beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gilani

Əbdül Qadir Gilani (1077-1166) Allah-təalanın böyük övliyalarındandır. O, hər əsrdə möminlər tərəfindən sevilmişdir. Əbdül Qadir özü onunla baş verən möcüzələri belə danışır: «Uşaq idim. Bir gün anamın yanına gedib dedim ki, məni haqq-təalanın yoluna istiqamətləndir və izn ver Bağdada gedib elm öyrənim, saleh adamları və övliyaları ziyarət edim. Anam ağladı, sonra qalxıb atamdan miras qalmış 80 qızıl gətirdi. 40-nı qardaşıma ayırdı, 40-nı da libasımın qoltuğunun altına tikdi. Getməyimə izn verdi və məndən söz aldı ki, hər zaman doğruluq tərəfdarı olacağam. Mənə uğur di­lədi və dedi: «Haydı, Allah səni salamat eləsin, oğlum! Allah xatirinə, səndən ayrılıram. Qiyamətə qədər bir daha üzünü görmərəm.»

Mən kiçik bir karvanla Bağdada yol aldım. Həmədan şəhərini keçəndə birdən qarşımıza 60 atlı çıxdı. Karvanımıza basqın edildi. Onlardan heç biri mənə fikir vermirdi. Biri mənə yaxınlaşıb soruşdu ki: «Ey fəqir, sənin bir şeyin varmı?» dedim ki: «40 qızılım var - Hanı? - Cübbəmin qoltuğunun altına tikilmişdir. Onunla zarafat etdiyimi sanıb, məndən uzaqlaşdı. Bir başqası gəldi, o da eyni sualı verdi. Ona da eyni cavabı verdim. O da məni tərk edib getdi. Hər ikisi başçılarının yanına gedib aramızda olan söhbəti ona danışdılar. Başçıları məni çağırdı.

Karvandan əldə etdikləri malları bölüşdürdülər və başçı soruşdu: «Paran varmı? - 40 qızılım var.» Əmr etdi ki, cübbəmi söksünlər. Sökdülər və qızılları götürdülər. Başçıları soruşdu ki: «Nə səbəbdən gizlətmədin, belə doğru danışdın? - Anama hər zaman doğru danışacağıma və doğru olacağıma söz vermişəm, xəyanət edə bilmərəm.» Başçıları bunu eşidib ağladı: «Neçə ildir məni yaradıb yetişdirənə verdiyim sözə xəyanət edirəm» - dedi və tövbə etdi. Onun yanındakılar da insanları soymaqda, yol kəsməkdə sən bizim başçımız idin. İndi tövbədə də bizim başçımız oldun - deyə hamısı birlikdə tövbə etdilər. Karvandan aldıqları malları geri qaytardılar. Əbdül Qadar Gilani sözlərini belə bitirir: «İlk dəfə əlimdə tövbə edənlər bu 60 kişidir.»
Əbdül Qadir Gilani demişdir: «Qəlbində bir kəsə düşmənçilik və ya sevgi duyursansa, onu qabaqca Qurani-Kərimə, sonra hədislərə ərz et. Həmin adam onlara görə sevimlidirsə - sən də sev, pis isə - sən de pis gör»


Tarix: 30.11.2014 / 19:13 Müəllif: Aziza Baxılıb: 146 Bölmə: Müxtəlif