şirin sözlərinə aldanır və onlara qadağan olunmuş bu məyvədən yeyir. Adəmə təklif edir ki, o da yesin. Hər ikisi bu meyvədən yedikdən sonra onların gözündəki pərdə çəkilir və abır həyaları bir-birilərinin gözünə görünür. Cənnət libasları üzərilərindən götürülür və başa düşürlər ki, İblis onları yoldan çıxartmışdır. Beləliklə hər ikisi Allahın fərmanından çıxmış oldular. Onlar ağac yarpaqlarından qırıb, öz eybli yerlərini örtərək böyük həsrət və xəcalətlə, Allahın əmriylə oradan çıxarılırlar.

Onların Cənnətdə qalması, dünya saatı ilə təqribən yeddi saat olub. Belə ki, günortadan sonra oraya daxil olub, hələ Günəş batmamış oradan çıxıblar. Bütün bu hadisələr həmçinin cümə günündə baş vermişdir. Allah-təala mələklərə əmr etdi ki, Adəmin əlinden tutub, onu Yerə aparsınlar. Adəm Cənnətdən çıxarkən dedi: "Ey mənim Allahım, Mühəmməd, Əli, Fatimə, Həsən və Hüseyn xatirinə məni bağışla". Allah-təala Adəmə buyurdu: "Yerə en, orada sənin tövbəni qəbul edərəm".



Adəm dünyada Yerə endi, ətrafa baxaraq gördü ki, İblis ondan qabaq Yerə enib (qovulub). O, əllərini qaldırıb dedi: "Pərvərdigara, mənim İblislə mübarizə aparmağa taqətim yoxdur, burada yenə onu mənə müsəllət etmisən?" Allah-təala buyurdu: Ey Adəm, İblisi sənə müsəllət etmişəmsə də, onun müqabilində sənə başqa imkanlar və ne'mətlər vermişəm: Əgər bir günah etsən, sənə bir günah yazılar, bir səvab iş görsən, sənə on səvabdan yeddi yüzə qədər səvab yazılar. Adəm ərz elədi: Pərvərdigara, daha da artır. Allah-təala buyurdu: Ey adəm, sənin övladından dağlar boyda günahı olanlar tövbə etsələr, onların tövbəsini qəbul edərəm. Adəm ərz elədi: Pərvərdigara, yenə də artır. Allah-təala buyurdu: Sənin övladlarından hər cür günah etmiş olanlar olsa, onların tövbəsini qəbul edərəm. Adəm ərz elədi: Kifayətdir.

İblis dedi: Pərvərdigara, Sən mənimlə Adəm arasında hayil olub mənim ona vəsvəsə etməyimə mane oldun. Allah-təala buyurdu: ey İblis, hər bir Adəm övladı doğulduqda, onun müqabilində sənin iki övladın olar. İblis dedi: Pərvərdigara, daha da artır. Allah-təala buyurdu: Sənin övladın Adəm övladına şirin arzular vəd vərib onları aldadar. İblis dedi: Kifayətdir. Bu vaxtdan e'tibarən İblis və onun övladı Adəm övladına düşmən oldu.

Cənnətdən çıxdıqdan sonra Adəm və Həvva bir-birindən ayrılıb dünyanın müxtelif guşələrinə düşdülər. Rəvayətə görə Adəm Hindistanda indiki Seylon adasına, Həvva isə Cəddəyə düşdü (Cəddə ərəbcə "nənə" deməkdir, Həvvanın qəbridə bu şəhərdədir). İşıqlı və sonsuz ne'mətlər diyarı olan Cənnətdən qovulmuş Adəm qaranlıq dünyaya düşüb o ne'mətləri itirdiyi üçün, həm də Allah-təala dərgahında asi olduğu üçün peşimanlıq, həsrət və xəcalətdən gecə-gündüz ağlayırdı. Həvva isə Adəmi itirdiyinə görə göz yaşı axıdırdı.

İllər aylar ötdü, Adəmin gözündən axan şor su, onun üzünün ətini əritmişdi, üzünün sümüyü görünürdü. Nəhayət, Cəbrail nazil olub, onun tövbəsinin qəbul olunduğunu xəbər verdi. Sonra Cəbrailin bələdçiliyi ilə Adəm Məkkəyə yola düşdü və orada Həcc ziyarətini edib Ərəfat dağında Həvvanı tapıb görüşdü. O gündən e'tibarən onlar birgə yaşamağa başladılar.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 186 Bölmə: Maraqlı melumatlar