beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adamlar arasında söz gəzdirməyin hökmü, Söz çatdırılan insan nə etməlidir, İkiüzlülük

Adamlar arasında söz gəzdirmək müsəlman icmasının rəyinə əsasən haramdır. Onun haram olmasını sübut edən dəlillər Qurani-Kərimdə və Peyğəmbərin sünnəsində kifayət qədərdir.

İnsanlar arasında söz gəzdirməkdən çəkinin! Allah taala buyurur: “İtaət etmə (yalan yerə) hər and içənə, alçağa. Qeybət edənə, söz gəzdirənə. Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana”. (əl-Qələm, 11-12) Başqa bir ayədə Uca Allah buyurur: “(Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!”. (əl-Huməzə, 1)
Huzyfənin rəsulullahdan (s) belə eşitdiyi rəvayət olunur: “Qəttat (yəni, sözgəzdirən) Cənnətə girməyəcək”. (Buxari 7/76 Müslim 1/101 Bax; iki şeyxin ittifaq etdiyi hədislər toplusu olan “əl-Lülu vəl Mərcan” 1\2 “Fəthul Bari” 10/472) Qəttat adamlar arasında söz gəzdirəndir. Lakin, Müslimdə Əbu Vailin Huzeyfədən etdiyi rəvayətə görə deyilir ki, qəttatla adamlar arasında söz gəzdirənin fərqi var. Adamlar arasında söz gəzdirən hadisə və ya söhbətdə iştirak edir və onu başqasına çatdırır. Qəttat isə bilinməyəcək formada söhbətə qulaq asır və eşitdiklərini başqasına çatdırır. (Müslim 1/101)
Huzeyfə rəvayət edir ki, rəsulullahın (s) belə buyurduğunu eşitdim: “Adamlar arasında söz gəzdirən Cənnətə girməyəcək”. (Müslim 1/101) Əhli sünnə və Camaat məzhəbi qiblə əhlindən heç kəsi xüsusi dəlil olmadan etdiyi günahlara görə kafir adlandırmır.
Abdullah bin Məsud rəvayət edir ki, rəsulullah (s) buyurur: “İnsan, doğru danışa-danışa Allah qatında doğru, yalan danışa-danışa yalançı tanınar”. (Müslim 4/2012)
İbn Abdul Birr Yəhyə bin Əbi Kəsirin belə dediyini rəvayət edir: “Söz gəzdirən və yalançı insanın bir saatda törətdiyi fəsadı sehrbaz bir ildə törədə bilmir”. Söz gəzdirmək də sehrin bir növüdür. Çünki, o insanlar arasında təfriqəçilik salmaqla, sevgi ilə birləşən qəlbləri ayırmaqla sehrlə eyni xüsusiyyətlər daşıyır. (Bax; “Fəthul Məcid” “Tövhid kitabı”nın şərhi səh; 325)

Söz çatdırılan insan nə etməlidir
İmam Nəvəvi buyurur: Hər hansısa bir şəxs gəlib “Fılankəs sənin barəndə belə danışır” və ya “belə hərəkət edir” deməklə söz gəzdirirsə, mömin ona qarşı aşağıda qeyd olunan altı formada reyaksiya göstərməlidir:
Birincisi, onu təsdiq etməməlidir. Çünki, söz gəzdirən fitnəkar olur.
Ikincisi, onu bu əməldən çəkindirməli, ona tövsiyə etməli və əməlini pisləməlidir.
Üçüncüsü, Allah yolunda ona qəzəblənməlidır. Çünki, Allah taalanın qəzəbinə səbəb olanlar barəsində qəzəblənmək möminə yaraşan vacib əməldir.
Dördüncüsü, yanında olmayan qardaşı barəsində pis fikirləşməməlidir.
Beşincisi, ona fitnə törətmək niyyəti ilə danışılan şey barəsində pis fikirlərə düşməməlidir.
Altıncısı, söz gəzdirən insana qadağan etdiyi bir şeyi özünə rəva bilməməlidir. Çünki, ona danışılanı başqasına danışmaqla onun özü də söz gəzdirənə çevrilir… (İmam Nəvəvi bunları “Müslim”i şərh edərkən İmam Qəzalidən nəql edərək qeyd edir. 2/113 “Fəthul Bari” 10/473 Nəvəvinin “Zikrlər” səh 299)

Ikiüzlülük
Əbu Hüreyrədən rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Insanların ən şərlisi birinin yanında bu cür, digərinin yanında başqa cür olan ikiüzlü adamlardır”. (Buxari 13/170, 6/526, 10/474 Müslim 4/2511) İbn Həcər qeyd edir ki, bu, bir sözlə sözgəzdirən insanın sifətidir. Insanların ən şərlisi onların ikiüzlü olanlarıdır. Çünki, ikiüzlü insan münafiqin daşıdığı sifətləri özündə cəm edir. Ikiüzlü insan batini batil və yalanlarla dolu olmasına, insanlar arasında fitnə-fəsad törətmək istəməsinə baxmayaraq, özünü zahirdə təmasda olduğu insanları sevən biri kimi göstərər. Bu da özündə nifaq, yalan və yaltaqlıq sifətlərini birləşdirən və insanlar arasında qarşıdurma yaradan çirkin bir əməldir. Lakin, yaxşı məqsədlər üçün insanlar arasında onların xeyirləri barəsində danışmaq, birindən digərinə xoş sözlər çatdırmaq bəyənilən bir əməldir. (Bax; “Fəthul Bari” 10/475)
Ammardan (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: “Dünyada iki üzü olan kimsənin Qiyamət günü oddan iki dili olar”. (Əbu Davud 4/268 Albani bu hədisi səhih hesab etmişdir. Bax; “Səhih əl-Cami” 6372, 5/346 “Səhih hədislər toplusu” 889)

Adamlar arasında söz gəzdirməyin yaranma səbəbləri
Şək yoxdur ki, adamlar arasında söz gəzdirməyin yaranma səbəbləri qeybətin yaranma səbəbləri ilə eynidir. Lakin, bu səbəblərə bir neçə əlavələr də mövcuddur. Adamlar arasında söz gəzdirməklə məşğul olan insan fitnəkar olar, xəbər çatdırdığı insana yaxınlaşmaq məqsədi güdər. Sönməkdə olan atəşi yenidən alovlandırar, fitnə-fəsad törədər, toplumda ayrılıq toxumu səpər, insanların qəlblərində nifrət hissi yayar.
Adamlar arasında söz gəzdirməyin çarəsi, ondan xilas olmağın yolları qeybətin çarəsi ilə eynidir. Əvvəlki səhifələrdə bu barədə geniş söhbət açdıq.

Söz çatdırmağın icazə verildiyi hallar
Imam Nəvəvi (Allah ona rəhmət etsin!) buyurur: “Buna ehtiyac duyularsa, edilməsində qəbahət olmaz. Əgər biri başqa birisinə onu öldürəcəkləri, ailəsinə və malına ziyan vuracaqları ilə xəbərdarlıq etsə, yaxud imamın və ya əmr sahibinin fitnədən qorunmaq üçün kimsə barəsində göstəriş verməsi icazə verilən hallardır. Əmr sahibinin belə halları aşkara çıxarması və aradan götürməsi vacibdir. Bu və buna oxşar əməllər haram deyil. Əksinə, bəzi hallarda bu əməlin yerinə yetirilməsi vacib, bəzi hallarda isə müstəhəbdir. Allah ən gözəl biləndir. (Bax; Nəvəvinin “Müslimin şərhi” 2/113)
Imam Buxari (Allah ona rəhmət etsin!) “Öz dostuna onun haqqında deyilənlər barəsində xəbər verməsi fəsli”ində İbn Məsudun belə rəvayət etdiyini xəbər verir: “Bir kişi: Vallahi, Məhəmməd bu əməli Allahın razılığını qazanmaq üçün etməyib” dedi. Mən də bunu gəlib rəsulullaha (s) xəbər verdim. Onun üzü qızardı. Sonra dedi: “Allah Musaya rəhmət etsin! Ona bundan daha artıq əziyyət vermələrinə baxmayaraq, o, səbr etdi”. (“Səhih Buxari” 7/87 “Fəthul Bari” 10/475)
Burada bizim tənqid etdimiz və qınadığımız, fəsad törətmək məqsədi güdərək xəbərçilik etməkdir. Lakin, tövsiyə, xeyirxahlıq xarakteri daşıyan və insanlar arasında çətinliyi, düşmənçiliyi aradan qaldırıb yerinə sevgi və sevinc gətirmək məqsədi güdməklə birindən digərinə xəbərsiz olaraq söz çatdırmaq şəriətimizin bəyəndiyi əməllərdən biridir. (Bax “Fəthul Bari” 10/476)

Səid bin Əli Vahf əl-Qahtani


Tarix: 17.04.2013 / 12:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 268 Bölmə: Maraqlı melumatlar