beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

(Qadınlara Tövsiyə ) KİÇİK GÜNAHLARDAN ÇƏKİNMƏK BARƏDƏ XƏBƏRDARLIQ

Aişə (r.anha)Peyğəmbərin (s.a.v) ona belə tövsiyə etdiyini deyir: "Ey Aişə, kiçik günahlara qarşı diqqətli ol. Belə günahları qeydə almaq üçün Allahın xüsusi mələkləri vardır."
(İbn Macə: ? 4243. Səhihdir.)

Müsəlman bacım!

Peyğəmbərin (s.a.v) möminlərin anası Aişəyə ل etdiyi tövsiyəsi belədir. Əksər insanların kiçik günahlardan qafil olduqlarını nəzərə alsaq, bu çox dəyərli tövsiyədir.
Ənəs (r.a) Peyğəmbərin (s.a.v) vəfatından sonra belə demişdir: "Siz gözünüzə tük qədər kiçik görünən əməllər edirsiniz. Halbuki biz Peyğəmbərin (s.a.v) vaxtında belə əməlləri böyük günah kimi qəbul edirdik."
(Buxari: ? 6127.)
Mömin bacım!

Əgər Ənəs bu sözlərini hələ sağ qalmış səhabələrin və tabiinlərin vaxtında deyirdisə, bu gün yaşayan müsəlmanları görsə nə deyərdi?!
Müsəlmanların Allahın haqqına laqeyd yanaşdıqlarını görəndə mömini kədər hissi boğur.
Müsəlman bacım! Ummu Dərda adlı qadın əshabə gör nə deyir?
"Bir gün Əbu Dərda qəzəbli halda evə daxil oldu. Mən ondan: "Sənə nə olub?" – deyə soruşdum. O dedi: "Allaha and olsun, mən bu adamlarda namazı birlikdə qılmaqdan başqa Muhəmməd peyğəmbərdən (s.a.v) heç bir əsər-əlamət görmürəm."
(Əhməd: Zuhd kitabı, səh 172.)
Görəsən Əbu Dərda (r.a) bu gün insanları görsəydi nə deyərdi?!
İmanında sadiq olan mömin qadın etdiyi günahına baxıb bu kiçik günahdır, bəsit bir işdir deyib laqeydlik göstərməz. Əksinə hər bir günahına görə Allahın əzabından qorxar, cəhənnəm atəşinin ağrı-acısını, cənnətdən məhrum ola biləcəyini fikirləşib ağlayar.
Bilal ibn Səd adlı zahid bir nəfər demişdir:
"Sən etdiyin günahın kiçikliyinə deyil, kimə asi olduğuna diqqət yetir."
(Əhməd: Zuhd kitabı, səh 460.)

Sadiq mömin ehtiyatlı olar, Rəbbinin əzabından qorxar. Ona görə də daim Allaha itaət edər, xeyirxah işlər görər.
Qədimdə yaşayan Əbu Cəfər əs-Səih adlı bir nəfər deyir: "Abidlik edən bir qadın var idi. O hər gün yüz rükət duha namazı qılırdı. Gecələr də namaz qılar, istirahət etməz və ərinə belə deyərdi: Vay sənin halına, oyan! Nə qədər yatacaqsan? Nə vaxta qədər qəflətdə qalacaqsan? Mən sənə and vermişəm ki, qazancını yalnız halal et. Sənə and vermişəm ki, mənə görə cəhənnəmə düşənlərdən olma. Anana qarşı xoş davran, qohumluq əlaqələrini qoru. Onlardan üz döndərmə ki, Allah da səndən üz döndərməsin."
(İbn əl-Covzi: Sifət əs-safvə: 4/437.)

Bax abidlik edən müsəlman qadın belə olar. Dünya və axirət işlərində ərinə yardım edər.
Bu gün Allahın rəhm etdiyi qadınlar istisna olmaqla, əksər müsəlman qadınların kiçik günahlara əhəmiyyət vermədiyini, hətta gecə-gündüz böyük günahlar etdiklərini görürük. Bu hala düşmüş insanlar birinci mərhələdə günahları kiçik hesab edirlər. Amma bilmirlər ki, insan günahı nə qədər kiçik hesab edərsə, Allah qatında həmin günah bir o qədər böyük olar. Bu minvalla insan kiçik günahlardan böyük günahlara tərəf addımlayır.
Ey müsəlman qadın! Sən mütləq kiçik günahlardan uzaqlaşmalısan ki, böyük günahlara düşməyəsən.
Sən böyük günahlardan uzaqlaşsan, kiçik günahlardan isə tövbə edib peşmançılıq hissi keçirsən, öz-özünə "Günah nə qədər kiçik olsa da, Allah qatında böyükdür" – deyib fikirləşsən, Allah Öz geniş mərhəməti ilə səni bu peşmançılığına və düşüncənə görə bağışlayar. Uca Allah buyurur:
31 - Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq. (ən-Nisa: 31).
Başqa ayədə isə belə deyilir:
37 - O kəslər ki, böyük günahlardan, rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar. (əş-Şura: 37).
Uca Allah digər ayədə belə buyurur:
32 - (O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır... (ən-Nəcm: 32).
Haqqında danışılan bu dəyərli tövsiyəni bitirmədən öncə belə bir sual düşünə bilərsən: "Məgər kiçik günahlar da digər günahlar kimi bağışlanmır?!"
Biz yalnız Allahın geniş rəhmət sahibi olduğunu, istədiyini bağışladığını deyə bilərik. Amma bilməlisən ki, kiçik günahlar üst-üstə yığılıb insanı məhv edər, cəhənnəmə aparar. Allah bizi və sizi bu kimi sonluqdan uzaq etsin.

Peyğəmbərin (s.a.v) əshabələri də sənin kimi zənn edirdilər deyə Peyğəmbər (s.a.v) bu işin nə qədər təhlükəli olduğunu onlara çatdırmaq istədi. Səhl ibn Sədin (r.a) rəvayətinə görə Peyğəmbər (s.a.v) belə demişdir:
"Kiçik günahlardan qorunun. Kiçik günahlar çöllükdə çör-çöp yığan bir dəstə adama bənzəyir. Hərə bir dəstə çör-çöp gətirib od qalayır və yemək bişirirlər. Kiçik günahlar da (üst-üstə toplanıb insanı) belə həlak edir."
( Əhməd: 5/ 331. Səhihdir.)


Tarix: 05.05.2013 / 15:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar