beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın 8-ci möcüzəsi | Bürc Xəlifə

Dubayda yerləşən Bürc Xəlifə binası dünyanın ən hündür binasıdır və onun hündürlüyü 829,8 metrdir. Binanın tikintisi 2004-cü il sentyabrın 21-də başlanılıb və onun xarici hissəsinin tikintisi 2009-cu il oktyabrın 1-də başa çatıb. Bina rəsmi olaraq 2010-cu il yanvarın 4-də açılıb. Binanın tikintisinə 1,5 milyard dollar pul xərclənib və onun layihəsinin müəllifi amerikalı memar Adrian Smith-dir.


Bürc Xəlifə Dubayın yeni işgüzar hissəsinin simvolu sayılır. Kompleksin daxilində otellər, yaşayış evləri, ofislər və ticarət mərkəzləri yerləşir. Binanın 3 girişi var: otelə giriş, apartamentlərə giriş və ofislərə giriş.

Bina 163 mərtəbədən ibarətdir və onun daxilində 57 lift var. 1-39-cu (17 və 18-ci mərtəbələrdən başqa) mərtəbələrdə Armani oteli və ofislər yerləşir. Bu otelin dizaynını isə məşhur Giorgio Armani verib. 44-72 və 77-108-ci mərtəbələrdə isə 900 mənzil yerləşir. Binanın 100-cü mərtəbəsi bütünlükdə hindistanlı milyonçu B.R.Shetty-ə aiddir və bu mərtəbədə hər birinin sahəsi 500 olan 3 mənzil yerləşir. 111-121, 125-135 və 139-154-cü mərtəbələr ofislər üçündür. Binanın 43 və 76-cı mərtəbələrində trenajor zalları, hovuzlar və cakkuzili baxış meydançaları yerləşir. Ən hündür baxış meydançası 124-cü mərtəbədə, 472 metr hündürlükdə yerləşir.

Binanın daxili nəinki sərinləndirilir, həmçinin, xüsusilə Bürc Xəlifə üçün hazırlanmış ətirlərlə təravətləndirilir. Binanın şüşələri toz keçirmir və günəş şüalarının qarşısını alaraq binada optimal temperaturun yaranmasına şərait yaradır. Binanın damının sahəsi 17 futbol meydançasının sahəsinə bərabərdir.

Binanın aşağı hissəsində sahəsi 12 ha olan süni gölün yanında Dubayın musiqili fontanı yerləşir. Fontan 6600 işıq mənbəyi və 50 rəngli projektorla işıqlandırılır. Fontanın uzunluğu 275 m, hündürlüyü isə 150 metrdir.


Tarix: 26.11.2014 / 17:51 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqlı Melumatlar