beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏZRƏT MUHƏMMƏD (S) İSLAMDAN ƏVVƏL

(Ustad Hüseyn Ənsarianın nəzərlərinə istinadən)
Bu suala aid çox sayda nəzəriyyələr vardır ki, onlardan ən mühümü bunlardır:

1- İslam Peyğəmbəri (s) heç bir dinə əməl etmirdi və heç bir dinin davamçısı deyildi.

2- O, xristian dininin ardıcılı idi.

3- O, Həzrət İbrahim dininin ardıcılı idi.

4- O, öz dininin ardıcılı idi.

Əlbəttə ki, birinci nəzəriyyəni qəbul etmək olmaz, çünki Həzrət besətdən qabaq ibadətlə məşğul olardı və heç cür qəbul etmək olmaz ki, o, heç bir səma dininin ardıcılı olmasın. Bundan başqa, onu da qeyd etmək lazımdır ki, adi insanlar hansısa dinin ardıcılları ola-ola, Peyğəmbər (s) gündəlik həyatında heç bir dinə inanmasın – qətiyyən qəbul edilə bilməz.

İkinci nəzəriyyəni də qəbul etmək olmaz. Çünki əgər o, xristian olsaydı, xristianlar bunu müsəlmanların üzünə vurardılar. Deyərdilər ki, sizin Peyğəmbəriniz xristian idi və bizim dinimizə ibadət edirdi, indi isə Peyğəmbər olduğunu iddia edir. Əgər belə olsaydı, xristianlar bu məsələni o qədər deyərdilər ki, bizim qulağımıza da gəlib çatardı. Necə yəhudilər Peyğəmbərə (s) etiraz edərək, deyirdilər ki, əgər sən Peyğəmbərsənsə, niyə bizim qibləmizə namaz qılırsan? Bu məsələni o qədər deyirlər ki, Həzrət narahat olur və sonra Allahın izni ilə qiblə Beytul-Müqəddəsdən Kəbə evinə tərəf çevrilir. Ona görə də xristianlar tərəfindən bu qınaqların olmaması Peyğəmbərimizin (s) xristian dinində olmamasını bir daha sübut edir. Bundan başqa onun xristian olması üçün ya gərək o Həzrət xristian kitablarını oxuyaydı, ya da xristianlarla oturub-durardı. Birinici fərziyə ona görə düz deyil ki, Peyğəmbər (s) oxumağı və yazmağı bacarmırdı. İkinci fərziyə isə ona görə qeyri-mümkündür ki, Peyğəmbər (s) xristianlarla oturub-durmurdu. Bundan başqa, o zaman Məkkədə keşişlər də yox idi ki, onlardan xristian dinini öyrənmək mümkün olsun. Və fərz edək ki, Peyğəmbərimiz (s) xristian idi, bu zaman Həzrət İsanın (ə) məqamı İslam Peyğəmbərinin (s) məqamından üstün olardı. Ancaq bu əqidə müsəlmanlara və İslam dininə ziddir. Çünki biz bu fikirdəyik ki, Rəsuli-Əkrəmin (s) məqamı bütün peyğəmbərlərdən üstün və alidir.

Üçüncü nəzəriyyəni də qəbul etmək olmaz. Çünki bu nəzəriyyəni söyləyənlər bəzi Quran ayələrinə istinad edirlər ki, iddiaları natamam qalır. Məsələn bu ayələr kimi: “Sonra sənə vəhy göndərdik ki, hər cür təhrifdən uzaq olan və müşriklərdən olamayan İbrahim dininin ardınca gedəsən”. “Denən ki, Pərvərdigaram, məni düz yola hidayət et, sarsılmaz din, İbrahim dininə, o kəs ki, öz dövrünün xürafi dinindən üz döndərmiş və müşriklərdən olmamışdı”.

Aydındır ki, bu ayələrin məqsədi üçüncü nəzəriyyədən başqa bir şeydir. Əvvəl o ki, bu ayələr besətdən sonra nazil olmuşdur və Həzrətin besətdən qabaqkı dininə aid deyildir. Hədislərdə gələn İslam maariflərinə görə, Həzrəti İbrahim dini Musanın Tövratından sonra tərk edilmişdi, necə ki, yəhud dini İsanın (ə) İncili gələndən sonra tərk edilmişdi və xristian dini də Həzrət Muhəmmədin (s) Quranı gələndən sonra tərk edilmişdi. Ona görə də Həzrət elə bir dinə tabe ola bilməzdi ki, başqa din tərəfindən tərk edilmişdi. Təfsirçilər belə deyirlər ki, Həzrətin İbrahim dininin ardınca getməsində hədəf odur ki, bu iki din arasında müştərək nöqtələr mövcuddur. Onun mənşəyində İbrahim (ə) dini durur və tabelik dedikdə, məqsəd əhkamlarında olan müştərək nöqtələrdir: saqqal saxlamaq, cənabət qüslu, su ilə paklanmaq, diyə və bu kimi.

Bu üç nəzəriyyəni inkar etdikdən sonra, dördüncü nəzəriyyəni qəbul etməmək üçün maneə qalmır. Yəni deməliyik ki, Həzrət besətdən qabaq kamil din olan İslam dininə itaət edirdi. Ancaq İslam əhkamı və vəzifələri besət dövründə olduğu kimi vəhylə deyil, qəlbi ilhamlar, mələklərlə söhbət etmək kimi, yuxu kimi ona çatdırılırdı.

Əmirəl möminin (ə) bu haqda deyir: “O gündən ki, Peyğəmbər süddən kəsildi, Allah ona ən böyük mələyi yaxın etdi ki, o mələk vasitəsilə çətinlikləri aşa bilsin və ən gözəl əxlaq sahibi ola bilsin”.

Beləliklə, Həzrət besətdən qabaq nübuvvətə malik idi və qeyb dünyası ilə rabitəsi vardı. Necə ki, Həzrət Yəhya və Həzrət İsa (ə) uşaqlıq dövründə nübuvvət məqamına çatmış və qeyb dünyası ilə rabitədə olmuşdular. Rəsuli-Əkrəm (s) qırx yaşında risalət məqamına çataraq, Allahın vəhylərini insanlara çatdırır.

Çox sayda hədislər bu baxışı təsdiq edir: Belə ki, Həzrət (s) buyurur: “Mən o zaman Peyğəmbər oldum ki, Adəm (ə) hələ də gil və su arasında idi”.

Yəhudilər Allah Rəsuluna (s) deyir: “Məgər siz əvvəldən peyğəmbər deyildinizmi?” Buyurur: “Bəli”. Deyirlər: “Bəs niyə beşikdə danışmamısan və nitq söyləməmisən, necə ki, İsa (ə) belə etmişdi?” Buyurdu: “Allah Təala İsanı atasız xəlq edir və əgər o beşikdə danışmasaydı, Məryəmin üzrlü səbəbi olmazdı ki, başqalarının tənəsinə cavab verə bilsin. Ancaq mən ata və anadan doğulmuşam”.

Qeyd etməliyik ki, alimlərin çoxu məhz dördüncü nəzəri təsdiq edir.

Hazırladı: Məşhədi Xanım,
“Dəyərlər”


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar