beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan mədəniyyətinin inkişaf problemləri

Müasir Azərbaycan mədəniyyətinin xüsusiyyətləri bir sıra cəhətləri ilə diqqəti cəlb etməkdədir. Əvvəla, xalqın həyatında baş verən milli, siyasi oyanışlar, tarixi dövrün səciyyəsi həmin xüsusiyyətlərin mahiyyətini kəsb edirdi. Bu mənada XX əsr milli təfəkkür tarixində mürəkkəb bir hadisə kimi diqqəti cəlb edir. Belə ki, milli təfəkkür təkcə Qərb yönümü ilə Şərq yönümünün münasibəti üzərində düşünməklə qalmırdı, onun öz daxilində mübarizə gedirdi: klassik təfəkkür (Şirvan mühiti) Şərq yönümü ilə ittifaqa girib vaxtilə intibah mədəniyyətini yaradan (və yeni zamanda intibahın məhsulu olan) folklor (xalq) təfəkkürünü sıxışdırmışdı.
XX əsrin 20-ci illərindən başlayaraq şifahi xalq ədəbiyyatının toplanıb nəşr edilməsi, bolşevik inqilabının qələbəsilə əlaqədar olaraq ümumi mədəniyyətin ictimailəşməsi (kütləviləşməsi) demokratik olanı normalaşdırır.( N.Cəfərov – «Ədəbiyyat və incəsənət» qəzeti, 1978, 11 mart.)
Azərbaycan mədəniyyətinin məhz bu dövrünün daxili dinamikası bir daha sübut edir ki, bu tarixi mərhələdə ən müxtəlif, hətta bir-birini inkar edən bədii mövcudluqlar bəzən ardıcıllıqla, bəzən də paralel olaraq ortaya çıxmışlar.
XX əsrin 60-cı illəri Azərbaycan mədəniyyətinin «sosialist, kommunist mədəniyyəti»nin formalaşmasının ən «məhsuldar» dövrü kimi qiymətləndirilirdi. Lakin bütün bunlarla yanaşı, həmin zaman kəsiyində ədəbiestetik düşüncə daha çox mövcud ideologiyanın, «nəsihət» və «dərs»lərindən boyun qaçırırdı. Əsrin ortaları Azərbaycan tarixinin elə məqamı idi ki, ictimai-siyasi sıxıntılar mərhələsində çırpınan həqiqət və azadlıq çarçıları onları sarımış yalan, hiylə, saxtakarlıq ilğımından sivrilib çıxmaq, ayıq danışmaq istəyirdilər. Artıq dövr özünün estetik, fəlsəfi, siyasi düşüncələrini doğurdu. Artıq bu gün, yəni müstəqillik qazanmış azad Azərbaycan Respublikasında mədəniyyətin inkişafı üçün hərtərəfli geniş imkanlar açılmışdır. Bu, hər şeydən əvvəl, Azərbaycan mədəniyyətinin dünya sivilizasiyalarına inteqrasiyası, Avropa mədəniyyətləri ilə qarşılıqlı əlaqəsi üçün ən münbit zəmin formalaşdırır.
90-cı illərdən müstəqilliyə qovuşmuş ölkədə mədəniyyətin inkişafı, tərəqqisi üçün atılan bir sıra addımlar bu sahədəki işlərin başlanğıcı kimi dəyərləndirilməlidir. Xüsusilə, mədəniyyətin statusunun müəyyənləşdirilməsində Azərbaycan dövlətinin hüquqi-normativ sənədlərində aparılan yenidənqurma buna əyani sübutdur. Azərbaycan Demokratik Respublikasının ali qanunu olan Konstitusiya (1995, 12 noyabr), Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu (1998), Tarix və Mədəniyyət abidələrinin Qorunması haqqında Azərbaycan Respublikasının Qanunu (1998), Muzey işi haqqında Qanunu (1992), Təhsil Qanunu ölkədə mədəniyyətin yeni ideologiya, yeni humanist prinsiplər əsasında mədəniyyətin tərəqqisinə geniş yol açmış oldu. Bunlar isə milli müstəqil mədəni siyasətin formalaşması üçün ən zəruri və vacib amilidir. Dünya mədəniyyət təcrübəsi sübut edir ki, mədəni siyasətin başlıca mahiyyətini, cəmiyyətin daha möhkəm inkişafını təmin etmək, həyat şəraitinin keyfiyyət göstəricilərinin yüksəldilməsi təşkil edir.
Xüsusilə, bədii mədəniyyət sahəsində azad düşüncə tərzi, mövzu seçmə müstəqilliyi sənətin inkişafı, istedad və qabiliyətlərin üzə çıxarılması üçün əlverişli tarixi məqam oldu. Lakin bütün bunlarla yanaşı, müasir Azərbaycan mədəniyyətinin bu gün narahat, problem doğuran məqamları da mövcuddur. Xüsusilə, Azərbaycanda kütləvi mədəniyyətin dinamikasında bir sıra cəhətlər milli mentalitet üçün ciddi narahatçılıq doğurur. İncəsənətin müxtəlif janrlarında, daha çox musiqidə, teatrda bayağılıq, yüngül janrların üstünlük təşkil etməsi, bir tərəfdən, insanların zövqlərinin deformasiyasına, xüsusilə də, gənclərin əsil sənətin dərkindən, aşılanmasından uzaq düşməsinə, digər tərəfdən isə, çox dərin köklərə, zənginliklərə gedib çıxan klassik incəsənətimizin unudulmasını təmin etmiş olur.
Azərbaycan mətbuatında yaranan qəzet-jurnal bolluğu, televiziya və radio kanallarının çoxluğu, bəzi hallarda özünün birbaşa vəzifəsinə deyil, əks istiqamətə yönəldilmiş olur. Bütün mədəniyytələr kimi, Azərbaycan mədəniyyəti, incəsənəti də öz hümanist prinsipləri ilə zaman-zaman tərbiyə funksiyasını yerinə yetirmişdir. Bu gün əsas məqsədlərdən biri, məhz mədəniyyət vasitəsilə tərbiyəni inkişaf etdirmək, humanizmi təbliğ etməkdir.
Tarix sübut edir ki, cəmiyyətdəki transformasiya həmişə sosial-iqtisadi gərginliklərlə üzləşdiyi üçün o mütləq mədəniyyətin stabilliyi və ya inkişaf dinamikasına təsir edir. Bu, xüsusilə, son on il ərzində Azərbaycan Respublikasında öz təzahürünü aydın şəkildə göstərməkdədir. Xüsusilə, insan təbəqələrinin sosial statuslarındakı dəyişikliklər mənəvi mədəniyyətə dağıdıcı zərbə vurur. Fikrimizi daha da aydınlaşdıran fakt respublikada son on il ərzində insanların kütləvi istirahəti üçün geniş imkanlara malik mədəniyyət müəssisələrinin – klub, mədəniyyət sarayları, evləri, kitabxanaların bağlanması və ya digər məqsədlər üçün istifadəyə verilməsi hallarıdır. Düzdür, bu gün respublikada, xüsusilə, Bakı şəhərində dünya standartlarına, müasir tələbatlara cavab verə bilən yaraşıqlı, hətta möhtəşəm mədəniyyət müəssisələrinin – istirahət və mədəni əyləncə obyektlərinin təşkilində irəliləyişlər əldə edilmişdir. Lakin bunlar kimə xidmət edir? Kütləyə, yoxsa müəyyən təbəqəyə?! İkincisi daha doğrudur! Bazar iqtisadiyyatı qanunlarına tabe olan mədəniyyət obyektlərinin bu prinsip əsasında fəaliyyəti qanunauyğun haldır! Mədəniyyətin müvafiq sahəsində yaranan bu vəziyyət cəmiyyət daxilində müəyyən narazılıqla da qarşılanır ki, bu da Azərbaycan mədəniyyətinin bu günkü problemlərindəndir!
Hazırda Azərbaycan Respublikasında gedən ciddi sosial-iqtisadi, mənəvi, mədəni dəyişikliklər mədəniyyətin mühüm sahələrindən biri olan təhsildə də öz əks-sədasını göstərməkdədir. 1992-ci ildə qəbul edilmiş Təhsil Qanunu hazırda təkmilləşdirilərək təhsilin bütün sahələr və səviyyələr üzrə yenidən qurulması məqsədilə islahatlarla müşahidə olunmaqdadır. Təhsil və elmdə gedən bu geniş miqyaslı islahatlar Azərbaycan mədəniyyətinin dünya sivilizasiyasına qədəm qoymasına, habelə qabaqcıl dünya ölkələrinə inteqrasiya etməsinə əhəmiyyətli təsir göstərir.
Hazırda yeni mədəni siyasətin formalaşaraq təkmilləşdirilməsi Azərbaycan mədəniyyətindəki problemlərin aradan qaldırılmasına, o cümlədən inkişafına əlverişli şəraitin yaradılması deməkdir.


Tarix: 09.12.2014 / 13:11 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)