beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ermənistanda olan məscidlər

1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscid prixodları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 prixod məscidi, Sürməli uyezdində 47 prixod məscidi, Şərur-Dərələyəz uyezdində 63 prixod məscidi, Novobayəzed uyezdində 14 prixod məscidi, İrəvan uyezdində 54 prixod məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər prixodun mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.

İrəvan məscidləri

1832-ci ildə İ.Şopen İrəvan şəhərində 12 məscid qeydə almışdı: Came məscidi, Qala məscidi, Şah Abbas məscidi, Zal xan məscidi, Novruzəli bəy məscidi, Sərtib xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdibəy məscidi, Hacı Cəfərbəy məscidi və s. Erməni vandalları Qərbi Azərbaycan ərazisində salamat qalmış bir sıra Azərbaycan və bütün alban abidələrini erməniləşdirmişlər. [1]

Göydələn minarələri olan İrəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Belə məscidlərin elə 4-ü qalanın "Şəhər" adlı məhəlləsində yerləşirdi: "Novruzəli xan", "Hüseynəli xan" (Göy məscid), "Xoca Səfərbəy" və "Məhəmməd Sərtibxan" məscidləri. 1604-cü ildə I Şah Abbas İrəvan qalasını osmanlılardan azad edəndən sonra Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirdi. 1606-cı ildə inşa edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidi ilə ümumi oxşarlığı olan İrəvan məscid kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə qədər məscid və ətrafındakı binalar kompleksi yarıuçuq da olsa, qalırdı. Sonralar tamamilə məhv edildi.

1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında yeni bir məscid inşa edildi. XVIII əsrdə Abbas Mirzə tərəfindən inşa etdirilən məscid də memarlıq üslubuna görə hər kəsi heyran edəcək gözəllikdə olmuşdur. Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi məscid tamamilə sökülmüş, Rəcəb Paşanın ucaltdırdığı məscidin yerində isə rus kilsəsi tikilmişdir.

Göy məscid adı ilə məşhur olan Hüseynəli xan məscidinin öncə dörd minarəsi olmuşdur. İkinci Dünya müharibəsindən sonra məscidin üç minarəsini dağıtmışlar. Son dövrlərə qədər təkminarəli də olsa, Göy məscid İslam nişanəsi kimi şəhərdə diqqəti cəlb edən abidələrdən idi.

XX yüzilliyin əvvəllərinə qədər İrəvan qalasında 8 məscid fəaliyyət göstərmişdir. İndi onların izi belə qalmamışdır. İrəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri ilə inşa olunmuşdur. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırmışlar. Məscid insanlarla birgə tamamilə yanıb külə dönmüşdür.

Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir. Hazırda bu məscidlərin heç biri qalmamış, hamısı ermənilər tərəfindən dağıdılmışdır.


Tarix: 25.02.2013 / 22:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 452 Bölmə: Məscidlər