beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünnənin Islamda Məqamı.

Sünnənin islamda məqamı.
Müəllif: Məhəmməd Nasir əd-Din əl-Əlbani.
Tərcüməçi: Abdurrahim Muradlı.
Redaktor: Ramin Həsən.
Məsləhətçi: Qamət Süleymanov.









Qeyd: Sünnə sözünün mənası Peyğəmbərin (s.a.v.) hədisləri deməkdir. Bu söz digər mənalarda da işlənə bilər. Lakin kitabçada işlədilən məna birinci mənadır (tər.).







Bu, 1392-ci hicri ilin mübarək Ramazan ayında, Qatar dövlətinin paytaxtı, Dövhə şəhərində söylədiyim mühazirədir. Bəzi qardaşlar bu mövzunun müsəlmanlar üçün əhəmiyyətini və faydalı olduğunu qeyd edərək onu çap etdirməyi məsləhət gördülər. Mən də onların xahişlərinə əsasən müsəlmanlara xeyir verəcək bu kitabçanı nəşr etdirirəm. Kitabçanın daha da faydalı olması üçün sonradan ona bəzi başlıqları əlavə etmişəm. Uca Allahdan, məni Onun dinini müdafiə edənlərin sırasına yazmasını və bu dində məni sabitqədəm etməsini diləyirəm.
Dəməşq: Məhərrəm ayının 22-si, 1394-cü hicri ili.
Sünnənin islamda məqamı

onsuz Quranın kifayət etməməsi.
Həqiqətən həmd sənalar Allaha məxsusdur. Biz də Ona həmd səna edir, Ona sığınır və Ondan bağışlanma diləyirik. Nəfsimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni heç kəs bu yoldan azdıra bilməz, haqq yoldan azdıqdığı kimsəni isə heç kəs doğru yola yönəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir.
Allah təalə buyurur: "Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" (3: 102).
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (4: 1).
Həqiqətən ən doğru kəlam Allahın kitabıdır, ən doğru yol Məhəmməd peyğəmbərin (s.a.v.) yoludur. Ən pis əməllər dinə edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir və hər bir zəlalət də cəhənnəmlikdir.
Sünnənin Quran ilə birgə vəzifəsi:
Bildiyimiz kimi Allah təalə Məhəmmədi (s.a.v.) peyğəmbər olaraq seçmiş, ona Öz risalətini vermiş, Qurani Kərim adlı kitabını ona nazil etmiş və bu kitabını insanlar üçün açıqlamağı əmr etmişdir. Allah təalə buyurur: "Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) açıqlayasan və bəlkə, onlar da düşünüb dərk edələr!" (ən-Nəhl: 44).
Ayədə qeyd olunan "açıqlama" iki növdür:
Birinci: Quranın sözlərinin və tərtibinin açıqlanması. Bu, nazil olmuş Quranı təbliğ etmək, onu gizlətməmək və onu olduğu kimi ümmətə çatdırmaqdır. Bu haqda Allah təalə buyurur: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et." (əl-Maidə: 67).
Hədislərin birində Aişə (Allah razı olsun) deyir: "Kim, "Məhəmməd ona nazil olan şəriətdən hər hansı bir şeyi gizlədib insanlara çatdırmayıb" desə, həqiqətən Allaha qarşı böyük böhtan atmış olar" bu sözlərdən sonra, "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et." (əl-Maidə: 67) ayəsini oxudu. (Buxari və Müslim).
Müslimin rəvayətində deyilir: Əgər Peyğəmbər (s.a.v.) təbliğ olunması əmr edilən hansısa hökmü gizlətsəydi bu ayəni gizlədərdi: "(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır...." (əl-Əhzab: 37).
Ikinci: Ümmətin dərk etmədiyi sözün, cümlənin və ya ayənin mənasını açıqlamaq. Bu anlaşılmamazlıq çox vaxt ümumi, qeyri müfəssəl və mütləq məna daşıyan ayələrdə olur. Bu halda sünnədən götürülən dəlillərlə ümumi ayələr xüsusiləşir, qeyri-müfəssəllər açıqlanır və mütləq məna daşıyanlar isə müəyyənləşir. Bütün bunlar Peyğəmbərin (s.a.v.) sözləri, əməlləri və görüb inkar etmədikləri işlərdə sübuta yetir.





Quranı başa düşmək üçün sünnənin zəruriliyi:

Allah təalənin "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin." (əl-Maidə: 38) ayəsi, buna ən gözəl misaldır. Ayədə oğru sözü əl sözü kimi mütləq (yəni, mahiyyəti açıqlanmamış) deyilmişdir. Lakin Peyğəmbər (s.a.v.) oğru sözünü açıqlamış və demişdir: "Yalnız dinarın dörtdə birini və ya ondan artığını oğurlayanın əli kəsilir" (Buxari və Müslim).
Əlin kəsilmə həddini də Peyğəmbər (s.a.v.) öz feli və ya hüzurunda baş verən əshabının feli ilə açıqlamışdır. Çünki onlar oğrunun əlini biləkdən kəsirdilər. Bu, hədis kitablarında qeyd edilmişdir. Həmçinin təyəmmüm ayəsində: "ondan üzünüzə və əllərinizə sürtün..." (əl-Maidə: 6) deyilən "əl" sözünü də Peyğəmbər (s.a.v.) öz sözü ilə açıqlamış və buyurmuşdur: "Təyəmmüm, üzə və əllərin biləklərə qədər olan hissəsinə torpaqla məsh etməkdir" (Hədisi, Əhməd, Buxari, Müslim və digər alimlər Ammar İbn Yasirdən rəvayət ediblər).
Indi isə sizə, sünnəsiz düzgün başa düşülməsi mümkün olmayan, bəzi ayələri xatırladacağam.
1.Allah təalə buyurur: "İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" (əl-Ənam: 82). Peyğəmbərin (s.a.v.) əshabı bu ayədə deyilən "zülm" sözünü ümumi mənada başa düşdüklərindən dolayı ayənin mənası onlara qaranlıq qaldı. Ona görə Peyğəmbərin (s.a.v.) yanına gəlib dedilər: Ey Allahın Elçisi! Bizlərdən kim öz imanını zülmə qarışdırmaz? Peyğəmbər (s.a.v.) buyurdu: O zülm sizin başa düşdüyünüz zülm deyildir. Bu zülm şirkdir (Allaha şərik qoşmaqdır). Heç Loğmanın sözünü eşitməmisinizmi: "Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman: 13) (Hədisi Buxari, Müslim və digərləri rəvayət etmişdir).
2.Allah təalə buyurur: "Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər." (ən-Nisa: 101). Ayənin zahiri mənasına görə səfər namazı yalnız qorxu hallarında qılınır. Ona görə də bəzi səhabələr Peyğəmbərdən (s.a.v.) soruşdular: Biz ki, əmin-amanlıqdayıq, nə üçün namazı qısaldaq? Peyğəmbər (s.a.v.) buyurdu: "Bu (namazı qısaltmaq) Allahın sizə verdiyi sədəqədir. Siz də Allahın sədəqəsini qəbul edin" (Müslim).
3.Allah təalə buyurur: "Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan,... sizə haram edildi..." (əl-Maidə: 3). Lakin sünnə bəyan etmişdir ki, balığın və çəyirtkənin ölüsü, tərkibi qan olan dalaq və qara ciyər də bizlərə halaldır. Peyğəmbər (s.a.v.) buyurur: "Bizə iki ölü: çəyirtkə ilə (bütün növ) balıq ölüsü, iki qan: dalaq ilə qara ciyər, halal edildi." (Beyhəqi və digər alimlər rəvayət etmişlər. Hədis səhihdir).
4.Allah təalə buyurur: "(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm..." (əl-Ənam: 145). Sünnə isə ayədə deyilməyən bəzi yeməkləri də haram etmişdir. Məsələn, Peyğəmbər (s.a.v.) buyurmuşdur: "Hər bir yırtıcı dışləri olan heyvan və hər bir caynaqları olan quş haramdır". Bu haqda digər hədislər də mövcuddur. Həmçinin Peyğəmbər (s.a.v.) Xeybər qalasını fəth edən günü demişdir: "Həqiqətən Allah təalə və Onun elçisi ev eşşəklərini sizlərə haram edir. Həqiqətən o murdardır" (Buxari və Müslim).
5.Allah təalə buyurur: "(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?”..." (əl-Əraf: 32). Yenə də sünnə bəzi zinətlərin haram olmasını açıqlamışdır. Bir gün Peyğəmbər (s.a.v.) öz səhabələrinin yanına gəldi. Onun bir əlində ipək, digərində isə qızıl var idi. O dedi: "Bu iki şey mənim ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır!" (Hakim rəvayət edib və hədisin səhih olduğunu bildirib). Bu haqda Buxari və Müslimin səhih kitablarında misallar çoxdur.
Əziz müsəlman qardaşlarım, dediyimiz misallarda sünnənin islam şəriətində necə mühüm rol oynaması açıq-aşkar görsənir. Biz, dediyimiz bu misallara nəzər salsaq görərik ki, sünnəsiz Quranı düzgün anlamaq mümkün deyildir. Mən hələ digər misallardan danışmıram.

Indi isə keçən misallara nəzər salaq:
Birinci misalda səhabələr ayədə deyilən "zülm" sözünü zahiri mənasına görə başa düşmüşdülər. Baxmayaraq ki, səhabələr İbn Məsudun dediyi kimi: "Səhabələr bu ümmətin ən fəzilətli, təmiz qəlbli, dərin elmli və az günah daşıyanları idilər". Lakin buna baxmayaraq onlar ayəni düzgün başa düşmədilər.
Əgər Peyğəmbər (s.a.v.) onların bu səhvini düzəltməsəydi və həmin zülmün şirk olduğunu açıqlamasaydı, biz də eyni səhvi edəcəydik. Lakin Allah təalə öz lütfü və Peyğəmbərinin (s.a.v.) sünnəsi ilə bizi bu xətadan qorudu.
Ikinci misalda deyilən hədis olmasaydı onda biz də, Peyğəmbərin (s.a.v.) səhabələrinin səfər zamanı əmin-əmanlığa çıxdıqda namazı qısaltmaq barəsində şübhə etdikləri kimi, şübhə edəcəydik. Baxmayaraq ki, səfər namazının qılınması üçün əminəmanlıq və ya qorxu şərt deyildir.
Üçüncü misalda deyilən hədis olmasaydı bizə halal olan çəyirtkə ilə balıq ölüsü, qara ciyər və dalaq kimi nemətlərdən məhrum olacaydıq.
Dördüncü misalda deyilən hədis olmasaydı onda biz Allahın bizlər üçün haram etdiyi, yırtıcı dişli heyvanları və caynaqlı quşları halal edəcəydik.
Beçinci misalda deyilən hədis olmasaydı onda biz Allahın Öz Peyğəmbərinin (s.a.v.) dili ilə kişilərə haram buyurduğu ipək və qızılı halal edəcəydik.
Bu baxımdan bəzi sələfilər demişlər: "Qurana sünnə ilə hökm verilir".



Quranla kifayətlənib sünnəyə ehtiyac duymayanların zəlalətdə olmaları:

Əfsuslar olsun ki, bəzi təfsirçilər və müasir yazıçılar Quranın zahirinə əsaslanaraq bütün yırtıcı heyvanların, həmçinin qızılı və ipəyi geyməyin də halal olmasını iddia edirlər. Hətta günümüzdə "Quranilər" deyilən azğın bir dəstə də mövcuddur. Onlar səhih sünnəyə üz tutmayaraq Quranı öz istəkləri və ağıllarına görə təfsir edirlər. Bu kəslər peyğəmbərin (s.a.v.) sünnəsini öz istəklərinə tabe edərlər. Onlar özlərinə sərf edən hədislərə əsaslanar, sərf etməyənləri isə tərk edərlər. Peyğəmbər (s.a.v.) səhih hədislərin birində belə insanlara işarə edərək buyurmuşdur: "Oturacağına dirsəklənmiş hər hansı birinizə mənim əmr etdiyim və ya qadağa qoyduğum bir iş barəsində söylənilərsə, onu: Belə bir şey bilmirəm! Biz yalnız Allahın kitabında gördüklərimizə tabe oluruq" - deyən görməyim" (Tirmizi).
Başqa rəvayətdə isə deyilir: "...Biz Quranda tapdığımız haramı haram hesab edirik" - deyən görməyim. Həqiqətən mənə, Quran və onun misli qədər verilmişdir!". Digər rəvayətdə isə deyilir: "Həqiqətən peyğəmbərin (s.a.v.) haram etdiyi, Allahın haram buyurduğu ilə eynidir".
Bəzi yazıçılar Islam şəriəti və əqidəsi haqda kitab yazmış və kitabın ön sözündə, onu yalnız Qurana əsaslanaraq yazdığını qeyd etmişdir.
Bu səhih hədis açıq-aydın dəlildir ki, islam şəriəti yalnız Quran deyil, Quran və sünnədən (səhih hədislərdən) ibarətdir. Kim onların birinə bağlanar və digərini tərk edərsə həqiqətdə heç birinə bağlanmış sayılmaz. Çünki onlar bir-birinə bağlanmalarını əmr edirlər. Allah təalə buyurur: "Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur..." (ən-Nisa: 80). "Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar." (ən-Nisa: 65). "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab: 36). "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin" (əl-Həşr: 7).
İbn Məsuddan (r.a.) bu ayə haqda rəvayət olunan hədis mənim çox xoşuma gəlir. Bir qadın İbn Məsudun yanına gəlir və deyir: Sən deyirsən ki: qaşını aldıran və qaş alan qadınlara Allah lənət etsin,...?" Ibn Məsud deyir: Bəli. Qadın deyir: Mən Allahın kitabını əvvəldən axıra qədər oxumuşam lakin sənin bu dediyini orada tapmamışam. Ibn Məsud deyir: Əgər sən həqiqətən Quranı oxusaydın onu tapardın. Sən bu ayəni: "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin" (əl-Həşr: 7) - oxumamısanmı? Qadın dedi: bəli oxumuşam. Sonra Ibn Məsud (r.a.) dedi: Mən Peyğəmbər (s.a.v.) belə buyurduğunu eşitdim: "Qaşını aldıran və qaş alan qadınlara Allah lənət etsin,..." (Buxari və Müslim).




Quranı anlamaq üçün ərəb dilinin kifayət etməməsi:

Ötən söhbətdən görünür ki, insan ərəb dilini nə qədər dərindən bilsə belə yenə də Quranı hədislərsiz başa düşə bilməyəcək. Çünki, ərəb dilini bilən adam Peyğəmbərin (s.a.v.) səhabələrindən daha gözəl ərəb dilinə yiyələnə bilməz. Belə ki, onlar Quranın öz dillərində nazil olmasına və dillərinin başqa dillə qarışmamasına baxmayaraq irəlidə qeyd etdiyimiz ayələri səhv başa düşmüşdülər. Təbii ki, buna səbəb onların ancaq dilə əsaslanmaları olmuşdur.
Ona görə də kim sünnəni daha gözəl bilərsə o, Quranı daha gözəl başa düşər və ondan hökmlər çıxara bilər. Kim də sünnəni bilməzsə bunu edə bilməz. Ümumiyyətlə sünnəyə əhəmiyyət verməyən adam isə heç vaxt buna nail ola bilməz. Ona görə elm adamları yekdilliklə belə bir qayda qoymuşlar: Quran, Quran və sünnə ilə təfsir edilir, sonra səhabələrin sözləri ilə... və i.a.
Bütün bunlardan sonra günümüzdə və keçmişimizdə mövcud olan fəlsəfəçilərin zəlalətə düşmələrinin və sələflərə əqidədə müxalif olmalarının səbəbləri aşkarlanır. Buna səbəb, sünnədən uzaq düşmək, onu dərk etməmək, Allahın ad və sifətlərini öz ağıllarına uyğun təfsir etmək və anlamaqdır. "Təhavi əqidəsinin şərhi" kitabının müəllifi Ibn Əbil-izz necə də gözəl buyurmuşdur:
"Dinin əsaslarını Quran və Sünnədən deyil, onun-bunun sözlərindən öyrənən adam bu haqda necə danışa bilər? Əgər o, öz elmini yalnız Qurandan aldığını iddia edərsə və onu anlamaq üçün alimlərin bizə nəql etdikləri Peyğəmbərin (s.a.v.) hədislərindən istifadə etməzsə, səhabələrin və tabiinlərin sözlərinə əhəmiyyət verməzsə etdiyi təfsirinə görə, hətta düz desə də günah qazanar. Çünki səhabələr və onların ardıcılları bizə yalnız Quranın oxunuş qaydalarını deyil, eyni zamanda mənalarını da çatdırmışlar. Onlar Quranı uşaqlar kimi öyrənməzdilər. Əksinə Quranı onun mənasını başa düşərək öyrənərdilər. Kim səhabələrin və onların ardınca gedənlərin yolu ilə getməzsə öz rəyi ilə danışmış olar. Öz rəyi ilə danışıb, bunu Allahın dini kimi təqdim edən, elmini Quran və sünnədən almayınca onun danışdıqları hətta düz danışsa da günah olar.
Kim elmini Quran və sünnədən götürüb səhv danışsa onun bir savabı olar. Əgər düz danışsa onun savabı ikiqat olar. Peyğəmbərə (s.a.v.) tam itaət etmək və onun əmrlərinə tabe olmaq, onun bizlərə gəlib çatan xəbərlərini təsdiqləmək və qəbul etmək, ağıl ilə ona zidd çıxmamaq, bu hədislərə şübhə etməmək, kiminsə rəyini və çirkab fikirlərini onun hədislərindən üstün tutmamaq vacibdir. Allahı ibadətdə, duada və təvəkküldə tək tutduğumuz kimi, Onun Peyğəmbərini (s.a.v.) vahid örnək və hakim tutmalı, tam itaətlə ona təslim olmalıyıq" (Təhavi əqidəsinin şərhi: səh: 212).
Yekun olaraq bildirirəm ki, gərək müsəlmanlar Quran ilə sünnəni bir-birindən ayırmasınlar və onların hər ikisini qəbul edib şəriəti onların üzərində qursunlar. Bu onların sağa və sola azmamaları və zəlalətə düşməmələri üçün zəmanət ola bilər. Bunu gözəl açıqlayan Peyğəmbər (s.a.v.) buyurmuşdur: "Mən sizə iki şeyi, Allahın kitabını və mənim sünnəmi qoyub gedirəm. Siz onların hər ikisindən sıx tutsanız heç vaxt zəlalətə düşməzsiniz. Bu iki şey hovuzda mənə yetişənə qədər bir-birindən ayrılan deyildir" (Malik və Hakim).
Xəbərdarlıq!!!
Itaət edilməsi vacib olan sünnənin səhih olmasını qeyd etmək yerinə düşərdi. Belə hədislər bizə səhih isnadlar və elmi yollarla gəlib çatmışdır. Onları bizə çatdıran, hədisi və hədislərin isnadlarında olan rəvayətçiləri gözəl tanıyan alimlərdir. Əməl olunması vacib olan səhih hədislərin mənbələri təfsir, fiqh, tərğib və tərhib kitabları deyildir. Çünki bu kitablarda kifayət qədər zəif, uydurma və inkar olunacaq hədislər mövcuddur. Hətta bu cür hədislərin bəziləri birbaşa islam dininə ziddir. Onlar haqda mən digər kitablarımda danışmışam. Lakin səhih hədislərin etibarlı mənbələri sırf hədis kitablarıdır. Mən zəif, uydurma və qondarma hədislərin bir çoxunu "Silsilətul əhədis əd-daifə vəl movduə və əsəruhə əs-seyyi fil umməh" kitabımda toplamışam.




Sünnəyə əsaslanmağın vacibliyi və ona müxalif olmağın haramlığı!

Əziz Qardaşlarım!
Əvvəlki müsəlmanlar yekdilliklə Peyğəmbərin (s.a.v.) sünnəsini islam şəriətinin bütün sahələrində Qurandan sonra ikinci və sonuncu elm mənbəyi olaraq tanımış və qəbul etmişlər. Onlar onu etiqadi, qeybi, əməli, siyasi və tərbiyəvi işlərdə örnək tutmuşlar. Rəy, ictihad və ya müqayisə ilə sünnəyə qarşı çıxmağı və ona müxalif olmağı isə haram hesab etmişlər. Imam Şafii (r.) "Risalə" kitabının sonunda demişdir: "Hədis olan yerdə müqayisə etmək olmaz". Buna bənzər bir sözü: "Hədis olan yerdə nəzəriyyə batildir", "Quran və sünnə olan yerdə ictihad edilməz" və sairəni indiki alimlər də qeyd edirlər. Bu qaydaların əsası Qurani Kərim və səhih sünnədir.
Qurani Kərim bizə Peyğəmbərin (s.a.v.) sünnəsi ilə mühakimə etməyi əmr edir. Bu haqda Quranda ayələr çox olduğundan mən onların bəzilərini sizə xatırladacağam. Həqiqətən xatırlatmaq möminlərə fayda verər!
Allah təalə buyurur: "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab: 36).
Allah təalə buyurur: "Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!" (əl-Hucurat: 1).
Allah təalə buyurur: "Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!" (Ali İmran: 32).
Allah təalə buyurur: "(Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər. Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik." (ən-Nisa: 79-80).
Allah təalə buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." (ən-Nisa: 59).
Allah təalə buyurur: "Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!" (əl-Ənfal: 46).
Allah təalə buyurur: "Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir)." (əl-Maidə: 92).
Allah təalə buyurur: "Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona “Muhəmməd, nə deyirsən?” yox, “Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!” – deyə cavab verin. Və ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!" (ən-Nur: 63).
Allah təalə buyurur: "Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!" (əl-Ənfal: 24).
Allah təalə buyurur: "Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)! Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir." (ən-Nisa: 13-14).
Allah təalə buyurur: "(Ya Rəsulum!) Sənə nazil edilənə (Qurana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər. Onlara: “Allahın nazil etdiyinə (Qurana) və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən." (ən-Nisa: 60-61).
Allah təalə buyurur: "Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır)." (ən-Nur: 51-52).
Allah təalə buyurur: "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin..." (əl-Həşr: 7).
Allah təalə buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzab: 21).
Allah təalə buyurur: "Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki, Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir." (ən-Nəcm: 1-4).
Allah təalə buyurur: "Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!" (ən-Nəhl: 44).
Bu haqda ayələr Qurani Kərimdə çoxdur.

Hər bir işdə Peyğəmbəri (s.a.v.) örnək götürməyə səsləyən hədislər:

Əbu Hureyrə (r.a.) Peyğəmbərin (s.a.v.) belə buyurduğunu deyir: "Mənim ümmətimin hamısı cənnətə daxil olacaq. Yalnız cənnəti istəməyənlər müstəsnadır." Səhabələr dedilər: kimlər istəməz? Peyğəmbər (s.a.v.) dedi: "Kim mənə itaət edərsə cənnətə daxil olar. Cənnəti istəməyənlər isə mənə asilik edənlərdir" (Buxari: Etisam kitabı).
Cabir Ibn Abdullah (r.a.) deyir: Peyğəmbər (s.a.v.) yuxuda olarkən mələklər onun yanına gəldilər. Onların bəziləri dedilər: O yatıb. Digərləri isə dedilər: Onun gözləri yatıb, qəlbi isə oyaqdır. Sonra bir-birlərinə dedilər: Sizin bu dostunuz haqda bir məsəl vardır. O, bir ev tikmiş kişiyə bənzəyir. Evi tikdikdən sonra orada qonaq süfrəsi açır. Sonra qonaqları çağırmaq üçün bir nəfər göndərir. Kim bu çağırışa cavab verərsə evə daxil olar və yeməkdən yeyər. Çağırışa cavab verməyənlər isə evə daxil olmaqdan və yemək yeməkdən məhrum olarlar. Onlar dedilər: Yuxunu açıqlayın ki, o başa düşsün. Digərləri isə dedilər: Onun gözləri yatmış, qəlbi isə oyaqdır. Sonra yuxunu açıqlayaraq dedilər: Ev cənnətdir. Çağıran isə Məhəmməddir. Kim Məhəmmədə itaət edərsə Allaha itaət edər, Məhəmmədə asi olan isə Allaha asi olar. Məhəmməd (mömin ilə qeyri mömin) insanları bir-birindən fərqləndirir" (Buxari).
Əbu Musa (r.a.) Peyğəmbərin (s.a.v.) belə buyurduğunu rəvayət edir: "Mən və Allahın mənimlə göndərdiyinin misalı, bir tayfa arasına gəlib: "Ey Qövmim! Mən öz gözlərimlə qoşun gördüm. Mən sizləri açıq-aşkar xəbərdar edirəm. Özünüzü qurtarın. Qövmünün bir hissəsi onun sözünü dinləyib, arxayınlıqla həmin yerdən uzaqlaşır, digər hissəsi isə onun bu xəbərini təkzib edir və olduqları yerdə qalırlar. Deyilən qoşun da gəlib onların hamısını məhv edir" - deyən kişiyə bənzəyir. Bu misal mənə itaət edən və mənim buyurduqlarıma tabeçilik göstərən və mənə asi olub buyurduğum haqqı yalan hesab edən adama bənzəyir" (Buxari və Müslim).
Əbu Rafi (r.a.) Peyğəmbərin (s.a.v.) belə buyurduğunu rəvayət edir: "Oturacağına dirsəklənmiş hər hansı birinizə mənim əmr etdiyim və ya qadağa qoyduğum bir iş barəsində söylənilərsə, onu: Belə bir şey bilmirəm! Biz yalnız Allahın kitabında gördüklərimizə tabe oluruq" - deyən görməyim" (Əhməd, Əbu Davud, Tirmizi, İbn Macə və b.).
Miqdəm İbn Mədikərb (r.a.) Peyğəmbərin (s.a.v.) belə buyurduğunu rəvayət edir: "Həqiqətən mənə Quran və onun misli qədər verilmişdir. Qarnı tox olan bir kişinin dirsəklənərək: "Siz yalnız bu Quranı götürün. Orada tapdığınız haramları haram edin" – deməsinə az qalıbdır. Həqiqətdə isə Peyğəmbərin (s.a.v.) haram buyurduğu Allahın haram buyurduğu ilə eynidir. Məgər ev eşşəkləri, yırtıcı dişli vəhşi heyvanlar və müəyyən adamın tapdığınız haqqı sizlərə haram deyilmi? Yalnız həmin adam öz haqqından keçdikdə bu sizə halal ola bilər. Kim bir qövmin qonağı olarsa ona yemək, içmək verməlidirlər. Əgər onlar onu qəbul etməsələr onda həmin qonaq da onlara qarşı baxımsızlıq edə bilər" (Əbu Davud, Tirmizi, Hakim və Əhməd).
Əbu Hureyrə (r.a.) Peyğəmbərin (s.a.v.) belə buyurduğunu rəvayət edir: "Mən sizə iki şeyi, Allahın kitabı və mənim sünnəmi qoyub gedirəm və siz onların ikisindən sıx tutsanız heç vaxt zəlalətə düşməzsiniz. Bu iki şey hovuzda mənə yetişənə qədər bir-birindən ayrılan deyildir" (Malik və Hakim).




Ötən ayə və hədislərin daşıdıqları mənalar:

Allahın və Onun rəsulunun hökmü arasında heç bir fərq yoxdur. Mömin insan bu əmrin heç birinə qarşı çıxmamalıdır. Çünki Peyğəmbərin (s.a.v.) buyurduqlarına itaətsizlik etmək, Allaha itaətsizlik etməkdir. Bu isə açıq aydın zəlalətdir.
Allah təalədən önə keçmək qadağan olduğu kimi, Peyğəmbərdən (s.a.v.) də önə keçmək olmaz. Bu, Peyğəmbərin (s.a.v.) sünnəsinə itaət etmək mənasını verir. Ibn Qeyyim (r.) "Elam əl-Muvaqqiin" kitabı (1\ 58)-də Peyğəmbərdən (s.a.v.) önə keçməyi açıqlayaraq deyir: yəni, "Ondan əvvəl danışmayın, o əmr verməmiş əmr verməyin, o fətva verməmiş fətva verməyin, onun əmri olmadan bir işdən əl çəkməyin".
Peyğəmbərə (s.a.v.) itaət etməkdən boyun qaçırmaq kafirlərin xüsusiyyətlərindəndir.
Peyğəmbərə (s.a.v.) itaət edən Allah təaləyə itaət etmiş sayılır.
Din məsələlərində bir ixtilaf və ya fikir ayrılığı baş verdikdə Allaha və Onun Peyğəmbərinə (s.a.v.) dönmək lazımdır. Ibn Qeyyim (r.) "Elam əl-Muvaqqiin" kitabında (1\ 54) deyir: "Allah təalə Özünə və Peyğəmbərinə (s.a.v.) itaət etməyi əmr edir. Həmin ayədə Peyğəmbərə itaətin müstəqil olmasını açıqlamaq üçün ayədə itaət felini təkrarən vurğulamışdır. Bununla bildirmək istəyir ki, Quranda olub-olmamasından asılı olmayaraq, Peyğəmbərin (s.a.v.) əmr etdiyi hər bir əmrə dərhal itaət edilməlidir. Çünki Peyğəmbərə (s.a.v.) Quran və onun misli qədər verilmişdir. Peyğəmbərin (s.a.v.) itaətini qeyd etdikdən sonra əmr sahiblərinə itaəti qeyd edərkən daha itaət felini təkrarən vurğulamamışdır. Bu onu bildirir ki, əmr sahinlərinə itaət Peyğəmbərə (s.a.v.) itaət çərçivəsində olmalıdır. Alimlər yekdilliklə, "Allaha həvalə etmək" sözünün mənasının Allahın kitabına, "Peyğəmbərə həvalə etmək" sözünün mənasının isə sağlığında onun özünə, vəfatından sonra isə onun sünnəsinə (səhih hədislərinə) müraciət etmək olduğunu bildirirlər. Bu, imanın şərtlərindəndir".
Peyğəmbərin (s.a.v.) sünnəsini tərk etmək və bununla razılaşmaq islam ümmətini və onun qüvvətini məhv etməkdir.
Peyğəmbərə (s.a.v.) müxalif olmaqdan çəkinmək lazımdır. Çünki bunun həm dünyada həm də axirətdə pis aqibəti olacaqdır.
Peyğəmbərin (s.a.v.) sünnəsinə müxalif olanlar bu dünyada fitnəyə, axirətdə isə şiddətli əzaba layiqdirlər.
Peyğəmbərin (s.a.v.) dəvətini qəbul etmək və əmrlərinə itaət etmək vacibdir. Bu dünya və axirət həyatının xoşbəxtliyinə nail olmağa səbəbdir.
Peyğəmbərə (s.a.v.) itaət etmək cənnətə daxil olmağa və zəfər çalmağa səbəbdir. Ona müxalif olmaq isə cəhənnəmə atılmağa və alçaldıcı əzaba düçar olmağa səbəbdir.
Peyğəmbəri (s.a.v.) və onun sünnəsini öz aralarında hakim etmək deyiləndə ondan üz çevirib ona qarşı çıxmaq, islamı təzahür edib, küfrü daxillərində daşıyan münafiqlərin xüsusiyyətlərindəndir.
Möminlər münafiqlərin tam əksini edirlər. Onlara Peyğəmbəri (s.a.v.) və onun sünnəsini hakim etmək deyəndə dərhal itaət edər və "Eşitdik və itaət etdik!" - deyərlər. Bununla onlar nicat tapar və nəim cənnətlərinə qovuşarlar.
Peyğəmbərin (s.a.v.) buyurduğu hər bir əmrə itaət etmək, qadağan etdiklərindən də çəkinmək bizə vacib edilmişdir.
Peyğəmbər (s.a.v.) Allaha və axirət gününə inanıb nicat tapmaq istəyən hər bir kəsin, bütün dini işlərində örnəyi olmalıdır.
Peyğəmbərin (s.a.v.) dinə və qeybə aid buyurduğu hər bir söz Allahın ona nazil etdiyi vəhydəndir. Batil onun ön və ya arxa tərəfindən gələ bilməz.
Sünnə ona nazil olan Quranın açıqlamasıdır.
Quranın sünnəyə ehtiyacı vardır. Həqiqətdə sünnəyə itaət etmək Qurana itaət etmək kimi vacibdir. Sünnədən üz döndərən adam Peyğəmbərə (s.a.v.) müxalif və itaətsizdir. Bu əməli ilə o, ötən ayələrə müxalifdir.
Peyğəmbərin (s.a.v.) haram etdiyi, Allah təalənin haram etdiyi kimidir. Həmçinin Quranda olmayan, Peyğəmbər (s.a.v.) kəlamları Allahın buyurduqlarıdır. Çünki Peyğəmbərə (s.a.v.) Quran və onun misli qədər verilmişdir.
Zəlalət və sapqınlığa düşməmək üçün zəmanət yalnız Quran və sünnədir. Bu, qiytamətə qədər davam edəcək bir düsturdur. Ona görə də Quran ilə Peyğəmbərin (s.a.v.) sünnəsini biri-birindən ayırmaq olmaz.





Bütün nəsillərin, əqidə və əhkamda sünnəyə itaət etmələrinin vacibliyi:

Əziz Qardaşlarım! Əvvəldə, Quran və sünnədən gətirdiyimiz sübutlar bütün dini işlərdə Peyğəmbərin (s.a.v.) sünnəsinə itaət etməyin vacibliyini vurğulayır. Kim onun sünnəsini hakim seçməyə və ona itaət etməyə razı olmursa o, mömin deyildir. Mən, iki əhəmiyyətli nöqtəni sizin nəzərinizə çatdırmaq istəyirəm, onlar:
Birinci: Bu dəlillər qiyamətə qədər Islam dəvəti çatmış hər bir kəsə aiddir. Bu iki ayədə "Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu" (əl-Ənam: 19), "(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik" (Səba: 28) - sözləri ilə, açıq-aşkar qeyd olunur. Peyğəmbər (s.a.v.) bu ayələri hədisdə açıqlayaraq buyurmuşdur: "Əvvəlki Peyğəmbərlər yalnız öz tayfalarına göndərilirdilər, mən isə bütün insanlara göndərilmişəm" (Buxari və Müslim). Digər hədisdə deyilir: "Nəfsim əlində olana and olsun! Bu ümmətdən yəhudi və ya xaçpərəst olan bir kişi mənim haqqımda eşidib iman gətirməzsə, o mütləq cəhənnəm əhlindən olar" (Müslim və b.).
Ikinci: O, bütün dini işləri əhatə edir. Bunun əqidə və ya əməli hökm olmasının heç bir fərqi yoxdur. Əgər bir səhabə Peyğəmbərin (s.a.v.) buyurduğu əmri bir nəfər vasitəsi ilə eşitdikdə ona itaət etmək vacib olurdusa, eləcə də bir nəfər səhabədən eşidən tabiinə də həmin xəbərə itaət etmək vacib olurdu. Həmçinin səhabə əqidə məsələsində bu hədis bir nəfərdən eşidilən "Əhəd" hədisdir deyərək sünnəni rədd etməzdi. Səhabə və tabiinlər belə olduqları halda biz nə əsasla bu gün sünnəni bu hədis bir nəfərdən eşidilən "Əhəd" hədisdir deyərək rədd edə bilərik! Əslində bizim üçün həmin hədisi xəbər verən adamın etibarlı olması kifayətdir. Bu əməl qiyamətə qədər belə davam etməlidir. Çünki səhabələr, tabiinlər və müdrik alimlər bu fikrindədilər.


Xələf alimlərin sünnə ilə hökm vermək əvəzinə ona hökm etmələri:

Səhabə və tabiinlərdən sonra sünnəyə fikir verməyən bir tayfa meydana çıxdı. Bunun səbəbi isə bəzi fəlsəfə, fiqh və usul alimlərinin özlərindən müəyyən qaydalar qoymaları idi. Bunun nəticəsində sünnənin bir çox hissəsində şübhələr yaratdılar. Onlar sünnənin bir hissəsini həmin qaydalara zidd olduğuna görə rədd etdilər. Onlar Quran ayəsində deyilən "Peyğəmbəri hakim tutmaq" mənasına əsaslanmaq əvəzinə, Peyğəmbərin (s.a.v.) sünnəsini öz qayda-qanunlarına tabe etdilər. Bundan sonra öz qaydalarına uyğun olanı götürür, digərlərini isə rədd edirdilər. Bu səbəblərə görə Peyğəmbərlə (s.a.v.) müsəlmanlar arasında əlaqə kəsildi. Onlar Peyğəmbəri (s.a.v.) tanımayaraq onun əqidəsindən, həyatından, ibadətindən, orucundan, namazından və həccindən bixəbər oldular. Sən onlardan bu hökmlər haqda soruşduqda sənə zəif və ya uydurma hədislə, yaxud filankəsin məzhəbində belədir deyərək cavab verərlər. Onların bu rəylərinin səhih hədisə müxalif olduğunu dedikdə isə buna əhəmiyyət verməzlər. Çünki mövcud şübhələr buna imkan vermir. Ümumiyyətlə bütün bunların səbəbi dediyimiz o qayda-qanunlardır. Inşallah fəslin axırında onların bəzilərini qeyd edəcəyik.
Bu bəla hətta əsrimizdə olanlara da yetişmişdir. Günümüzdə olan kitablar, dini jurnal və qazetlərin əksəriyyəti Quran və sünnə əsasında yazmır və onunla fətva vermirlər. Bu işdə çox az insanlar müstəsna ola bilər. Bu gün çox insanlar dörd məzhəbə əsaslanırlar. Çətinliyə düşdükdə bir məzhəbdən digərinə üz tuturlar. Lakin Peyğəmbərin (s.a.v.) sünnəsini isə təmamilər unudurlar. Demək olar ki, çox vaxt sünnəyə heç nəzər belə salmazlar.
Günümüzdə sünnənin qəribliyi:
Sünnənin qəribləşməsinə dəlil olaraq islami jurnalların birində yazılmış məqaləni qeyd etmək olar. Orada belə bir sual verilir: "Quyamət günü heyvanlar diriləcəklərmi?" Cavab isə belə olmuşdur: "İmam əl-Alusi təfsirində demişdir: Bu haqda Quran və sünnədən heç bir dəlil yoxdur. Dirilənlər yalnız insanlar və cinlər olacaqlar".
Bu, həmin suala verilən cavabdır. Bu çox qəribə və təəcüblüdür. Indiki vaxtda bəzi elm adamlarının bildikləri və yetişdikləri elmi səviyyə budur. Əslində bu məsələ haqda bir neçə səhih hədis vardır. O hədislərdə, heyvanların da həşr olunacaqları, birinin digərindən öz qisasını alacağı qeyd olunur. Belə hədislərdən Müslimin səhih kitabında qeyd etdiyi rəvayətdir: "(O gün) Hamı haqqları öz sahiblərinə qaytaracaqdır. Hətta buynuzlu qoçdan buynuzsuz qoçun qisası da alacaqdır". Digər rəvayətlərdə deyilir ki, kafir qiyamətin bu şiddətini gördükdə: "kaş ki mən də torpaq olaydım" deyəcəkdir:
Indi isə sizə xələf alimlərinin sünnəyə müxalif olaraq qoyduqları qayda və qanunların bəzilərini xatırladım.
1.Bəzi kəlam alimləri deyirlər: Əhəd (yəni, bir nəfərdən eşidilən) hədislər əqidədə qəbul olunmur. Hətta günümüzdəki bəzi islam dəvətçiləri deyirlər ki, əhəd hədisləri əqidə məsələlərində qəbul etmək olmaz və bu haramdır.
2.Məzhəblərin özləri üçün qoyduqları bəzi qanunlar:
a.Qiyası əhəd hədislərdən üstün tutmaq.
b.Qaydalara zidd olan əhəd hədislərin rədd olunması.
c.Quranda deyilən hansısa hökmə hədisdə əlavə edilməsini, bu nəsx olunub (hökmü ləğv olunub) deməklə rədd etmək. Çünki onlara görə hədis Quranı nəsx edə bilməz.
d.Ziddiyyət olduqda ümumi dəlilləri xüsusi dəlillərdən önə çəkmək. Yaxud, "Əhəd" hədislə Quranın ümumi ifadəsini xüsusiləşdirməyə icazə verilməməsi.
e.Mədinə şəhərinin əhalisinin rəyini səhih hədisdən üstün tutmaq.
3.Təqlid etmək və onu özünə məzhəb seçmək.
Mənim toplayıb oxucuya çatdırmaq istədiyim bunlar idi.
Əgər doğru demişəmsə bu Allahdan, səhv demişəmsə nəfsimdəndir. Allah bizi hər bir çirkin əməldən qorusun!
Son duamız Allaha həmd sənalardır.
Yazan: Məhəmməd İbn Nasir əd-Din əl-Əlbani
(Allah ona rəhmət etsin!).


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 690 Bölmə: Maraqlı melumatlar