beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı-Dəvətin qarşısını almaq üçün müxtəlif yollar sınanırdı

Dəvətin qarşısını almaq üçün müxtəlif yollar sınanırdı

Həcc mövsümü sona çatıb Qureyşlilər evlərinə döndükdə, bu tövhid iddiasına mane olmaq üçün nələr edə biləcəkləri barəsində düşünməyə, öz aralarında mübahisəyə başladılar. Axırda bu xüsuslar haqqında fikir birliyinə gəldilər.

1-Lağ və istehzaya daha şiddətli bir şəkildə davam edilməsi

Məqsədləri Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və müsəlmanları rəzil bir vəziyyətə düşürərək əhvallarını pozmaq idi. (Psixoloji hərb) Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`i sehrlənmiş adam, cinlənmiş şair, özünə şeytanın gəldiyi kahin, yalançı sehrbaz və fırıldaqçı müftəri kimi ittiham və söyüşlərlə anırdılar. Onu hər gedib gələrkən görəndə qəzəbdən qudurmuşa dönürdülər. Allah onların bu halını belə təsvir edir :

Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: "O, dəlidir!"– deyirlər. (Qələm / 51)

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`i kiçik hesab edir və belə deyirdilər. "İlahlarınızı dilinə dolayan budurmu?" Zəif səhabələri gördükdə isə, "Baxın krallar gəlir və Aramızdan Allahın özlərinə ehsan etdiyi kəslər onlardırmı?" deyə lağ edirdilər. Allahu Təala onların bu hallarını bu şəkildə təsvir edir : "Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar, möminləri gördükdə isə deyirdilər: "Həqiqətən, bunlar azmışlardır!" (Mutaffifin / 29-32) Müşriklər istehza, lağlarını, ayıblama və gülmələrini artırdılar. Hətta, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Allahın xəbər verdiyi bu vəzaiyyətdən təsirləndi. – O müşriklərin dediyindən sənin sənin sinənin daraldığını biz bilirik. – Sonra Allah (Cəllə Cəlaluhu) elçisini sabit etdi və sıxıntısını aparacaq şeyi ona (Səllallahu Aleyhi və Səlləm) «Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol! Sənə ölüm gələnədək Rəbbinə ibadət et.» (Hicr / 98-99) Allahu Təala endirdiyi kərim ayələrlə Rəsulunu təsəlli edirdi. "Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.O kəslər ki, Allaha başqa tanrı şərik qoşurlar. Onlar tezliklə biləcəklər." (Hicr 95-96) Onların etdikləri bu alçaqlıqların bir faydası olmayacaqdır. «Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri, məsxərəyə qoyduqları şey hər tərəfdən bürüdü.» (Ənam / 10)


2- İnsanların Peyğəmbəri (Səllallahu Aleyhi və Səlləm) dinləmələrinə mane olmaq [/b]

Qureyşlilər, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) nə zaman insanlara bir şey barəsində danışırdısa, dediklərinin başa düşülməməsi üçün səs-küy və qalmaqal edib, insanları qorxudub qaçırırdılar. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`ə dəvətini izah etmək barəsində fürsət verməmək üzərində razılığa gəlmişdilər. Allah onların bu hallarını belə bildirir. «Kafirlər: "Bu Qurana qulaq asmayın, oxunarkən hay-küy salın. Bəlkə, qalib gələsiniz"– dedilər.» (Fussilət / 26) Kafirlər bu rəftarlarını heç bir güzəştsiz tətbiq etdilər. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) onların məclisində quran oxumağa ilk dəfə nübüvvətin 5-ci ilinin Ramazan ayında fürsət tapa bildi və Nəcm surəsini oxudu. Nəbi (Səllallahu Aleyhi və Səlləm)`in namazda səsli oxuduğunu – hansı ki, ümumilikdə gecə namazlarında belə oxuyardı – eşidən müşriklər qurana, onu endirənə və gətirənə söydülər. Bunun üzərinə Allahu Təala bu kərim ayəni nazil etdi. «Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.» (İsra / 110)

Nadr b. əl-Haris Hira və Şama getmişdi. Oradan müxtəlif xalq əfsanələri; Rüstəm və İsfəndiyar kimi krallarla əlaqəli hekayələr öyrəndi. Məkkəyə qayıdanda xalqın arasına daxil olaraq hər məclisdə öyrəndiyi bu hekayələri danışmağa başladı. Beləcə, insanların Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a qulaq asmalarına mane olmağa çalışırdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) o zaman ki, bir məclisdə oturub Allahı ansa, tez arxasınca bu şəxs gəlir, öz hekayələrini danışırdı. "Mənim qissələrim Məhəmmədinkindən daha gözəldir." deyərək lağ edərdi. Hətta, bu şəxs işi daha da azdıraraq müğənni bir cariyə aldı. İslama gəlmək istəyənləri bu müğənninin yanına gətirir, onu yedirib içirdir, əyləncəyə daldırırdı. Sonra da –"Bu Məhəmmədin gətirdiyindən daha xeyirlidir." – deyərək, insanları haqdan azdırmağa çalışırdı. Allahu Təala, onun haqqında bu kərim ayəni endirmişdir. «İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir.» (Loğman / 6)

[b] 3- Şübhəyə salmaq və yalan təbliğat aparmaq

Müşriklər bu barədə mütəxəssis olmuşdular. Quran haqqında şübhə salmaq üçün müxtəlif iftiralar edirdilər. Bəzən də "axmaq yuxular" deyərək, Məhəmməd bunu gecə uydurub, gündüz oxuyur iddiasında olurdular. Bəzən "Məhəmməd quranı özü uydurur" dedikləri kimi bəzən də "Bunu ona bir bəşər öyrədir" deyirdilər. Bəzən də "Kafirlər: "Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər"– dedilər." (Furqan / 4) Və belə deyirdilər " Onlar: "Bu, keçmişdəkilərin nağıllarıdır. O bunları başqasına yazdırmışdır. Bunlar səhər-axşam onun özünə oxunur"– dedilər." (Furqan / 5)

Bəzən də belə bir yalan təbliğat edirdilər.Kahinlərə endiyi kimi, Məhəmmədə də cin vəya şeytan enib, ona quranı gətirir. Allah onların bu sayıqlamalarını belə rədd etmişdir. "Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar." (Şuəra /221-222) Halbuki, Məhəmməd (Səllallahu Aleyhi və Səlləm) nə bir yalançıdır, nə də günahkardır. Necə ola bilər ki, quranın şeytan tərəfindən endirildiyini deyə bilirsiniz?

Bəzən də müşriklər Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) haqqında "Ona bir növ cinnət gəlmişdir. Əvvəlcə quranı zehnində formalaşdırır, sonra da gözəl və mənalı kəlmələr halında düzür" iddiasında olurdular. Yəni Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı bir növ şairə bənzədir, danışdıqlarının şeir olduğunu iddia edirdilər. Allah onların bu iddialarına isə belə cavab verir : Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şeir uydurur) və etmədikləri şeylərə aid söhbət açırlar? (Şüəra / 224-226)

Şairlərin bu üç vəsfindən heç biri Muhəmməd (Səllallahu Aleyhi və Səlləm) `də yoxdur. Əksinə, o və ona tabe olanlar balanslı, ölçülü, dindar və müttəqi insanlar idilər. Davranışlarında, rəftarlarında, əxlaq və fellərində pozğunluqdan bir şey yox idi. Tamamilə balanslı insanlar idilər. O, (Səllallahu Aleyhi və Səlləm), şairlər kimi məclislərdə əylənmir, əksinə, insanları təkcə bir Rəbbə, bir dinə və bir yola çağırırdı. Dediyini edir və etdiyini deyirdi. O kim, şeir və şairlər kimdir?

4- Mübahisə və mübarizə

Müsəlmanlarla müşriklər arasında din barəsində ixtilafın təməlini meydana gətirən üç məsələ vardı ki, müşriklər bu mövzularda tam bir çaşqınlıq içindəydilər. Bu məsələlər : Tövhid, risalət, və ölümdən sonra dirilmədir.

Müsəlmanlarla bu barədə mübahisə edir və bu məsələlər ətrafında müxtəlif şübhələr izhar edirdilər.

Öldükdən sonra dirilmə məsələsində çaşqınlıqlarını ifadə edirlər və bunun əqlən mümkün olmadığını söyləməklə kifayətlənirdilər. Müxtəlif kərim ayələr onların bu barədəki sözlərini belə rəvayət etməkdədir : «Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?Ya da atalarımızmı dirildiləcəklər?"» (Saffət / 16-17)

Sonra da belə deyirdilər : "Bu, əlçatmaz bir qayıdışdır!" (Qaf /3)
Belə dedikləri də olurdu : "Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi? Əcəba, o, Allahın əleyhinə yalanmı quraşdırır, bəlkə onda divanəlik var?"

İçlərindən biri isə bunu deyirdi :

Ölüm, sonra diriliş, sonra da cəm olmaqmı?

Bütün bunlar xurafat sözlərdir, ey Ümmü Amr.

Allah onların bu iddialarına xülasəylə bu şəkildə cavab vermişdir : (qeyd- ayələr bu kiçik fərqləndirmədən sonra göstəriləcək)

Bu dünyada zalımın zülmünün cəzasını çəkmədən, məzlumun isə zalımdan haqqını almadan öldüklərini, ayrıca, yaxşı və saleh kəslərin yaxşılıqlarının əvəzini almadan, pislərin isə pis əməllərinin cəzalarını çəkmədən öldüklərini görür, şəxsən müşahidə edirsiniz. Əgər ölümdən sonra insanların dirilib, zalımın günahının cəzasını çəkməyəcəyi, məzlumun öz haqqını ala bilməyəcəyi, yaxşı və saleh şəxslərin mükafatını ala bilməyib, pislərin cəzalarını çəkmədikləri bir gün olsaydı, iki tərəfin bir-biriylə bərabər olması gərəkərdi. Hətta, zalım və pislər, məzlum və yaxşılardan daha üstün və daha karlı olardılar. Bu isə, qətiliklə ağıl və məntiqə uyğun olmadığı kimi, ədalətlə də uyğun deyildir. Allahın öz nizamını belə bir zülm və fəsad üzərinə binaq etməyi əsla düşünülə bilməz. Allahu Təala belə buyurur : «Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı? Sizə nə olub, necə hökm verirsiniz?» (Qələm / 35-36)

«Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər!» (Casiyə / 21)

Müşriklərin yenidən dirilməyi əqlən uyğun saymamalarına belə cavab verilmişdir :

«Sizin yaradılışınız çətindir, yoxsa göyün?» (Nəziat / 27)

«Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, O, hər şeyə qadirdir.» (Əhqaf / 33)

«Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?» (Vaqiə / 62)

«Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.» (Ənbiya / 104)

Allahu Təala onlara ilk yaradılışı xatırladaraq, təkrar yaratmağın "Bu da Onun üçün çox asandır." (Rum /27) olduğunu bildirməkdədir.

«Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər.» (Qaf / 15)

Məhəmməd (Səllallahu Aleyhi və Səlləm) risalətinə gəldikdə; Müşriklər onun doğruluq, əmanət, yaxşılıq və təqvasından əmin olduqları və hətta bunu etiraf etdikləri halda, risalətini inkar etməkdən və bu mövzu ətrafında şübhələr izhar etməkdən geri çəkilmədilər. Onlara görə peyğəmbərlik və elçilik məqamı, bir bəşərə verilməyəcək qədər yüksək bir məqamdır və bir insanın rəsul olmağı və ya Rəsulun bəşər olmağı mümkün deyildir.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) peyğəmbərlik və risalətini elan etdiyi vaxt müşriklər ciddi olaraq çox çaşıb heyrətə düşdülər və belə dedilər : «Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır?» (Furqan / 7)

«Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: "Bu çox qəribə bir şeydir.» (Qaf / 2)

"Allah heç bir bəşərə bir şey endirmədi."

Allahu Təala onların bu batil iddialarını bu şəkildə çürüdür :

«De: "Musanın insanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətirdiyi Kitabı kim nazil etmişdir?» (Ənam / 91)

Allah, daha əvvəl göndərdiyi peyğəmbərləri və qövmləri ilə aralarında olan danışıqları (Qurani-Kərimdə) qeyd edərək, onların da bir bəşər olduğu həqiqətini xatırlatmışdır. "Siz də bizim kimi ancaq bir insansınız." (İbrahim / 10)

«Elçiləri onlara dedilər: "Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir.» (İbrahim /11)

Peyğəmbərlərin mələkdən olmağı, risalətin qayə və məsləhətinə uyğun deyildir. Hər cins öz həmcinsinə yaxınlıq duyar. Dolayısıyla insanların mələklərlə yaxınlıq qurmağı mümkün deyildir.

«Əgər biz onu mələk etsəydik, əlbəttə, onu kişi edərdik və onları bir daha düşdükləri şübhəyə salardıq.» (Ənam / 9)

Halbuki, müşriklər İbrahim, İsmayıl və Musanın bir bəşər və eyni zamanda bir Peyğəmbər olduqlarını etiraf edirdilər. Bu səbəbdən, bu mövzuda çox israr etmədilər, ancaq ortaya geniş bir şübhə atdılar. Belə deyirdilər : Allah, peyğəmbərlik vəzifəsini verəcəyi bu yoxsul yetimdən başqasını tapmadımı? Allah, Qureyş və Saqif böyüklərini bıraxaraq bunu göndərdi? «Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?» (Zuxruf / 31) Bununla Taif və Məkkə rəhbərlərini qəsd edirdilər. Allah onlara belə cavab verir :

«Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər?» (Zuxruf / 32)
Vəhy, quran, nübüvvət və risalət, bütün bunların hamısı Allahın bir rəhmətidir. O, bu rəhmətini kimə nəsib edəcəyini, necə bölüşdürəcəyini və kimi məhrum edəcəyini bilir.

«Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir.» (Ənam / 124)

Sonra başqa bir şübhə yenə ortaya atdılar. Allah elçisi olduğunu iddia edən bir kəs krallar kimi olmalıydı. Onlar kimi saraylarda oturmalı, var-dövlət və yüksək həyat şəraiti içində yaşamalı, bir çox xidmətçi və adamı olmalıydı. Halbuki, Məhəmməd (Səllallahu Aleyhi və Səlləm) dolanışığı üçün bazarlara gedən sıravi bir insandan başqası deyildi! Heç belə peyğəmbər olardımı?

«Onlar dedilər: "Bu necə elçidir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi? Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?" Zalımlar: "Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz"– dedilər.» (Furqan / 7-8)

Bilindiyi kimi Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) kiçik, böyük, zəif, güclü, sadə, soylu, qul, azad, bütün insanlara göndərilmişdir. Əgər bir dünya hökmdarı, bir kral kimi olsaydı, bütün bəşər təbəqələrinin ondan istifadə etməsi mümkün olmazdı. Xoşbəxt azlıq bir yana, cəmiyyətlərin əsas çoxluğunu xalq təbəqələri meydana gətirir. Buna görə, o da xalqdan biri olaraq yaşamış və daima onlarla birlikdə olmuşdur.

Bu səbəbdən, müşriklərin bu şübhələrinə veriləcık cavab budur : Məhəmməd (Səllallahu Aleyhi və Səlləm) bir elçidir. Onun üçün istədiyiniz məqam, mövqe, mal və mülk risalətin bütün insanlara çatdırılmağında, elçilik vəzifəsinin yerinə yetirilməsində bir ehtiyac deyil, əksinə bir manedir. Müşriklərin bütün bu batil iddialarına lazımlı cavabı verdikdən sonra, bu dəfə sırf inadlardan və Peyğəmbəri acizliyə düşürmək istəklərindən dolayı, ondan (Səllallahu Aleyhi və Səlləm) müxtəlif möcüzələr gətirməsini istədilər. Bu mövzu üzərində daha sonra dayanacağıq.

Tövhid məsələsinə gəldikdə, iki tayfa arasındakı ixtilaf və məsələlərin əsli bu məsələdir.

Müşriklər, Allah (Cəllə Cəlaluhu)`ın sifətlərində və fellərində bir olmağını qəbul edirdilər. Yer, göy və ikisi arasında olan hər şeyin Allah tərəfindən yaradıldığına, Allahın hər şeyin yaradıcısı olduğuna, yer, göylər və hər şeyin mülkünün Allaha aid olduğuna inanırdılar. Yenə insan, heyvan, hər bir canlını ruziləndirənin Allah (Cəllə Cəlaluhu) olduğuna, kainatda cərəyan edən bütün işlərin Allah (Cəllə Cəlaluhu) tərəfindən edildiyinə, göylərin, yerin və böyük ərşin idarəsinin Allah tərəfindən idarə olunduğuna və onun hər şeyin rəbbi olduğuna da inanırdılar. Günəş, ay, ulduzlar, dağlar, ağaclar, heyvanlar, cinlər, insanlar və mələklərin də Allah (Cəllə Cəlaluhu) tərəfindən yaradıldəğna inanırdılar.

Yenə inanırdılar ki, Allah dirildən və öldürəndir. İstədiyini edən və istədiyi kimi hökm verəndir. Heç kim onun hökmündən kənara çıxmaz və heç kim onun hökmünü dəyişdirə bilməz.

Müşriklər açıq bir şəkildə Allahı zatı, sifətləri və fellərində təklədikdən sonra belə deyirdilər : Allah (Cəllə Cəlaluhu), peyğəmbər, övliya və salehlər kimi yaxın qullarına bəzi mövzularda qənaət haqqı vermişdir. Onlar özlərinə verilən bu səlahiyyətlə bəzi kainat hadisələrini istədikləri kimi idarə edirlər. Dilədiklərinə övlad bəxş edir, dilədikləri kəslərin başlarına gələn müsibət və bəlaları uzaqlaşdırırlar. Istədikləri şəxslərin ehtiyaclarını aradan qaldırıb, xəstələrə şəfa verə bilirlər. Allah onlara bu səlahiyyəti özünə yaxın olmaları, öz qatında söz və məqam sahibi olmaları səbəbiylə vermişdir. Bu səbəbdən özlərinə qənaət səlahiyyəti verilən bu mübarək şəxslər dilədiklərinə zərər verir, dilədiklərinə fayda! Dilədiklərini Allaha yaxınlaşdırır və yenə dilədiklərinə onun qatında şəfaətçi olurlar.

Müşriklər bu inanclarından dolayı, Allaha yaxın olaraq bildikləri bəzi saleh qulları özləri ilə Allah arasında vəsilələr etdilər. Özlərini onlara yaxınlaşdıracaq müxtəlif əməllər uydurdular. Beləcə, onların razılığını qazanaraq Allahın razılığına çatacaqlarını zənn edirdilər. Qorxulu və sıxıntılı vaxtlarında artıq onlardan yardım istəyir, onlara sığınırdılar.

Müşriklər bu etiqadları səbəbiylə, Allah ilə özləri arasında vasitə etdilər. Bu saleh şəxslərə yaxınlaşmaq üçün onların gerçək və ya xəyali təsfirlərini, heykəllərini düzəldib onlara hörmət göstərməyə, dua və niyaz etməyə başladılar. Qəbirləri üzərində yüksək tikililər, türbələr inşa edərək bu məkanları ziyarət edib, ətrafında təvaf edib təzim və hörmət göstərirdilər. Xülasə, köhnə peyğəmbər və saleh şəxslərin qəbirləri bir ibadətxana halına gətirilmişdi. Müşriklər nəzir və qurbanlarını bu heykəl və türbələrə həsr edirlər, Allaın özlərinə bəxş etdiyi meyvə, tərəvəz, taxıl, heyvan; qızıl, gümüş və digər dəyərli əşyalarını buralara nəzir edərək, içində yatan kəslərin yaxınlığını, razılığını əldə etməyə çalışırdılar.

Bəzən də ilahlaşdırdıqları bu şəxslərin razılığı üçün bəzi heyvanlarını nəzir edib sərbəst bıraxırdılar. Bu vəziyyətdə olan heyvanlar müqəddəs sayıldığına görə heç kim onlara toxunmurdu. Ayrıca, qurbanlarını gətirib bu türbələrdə kəsirdilər. Allahın adıyla deyil, bu ilahlaşdırdıqları bütlərin adıyla.

Hər il bir və ya iki dəfə bu heykəl və türbələri zaiyarət üçün toplanır, bayram edirdilər.

Müşriklər ilahlaşdırdıqları bu şəxslərə və heykəllərə, sadəcə özlərini Allaha yaxınlaşdırsınlar deyə ibadət edirdilər. Çünki, onların inanclarına görə, Allaha bir vasitə olmadan, arada bir şəfaətçi olmadan yaxınlaşmaq olmazdı.

Bax, onlar bu şəkildə Allaha şərik qoşurdular. Onların Allahdan başqalarına ibadət etmələri, Allahdan başqa ilah qəbul etmək səbəbiylə müşrik idilər.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın Allahın tövhidinə çağırmağı, ondan başqa bütün ilahları tənqid etməyi müşrikləri çox qəzəbləndirdi. Onu (Səllallahu Aleyhi və Səlləm) yalanlayıb inkar etdilər. "Bu inanclarımıza qarşı bir hörmətsizlikdir" kimi sözlər deməyə başladılar.

«Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: "Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir".Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: "Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.» (Sad / 4-7)

Dəvət irəlilədikcə, müşriklərdə şirklərini müdafiə etməyə, müsəlmanlarla müxtəlif münaqişə və mübahisələrə girişərək Allaha dəvətin önünə keçməyə çalışırdılar. Müsəlmanların bu sualları cavabsız qalırdı. Allahın yaxın qullarına qənaqət haqqını verdiyini haradan bilirsiniz? «Yoxsa onlar qeybi bilir və onu yazırlar?» (Tur / 41) Yoxsa, sizə peyğəmbər tərəfindən kitablar miras qaldı, oradamı tapırsınız? «Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar?» (Qələm / 47)

«Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin» (Əhqaf / 4)

«De: "Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılır və ancaq yalan danışırsınız.» (Ənam / 148)

Əlbəttə, müşriklər bütün bu suallara cavab verə bilmirdilər. Sadəcə belə deyə bildilər : «Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!» (Loğman / 21)

«Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!» (Zuxruf / 22)

Bu cavab ilə həm aciziyyətlərini, həm də cəhalətlərini sərgiləmiş olurdular. Onlara belə deyildi : Allah (Cəllə Cəlaluhu) bilir, siz isə bilməzsiniz. Baxaq, Allahu Təala nə buyurur? Sizin danışdıqlarınızın həqiqətini necə aqçıqlayır?

«Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır.» (Əraf / 194)

Yəni, onların ilahlıqları batildir. Siz və tanrılarınız acizlik və zəiflikdə ortaqsınız. Onun üçün Allahu Təala (onlara) belə meydan oxuyur.

«Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.» (Əraf / 194)

Və Allah belə buyurur :

«Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.» (Fatir / 13)

«Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.» (Fatir / 14)

«Allahdan başqa tapındıqları bütlər heç bir şey yarada bilməzlər. Çünki onlar özləri yaradılmışlar.Onlar ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər.» (Nəhl / 20-21)

«Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar? Bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər.» (Əraf / 191-192)

«Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər.» (Furqan / 3)

O saxta tanrıların acizliyinə ən gözəl misal budur :

«Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir.» (Rəd / 14)

Daha sonra müşriklər bir az düşünməyə dəvət edilmişdilər. Çünki, onlar Allahın tək başına yaradıcı yaradıcı olduğuna, bütlərin isə heç bir şey yaratmadığına və yarada bilməyəcəyinə inanırdılar. Onlardan bu soruşuldu : O halda yaradıcı və hər şeyə qadir olan Allah ilə, yaradılmış və hər şeydən aciz olan bütləri necə bir tutursunuz? Necə olur ki, həm Allaha, həm bütlərə tapınır, həm Allaha, həm də bütlərə dua edirsiniz? Yaradan heç yaradılmış kimi olarmı, düşünürsünüzmü?

Bu sual qarşısında müşriklər heyrət və çaşqınlığa düşdülər. Boyunlar əyildi. Cavab verməyə bir şey tapmadılar. Sonra qürurları onları haqqı qəbul etmələrinə mane oldu və belə dedilər : Bizim atalarımız, hətta, siz müsəlmanların ataları insanların ən ağıllılarıydı. Uzaq, yaxın hər kəs onların ağıllı şəxslər olduqlarını qəbul edərdilər. Və onlar bu din üzərindəydilər. O halda bu din necə olur ki, batil və pozğun olur?

Onlara bu cavab verildi : Sizin atalarınız hidayətə çatmış kəslər deyildilər. Haqq yolundan uzaq idilər. Zəlalət və pozğunluq içində üzürdülər. Nə düşünmüşlər, nə də hidayətə hidayətə girmişdilər. Bu cavab bəzən işarə və kinayə ilə verilərkən, bəzi vaxt da açıq şəkildə ifadə edilmişdir.

«Həqiqətən, onlar ata-babalarını azmış gördülər, özləri də tez-tələsik onların izini tutub getdilər.» (Saffət / 69-70)

Müşriklər bir yandan da Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) və müsəlmanları öz tanrılarından qorxutmağa çalışırdılar. "Tanrılarımıza ədəbsizlik etdiniz. Yaxında onlar tərəfindən vurulacaqsınız." Eyni sözləri keçmiş millətlər də öz peyğəmbərlərinə demişdilər.

«Biz ancaq onu deyə bilərik ki, bəzi məbudlarımız səni bəlaya düçar edib.» (Hud / 54)

Müşriklərin bu təhdidini gecə-gündüz davamlı müşahidə etdikləri bu həqiqət ilə cavab verilmişdir :

«Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: "Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!» (Əraf / 195)

Müşriklərə bu münasibətlə daha başqa açıq misallar verilmişdir :

«Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!» (Həcc / 73)

«Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər!» (Ənkəbut / 41)

Bu açıq bəyanlardan sonra müşriklərin açıq nifrətləri daha da artdı. Müsəlmanlara, hətta, Allaha söyməyə başladılar. Bunun üzərinə Allah, bu kərim ayəni nazil etmişdir :

«Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər.» (Ənam / 108)

Mübahisə və hüccət yoluyla müsəlmanlarla başa çıxa bilməyəcəklərini anlayan müşriklər, İslamın qarşısını almaq işini kobud qüvvətlə həll etməyə qərar verdilər. Bunun üçün hər kəs öz ailə və qəbiləsindən iman edənlərə işkəncə edəcəkdi. Əbu Talibin də yanına gedərək Rəsulullaha mane olmağını istədilər.


Tarix: 03.05.2013 / 18:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 430 Bölmə: Maraqlı melumatlar