beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikah -

Kişinin qadın üzərində olan haqqları

Kişinin qadın üzərində böyük haqqı vardır. Bu haqqı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri ilə dəyərləndirmişdir: «Kişinin qadın üzərində olan haqqı elə böyükdür ki, kişinin bədənində olan irinli yaranı yalayarsa yenə də onun haqqını ödəyə bilməz»

Kişinin qadın üzərində olan haqqları
Kişinin qadın üzərində böyük haqqı vardır. Bu haqqı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözləri ilə dəyərləndirmişdir: «Kişinin qadın üzərində olan haqqı elə böyükdür ki, kişinin bədənində olan irinli yaranı yalayarsa yenə də onun haqqını ödəyə bilməz»[1].
Dərrakəli və müdrik qadın, Allahın və rəsulunun dəyərləndirdiyinə önəm verən, öz ərini layiqincə qiymətləndirən kimsədir. Qadın kişiyə itaət etməyə çalışmalıdır. Çünki ona itaət etməsi cənnətə aparan səbəblərdəndir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Əgər qadın gündəlik beş namazını qılar, Ramazan ayını oruc tutar, ayıb yerlərini qoruyar və ərinə itaət edərsə ona: "cənnətin hansı qapısından istəyirsən oraya daxil ol" – deyərlər»[2].
Ey müsəlman qadın gördüyün kimi, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ərə itaət etməyi namaz və orucla bərabər tutaraq cənnətə daxil olmaq üçün səbəb kimi qeyd etmişdir. Sən də ona itaət et, asilikdən uzaq ol. Çünki qadın ərə asilik göstərməklə uca Allahın qəzəbinə gələr. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Nəfsim əlində olana and olsun, o kişi ki, qadınını yatağa dəvət edər və qadın bundan imtina edərsə, əri ondan razı olana qədər, göydə olan ona qəzəblənər»[3].
1. Ey müsəlman qadın, sənin boynuna düşən borc şəriətə zidd olmayan işlərdə ərinin dediklərini eşidib, itaət etməkdir. Amma bu itaətdə ifrata varmaqdan da çəkinməlisən. Belə ki, Allaha asilik olan işlərdə ona itaət etməməlisən. Əgər sən belə işlərdə itaət etsən o zaman günah sahibi olacaqsan.
Belə asiliklərdən məsələn, ərin üçün bəzənməkdən ötrü üzünün tüklərini yolasan. Halbuki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Tükləri yolanı və yoldurtanı Allah öz mərhəmətindən məhrum etmişdir»[4].
Həmçinin belə asiliklərdən, ər başqalarının önündə arvadının gözəlliyi ilə öyünsün deyə hicabsız çölə çıxması. Halbuki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Ümmətimdən mənim görmədiyim, cəhənnəmlik olacaq iki qrup insan vardır. Bir qrup əlində inək quyruğuna bənzər qamçılarla insanları vuracaq[5]. Digəri isə şəffaf paltar geyinib lüt-üryan gəzən, bu əməlini başqasına göstərən, haqqdan üz çevirən, başları əyilmiş dəvə hörgücünə bənzər[6] qadınlardır. Onlar cənnətə daxil olmayacaq, iyini duymayacaqlar[7]. Halbuki onun iyi filan-filan məsafədən (başqa rəvayətə əsasən, beş yüz illik məsafədən) gəlir»[8].
Asilik sayılan digər günah iş aybaşı zamanı və ya Allahın haram etdiyi yolla cinsi yaxınlığa icazə vermək. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kim aybaşı olan qadınla və ya arxa orqandan cinsi yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqləyərsə artıq Məhəmmədə nazil olana küfr (imansızlıq, təkzib) etmişdir»[9].
Digər asilik, onun əmri ilə özünü yad kişilərə göstərmək, onlarla qaynayıb qarışmaq və görüşməkdir. Uca Allah buyurur: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun...»[10].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Qadınların yanına daxil olmayın!» Orada olanlar dedilər: Ey Allahın elçisi, bəs qayın?[11] Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bu lap ölüm kimidir!»[12]
Allahın şəriətinə müxalif olan bütün günahları bunlarla müqayisə et və ərinə itaətinlə qürurlanıb, Allaha asilik olan işlərdə ərinə itaət göstərmə. İtaət yaxşı işlərdə olur. Xaliqə asilik sayılan işdə, məxluqa itaət olunmaz.
2. Qadın kişinin namusunu, şərəfini, malını, övladlarını və evinin digər işlərini qoruyub saxlamalıdır. Uca Allah buyurur: «Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar...»[13]. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Qadın ərinin evində gözətçidir və orada olanların məsuliyyətini o daşıyır»[14].
3. Kişinin qadın üzərində olan digər haqqı, qadının onun üçün bəzənməsi, gözəl görsənməsi, daim üzünə gülümsəməsi, qaşqabaqlı gəzməməsi, ərinin xoşlamadığı surətdə olmamalıdır. Təbərani, Abdullah ibn Səlamın hədisindən rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Ən xeyirli qadın o kimsədir ki, onu görmək səni sevindirsin, əmr etdikdə sənə itaət etsin, sənin və var-dövlətin haqqında bildiyi sirləri özündə saxlasın»[15].
Evində ərinin yanında özünə fikir verməyən, bu işdə səhlənkarlıq edən, evdən çıxarkən isə bəzənib-düzənən qadının halı çox təəcüblüdür. Belə halda doğru bir məsəl yerinə düşür. Məsəldə deyilir: "Evdə meymun, küçədə isə ceyran kimidir". Ey Allahın qadın bəndəsi, öz nəfsinə və ərinə bəslədiyin münasibətə görə Allahdan qorx. Sənin bəzənmən və gözəlliyini nümayiş etdirmən üçün ən layiqli insan ərindir. Zinətini və gözəlliyini görmək qadağan olan kimsələrə, naməhrəmlərə bunu göstərmə. Bu həqiqətən, haram buyurulmuş açıq-saçıqlıqdır.
4. Kişinin qadın üzərində digər haqqı evdə oturmaq və kişinin icazəsi olmadan evdən çıxmamaqdır. Hətta məscidə getmək üçün icazə almalıdır. Uca Allah buyurur: «Evlərinizdə qərar tutun...»[16].
5. Kişinin digər haqqı odur ki, qadın onun icazəsi olmadan evə heç kəsi buraxmamalıdır. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «...Sizin qadınlar üzərində haqqınız, evinizə xoşlamadığınız kimsələri buraxmamasıdır...»[17].
6. Kişinin başqa haqqı odur ki, qadın onun malını qorumalı, onun icazəsi olmadan xərcləməməlidir. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Heç bir qadın ərinin icazəsi olmadan onun evindən bir şey götürüb xərcləməsin!» Orada olanlar dedilər: Hətta kiməsə yemək sədəqə etmək də olmaz? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bu, bizim ən gözəl mal-dövlətimizdir»[18].
Hətta qadın öz malından xərcləyərkən ərindən icazə almalıdır və bu da kişinin haqqlarındandır. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Qadın, ərinin icazəsi olmadan öz malından nəyisə xərcləməməlidir»[19].
7. Kişinin digər haqqı odur ki, o, mövcud ola-ola qadın ondan icazəsiz nafilə oruc tuta bilməz. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Qadının əri mövcud ola-ola, qadının icazəsiz oruc tutması halal deyil»[20].
8. Kişinin qadın üzərində olan başqa bir haqqı, qadın öz malından ailəsi və evi üçün xərclədiyinə görə kişiyə minnət qoymamalıdır. Çünki minnət etmək işin savabını batil edir. Uca Allah buyurur: «Ey iman gətirənlər! Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın...»[21].
9. Kişinin digər haqqı odur ki, qadın az ruzi ilə də razı qalsın, olduğu ilə qənaətlənsin və gücü çatmayan xərcləri onun boynuna qoymasın. Demək uca Allah buyurur: «Varlı-karlı olan öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər»[22].
10. Kişinin digər haqqı odur ki, qadın uşaqların tərbiyəsini gözəl şəkildə, səbirlə həyata keçirməli, kişinin yanında uşaqlara qəzəblənməməli, onlar üçün bəd dua etməməli və söyməməlidir. Çünki bu kimi şeylər ona əziyyət verə bilər. Halbuki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Dünyada qadın öz ərinə əziyyət verdikdə onun "Hurul Eyn"dən olan arvadı deyər: "Allah səni mərhəmətindən qovsun, ona əziyyət vermə. O sənin yanında qonaqdır, bizim yanımıza gəlməyinə az qalıb"»[23].
11. Kişinin digər haqqı budur ki, qadın, onun ata – anası və digər qohumları ilə xoş davranmalıdır. Kişinin ata – anasına və qohumlarına pislik edən qadın, kişiyə heç bir yaxşılıq etməmiş kimidir.
12. Kişinin digər haqqı odur ki, qadın heç vaxt kişinin yaxınlıq istəyindən imtina etməsin. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Əgər kişi arvadını yatağa çağırar qadın isə imtina edərsə, nəticədə kişi ondan qəzəblənib yatarsa səhər açılana qədər mələklər ona lənət oxuyarlar»[24]. Həmçinin demişdir: «Əgər kişi ehtiyacını ödəmək üçün arvadını çağırarsa, hətta təndir başında olsa belə yenə də gəlsin»[25].
13. Kişinin qadın üzərində olan digər haqqı odur ki, qadın onun və evinin sirlərini saxlasın və heç bir sirri kənara çıxarmasın. Qadınların diqqətsizlik göstərdikləri ən təhlükəli sirr, ərlə-arvad arasında olan yataq sirrlərinin açılmasıdır. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir. Əsma bint Yezid deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanındaydım və orada başqa kişi və qadınların da əyləşmişdilər. Bu zaman Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəlkə hansısa kişi ailəsi ilə etdiyini, qadın da əri ilə etdiyini başqasına danışır? Hamı sakit durdu. Mən isə dedim: Bəli, ey Allahın elçisi, Allaha and olsun ki, bunu qadınlar da edir, kişilər də. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Belə etməyin. Bu, yolda gedən bir şeytanın qarşısına çıxan şeytanı ilə, insanların gözü önündə cinsi əlaqəyə girməsinə bənzəyir»[26].
14. Kişinin digər haqqı odur ki, qadın həyatını yalnız onunla yaşamağa cəhd etməli və üzürsüz yerə talaq (boşanma) istəməməlidir. Sovban (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səbəbsiz yerə ərindən talaq (boşanma) istəyən qadına cənnətin iyi haram olar»[27]. Həmçinin demişdir: «Səbəbsiz yerə boşanma tələb edən qadın ikiüzlüdür (münafiqdir)»[28].
Ey müsəlman qadın, bu, ərinin sənin üzərində olan hüquqlarıdır. Sən bu hüquqları layiqincə yerinə yetirmək üçün canfəşanlıq göstərməlisən. Ərinin bəzən sənə qarşı etdiyi haqsızlığa göz yum. Çünki belə halda sizin məhəbbətiniz və mərhəmətiniz dəvamiyyətli olar, evlər islah edilər, bu evlərlə bütün bir cəmiyyət düzələr.
Analar bilməlidilər ki, onların boynuna düşən məsuliyyət odur ki, onlar qızlarına ərlərinin hüquqlarını öyrətməli və bu hüquqları toydan öncə qızlarına xatırlatmalıdırlar. Sələf qadınlarının (Allah onlardan razı olsun) adəti də belə idi. Demək Kindənin kralı Amr ibn Hicr, Ummu İyas bint Ovf əş-Şeybanini nişanladı. Toy vaxtı gələndə anası Umamə bint əl-Haris qızını təkliyə çəkib nəsihət etdi və ona xoşbəxt ailə həyatının əsaslarını və ərinin onun üzərində olan haqlarını açıqladı və dedi:
Ey qızım, qarşındakı şəxsin gözəl əxlaqlı olduğuna görə ona nəsihət etmək gərəkmirsə, sən də bu qismə aidsən. Lakin bu deyəcəyim sözlər qəflətdə olana bir xatırlama, aqil insana azuqədir. Ata-anasını çox istədiyinə və onların güclü ehtiyacı olduğuna görə ərindən imtina edə bilən qadın varsa sən onların ilkisən. Amma qadınlar kişilər, kişilər isə qadınlar üçün yaradılmışlar.
Ey qızım, sən öyrəşdiyin abu-havanı tərk edib, yaşadığın mühitdən uzaqlaşıb, bu vaxta qədər tanımadığın bir yerə, dostluq etmədiyin yoldaşın yanına gedirsən. Hansıki o öz mal-mülkü ilə sənə himayəçi və ağa sayılır. Sən onun köləsi ol ki, o da sənin üçün gözəl kölə olsun. Onunla münasibətdə bu on xüsusiyyəti qoru ki, sənin üçün dayaq olsun:
Birinci və ikinci xüsusiyyət: Səmimi şəkildə itaət et, sözünü dinləyib əməl et.
Üçüncü və dördüncü xüsusiyyət: Onun göz və burun hissiyatlarına diqqətlə yanaş. Yəni, çalış heç vaxt səndə xoşagəlməz hal görməsin və hər zaman səndən xoş iy duysun.
Beşinci və altıncı xüsusiyyət: Onun yatmaq və yemək vaxtlarına diqqət yetir. Çünki güclü aclıq hissi coşqunluğa, yarımçıq yuxu isə qəzəbə səbəb olar.
Yeddinci və səkkizinci xüsusiyyət: Onun var-dövlətini, abır-həyasını və ailəsini qoru. Var-dövləti qorumaq üçün onu lazımlı yerlərə xərcləmək, ailəni qorumaq üçün isə yaxşı tədbir görmək lazımdır.
Doqquzuncu və onuncu xüsusiyyət: Onun əmrlərinə asi olma və sirrini açma. Əgər sən onun əmrlərinə müxalif olsan onu qəzəbləndirər, sirrini açsan onun cəzasından aman tapmazsan. Həmçinin o kədərli olarkən onun yanında sevinmə, o sevincək olanda isə onun yanına qəm-qüssəyə batma.[29]

«...Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!..»[30].


[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3148. Əhməd: 16/ 227/ 247.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 660. Əhməd: 16/ 228/ 250.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7080. Müslim: 2/ 1060/ ? 1436.
[4]Buxari: 8/ 630/ ? 4886. Müslim: 3/ 1678/ ? 2125.Əbu Davud: 11/ 225/ ? 4151. Nəsai: 8/ 146. Tirmizi: 4/ 193/ ? 2932. İbn Macə: 1/ 640/ ? 1989.
[5] Bu, adətən əlində güc səlahiyyəti olub bununla insanlara əziyyət verənlərdir. (tərc.)
[6] Yəni, açıq-saçıq geyinməklə öz gözəlliklərini ətrafa nümayiş etdirən, saçlarını dik hörüb evindən çıxanlardır. (tərc.)
[7] Alimlər deyirlər ki, cəhənnəmdə əbədi qalmaq cəzası, bu əməlinin haram olduğunu bildiyi onu halal hesab edib bununla da kafir olaraq əbədi cəhənnəmdə qalanlara aiddir. Digər mənada isə belə insan ilk dəfədən cənnətə daxil ola bilməyəcək və uzun müddət cəhənnəmdə yanacaqdır. (tərc.)
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3799. Müxtəsər Səhih Müslim: ? 1388. Müslim: 3/ 1680/ ? 2128.
[9] Hədis səhihdir. Ədəbuz Zifaf: səh. 31. İbn Macə: 1/ 209/ ? 639. Tirmizi: 1/ 90/ ? 135. Onun rəvayətində, «dediklərini təsdiq edərsə» - sözləri yoxdur.
[10] əl-Əhzab: 53.
[11] Qayın dedikdə, ərin yaxınları: qardaşı, qardaşı oğlu, əmisi, əmisi oğlu və başqaları - nəzərdə tutulur.
[12] Buxari: 9/ 330/ ? 5232. Müslim: 4/ 1711/ ? 2172. Tirmizi: 2/ 318/ ? 1181.
[13] ən-Nisa: 34.
[14]Buxari: 2/ 380/ ? 893. Müslim: 3/ 1459/ ? 1829.
[15] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 3299.
[16] əl-Əhzab: 33.
[17] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 1501. Tirmizi: 2/ 315/ ? 1173. (Bu hədis yuxarıda tam variantda qeyd edilmişdir).
[18] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 1859. Tirmizi: 3/ 293/ ? 2203. Əbu Davud: 9/ 478/ ? 3548. İbn Macə: 2/ 770/ ? 2295.
[19] Bu hədisi Albani, "Silsilətus Səhihə" əsərində (? 775) qeyd etmiş və demişdir: Hədisi Təmmam "əl-Fəvaid" kitabında (2/ 182/ ? 10), Ənbəsə ibn Səidin sənədi ilə Bənu Umeyyənin köləsi Həmmaddan, o da Validin köləsi Cənahdan o da Vasilədən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir. Sonra isə demişdir: Bu sənəd zəifdir. Lakin hədisin sabit olduğuna dəlalət edən digər şahid hədislər mövcuddur.
[20] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7647. Buxari: 9/ 295/ ? 5195.
[21] əl-Bəqərə: 264.
[22] ət-Talaq: 7.
[23] Hədis səhihdir. Silsilətus Səhihə: ? 173. Tirmizi: 2/ 320/ ? 1184.
[24] Buxari: 9/ 294/ ? 5194. Müslim: 2/ 1060/ ? 1436. Əbu Davud: 6/ 179/ ? 2127.
[25] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 534. Tirmizi: 2/ 314/ ? 1170.
[26] Hədis səhihdir. Ədəbuz Zifaf: səh. 72. Əhməd: 16/ 223/ ? 237.
[27] Hədis səhihdir. əl-İrva: ? 2035. Tirmizi: 2/ 329/ ? 1199. Əbu Davud: 6/ 308/ ? 2209. İbn Macə: 1/ 662/ ? 2055.
[28] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6681. Silsilətus Səhihə: ? 632. Tirmizi: 2/ 329/ ? 1198.
[29] Fiqhus Sünnə: 2/ 200.
[30] əl-Furqan: 74.


Tarix: 02.05.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 790 Bölmə: Maraqlı melumatlar