beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YAXŞI ÖVLAD OLMAĞIN YOLLARI

(İslami saytlara istinadən)

Müsəlman daima çalışır ki, İlahi göstərişlərə əməl edərək, öz valideynləri üçün yaxşı övlad olsun. Bu, çox bəyənilmiş bir istək və arzudur. İnsanın öz valideyni üçün yaxşı övlad olması üçün ən mühüm yolları bunlardır:

1. Ata və ana yanında ədəbli olmaq.

Ata və anaya ehtiram göstərmək - həyat ünsürlərindən ən mühümüdür və insanın səadət və xoşbəxtliyi ondan asılıdır. O ailələrdə ki, İslami əxlaq və ədəbə rəayət edilmir, onlar həyatın səfa və ləzzətindən məhrumdurlar. O övladlar ki, valideynlərinə hörmət etmirlər, onların aqibəti yaxşı olmaz. Allah Təala Quranda buyurur: “Allahdan başqasına pərəstiş etməyin, ata və ananıza yaxşılıq edin”. (“Bəqərə”, 83).

2. Ata və anaya xidmət etmək.

Valideynlərin bizim üzərimizdə haqları böyükdür. Çünki, bizə görə həddən artıq əziyyət çəkiblər. Biz də gərək valideynlərimizin bu zəhmətini yerdə qoymayaq. Ata və anaların daima xidmətə ehtiyacları vardır. Xüsusilə də qocalanda və zəif düşəndə. Həm Quranda, həm də hədislərimizdə bu nöqtəyə xüsisilə işarə edilmişdir ki, qoca ata və analarınıza xidmət etməlisiniz. Anaların köməyə daha çox ehtiyacları vardır. Deməli, övladların öz anaları qarşısında vəzifələri daha çoxdur. Allah tövsiyə etmişdir ki, qoca ata və analara yardım edilməldir. Allah Təala buyurur: “Biz insana tövsiyə etmişik ki, öz ata və anasına xidmət etsin və onunla yaxşı rəftar etsin”. (“Ənkəbut”, 8).

3. Ata və anaya qarşı olan məhəbbəti hiss etdirmək.

Ata və ananı çox istəmək kifayət deyildir. Biz onlara qarşı olan məhəbbətimizi hiss etdirməliyik. Valideynlərimiz o zaman bizdən razı olarlar ki, həqiqətən də onları sevdiyimizi hiss edərlər.

4. Ata və ananın sözünə qulaq asmaq və itaət etmək.

Bizim yaxşı övlad olmağımızın nişanələrindən biri də - onların sözünə qulaq asmağımızdır. Bütün ata və analar övladların səadətini, xoşbəxtliyini istəyirlər. Heç kim istəməz ki, övladı bədbəxt və çarəsiz olsun. Ona görə valideyn verdyi göstərişlərində fikirləşir ki, bu iş övladının xeyrinədir. Əlbəttə bəzi mövzularda onların bu təhmini yanlış da ola bilər. Belə ki, valideynin niyyəti yaxşı olmalıdır. Hətta o halda ki, övladı bilir ki, valideynin ondan istədiyi şey onun xeyrinə deyildir, yenə həmin dəqiqə onunla müxalifətlik etməməlidir. Onun ehtiramını saxlamalıdır. Əgər bilirksə onların bu qərarları yanlışdır, məntiq və səbrlə onlara bunu başa salamağa çalışmalıyıq.

5. Bəzi hallarda isə valideynlər bəzən istəmədən və ya bilməməzlik üzündən bizə qarşı pis münasib bəsləyirlər. Məsələn, həmişə bizi danlayırlar. Və ya bizə pis sözlər deyirlər. Bu hallarda da onların hörmətini saxlamaq lazımdır. Ata və analarımızın vəzifəsidir ki, bizlərə yaxşı tərbiyə versinlər. Bizim ehtiyaclarımızı ödəsinlər. Bizim də vəzifəmizdir ki, onlara ehtiram göstərək. Əgər valideynlər öz vəzifələrinə düzgün əməl etməsələr, bizimlə pis rəftar etsələr, bu, o demək deyildir ki, biz də öz vəzifəmizə düzgün əməl etməməliyik. Çünki Allah buyurmuşdur ki, hər bir halda onların ehtiramını saxlamaq bizim vəzifəmizdir.

6. İslami əxlaqı və dini dəyərləri həyatımızın əsas məqsədi kimi qəbul edək. Bizim həm yaxşı işlərimiz, həm də pis işlərimiz ata və analarımıza qayıdır. Biz əslində onların yetişdirməsiyik. Əgər biz yaxşı iş görsək və İslami dəyərləri həyatımızın əsas məqsədi kimi qəbul etsək, Allah ata və analarımıza savab yazar. Çünki onlar çalışmış və bizim dini tərbiyəmiz üçün zəminə yaratmışdılar.

Bu halda, cəmiyyət də bizim ata və anamızı yaxşı insan kimi xatırlayar. O zaman ki, başqaları bizim yaxşı işimizi görürlər, deyirlər: “Allah belə bir insanın ata və anasına rəhmət etsin ki, bu cür övlad yetişdirib, cəmiyyətə təhvil vermişdir”. Əgər valideynlərimiz sağ olsalar, başqaları tərəfindən hörmətlə qarşılanarlar. Əgər vəfat ediblərsə, insanlar onlara xeyirli dualar edərlər.

Bizim vəzifələmizdən bəziləri də valideynlərimiz vəfat etdikdən sonraya aiddir. Onlardan bəzilərinə işarə edək:

7. Ata və analarımıza dua edək.

İnsan həyatda olan valideynlərinə dua etdiyi kimi, onlar vəfat etdikdən sonra daha çox dua etməlidir. Çünki ata və ananın ondan razı olmasının, övladın səadət və xoşbəxtliyində çox böyük rolu vardır. Bizim valideynlərimizə etdiyimiz duaların həm onlara, həm də bizə böyük faydası vardır. Həyatımızda bərəkətə səbəb olar.

8. Valideynin xatirəsini əziz tutmaq.

Valideynlərimiz vəfat edəndən sonra onların xatirəsinin vəfat ildönümünü keçirmək, Quran xətm edərək, əziz tutmaq olar. Bu da onu göstərəcəkdir ki, yaxşı övladıq.

9. Ata və ananın borclarını vermək və dini vəzifələrini yerinə yetirmək.

Təbiidir ki, hər bir insan həyatında hansısa insana borclu olur. Ya da dini vacibatları olan namaz və oruc qəzaları vardır. Yaxşı övlad o kəsdir ki, ata və anasının borcunu qaytarsın və onların qəzalarını əda etsin.

10. Ata və ananın yerinə müstəhəb əməlləri yerinə yetirmək.

Ata və ananın əvəzinə dua oxumaq, ziyarətnamə oxumaq, namaz qılmaq və sair müstəhəb əməllər etmək - yaxşı övlad olmaq üçün bir vasitədir.

Nəticə.

Əgər valideynlərimiz üçün yaxşı övlad olmaq istəyiriksə, həmişə onların hörmətini saxlamalıyıq. Dediklərinə əməl etməliyik. Hətta əgər pis rəftar etsələr belə. Yenə də onlara ehtiram göstərməli və bu yolla İlahi rizanı əldə etməliyik. Elə işlər görək ki, onların alnını açıq və üzlərini ağ edək. İnsanlar onları yaxşı insan kimi xatırlasın.

Bu tövsiyələrə riayət edərək, ata və analarımız üçün yaxşı övlad ola bilər və bütün insanların arzuladığı səadət və xoşbəxtliyi əldə edə bilərik. Əmirəl-möminin (ə) buyurmuşdur: “Ədəb kimi miras yoxdur”.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 153 Bölmə: Maraqlı melumatlar