beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruc fəziləti...

Peyğəmbər (s) söyləmişdir ki, Allah-Taala buyurur: “Hər bir xeyirxah işin 700-ə qədər savabı vardır. Onlardan fərqli olaraq orucun öz savabı vardı. O Mənə məxsus olduğu üçün savabını da Mən Özüm verəcəm” (“Sünəni Nisai”, cild 4).

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir hədisdə deyilir ki, Allah-taala buyurur: “Adəm övladlarının orucdan başqa gördükləri hər bir əməl onların özlərinə aiddir. Oruc isə Mənə aiddir və onun mükafatını da Mən Özüm verəcəyəm. Dünyada silahla özünüzü qoruduğunuz kimi, oruc da qiyamət günü möminləri (axirətin əzabından) hifz edib qoruyar. Bu bir həqiqətdir ki, oruc tutan şəxsin ağzından gələn iy Allah üçün müşk iyindən daha gözəldir. Oruc tutan şəxslər iki dəfə sevinərlər: İftar etdikləri və məhşərdə Allahla görüşüb onları cənnətə daxil etdiyi zaman” (“Biharul-ənvar”, cild 96, bab 30).


Peyğəmbər (s) buyurmuşdur: “Oruc tutmağı sizlərə tövsiyə edirəm, çünki oruc cəhənnəm odunun qarşısında sipərdir. Əcəl sizləri haqladığı zaman ac ola bilirsinizsə, belə edin” (“Biharul-ənvar”, cild 96, bab30).

Peyğəmbər (s) buyurmuşdur: “Oruc tutan şəxsin yatmağı ibadət, aldığı nəfəs isə təsbihdir (Allahı zikr etmək)” (“Biharul-ənvar”, cild 96, bab30).

Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən Allah Öz mələklərinə oruc tutan şəxslərə dua etmələrini əmr etmişdir” (“Biharul-ənvar”, cild 96, bab30).

Əbu Ümamə deyir ki, Peyğəmbərə (s) dedim: “Ey Allahın elçisi, mənə elə bir şey əmr et ki, onunla Allah məni mükafatlandırsın”. O Həzrət isə cavabında buyurdu: “Sənə orucu tövsiyyə edirəm, çünki onun (savabda) tayı-bərabəri yoxdur” (“Sünəni Nisai”, 43).

Səhl ibn Sad rəvayət edir ki, Həzrəti Peyğəmbər (s) buyurdu: “Cənnətdə “Rəyyan” adlanan bir qapı var. Oradan ancaq oruclular keçər. Oruclular keçdikdən sonra qapı bağlanar və heç kim keçə bilməz” (“Səhih Buxari”, Bədül-haqq 9; “Səhih Müslim”, 1152).

Həzrəti Peyğəmbər (s) buyurmuşdur: “Oruc tutan şəxs müsəlman bir şəxsin qeybətini etməyincə, yatağında olsa belə, Allaha ibadət etmiş olur” (“Biharul-ənvar”, cild 96, bab 30).

Həzrəti İmam Əli (ə) buyurmuşdur: “Allah-taala orucu insanların imanlarının sınağı üçün vacib etmişdir” (“Nəchül-Bəlağə”, hikmət-252).

Həzrəti İmam Əli (ə) buyurmuşdur: “Oruc tutan şəxsin yuxusu ibadət, sükutu isə Allaha zikrdir. Onların duası qəbul, gördüyü əməllərin savabı isə neçə bərabərində veriləcəkdir” (“Biharul-ənvar”, cild 96, bab 30).

Həzrəti Fatimeyi Zəhra (ə) buyurur: “Allah-taala orucu insanların öz imanlarında möhkəm və sabit olmaları üçün vacib etmişdir” (“Biharul-ənvar”, cild 96, bab 30).

Həzrət Əli ibni Musa Rza (ə) buyurur ki, Orucun möminlərə nə üçün vacib olduğunu soruşsanız, cavabında sizlərə deyiləcək: “Yoxsulların aclıq və susuzluqlarını dərk edib özlərinin qiyamət günü əli boş olduqlarından agah olmaları üçün. Bu ilahi hökmün vacib olmasının səbəblərindən biri də oruc tutan şəxsin özünü Allah qarşısında kiçik və Ona möhtac olduğunu görməsidir. Orucluğun aclıq və susuzluğuna səbr edən iman sahibləri Allah rizasını qazanıb axirət dünyasının mükafatına nail olarlar. Bütün bunlarla yanaşı, möminlər oruc tutduqları müddət ərzində yoxsulların keçirdikləri ağır həyat tərzini özlərində yaşadır, qəzəb və şəhvət kimi şeytani xislətləri özlərindən uzaqlaşdıraraq mənəvi saflığa nail olurlar. Eyni zamanda möminlərin çəkdikləri zəhmət və məşəqqət onları yoxsul təbəqəyə maddi yardım etməyə sövq edir” (“Biharul-ənvar”, cild 96, bab 46).

İmam Sadiq (ə) buyurmuşdur: “«Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin» ayəsindən məqsəd, Ramazan ayının orucudur” (“Üsuli Kafi”, cild 6).

İmam Sadiq (ə) buyurmuşdur: “Oruc onun üçün vacib edilmişdir ki, varlı və yoxsul bərabər olsun. Çünki varlılar istədiklərini çətinlik çəkmədən əldə edir və aclığın nə olduğunu təsəvvür belə etmirlər. Varlıların, yoxsulların çətinliklərini dərk edib hallarına yanması və aralarında bərabərliyin bərqərar olunması üçün oruc vacib edilmişdir” (“Biharul-ənvar”, cild 96, bab 46).

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Oruc tutmaq tək yemək yeməməkdən və su içməməkdən ibarət deyildir, insan gözü, qulağı, övrəti, ümumiyyətlə gördüyü bütün işlərlə oruc tutmalı və özünün şəhvət və nəfsani istəklərinə qalib gəlməyi bacarmalıdır. Bacardıqca az danışmalı və öz xidmətçilərinə qarşı olduqca mülayim olmalıdır” (“Vəsailüş-şiə”, cild 7).

İmam Rza (ə) buyurur: “Oruc tutduğunuz zaman qulağınız, gözünüz, dəriniz və tükləriniz də oruc tutmalıdır” (“Biharul-ənvar”, cild 96, bab-36)


Tarix: 03.01.2013 / 14:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 880 Bölmə: Maraqlı melumatlar