beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərdən Dərs Almalı Bir Xislət – Sədaqət!

Peyğəmbərdən dərs almalı bir xislət – sədaqət!



Onun həyatının nə besətdən öncəki, nə də sonrakı hissəsi asan olmamışdı. Amma bərəkətli ömrü bəşər üfüqündə yeni bir səhifə açmışdı. Besətin əvvəllərində bunu anlayacaq çox az şəxs vardı.
İnsanlara gətirdiklərinə ilk öncə özü iman etmişdi. Elə böyük və parlaq bir iman idi ki, içində zərrə qədər tərəddüd və kəsir yoxdur. Elə bir iman ki, son nəfəsinə qədər məsləyindən dönməyəcəkdi. Əslində, məsləyi Haqqın özüdür, hər bir insanın öz məsləyinə sədaqəti var. Peyğəmbər (s) Haqqa son dərəcə sadiqdir. O, söylədiklərindən, ona qüdrət təklif edildikdə belə, dönmədi: "Ayı sağ, günəşi sol əlimə versələr belə...”. Sonra canı təhlükəyə düşdü, doğma yurdundan çıxarıldı, çəkmədiyi əziyyət qalmadı. Amma Haqdan dönmədi: nə sözdə, nə əməldə, nə də qəlbdə. Mədinədə olduğu müddətdə ordu yığıb üzərinə gələndə misilsiz qəhrəmanlıqla vuruşdu, yaralandı...
Bəs bizlər necə?!
Canımız doğranana qədər Allah yolunda sadiqmiyik? Bəzən bir sözdən, bir xəyaldan vəhşətə gəlirik. Tağutla, şeytanla, nəfslə üz-üzə qalanda Allah yolunda nə qədər sadiqik? Bir bəndənin sədaqətindən gözəl nə zinəti ola bilər ki? Allah da Qiyamətdə onların nicat tapacağını vurğulayıb buyurur: "Bu, (Qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər”. ("Maidə”,119)
Hər dəfə "Ziyarəti-Aşura”nı oxuduqda "Sənə sülh edənlərlə sülh edir, sənə düşmənçilik edənlərlə düşmənəm” – deyərək, imam Huseynə (ə) sadiq qalanlara rəğbətimizi bildirib, "sizlərdənik” deyirik. Necə ki, Peyğəmbər (s) buyurmuşdu: "Mən də Huseyndənəm”. Yəni onun məsləyi haqdır. Mənim məsləyimlə eynidir və qalacaq dəyərli məslək yalnız haqdır.
İnsanın haqqı tanıyıb, iqrar edib, müdafiə etməsi ruhdakı mərhələli bir prosesdir. Bu yola işıq saçan düşüncə, dəstək verən isə iradədir. Bu yol ilə addımlayan Əhli-beytlə (ə) birlikdədir. Bu yola qurban gedən itib-batmaz. Necə ki, Həzrət Əli (ə) buyurub: "Bizdən olan, ölsə belə, diridir”. (Nəhcül-bəlağə)
Bu günün İmamının (ə) da məsləyi Peyğəmbərlə (s) eynidir. Onu tanımağa, ona əl uzatmağa nə məkan maneəsi var, nə də zaman maneəsi. Elə isə üzünü Kəbəyə doğru çevir və de: "Sənə olan beyətimi bir daha təzələyirəm, ondan heç bir zaman, heç nə bahasına dönməyəcəyəm!...” (Əhd duası)


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar