beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR (Yeddinci misal)

Yeddinci misal

Buxari və Müslimin Əbu Səid əl-Xudridən (sav) rəvayət etdikləri hədisdə deyilir: «Allahın elçisi (sav) ayağa durdu, insanlara xütbə oxuyaraq belə dedi: «Xeyr vallah! Sizin üçün qorxduğum şey yalnız Allahın sizlərə verəcəyi dünya zinətləridir». Bir nəfər ayağa qalxıb: «Ey Allahın elçisi! Heç xeyir də şəri gətirərmi?» – dedi. Allahın elçisi (sav) bir az susduqdan sonra: “Sən necə dedin?” – deyə soruşdu.

Həmin adam: «Ey Allahın elçisi! Heç xeyir də şəri gətirərmi?» – deyə sualını bir daha təkrarladı. Peyğəmbər (sav) buyurdu: «Xeyir yalnız xeyir gətirər. Dərədə bitən ot ya köpmədən öldürər, ya da öldür¬məyə yaxınlaşdırar. Yalnız yaşıllıqla qidalanan heyvanlar qarınları dolanacan yeyərlər. Qarınları dolduqdan sonra günəşə tərəf dayanar, təbii ehtiyaclarını ödəyər, gövşəyər və sonra yenidən qayıdıb ot yeyərlər. Kim haqqı çatdığı bir malı götürərsə, bu onun üçün bərəkətli olar. Haqsız yerə bir mala sahib olan isə yeyib doymayan heyvan kimidir».
(əl-Buxari, 6427; Müslim, 1052)
Peyğəmbər (sav) səhabələri üçün dünyadan qorxduğunu bildirmiş, dünyanı çiçək adlandıraraq onu təravətli iyinə, gözəl görünüşünə və tez solduğuna görə çiçəyə bənzətmişdir. Lakin çiçəklərdən sonra daha yaxşı və əbədi meyvələr vardır.
Allah elçisinin (sav) «Dərədə bitən ot ya köpmədən öldürər, ya da öldürməyə yaxınlaşdırar...» – ifadəsinə gəldikdə, bu dünyadan, ona dalmaqdan və ondan razı qalmaqdan çəkindirməni özündə əhatə edən ən gözəl misaldır. Beləliklə, dərənin otunu gözü doyanacan yeyən heyvan, çox güman ki, köpmədən həlak olur. Köpmə isə heyvanın qarnının ya çox yeməsindən, ya da xəstəlikdən olur. Bu hal insanlarda da baş verir. Haris ibn Məzin ibn Amr ibn Təmim səfərdə olarkən bu xəstəliyə tutulmuş və elə bundan da ölmüşdür.
Əs-Səlmi deyir: «İnsanın var-dövlətə hərisliyi onu həlak edər, onu həlak etməsə də, buna yaxınllaşdırar».
Peyğəmbərin (sav) «...öldürməyə yaxınlaşdırar» ifadəsi göstərir ki, bir çox var-dövlət sahibinin həlak olmasına onların var-dövləti səbəb oldu. Onlar başqalarının ehtiyacı olduğu malları acgözlüklə toplayır, başqaları da öz haqlarını ya onları öldürməklə, ya da ölümə yaxınlaşdıraraq zəlil və məğlub etməklə alırlar.
«Yalnız yaşıllıqla qidalanan heyvanlar...» ifadəsi. Bu dünyadan yalnız öz ehtiyaclarını alanlar üçün gözəl bir misaldır. Otla qidalanan qoyun da belədir. Qarnı dolana qədər yeyərlər.
«Qarınları dolduqdan sonra günəşə tərəf dayanar, təbii ehtiyaclarını ödəyər...» cümləsində toxunulması faydalı olan üç məsələ vardır.
Birincisi, heyvan otlaqdan ehtiyacı qədər qidalanıb onu tərk etdikdən sonra günəşə tərəf oturar yediyini həzm edər.
İkincisi, otlaqda ona zərər verəcək otdan üz döndərib günəş şüalarından faydalanır. Çünki günəşin hərarəti ilə onun yediyi qarnında bişər və ifraz olunar.
Üçüncüsü isə, heyvan otlaqda otladığını hər iki yolla ifraz edərək rahatlıq tapar. Əgər otladığı onun qarnında qalsaydı, sözsüz ki, onu öldürərdi.
Beləliklə, hər bir var-dövlət yığanın bu qoyun kimi etməsi onun xeyrinədir.
Hədisin əvvəli dünya malına həris olanlar barəsindədir. Burada onlar tamahkarlığın ölənə, yaxud ölümə yaxın bir müddətə qədər yeməyə sövq etdiyi heyvanlara bənzədilir. Tamahkarlıq ya həlak edir, ya da həlaka yaxınlaşdırır. Dərənin ətrafında otun və dənli bitkilərin bir çox növü bitir. Heyvan da bundan qarnı şişənə qədər yeyir və sonunda bağırsaqlarına və mədəsinə ağırlıq çökür və heyvan ölür. Dünya malının haramından yığan da belədir. Yığdığı malı ya saxlar, ya da gərəksiz yerə sərf edər. Hədisin sonu isə yaşıllıqdan qidalanan heyvanın öz yediyindən bəhrələnməsinə misaldır. Acgözlük və hərislik onu bacardığından artıq yeməyə sövq edə bilmir. Əksinə, ehtiyacı qədər qida qəbul edib günəşdən faydalanmaq üçün ona tərəf dayanar. Peyğəmbər (sav) heyvanın hər iki yolla ifrazatını misal göstərməkdə məqsədi insanın var-dövlətindən düzgün yerlərə sərf etməsinə, ondan zəkat və sədəqə verməsinə işarədir. Çünki var-dövlətin saxlanılması insana zərərdir. İnsan mal-dövlətindən ehtiyacı olan qədər götürdükdən sonra heyvan yediyini ifraz etməklə ölümdən xilas olduğu kimi insan da var-dövlət yığmağın və onu saxlamağın müsibətindən xilas olmalıdır.
Bu hədisdə insanın ölümünə səbəb olacaq qədər yeməsinin və tamamilə yeməkdən imtina edib aclıqdan ölməsinin haram olmasına və orta səviyyədə yeməyin halal olmasına işarə vardır. Həmçinin bu hədis mal-dövlət sahibinin qəlbinin və bədəninin sağlığını qorumasını, var-dövlətini xeyirli işlərə sərf etməsinin ona fayda verəcəyini, əks halda isə bunun zərərini çəkəcəyini xəbər verir.


Tarix: 15.04.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Maraqlı melumatlar