Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Surətpərəst Landau...

Bakıda Landau adına küçə var. Adı Eynşteyn, Nilson Bor, Rezerford, Heyzenberq, Pauli kimi alimlərlə bir sırada çəkilən Nobel mükafatı almış fizik Lev Davıdoviç Landaunun bioqrafiyası silinməz cümləylə başlayır. O, Bakıda neft mühəndisinin ailəsində dünyaya göz açıb. Özü belə deməyi sevərmiş: «Mən yanvarın 22-də lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam». Atası onu süd içməyə, saatlarla royalı döyəcləməyə vadar etsə də, altı yaşlı uşağa tövlənin divarında təbaşirlə məsələ həll etmək daha maraqlı gəlirdi. Arıq, çəlimsiz olsa da, bu uşaq yaxşı oxuyur, hətta 12 yaşında rəqəmləri differensasiya etməyi, 13 yaşında isə inteqrasiya eləməyi bacarırdı. Amma gimnaziya bağlanandan sonra evdə oturmağa məcbur olan Landau anasının sözlərini qulağında ömürlük sırğa elədi: «İşsizlikdən insan məhv ola bilər». İntihar haqqında düşündüyü bu dövrdə xoşbəxtlikdən onun əlinə Stendalın «Qırmızı və qara» kitabı düşür və o anlayır: insan o qədər güclü ola bilər ki, öz həyatını istədiyi kimi dəyişə bilsin.

Azadlıq adası
Heyrətamiz iş qabliyyəti vardı. O, saatlarla kabinetindən çıxmaz, telefon zənglərinə cavab verməzdi. İçəri girənlər onu yarıuzanmış vəziyyətdə görərdi. Dostları zarafatlaşardı ki, «Başın bədəninə ağırlıq eləyir deyə uzanırsan». Heç 182 sm boyu olan kişinin 59 kq çəkisi olarmı? Fizikayla məşğul olmağa nəsə mane olardısa, o, əsəbdən xəstələnərmiş. Landau yaradıcılığı insanın ən ali, ən böyük həyat sevinci sayırdı. Ona görə də heç kim onu pis əhvalda, ruh düşkünlüyündə görə bilməzdi. Landaunun müasirlərinə təsirini araşdırmağa çalışan Bi-Bi-Si radiostansiyası belə nəticəyə gəlmişdi: «Landau yeni həyat fəlsəfəsi və tamamilə fərqli alim növü yaratmışdı. Fizika romantik ölkəyə, azadlıq adasına çevrilmişdi. İnsanlar düşündüklərini danışmağa cəsarət edirdilər. Bu atmosferin yaradıcısı Landau idi».
Sovet İttifaqında yalnız Landau atom bombası yaradılmasının nəzəri hesablamasını apara bilərdi. Hətta bu cür vacib məsələnin həllində belə o öz şərtlərini qoyur: «Bombanın texniki hesabatını aparacam, amma sizin iclasların birinə də gəlməyəcəm. Bütün rəsmi kağızları imzalamaq səlahiyyətini də Zeldoviçə verəcəm. Bomba yaratma texnikadı, mənim işim elmdir». 1943-cü ildə aldığı ilk «Şöhrət ordeni»nə qalan ordenlərdən çox sevinirdi ki, onun hərbi sahədəki zəhməti hədər getməyib. Onun hətta məşhur «katyuşa»nın yaranmasında da əli olub. Nəticədə o, bir Sosialist Əməyi Qəhrəmanı ordeni Zeldoviç və Saxarov isə üç orden aldı. Fiziklər hamısı bir nəfər kimi təsdiqləyir ki, Landaunun ən azı 7 işi hər biri ayrılıqda Nodel mükafatına layiq di.

«Həyatda ən maraqlı, əlbəttə, elmdi, ən gözəlsə qadınlardı»
Lev Davidoviç LandauEvdə, məişətdə balaca uşaq kimi davranan alimin elmi məruzələr vaxtı dilinin topuq çaldığını görən olmayıb. Heç kitablarının mətnini də özü yazmazdı. Zirək, amma istedadsız iş yoldaşlarına əməkhaqqı əvəzinə ideyalar bağışlayırdı. Xarici səfərə göndərilmə ərəfəsində olarkən ingilis dilini öyrənməyə cəmi ay yarım vaxt sərf eləyir. Səfərdən qayıdanda ən birinci işi pulun qalığını hökumətə təhvil vermək olurdu. Hesablama işlərində nə loqorifm xətkeşindən, yaxud cədvəldən, nə də məlumat kitabçalarından istifadə edərdi. Belə beyində alçaq hisslərə yer qalmır. Yaxşı ki, bu qıtlıqda qadınlara yer vardı.
Dau haqqında gəzən rəvayətlərə baxmayaraq o heç vaxt nə mavi, nə də çəhrayı kostyum geyməmişdi, məruzələrinə cibində pişik gətirməzdi. Ola bilərdi, bayırda yağan yağışı, əsən küləyi hiss etməsin. Kabinetinin qapısına öz əliylə yazıb yapışdırmışdı:
«Ehtiyatlı ol, dişləyə bilərəm!»
İnsanlar arasında olmağı, ünsiyyəti, sənəti çox sevsə də, balet və operanı anlamazdı: «Kimsə öz oxu ətrafında mənasız fırlanmalar edirsə, buna baxmaq çox cansıxıcıdı. Opera bundan da mənasız bir şeydi. Kişi sevgilisinə sevirəm deyərək kötük kimi yerindən tərpənmir, əvəzində səsini titrətməklə və ulamaqla kifayətlənir. 12 yaşında olanda mən Kantın kitabını götürüb çox diqqətlə oxudum və bu nəticəyə gəldim ki, bunlar hamısı boş və axmaq şeylərdi»

«Bütün gözəl qızlar ərdədi, bütün yaxşı məsələlərsə artıq həll olunub»
Hesablamaqdan və sevməkdən başqa bir şey tanımayan alim beyniylə getdiyi şəhərlərin modulunu çıxarırdı. Modul şəhərin kifir qadınlarının gözəl qadınlara olan nisbətinə deyilir. Cib dəftərinə də qadınların telefonunu əlifba sırasıyla deyil, gözəldən kifirə doğru prinsipiylə yazırdı. Allah eləməmiş, bu siyahıda sonunculardan olaydın. Heç üzünə də baxmazdı. «Bəli, etiraf edirəm ki, surətpərəstəm» deyən Dau kişiləri də qadınlarda hansı keyfiyyəti qiymətləndirirsə, ona uğun olaraq surətpərəst, ruhpərəst, bədənpərəst, ayaqpərəst adlandırırdı. Xüsusilə ruhpərəstləri sevməzdi: «Fu! Qadında ruhu necə sevmək olar? Leonardo da Vinçi hesablayıb ki, ruh üçün bədəndə yer yoxdu. Utanmırsan? Hələ bir gürcüdü, bığı da var…» deyib teatral səslə çığırmaq onunçün adi bir şeydi. Onun qadınları bir-birindən ayırmağının öz sistemi vardı:
1-ci növ – Alman aktrisası Anna Ondra, sarısaç Merilin Monro kimiləri, yəni baxdınsa, gözünü çəkmək mümkün deyil.
2-ci növ – Fındıqburun sarısaç gözəlçələr.
3-cü növ – Belə də… baxmaq da olar.
4-cü növ – Baxmasan, yaxşıdı. İnsanlarçın ziyanlı deyil, amma atları qorxuda bilər.
5-ci növ – Maraqlıdırlar, amma baxmaq istəmirsən. Valideynlərinə töhmət düşür.
«Gülməyin, qiyamət günündə Allah sorğu-sual edəcək ki, verdiyim nemətlərdən niyə faydalanmadın, niyə darıxırdın» deyən Dau evliliyi də fərli bir şey saymırdı: «Yaxşı olsaydı, adını «brak»(rusca brak evlilik deməkdi) qoyardılar?»

Arvadağız kişilərə yardım fondu
Evliliyə skeptik münasibəti olsa da, arvadı Kora ilə yarım əsr birlikdə olublar. Kora ona balaca uşaq kimi qulluq edir, az qala yeməyi də qaşıqla yedizdirirdi. Bilirdi ki, Dau yeməyi də, yatmağı da unuda bilər. Amma evlənəndə onlar «Bir-birinə hücüm etməmək barədə akt» bağlamışdılar. Bu şifahi akta əsasən tərəflərdən heç birinin qısqanmağa, yoldaşının həyatını özəlləşdirməyə haqqı yoxdu. Arvadının qısqanclıq «pristuplarını» böyük məbləğdə cərimələrlə islah eləməyə çalışırdı. Bəzən cərimə gələcək kitabın qonorarından təyin olunurdu. Axı, Daunun qazancının 60 faizi özü daxil olmaqla evin xərclərinə, 40 faizi isə özü dediyi kimi «qızlar, şokolad və kino üçün» idi. Evin yuxarı mərtəbəsində Dau çoxsaylı dostları, qonaqları və sevgililəriylə birgə yerləşmişdi. Oğlu və arvadına aşağı mərtəbədə yerləşmək qalırdı.
Balkonlu telefon olan otağın divarları az qala bütün elm aləminin intim söhbətləri və səslərini eşidib. Dau dostlarının karına gəlməyiylə fəxr edərdi. Koranın bu məsələyə qarışdığı vaxtlarda «Sən niyə belə aqressivsən. Bəyəm səndən nəsə gedir?» deyib hiddətlənərdi. Daunun məşuqəsinin gələcəyi gün arvadı təmiz yataq dəsti hazırlamalı, ikinəfərlik yemək süfrəsi açandan sonra özünü siçan kimi səssiz-səmirsiz aparmalıydı. Arvadının xoşbəxt olmasına cavabdeh olduğunu təkidlə deyən Dau dünyalar qədər sevdiyi qadınına məşuq axtarmaqda da kömək edirdi. «Mən parlaq, işıqlı, maraqlı həyat yaşamaq istəyirəm. İnsan təbiətən azad yaranıb. Qısqanclıq ən murdar, ən alçaq keyfiyyətdir». Dau «Əsl kişi necə yaşamalıdır?» nəzəriyyəsini ən dahi əsəri sayırdı və çox heyfsilənirdi ki, bu əsər heç vaxt çap olunmayacaq. Bir də ki, qazancının 40 faizini o təkcə qızlara xərcləmirdi. Stalin dövründə türmələrdə ölmüş beş alimin ailəsini saxlayırdı. Pulları saxladığı yeşiyin adını isə «Arvadağız kişilərə yardım fondu» qoymuşdu. Dar gündə hamı bilirdi ki, bu «fonddan» faydalana bilərlər. Uşaq səmimiyyətli Dau 50 illik yübileyində belə təntənəli nitqlərə, hədiyyələrə, təbriklərə yer ayırmaq istəmədi. O yubiley karikaturalar, şarjlar, rəsmlər, şerlər maskaradına çevrildi. O vaxt səslənən lətifələr hələ də dillərdədi…

Davam edir 37…
1938-ci il həbslər dalğası Landaudan kənar keçmədi. Maye heliumun tədqiqatıyla məşğuluydu. Sonralar gələcəkdə məhs bu işinə görə ona Nobel mükafatı veriləcəkdi. Fizika problemləri İnstitutunun direktoru P. Kapitsa və müasir fizikanın patriarxı Nilson Bor Landaunun azad olunmasıyçün Stalin və Beriyaya məktublar yazırlar. Yəqin ki, o dövrdə bu problemi həll edə biləcək ikinci alim tapılsaydı, Landau belə tezliklə, yəni bir ildən sonra dünya işığını görə bilməzdi. Azadlığa çıxandan sonra dediklərindən: «Əvvəla, mən orda tutulacağımdan daha qorxmurdum. İkincisi, ürəyim istəyən qədər Stalini ucadan söyə bilirdim. Mən orda əylənirdim də, növbəti sorğu-sualdan sonra «Yaşasın Stalin» deyənlərə baxıb o qədər gülürdüm ki… Bizi bankaya yığılmış silyotkalar kimi üst-üstə qalayanda da mən narahatlığa fikir vermir, beynimdə hesablamalar aparırdım. Orda 4 işimi tamamlamışam». Stalin öləndə Dau sevindiyindən ortaya atılıb xeyli oynamışdı…

«Mən öz xəstəliyimlə sarsaq bir rekord qoydum»
Buzlu, soyuq gecələrdən birində Dau avtomobil qəzasına düşür. Onu demək olar ki, o dünyadan geri qaytarmağa nail olurlar. Sağalmasına sərf edilən bir neçə il ərzində onun tamamilə itmiş əzələ örtüyü yenidən canlanmağa doğru getdikcə dözülməz ağrıları, gecə qallüsinasiyaları və həkim xalatında ürəksiz insanların qoyduğu səhv diaqnoz… Bundan belə yaşadığı illərdə Dau bu həkimlərdən heç birini inandıra bilmədi ki, hər dəfə nəfəsini çəkəndə onun qarnında dözülməz ağrı əmələ gəlir. Onu uşağa başa salan kimi inandırırdılar ki, əslində onun qarnı heç ağrımır. Təbiətcə davakar olmayan bu insan dözməyə üstünlük verdi. 6 illik zülmdən sonra ölümündən bir həftə əvvəl qarnında travmadan əmələ gələn şişləri kəsən həkim etiraf elədi: «Başın travması medikləri səhv yola apardı. O vaxt heç məni qoyardılar ki, Landaunun qarnına əlimi vurum?»
Hələ xəstəxanada yatarkən ora Kanada, Meksika, Kariforniya fermerlərindən dəvət məktubları gəlirdi. Fransız xanımları məktublarına fialka qoyub göndərirdilər. Hətta Nobel komitəsi də öz qaydalarını pozaraq 1962-ci ildə Landauya mükafatı İsveç sarayında yox, Elmlər Akademiyasının xəstəxana divarları arasında verməli olur.

Landaunun aforizmləri
 İngilis dilini bilmək lazımdı! Onu ən axmaq ingilis də pis bilmir.
 Qadınların qarşısında baş əymək lazımdı. Xüsusilə də onların səbrinə görə. Əminəm ki, kişilər uşaq doğmalı olsaydı, bəşəriyyət tezliklə məhv olardı.
 Evlilik kooperativ kimi bir şeydi, onun sevgiyə heç bir aidiyyəti yoxdu.
 Mənim qadınların qayğıları qədər işim olsaydı, heç vaxt fizik ola bilməzdim.
 Yeni nəzəriyyə köhnə nəzəriyyənin tərəfdarlarının ölməsindən sonra işə düşə bilər.
 Uğurlu ailə qurmaq gözü bağlı vəziyyətdə gürzə dolu torbadan su ilanı çıxarmaq kimi bir şeydi.


Tarix: 30.11.2014 / 19:33 Müəllif: Aziza Baxılıb: 230 Bölmə: Müxtəlif
loading...