beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sələflərimiz vaxtın qədrini bilirdilər, bəs biz necə...?

Allahu təalə Əsr surəsində buyurmuşdur:
1-And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,
2-İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir?
3-Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)

İmam Şafii (A.r.e) demişdir: “Mən çox kitablar oxudum, çox insanlar ilə həmsöhbət oldum, hikmət əhlindən çox söz eşitdim və anladım ki, bütün bunların özü əslində bu üçlükdə cəmlənib:
I-Vaxt bir qılınc kimidir, sən onu kəsməsən, o səni kəsəcəkdir.
Hər halda bizə verilən bu qiymətli neməti bu cür şərh etmək daha doğru olardı.Allah vaxtı qullarına bir nemət olaraq vermişdir, insan bu vaxtı Allah və Rəsulunun (SallAllahu aleyhi və səlləm) yolunda, Ona ibadət və itaətdə istifadə etməzsə, tükdən incə, qılıncdan isə iti olan Sırat o insanı kəsər və Cəhənnəm quyusuna sürükləyər. Çünki elə Allah dostları olacaq ki, Sırat körpüsündən keçib gedəndən sonra belə deyəcəklər: “Biz dünyada ikən Allah Rəsulunun (SallAllahu aleyhi və səlləm) hədislərində tükdən incə, qılıncdan isə iti olan Sırat körpüsü haqqında eşitmişdik.Biz bu körpüdən nə üçün keçmədik?” Onlara isə deyiləcəkdir: “Sizə müjdələr olsun! Siz körpüdən keçdiniz.Əməlləriniz o körpünü elə genişlətmişdir ki, tükdən incə, qılıncdan isə iti olan həmin körpü sizin üçün Şərq ilə Qərb qədər geniş idi”. Əgər biz bu dünyada böyük bir nemət olan vaxtı Allah yolunda sərf edə bilməsək, hesab günü Sırat körpüsü tükdən incə, qılıncdan isə iti olaraq qarşımıza çıxar və orada bizi kəsib, Cəhənnəmə sürükləyər.
İmam Şafii (A.r.e.) sözünə davam edərək buyurur:
II-Sən haqq ilə məşğul olmasan, batil səninlə məşğul olacaqdır.
Gözəl məclislərdə, gözəl insanlar və gözəl işlərlə özünü məşğul etməsən, elmlə, əxlaqla, hikmətlə, zikr və Quran ilə özünü məşğul etməsən bu zaman batil səni öz məşğuliyyətinə çevirər.Səni Haqqın yolundan çevirər.
III-Heç vaxt sahib olduqlarınla qürurlanma.
Yüksək mövqedəsənsə, o mövqeni verən Allahdır.Böyük bir elmə sahibsənsə, o elmi verən də Allahdır.Zənginsənsə zənginliyinin ilə məğrur olma, çünki onu verən Allahdır.Hər kəs sahib olduğunun girovudur.Bu nemətləri verən Allahın əlbəttə ki, geri almağa da gücü çatar.Vaxt həyatdır, ömürdür.“Ey Adəmoğlu, mən yeni bir günəm və sənin etdiklərinə şahidəm.Məni ən gözəl şəkildə istifadə et, məni qiymətləndir,çünki Qiyamət gününə qədər bir daha gəlməyəcəyəm”- deyən yeni bir günə hansı səhər qulaq asdıq? Yoxsa qəflət üzündən ömrümüzün yalnız son gününün səsini eşidəcəyik? Halbuki bu zaman iş-işdən keçəcəkdir.Dan yeri ağardığı zaman, görəsən, o dan yeri yenidən üzərimizə doğulacaqmı?
Alimlərimiz demişdir ki, “Bu işi sabah edərəm!” deyən həlak olmuşdur.Gəlin unutmayaq ki, saleh əməlləri təxirə salmaq üçün deyilən “sabah edərəm!” sözü İblisin əsgərlərindən biridir.Allah Rəsulu (SallAllahu aleyhi və səlləm) buyurmuşdur: “Beş şey gəlmədən öncə beş şeyin qədrini bilin: “Qocalığından əvvəl gəncliyinin, xəstəliyindən əvvəl sağlamlığının, kasıblığından əvvəl zənginliyinin, məşğuliyyətindən əvvəl boş vaxtının və ölümündən əvvəl həyatının”.
ƏbuZər (A.r.o) rəvayət edir ki, peyğəmbərimizdən (SallAllahu aleyhi vəsəlləm) İbrahim peyğəmbərin (aleyhissəlam) səhifələrində nələr var idi?- deyə soruşdum.Allah Rəsulu (SallAllahu aleyhi və səlləm) buyurdu: Hər biri misallardan ibarət idi.Ağıl sahibinin dörd saatı vardır:
1-Bir saat Allaha (subhənəhu və təalə) münacat edər.
2-Bir saat nəfsini hesaba çəkər.
3-Bir saat Allahın yaratdıqları haqqında düşünər.
4-Bir saatı da (yemək-içmək) ehtiyacı üçün boş buraxar.
Ağıl sahibinin vaxtını məqbul işlərlə güdməsi, dilini mühafizə etməsi, əməlinin çox, sözünün az olması və ancaq lazım olduğunda danışması lazımdır.
Həsənul Basri (A.r.e) buyurmuşdur: “Ey Adəmoğlu! Gündüzlər sənin qonağındır, onunla gözəl davran, əgər onunla yaxşı davransan gündüz sənin üçün həmd edər, əgər onunla pis davransan səni pisləyər.Dünya üç günlükdür-dünən etdiyin əməllər artıq keçdi, sabaha çatacağın isə məlum deyil, lakin bu gün sənin üçündür. Bu gün üçün xeyirli əməllər et!”.
İbn Məsud (A.r.o) buyurmuşdur: “Mən ən çox Günəş qürub edərkən peşman olurdum.Çünki həmin gün keçdi, lakin mən əməllərimi artıra bilmədim”.
İbn Qeyyim (A.r.e) buyurmuşdur: “Vaxtı boş yerə məhv etmək ölümdən daha şiddətlidir, çünki vaxtı məhv etmək qulu Allahu təalədən və Axirət günündən uzaqlaşdırır.Ölüm isə qulu dünyadan və dünya əhlindən uzaqlaşdırır”.


Tarix: 12.04.2013 / 19:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Maraqlı melumatlar