beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövlana Cəlaləddin Rumi...

«Eşq davaya bənzər, cəfa çəkmək də şahidə: şahidin yoxdursa, davanı qazana bilmərsən» - bu möhtəşəm sözün sahibi Mövlana Cəlaləddin-i Belhi Rumidir. Mövlana həzrətləri 30 sentyabr 1207-ci ildə Əfqanıstanın Belh bölgəsində doğulmuşdur. Mövlana dünya tərəfindən tanınmış düşüncə adamı və şairdir. Mövlana həzrətlərinin atası alimlərin sultanı olaraq bilinən Məhəmməd Bahaəddin Vələddir. Anası isə Belh Əmrinin qızı Möminə xatundur.
Əsl adı Cəlaləddin olan Mövlana Belhi adını Belh bölgəsində doğulduğu üçün, Rumi adını da Anadoluya yerləşdiyi üçün (o dönəmdə Anadolunun adı Diyar-i Rumi idi) və Mövlana adını da özünü sevən insanlar tərəfindən əfəndimiz mənasına gəldiyi üçün verilmişdir.

MövlanaBahaəddin Vələd insanlara çox yaxşı davranmış və onların dərdinə hər vaxt dərman olmuşdur. Vələd fəlsəfə əleyhdarı idi. Hətta bu onun Belh şəhərindən ayrılmasına gətirib çıxarmışdır. Bir gün Bahaəddin Vələd insanlara verdiyi dərsdə İslamda fəlsəfənin yerinin olmadığını söylədikdən sonra buna şiddətlə qarşı çıxan İslam fəlsəfəçisi Fəhrəddin Razi dərhal onu dövrün hökmdarı Alaəddin Məhəmməd Tokisə şikayət edir. Bunun üzərinə Tokis Vələdə şəhərin açarını göndərir. Bunu bir şəhərdə iki padşah olmaz deyə anlayan Bahaəddin Vələd ailəsini də yığıb dərhal Nişapura köç edir. Nişapurdan sonra Bağdada köçən Vələd ailəsi burada bir müddət qaldıqdan sonra həcc vəzifəsini yerinə yetirmək üçün Ərəbistana doğru yola çıxarlar. Həcc dönüşü Şama yönələn ailə burada da bir müddət qaldıqdan sonra Anadoluya doğru yola çıxır.

O günlərdə on səkkiz yaşına çatmış Mövlana səmərqəndli Lala Şərafəddin qızı Gövhərlə evlənmiş və bu evlilikdən Məmməd və Alaəddin doğulmuşlar. Cəlaləddinin atası Bahaəddin Vələd 1231-ci ildə Konyada vəfat etmişdir və Səlcuqlu sarayında Gül bağçasına basdırılmışdır. Bu hadisə ilə əlagədar xalq və Sultan yas tutmuşlar (Sultanın bir həftə taxta oturmadığı deyilir). Atasının son istəyi ilə və Sultanın da xahişiylə Cəlaləddin atasının yerinə keçdi. Müəllimləri ölüncə tələbələri və müridləri onun ətrafında toplanmış Mövlananı atasının tək varisi olaraq görmüşlər. Həqiqətən də Mövlana böyük bir elm və din xadimi olmuş, İplikçi Mədrəsəsində vəzlər verməyə başlamışdır.

Mədrəsə onu dinləməyə gələnlərlə dolub daşırdı. Mövlana 15 noyabr 1244-cü ildə alim Şəms-i Təbrizi ilə qarşılaşdı. Ancaq birlikləri uzun sürmədi. Şəms qəfildən öldü. Mövlana Şəmsin ölümündən sonra uzun illər özünə gələ bilmirdi. Daha sonrakı illərdə Səlahəddin Zərkubi və Hüsaməddin Çələbi Şəms-i Təbrizinin yerini doldurmağa çalışdılar.

Həyatını "Həmdim, bişdim, yandım" sözləri ilə yekunlaşdıran Mövlana 17 dekabr bazar günü 1273-cü il Haqqın rəhmətinə qovuşdu. Mövlananın cənazə namazını vəsiyyəti üzərinə Sədrəddin Konəvi qılacaqdı. Ancaq Sədrəddin Konəvi çox sevdiyi Mövlananı itirməyinə dözə bilməyib cənazədə huşunu itirdi. Daha sonra Mövlananın cənazə namazını Qazı Siracəddin qıldı. Mövlana ölüm gününü yenidən doğuş günü olaraq qəbul edirdi. O öldüyü zaman sevdiyinə, yəni Allahına qovuşacaqdı. Ona görə Mövlana ölüm gününə toy günü və ya gəlin gecəsi mənasını verən "Şeb-i Arus" deyirdi və dostlarına ölümünün ardından "ah-ah, vah-vah edib ağlamayın!" deyərək vəsiyyət edirdi.

İndi Türkiyənin folklorunda məşhur olan və ölkəni bütün xarici ölkələrdə tanıtdıran "Rumi rəqsi" də Cəlaləddin Ruminin adını daşıyır. Saatlarla fırlanan rəqqas insanların əslində həmin fırlantını hiss etməmələri dünyanı təəccüb içində qoyur. Bunu hiss etməmək üçün məcazi mənada musiqiyə daxil olmaq lazımdır.


Tarix: 30.11.2014 / 19:52 Müəllif: Aziza Baxılıb: 134 Bölmə: Müxtəlif