beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIN DİNİNƏ DƏVƏT EDƏNİN AZUQƏSİ (Altıncı )

Altıncı azuqə.
Dəvətçinin qəlbi dəvətində ona müxalif fikir bildirənlərə qarşı açıq olmalıdır. Xüsusilə də, müxalif fikirli olan xoşniyyətli olarsa və əks fikir bildirməyi yalnız onda olan hər hansısa dəlilin tələb etdiyinə görədirsə bu, başa düşülən bir məqamdır. Heç vaxt ona qarşı düşmənçilik və ədavət yaranmamalıdır. Yox əksinə, dəvət etdiyi insan haqq ona bəyan olunduqdan sonra inadkarlıq və israrla öz dediklərinin üzərində duraraq düşmənçilik və ədavətə meyl edirsə, elə o insana layiq olduğu münasibəti göstərmək lazımdır.

İnsanların fərqli düşündüyü bəzi fiqhi məsələlər də vardır ki, həqiqətən Allah taala bu məsələlərdə qulları üçün geniş imkanlar yaradıb. Fiqhi məsələlərdə müxalif fikirli olan küfr etmiş anlamına gəlməz. Allah taala öz qullarına geniş rəhmət qapısı açmışdır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurur: “Hakim ictihad edib doğru qərar çıxardıqda onun üçün iki savab var. Xəta etdikdə isə bir savab qazanar”. Ictihad edən savab dairəsindən kənara çıxmaz. Ictihad etdiyi məsələdə doğru olsa iki savab, yalnış olsa bir savab qazanar. Sən başqalarının sənin fikirinə müxalif olmağını istəmədiyin kimi, başqaları da istiyir ki, onların fikirlərinə müxalif fikir olmasın. Həmçinin, hər kəs istəyər ki, insanları öz dediklərinə inandırsın və öz tərəfinə çəksin. Ziddiyyətli fikirlər ortaya çıxdıqda isə ən doğru yol Allah taalanın bəyan etdiyi kimi Onun dininə qayıtmaqdır. Uca Allah buyurur: “Nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir” (əş-Şura, 10). Başqa bir ayədə isə Uca Rəbbimiz buyurur: “Əgər bir şey barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa Allaha və rəsuluna müraciət edin. Bu, xeyirli və ən gözəl təvildir” (ən-Nisə, 59). Aralarında ziddiyyət və fikir ayrılığı yaranan bütün tərəflər, ziddiyyətli məqamda bu iki mənbəyə - Allahın kitabına və peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə baş vurmalıdılar. Nə olursa olsun heç kəs Allahın və Onun rəsulunun (Ona Allahın salavatı və salamı olsun) kəlamına qarşı çıxaraq başqa bir bəşər övladının kəlamından tutuna bilməz. Çünki, bəşər xəta edər, Allahın və Onun rəsulunun (Ona Allahın salavatı və salamı olsun) sözlərində isə xəta yoxdur.
Təəssüflər olsun ki, mötəbər hesab olunan bəzi din xadimləri arasında müxtəlif fikirlər və ayrılıqlar mövcuddur. Əlbətdə ki, bu, böyük xətadır. Həqiqətən, Allahın dini birdir, İslam ümməti birdir. Allah taala buyurur: “Bu, tək olaraq sizin ümmətinizdir. Mən də sizin rəbbinizəm. Məndən qorxun!” (əl-Muminun, 52). Allah taala rəsulu Məhəmmədə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurur: “Öz dinlərini firqə-firqə edib, dəstə-dəstə olanlarla sənin heç bir işin yoxdur. Onların işi Allaha qalıb. Sonra Allah onları nə etdiklərindən xəbərdar edəcək” (əl-Ənam, 159). Başqa bir ayədə isə Allah taala buyurur: “Allah: “dinə doğru-düzgün riayət edin və dində ayrılığa düşməyin” deyə Nuha sifariş etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya sifariş etdiyini, dində sizin üçün də sifariş etdi” (əş-Şura, 13). Bu, Allah taalanın göstərdiyi bir istiqamətdirsə, bizə də həmin istiqamət üzrə getmək yaraşar. Biz hər bir fikri analiz etməliyik, bir-birimizlə mübahisə etdikdə isə islah yolunu tutmalıyıq, təhqir və intiqam yolunu yox! Hər hansı bir insan mübahisə etdikdə amalı haqqın bərqarar olması yox, yalnız nəyin bahasına olursa olsun öz fikirlərinin doğru çıxması və qarşı tərəfin fikirlərinə xor baxılmasından ibarətdirsə, onda həmin şəxs Allahın və Onun rəsulunun (Ona Allahın salavatı və salamı olsun) razı qaldığı qayda ilə qələbə çalmaz. Biz bütün məsələlərdə gərək bir ümmət olaq. Çünki, bizi xilas edəcək və inkişaf etdirəcək yalnız birliyimizdir. Mən demirəm heç kəs xəta etməz. Hər kəs xəta da edər, doğru da olar. Lakin, əsas bu xətanı islah etməyə çalışmaqdır. Xətaları islah etmək isə qeybət və başqalarını alçaltmaq yolu ilə düzəlməz. Onu islah etmək onunla bir araya gəlib haqqı bəyan etmək, xətasını mülayim şəkildə başa salmaqla mümkündür. Yox, əgər o, inadkarlıqla öz batil fikirləri üzərində qalmaqda davam edərsə, artıq onun xətasını aşkara çıxarmaq, insanları onun xətasından xəbərdar etmək edilməsi vacib olan bir əmələ çevrilir. Həqiqətən, əməllərin islah edilməsi bu yolla mümkündür. Təfriqəçilik və ayrılıq İslamın və müsəlmanların düşmənlərindən başqa heç kəsə rahatlıq gətirməz. Allahdan qəlblərimizi Ona itaət üzrə birləşdirməyini istəyir, bizə Allah və rəsulunun (Ona Allahın salavatı və salamı olsun) kəlamını rəhbər tutmağımızı nəsib etməsini, niyyətlərimizi saflaşdırmasını və şəriətində bizə gizli qalanları aşkara çıxarmasını Uca rəbbimizdən diləyirik. O, səxavətli və əliaçıqdır.
Aləmlərin rəbbi olan Allaha həmd olsun! Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və bütün səhabələrinə Allahın salavatı və salamı olsun!


Tarix: 17.04.2013 / 15:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Maraqlı melumatlar