beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dost-

İnsan güvənmədiyi ilə dost ola bilməz. Güvənmək üçün isə mütləq tanımalıdır. Tanımaq üçün bəzən Onunla birlikdə yol getməlidir. Dost dediyin yolda tanınar.
“Qardaşın kimdir?” sualına “yol yoldaşı olmamışıq” deyirik e... Bax, eləcə dost dediyinlə yol yoldaşı olmalısan. Dost yolda tanınar. Başınıza bir bəla gəldiyində yol yoldaşın arxana deyil önünə keçsə, bir səhrada yol gedərkən su bardağındakı sonuncu bir qurtum suyu sənə verib özü susuz qalsa, bir tikə çörəyini səninlə bölüşsə, sənə özündən çox qayğı göstərsə deməli güvənilməyə layiqdir. Deməli onu özünə dost seçə bilərsən. Canını, malını, həyatı və ölümü səninlə bölüşə bilirsə, o zaman heç düşünmədən qərarını ver: "BU, MƏNİM DOSTUMDUR!" de.
Yol yoldaşı olmaq, həyatda da, axirətdə də bərabər olmaqdır. Bu dünyada seçdiyin dostun o dünyada da səninlə olacaq. Axı sən iki dünyanın sakinisən. Bir dünya üçün özünə dost seçə bilməzsən. Ona görə də papağını qabağına qoy və fikirləş ki, axirətdə yanında kimi görmək istəyirsən?!
Əgər sən ALLAHla yola çıxırsansa və ya ALLAH deyib yola çıxırsansa deməli yolu və dostu tapmısan. Yol yoldaşı ALLAH olana kim nə edə bilər ki? Əgər sən dost olaraq Onu özünə vəkil seçmisənsə müjdələr olsun sənə ki, hidayət üzrəsən. Bu yolda yürüdükcə, dost dediyin də ALLAH olduqca nicat tapanlardan olacaqsan.
Deməli artıq sən siratil müstəqimə qədəm qoymusan. Bu yol uzun və şərəfli bir yoldur. Əvvəli hidayət, sonu Salamdır. Yol yoldaşın ALLAHdır. Onu dinləmək istəyəndə mesajını (Quran) oxuyursan, Onunla danışmaq istəyəndə namaz qılırsan. Və yəqinliklə əminsən ki, sənin hər bir sözünə qarşılıq verir, səni eşidir, sənə yardım edir. Çaşanda, büdrəyəndə əlindən tutur. Axı O, həm də Rəbbdir. Günahlarını bu dünyada sənə xatırladır ki, axirətdə yükün az olsun. Yükünü xəfiflədərək bu yolda yeriməyini asanlaşdırır.
Susuz olanda suyu ayaqlarına gətirir.
Ac olanda ruzini qapına göndərir.
Dərdli olanda Onunla təsəlli tapırsan.
Xəstələnəndə Şəfa verir.
Bir sözlə, Onun sənə vediyi bütün dərd və bəlalar sənin sevgində səmimiliyini yoxlamaq üçündür. Əgər sən səmimisənsə, bu dərd dediyin şeylər Ondan gəldiyi üçün sənə nemət olacaq. Biləcəksən ki, bütün bunlar səni sevdiyi, səni unutmadığı üçündür.
Axı O, sənin dostundur. Dostun!
Bir dərdin olanda arxayınlıqla Ona deyə bilərsən. Səni dinləyəcək, sənə yardım edəcək yeganə güc və qüvvət sahibi yalnız ODUR. Yalnız O, səni anlayacaq və başqaları sadəcə dinləyirsə, O, həm də yardım edəcək.
Axı O, sənin dostundur. Dostun!
Əminsən ki, O hər zaman səni dinləyəcək və yardım edəcək. Bir günahına görə səndən üz çevirməyəcək. Bağışla deyən kimi bağışlayacaq.
Səni hər kəsin tənəsindən, qınağından, qeybətindən... qoruyacaq. Çünki dostusan. Sən Onu özünə dost seçdiyin üçün O da səni dost seçib. Səni də qullarının siyahısına salıb. Qullarına verdiyi vədi sənə də verib. Onu dost seçdiyin üçün sənə cənnətini vəd edib.
Dostu ALLAH olanın ən böyük qazancı Onun yardımı ilə əzəli və qiyamətə qədər sənə düşmən olan Şeytandan qorunacaqsan. Onun vəsvəsəsindən ALLAHa sığınmaqla ALLAHın qarantiyası altında olursan.
Onun sənə bir mesajı, düşməninə isə bir təhdidi var: “Müttəqilər üzərində heç bir hökmün yoxdur!” Səni zəmanəti altına alaraq düşməninə də bir ultumatum göndərib: “Qullarıma gücün çatmayacaq”. Gücün çatdıqları isə onsuz da qulum olmayıblar. Onun sənə qulum deməsi səni əzizləməsidir.
Çünki qulum dedikləri yalnız sevdikləridir.
Sən Ona əl uzadacaqsan. O da Ona uzanan əli boş qaytarmayacaq.
Sən Ona dönəcəksən. O da hər yerdə sənin yanında olacaq.
Sən yalnız Onu razı edəcəksən. O da mütləq səni razı edəcək.
Sən bu dünyada Onu razı etdiyin üçün O da axirətdə səni razı edəcək.
Sən bu dünyada dost olaraq sadəcə Onu seçəcəksən. O da səni axirətdə seçəcək.
Axı O, sənin dostundur. Dostun!

O sənə Özünü tanıtdı.
O sənə Quran adlı bir mesaj yolladı.
O sənə DOSTLUĞUNU təklif etdi.
O səni seçdi, məxluqatın əşrəfi etdi.
Sən də Onu seçməklə əbədi səadətini, istiqbalını qazandın.
İkili dünyanın sakini olduğunu bilirsən.
Ona görə də özünə elə dost seç ki, axirətdə də səninlə olmasından məmnun olasan.

. “Məgər bilmirsiniz ki, göylərin və yerin səltənəti (hökmranlığı) yalnız ALLAHa aiddir və sizin ALLAHdan başqa bir dostunuz və yardımçınız yoxdur?!” (Bəqərə, 107)


Tarix: 07.06.2013 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 313 Bölmə: Maraqlı melumatlar