Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim Çin mədəniyyəti

Çinin sivilizasiya tarixi minillikləri əhatə edən qədim mədəniyyətlərdən biridir. Çinlilərin özlərinin təsdiq etdikləri kimi, ölkənin tarixi e.ə. III minilliyin sonlarına gedib çatan Yao, Şunya, Yuya hakimlərinin hökmranlıq dövründən başlayır. Çin sivilizasiyasının uzun illəri əhatə edən inkişaf yolu dünya mədəniyyəti tarixində mədəniyyətin tamamilə yeni unikal tipini yaratdı.
Qədimdən başlayaraq Çin mənəvi mədəniyyətinin spesifikasına rasional səciyyə xarakterikdir. Bir xeyli müddətdən sonra ölkənin mənəvi mədəniyyətinə daha humanist ideyalar, mistik dünyagörüşləri nüfuz etdi və onların transformasiyası praqmatik nəticələrə gətirib çıxartdı. Belə bir şəraitdə çin mədəniyyətində mifologiya qismən də olsa, təzahür olunmağa başlayır. Mif yaradıcılığı haqqında ilkin məlumatlar müdrik və ədalətli hakimlərin mifəbənzər, tarixiləşdirilmiş əfsanələrindən əldə edilir.

Artıq Xanın dövründə (b.e.ə. III əsr – b.e.-nın III əsri) vəziyyət dəyişir və ritual etika çin ənənəvi mədəniyyətinin əsas simasını təmin edir. Bir qədər sonralar konfutsiçilik, daosizm, moizm və buddizm çin mədəniyyətini zənginləşdirdi. Burada ən vacib rolu sosial-siyasət və inzibatçılığı dini-etik norma və tələblərə tabe etdirən konfutsiçilik oynadı. Daosizm də bir dini ideologiya kimi Çin mədəniyyətində xüsusi yer tutdu.

Daosizm bir çox şair, rəssam və filosofları da öz ətrafında birləşdirmişdi. Bu, əlbəttə ki, konfutsiçiliyə qarşı çıxış deyildi, əksinə, daoçu ideyalar məhz konfutsi fəlsəfəsi əsasında bəhrələnmiş və yaradıcılıq üçün yeni imkanlar açmışdır.

Ənənəvi Çin mədəniyyətinə buddizm özünəməxsus təsir göstərmişdir. Bu, din Çinə I-II əsrlərdə maxayananın şimal formasında daxil olmuşdur. Bu, Çinin həmin dövrdəki incəsənətini, ədəbiyyatını və xüsusilə də, memarlığını təzahür etdirir. Çoxsaylı məbədlər, monastırlar, nəhəng mağara və qaya kompleksləri, bədii kamillik, bütövlük mücəssəməsi olan paqodalar Çin memarlığına yeni sima bəxş edərək, sözün əsil mənasında onu dəyişdirmişdi.
Budda prototiplərinə həsr edilmiş novellalar bədii nəsrin aparıcı növlərindən birinə çevrildi. Bu isə öz növbəsində klassik Çin romanının təşəkkülünə ciddi təsir göstərdi. Dao monastırları kimi, budda monastırları da Çin mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Bu mədəni ocaqda şair, rəssam, alim və filosoflar vaxt keçirərək, öz əsərlərinin ilham duyğusunu, məhz buradan əldə edirdilər. Monastırların arxiv və kitabxanalarında Çinin yazılı mədəniyyətinin ən nadir və dəyərli inciləri qorunub saxlanılırdı. Bütün bunlar isə sənətsevər rahiblərin tərcüməçilərin, surət çıxaranların hesabına həyata keçirilirdi. Çin budda sənətkarları kitab çapı üçün vacib peşə hesab edilən ksiloqrafiya sənətinin də əsasını qoymuşlar. Çin xalqının mədəniyyətinə təsir göstərən buddizm əlamətlərindən biri də onun fəlsəfə və mifologiyası olmuşdur. Bu fəlsəfədə yoqların gimnastik təcrübələrindən başlamış, cənnət, cəhənnəm haqqındakı təsəvvürlərə qədər olan hər şey öz əksini hekayə və əfsanələrdə tapmışdır..
Çin mədəniyyətində bir çox adət-ənənələr buddizmlə bir əlaqədardır. Məsələn, çay və çayiçmənin təşəkkülü haqqındakı əfsanə buna aiddir. Bu əfsanəyə görə buddaçılar etiqad zamanı gümrah olmalı, bir çox saat ərzində hərəkətsiz qalmalıdır. Bu zaman mürgüləmək və ya yuxuya getmək böyük günah, eyib hesab edlirdi.

Çin ədəbiyyatının kökləri çox-çox qədimlərə gedib çıxır. Yaranmış əsərlər həqiqətən də möhtəşəmdir. Çin ənənəvi ədəbiyatı xronoloji prinsipə uyğun olaraq beş mühüm tarixi mərhələyə bölünür: b.e.ə. 206-cı ilə qədər; b.e.ə. 206 – b.e. 618-ci il; 618-1279; 1279-1911 və 1911-ci ildən bu günüdək (bunlar 1911-1949-cu illər və 1949-cu illərdən bu günə qədərki dövrü əhatə edən yarım qruplara bölünür).

Ədəbiyyat kimi, qədim Çin təsviri sənəti də rəngarəng səciyyə kəsb edir. Çinin ənənəvi rəngkarlıq janrı «qoxua» hesab edilir. Bu kağız və ya ipək üzərində qara və ya kül rəngli tişə ilə rəsmlərin təsvirindən ibarətdir. Qoxuanın əsas mövzusu dağ, çay, gül və quşları təsvir edən peyzajlardır. Təsvirlərin hər bir elementi rəmzi məna kəsb edir. Bu rəngkarlığın əsas məktəbləri Suy, Tan, Sun sülalərinin hakimiyyəti dövrünə aiddir. Bu dövrün "qoxua" təsvirlərindən dövrümüzə gəlib çatanı Suy zəmanəsinə aid olan rəssam Qu Kayçjinin «Yazın sonu» adlı əsəridir. Tan rəssamlığının nümayəndələrinə isə, Yan Liben, Yuyçi İtszen, Li Sısyun, U Daotszı, Van Ven aid olsa da, dövrümüzə yalnız Fan Kuanyanın «Qarla örtülmüş dağ» və d. əsərləri gəlib çatmışdı.

Çində rəngkarlıqla eyni vaxtda kalliqrafiya da inkişaf etmişdi. Qədim çinlilər yazılarda xətlərin ifadəliliyi, bədiiliyi, zərifliyinə diqqət yetirir, onların kompozisiya quruluşuna, qrafik elementlərin vəhdətinə xüsusi incəliklə yanaşırdılar. IV əsrdə Çinin ən görkəmli kalliqrafı Van Siçji idi. Onun 353-cü ildə yaratdığı «Səhləb çiçəkli çardaq» kalliqrafik rəsminə uzun illər, əsrlər digər dünya rəssamları oxşarlar çəksələr də, həmin əsərin gözəlliyini yarada bilməmişlər.

Çin incəsənətin digər sahələrində də öz qədimliyi ilə seçilən ölkələrdəndir. Teatr növü bu sahədə ən irəlidə olan incəsənət növlərindəndir. Qədim Çin teatrı öz rəngarəngliyinə görə dünyanın ən zəngin teatrlarından hesab olunur. Kölgə və kukla teatrlarının 60-dan çox növü məlum idi. Müasir opera teatrı məhz bu ənənələr üzərində formalaşmışdı. Çinin musiqisinə gəldikdə isə, hələ b.e.ə. I əsrdə bu qədim ölkədə 80-ə yaxın milli musiqi alətinin olmasını söyləmək buradakı vəziyyəti anlamağa geniş imkan açır. Musiqinin inkişafı prosesində qədim Çində beş əsas ənənəvi musiqi janrı formalaşmışdı: mahnı, rəqs musiqisi, nəğməli nağıllar musiqisi, yerli opera musiqisi və instrumental musiqi. Çinin musiqi mədəniyyəti bir neçə dəfə çiçəklənmə dövrü keçirmişdi. Qədim klassik musiqi nünunələrinə tsinyada ifa olunan (7 simli alət) üçün «Quanlinsan» adlı pyeslər, xutsya fleytası üçün 18 hissəli süita, «Dairəvi tutqu» pyesi, nəfəsli və simli alətlərdə ifa olunan «Yaz çayında ay işığı və çiçəklər» pyesi və s. Çin musiqi mədəniyyətinin çiçəklənmə dövrü Suy və Tan sülalələrinin hakimiyyəti dövrünə təsadüf edir.
Bu dövrdə oxuma, rəqs və instrumental musiqini birləşdirən musiqili tamaşa – «datsyuy» yaradıldı. Bu janrın ən məşhur nümunələri «Tsin knyazı düşmənləri məhv edir», «İcjou» və «Lyançjou» adlı əsərlərdir. Teatr və dramatik sənətlər içərisində Çin sirk sənəti də qədim səciyyə kəsb edir. Bu janr öz kökünü insanların həyatı, məişəti, dini adət və mərasimlərindən götürür. Sirk akrobatikası incəsənətin müstəqil növü kimi Yaz və Payız dövrünə (b.e.ə. 770-476 illər) aiddir. Bunu tarixi sənədlər təsdiq edir. Çini və keramika Çinin ən qədim kəşflərindən biridir.

Qədim Çin mədəniyyətində mühüm yer tutan mədəni hadisələrdən biri də milli bayram və festivallar idi. Belə ki, hələ qədimlərdən çinlilər müxtəlif hadisələri tən-tənə ilə keçirtməyi, ona bayram əhvali-ruhiyyəsi verməyə diqqətlə, hörmətlə yanaşmışlar. Bunlardan ən qədimi Bahar bayramı, fonarlar Bayramı, əjdahalı qayıqlar Bayramı, "Payızın ortası" bayramıdır.
Bahar Bayramı ay təqviminə uyğun olaraq Çində Yeni il kimi, ümumxalq təntənəsi kimi müasir günədək gəlib çatmışdır
Beləliklə, qədim sivilizasiyanın mühüm tərkib hissəsini təşkil edən çin mədəniyyətinin çox möhtəşəm yeri vardır. Öz unikallığı və humanizmi ilə fərqlənən qədim çin mədəniyyəti sonrakı tarixi dövr və mərhələlər üçün zəngin irs qoymuşdur.


Tarix: 08.12.2014 / 17:26 Müəllif: Aziza Baxılıb: 135 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...