beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həzi Aslanov

Aslanov Həzi Əhəd oğlu — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı [1][2][3][4] general-mayor.

Həyatı

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

İkinci dünya müharibəsi

İkinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərdi. O öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf etdi, onu ağır tələfata uğratdı. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Aslanovun tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardı.

Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstərdilər. Düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxartdılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi biliyini artırmağa səy göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsədi. Sonra o yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verildi. 1944-cü il iyunun axırlarında belorusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçdilər. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hucumları davam etdirdilər. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirdi. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü.

1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. O Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır.

Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən kapitan Aslanov Moskva ətrafındakı vuruşmalarda (1941) göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir.

Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı vermək haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilir. Aslanovun polkuna isə qvardiya adı verilmişdir. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir.

1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur.



Vətənə sadiq əsgər

24 yanvar 1945–ci ildə Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. Burada qəhrəmanın abidəsi ucaldılmışdır. 1969–cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılmış, 1983–cü il 8 mayda Lənkəran şəhərinin mərkəzində onun boyük heykəli qoyulmuşdur. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır.

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.


Tarix: 11.01.2013 / 14:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 722 Bölmə: Müxtəlif