beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Obamanın Iftarı, Hicablı şagird, Fədakar Reycel Ko

Bismilləhir Rahmənir Rahim


Mübarək Ramazan ayının bir xüsusiyyəti də iftar süfrələrinin açılmasıdır. Oruc tutanlar da, tumayanlar da bu kimi dəvətlərə qatılır və ya dəvət edir. Hətta qeyri-müsəman ölkələrində belə son illərdə ölkə başçıları müsəlman səfirləri və müsəlman cəmiyyətinin elitasını iftarlara dəvət edirlər.

Barak Hüseyn Obama da iftar süfrəsi açdı. İftar qonağlığına Misir, Türkiyə, Qazaxıstan, İordaniya, Pakistan, İraq, Əfqanıstan, Mərakeş, Keniya, Cibuti, İndoneziya, Səudiyyə Ərəbistanı, Malayziya, Bruney, Nigeriya və s. ölkələrin səfirləri dəvət edilib. Amma mətbuatın xəbər verdiyinə görə, Azərbaycanın səfirinin adı dəvətlilərin siyahısında olmamışdır. ANS PRESS-in bu müvzuda politoloqlarla sorğusu kifayət qədər maraqlıdır. Sorğuda iştirak edən politoloqlardan birinin sözlərinə görə, Barak Obamanın təşkil etdiyi iftar süfrəsinə Qazaxıstanın çağırılması da əbəs yerə deyil: «Qazaxıstan vicdan azadlığının, dinin və imanın göstəricilərinə görə keçmiş Sovet ölkələrinin içində ən yüksək yeri tutur... Qazaxıstanda məscidlər sökülmür, orada möminlər döyülmür...Bizdə isə hətta Ramazan ayında məscidlər sökülür...». Doğurdan da Obama iftar süfrəsi təşkil edən zaman İslam Mədəniyyət Paytaxtı-2009 missiyasını niyə çağırmasın ki?! Özü də tollerantlığı ilə bütün aləmə məşhur olan bir ölkənin səfirini...

1 sentyabrı da geridə qoyduk. Rusiyada bu Sovet dönəmindəki kimi, ilk təhsil günüdür. Rusiya prezidenti Dimitri Medvedev ənənəvi olaraq sentyabırın 1-də yeni dərs ilinin başlanması münasibətilə Moskvada orta məktəblərin birində olmuşdur. Medvedev aralarında hicablı bir şagirdin də olduğu sinifə daxil olmuşdur. O, birinci sinifə gələn kiçik başörtülü şagirdə hörmət əlaməti olaraq onunla yanaşı durmuş və şəkil də çəkdirmişdir. Bu xəbəri oxuduqda illərdir ki, təhsil ilinin əvvəlində yaranan hicab problemini xatırlamaya bilmədim. İllər öncə Rusiyada da kimlik sənədlərində bizdəkinə oxşar qadağa meydana çıxmısşdır. Amma nəticədə dövlət gəlir-çıxarlarını nəzərə alaraq bu problemi birdəfəlik müsbət həll etdi. Bu gün Rusiyada hicab adlı bir problem heç bir müstəvidə yaşanmır. Təəcüblü də olsa, heç kimin ağlına belə bu fikir orada gəlmədi ki, “geriyə çekilmək olmaz”, “bu zəiflik əlaməti sayılar”. Amma bizdə kimliklərdə hicab problemi artıq 10-cu ilinə keçdi. Bəlkə o zaman biriləri düşünə bilərdi ki, bu yolla inanclı xanımların artmasının qarşısını alar. Amma əksinə oldu. 100-lərin problemi bu gün onminlərin probleminə çevrildi. On il Vətənin inanclı insanı hicabının qadağa səbəbini anlaya bilmədiyi kimi, bu gün də məscidlərinin sökülməsini anlaya bilmir.

Bəli, artıq iki gündür məscid sökülmə mövzusu bütün ölkə insanının müzakirəsinə çevrilib.

Kim necə bacarırsa, bunun qarşısını almağa çalışır. Gün ərzində ən çox mətbuatın soruşduğu mövzulardan biri Bakı şəhər İcra Hakimiyyətinin qarşısında "Fatimeyi Zəhra" məscidinin sökülməsinə qarşı etiraz aksiyası keçirilməsi ilə bağlı idi. Hamı ilgilənirdi ki, bu formada etiraz nə qədər doğrudur? Bu sulaın cavabını yalnız bir cümlə ilə verirdim ki, ölkədə məscidsökmə ilə baş verənlər o qədər anormaldır ki, bunun müqabilində insanların bu təki etiraz etməsi çox təbiidir.

"Əgər məscid sökülsə, traktorun qarşısında dayanacağıq. Bura Allahın evidir”- etiraz zamanı səslənən cümlələr isə məni xəyalən Fələstinə apardı. Reyçel Korrini xatırladım. İyirmi dörd yaşlı bir gənc amerikanlı tələbə bir qızı. Fələstinli körpələrin xilasına getmiş və fədakarcasına özünü onların evlərinin sökülməsinin qarşısını almaq üçün büldozerin qabağına ataraq haqq uğrunda canını fəda edən Reycel Korrini.

Gör iş nə yerə gəlib çatıb ki, inanc insanı özünü məscid sökmənin qarşısını almaq üçün ağır texnikanın altına atmaq istəyir?! Qarabağın azadlığında özünü fəda etməli Vətən oğlunu bu kimi hala gətirməyin adı nə?!

Allahım, səndən bu məscidsökmə bəlasından qurtulma diləyirik. Allahım, sənə bütün bu müsibətlərdən pənah aparırıq.


*****


Mübarək Ramazan ayının 13-cü gününün duasındaki nurani çalarlara diqqət edək:

- Bizləri çirkin əməl və pis işlərdən pak et, ey hər bir çirkinlikdən pak və münəzzəh olan Rəbbim!

- Qarşımıza çıxan hər bir asan və ya cətin işə qarşı səbir və dözüm ver, ey imtahanları qabiliyyətlərimizə görə hədiyyə edən Rəbbim!

- Bizləri təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et, ey vücudi yoxsulların gözünün işığı olan Rəbbim!

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər “Cümə” məscidinin imam-camaatı


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar