Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Klassisizm

Yeni dövrdə bədii mədəniyyətin inkişafı və rasionalizm fəlsəfəsi təliminin yaranması klassisizm cərəyanının təşəkkülünün əsas səbəbi oldu. Bu təlimin banilərindən biri olan Rene Dekart insan ağlına yüksək qiymət verərək onu yeganə idrak vasitəsi hesab edir. «Düşünürəmsə, demək varam» deyən filosof düşünmək qabiliyyəti vasitəsilə insanın ucaldığını söyləyirdi. Məhz bu təsəvvürlər incəsənətdə yeni üslubun – klassisizmin formalaşmasına gətirib çəxardı. Üslub sistemi baxımından klassisizm barokkoya nisbətən daha bitkin, zərif, mükəmməl və ciddidir.

Latınca «klassisus» — nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq bədii və mənəvi ideala çevrilən mükəmməl sənət əsərləri yaradır. Bu üslubun yaradıcıları hesab edirdi ki, obyektiv olaraq mövcud olan gözəllik qanunları da ağılın köməyilə dərk edilir, incəsənətin məqsədi – insanın və dünyanın məhz bu qanunlar üzrə dəyişdirilməsi, idealın real məkanda həyata keçirilməsidir.

Antik incəsənətin dirçəlişi, klassik ənənələrə pərəstişİntibah dövründən başlasa da, klasisizm məhz XVII əsrdə cərəyan kim formalaşır. 300 ilə yaxın (XVI –XIX əsrin 30-cü illəri) bir dövrü əhatə edən klassisizm antik incəsənətin qanunauyğunluqlarını üzə çıxarmağa, sənət nəzəriyyəsi, milli ədəbi dil və yeni dramatik teatr yaratmağa çalışan XVI əsr italyan humanistlərinin bədii və nəzəri fəaliyyəti nəticəsində yaranmağa başlayır. D.D.Trissino, Y.Skaliger, Lyudoviko Kastelvetro (dram haqqında 3 vəhdət qanununu işləyib), T.Tasso və b. öz nəzəriyyələrində antik poetikanın təhlilinə əsaslanmışlar.

Əgər İntibah dövründə mədəniyyətin bütün elementlərinin inkişafı İtaliya ilə bağlı idisə, klassisizm dövründə bu dalğa Fransaya keçir. Çünki XVII əsrdə İtaliyada incəsənət daha əvvəlki nüfuza malik deyildi. Memar və heykəltəraş Bernininin, memar Borromininin, rəssam Karavaconun rəsmi cərəyan olan barokko ilə yanaşı öz yaradıcılığında realizm ənənələrini saxlayan Krespi və b. yaradıcılığı İntibah İtaliyası ilə müqayisədə dəryada damla kimi görünürdü.
Пуссен Никола (Poussin Nicolas) rəsmi

Digər İntibah ölkələri də müəyyən tənəzzülə düçar olmuşdu. Məsələn. İngiltərədə puritanizm incəsənətin inkişafına əvvəlki kimi güclü təsir göstərə bilmir. Elm, ədəbiyyat inkişaf etsə də, təsviri sənət sahəsində canlanma yalnız XVIII əsrdə başlayır.

Klassisizmin təhsil sistemi başdan-başa antik dövrün və intibah incəsənətinin öyrənilməsini nəzərdə tuturdu. Yaradıcılıq prosesində əsas şərt – qanunlara riayət etmək, süjeti antik tarixdən və ya mifologiyadan götürmək oldu. Avropanın iri dövlətlərində, həmçinin Fransada mütləq hakimiyyətin bərqərar olduğu şəraitdə Fransız incəsənətinin novator ruhu parlaq şəkildə nəzərə çarpmağa başladı. XVII əsrdə mərkəzləşdirilmiş vahid milli dövlət yaratmaq üçün feodal pərakəndəliyinin qalıqlarına qarşı mübarizədə Fransa burjuaziyası müvəqqəti olaraq öz qüvvələrini Kral hakimiyyəti ilə birləşdirdi. Fransadakı mütləq monarxiya şəhərlərdə burjua üsulidarəsini Avropanın digər ölkələrinə nisbətən daha sürətlə tətbiq edir, manufakturaların çiçəklənməsinə şərait yaradırdı. Klassisizm – məhz mütləq monarxiya dövrünün məhsuludur. Mütləq monarxiyanın mədəni siyasəti və onun estetik doktrinası olan klassisizm sinfi xarakter daşıyırdı. Monarx sarayları bütün bədii qüvvələri mərkəzi təşkilata tabe etməyə can atırdı. İlk dəfə İtaliyada yaranan bu cür təşkilatlar humanist fikirli insanların könüllü birliyi olan Akademiyalar idi. 1634-cü ildə Parisdə, XIII Lüdovikin dövründə kardinal Rişelye ədəbiyyat və dil sahəsində rəsmi mərkəz olan Fransız akademiyasını yaratmaqla onları mütləq hakimiyyət alətinə çevirdi və klassisizm aparıcı üslub oldu. Bu, ilk növbədə, faciə janrında öz əksini tapdı. XVII əsrin II yarısında Fransada mütləqiyyət bərqərar oldu, feodalizm qalıqları yox edildi. Avropa mütləqiyyətinin zirvəsi sayılan Kral XIV Lüdovikin sarayı mədəni mərkəzə çevrildi. XIV Lüdovikin iqamətgahı olan Versal yeni zadəgan mədəniyyətinin mərkəzi oldu. 1648-ci ildə rəssamlıq və heykəltəraşlıq üzrə Kral Akademiyası, 1671-ci ildə isə Memarlıq Akademiyası yaradıldı. Fransa incəsənəti çiçəklənməyə başladı. Kral sarayının mədəniyyətə böyük təsiri oldüğündan XVII əsr Fransasını çox vaxt «XVI Lüdoviq üslubu» adlandırırlar. Bu üslub italyan barokkosuna bənzəməyən fransızsayağı barokkodur. Onun əsas xüsusiyyəti klassisizmlə sintezdə olmasıdır.

«Klassisizm» adını bu cərəyana XVIII əsrin sonu – XIX əsrin əvvəllərində romantizmin nümayəndələri vermişlər. Rüşeymləri intibah dövründə İtaliyada yaranan bu üslub Fransada şair Malerb və nasir Keyz de Balzak tərəfindən əsaslandırılıb. Şaplen, abbat Dubinyak, Bualo, Filebyen və b. fransız klassisizminin nümayəndələridir. Simon Buye Fransa saraylarında bu dövrdə rəsmi incəsənət olan barokkonun başçısı idi. Barokko ilə yanaşı klassisizm və pealizm də formalaşır. Məşhur rəssamlardan qrotesk ustası Kallo, Corc de La Tur, Lenen qardaşları realizm ənənələrini davam etdirir. N.Pussen fransa təsviri sənətində klassisizm cərəyanının əsasını qoyur. Müasirləri içərisində yalnız mənzərə ustası Klod Lorrenin adı onunla yanaşı çəkilə bilər. XVII əsrdə Fransada rəssamlıq ədəbiyyat qədər xaricdəşöhrət tapmır. Təsviri sənətdə irəliləyiş etmək üçün Fransanın Bədii Akademiyasına virtuoz sənətin formal qaydalarını işləmək tapşırılır. O dövrün məşhur bədii tənqidçisi Frear de Şambre «Rəngkarlığın təkmilləşdirilməsi ideyası» (1662) əsərində incəsənətin kortəbii inkişafına qarşı çıxırdı. Təsvirin daha yaxşı metodlarını tapmaq üçün incəsənət tarixinin dəqiq təhlilinə nail olmaq lazım idi. Dahi Roce de Pil hər bir rəssamın müvəffəqiyyətini əks etdirən riyazi cədvəl də tərtib etmişdi. Fransız Akademiyası dahi rəssamlar və onların şagirdlərinin iştirakı ilə Luvrda Kral kolleksiyasından olan əsərləri təhlil edən iclaslar keçirirdi. Rəssamlardan Lebren bu işdə daha çox şöhrət qazanmışdı. O, Pussenin əsərlərini Frearın təklif etdiyi təsnifata uyğun təhlil edirdi. Təhlil zamanı Roce de Pilin «Rəssamların müqayisəsi» (1708) və Tetlenin «Qaydalar külliyatı» (1680) adlı əsərlərindən də istifadə edilirdi.

Göründüyü kimi, o dövrdə təsviri sənət müəyyən kodekslərə məruz qalır, rəssam qarşısında əsərin ideyası və süjeti ilə əlaqədar müəyyən şərtlər qoyulurdu. Buna görə də hər cür alleqoriyalar yüksək qiymətləndirilirdi, çünki bunlarda az və ya çox dərəcədə şərti götürülmüş həyat obrazları bilavasitə ümümi ideyaları ifadə edirdi. Ən «yüksək» janr – tarixi janr idi. Bura antik mifologiya, məşhur bədii əsərlərin süjetləri, Bibliya və s. süjetlər aid idi. Portret, peyzaj, real həyat səhnələri «kiçik janrlar» sayılırdı, məsələn, natürmort ən əhəmiyyətsiz janr hesab olunurdu. Obrazların ifadəliliyi daha dəqiq təhlil edilməyə başladı. Lebren poza, mimika və jestlərin insanın daxili aləmini düzgün ifadə edə bilməsi ilə əlaqədar bir sıra qaydalar işləyib hazırladı. Bədənin proporsiyası antik kanonlara uyğun olmalı idi. Lebren və Filebyen hesab edirdilər ki, rəngkarlıqda rəsm koloritdən üstün olmalıdır. Real həyat cizgiləri yalnız ikinci dərəcəli personajlara aid ola bilər, məsələn, nökərlərə, əsgərlərə və s. Fiqurların düzülüşü və hərəkəti əsas məqsədə tabe olmalıdır. Təsadüfi, özünəməxsus, real həyat cizgiləri əsas – rasional fikirdən yayındıran, boş təfərrüat sayılırdı.


Məşhur rəssamlar və sənət nəzəriyyəçtlərini birləşdirən Akademiyalar əsasən mütərəqqi əhəmiyyətə malik olsalar da rəsmi klassisizm çərçivəsində milli mədəniyyət müəyyən məhdudiyyətə məruz qalırdı. Antik dövrdə, xüsusən Roma nümunələrinə pərəstiş uzaq keçmişdən qalan nağıl və əsatirləri bir çox orta əsr adətlərini, milli ənənələri saxlamışəsil xalq sənəti yolunda bir maneə kimi görünürdü. Saraylar və dövlət məmurlarından asılılıq bədii yaradıcılığın azad inkişafına mane olur, hər cür özbaşınalıq və azad təşəbbüs boğulur, dövlət insandan təcrid olunmuş varlığa çevrilirdi. Borc – insanın əxlaqının əsası sayılırdı. İnsan, gücü çatmadığı qüvvələr tərəfindən məhdudlaşdırılan müəyyən yad norma və qaydalara tabe olmalı idi.

Əgər İntibah dövründə İtaliyada təsviri sənət öndə gedirdisə, klassisizm dövründə Fransada bədii ədəbiyyat, xüsusən dramaturgiya aparıcı rol oynayır. Teatr və memarlıq ikinci yerdə dayanır. Klassisizm estetikasının həm nəzəri, həm də praktik cəhətdən yaradıcıları – Dekart fəlsəfəsi, Kornel («Melita», «Dul qadın», «Kral meydançası», «Komik illüziya», «Sid», «Edip»), Rasin («Andromaxa», «Fedra», «Bayazit»), Molyer («Ərlər məktəbi», «Tartüf», «Yalançı xəstə», «Don Cuan») dramaturgiyası, Bualonun poetikası olur. Fransa klassisizmi ən çox Roma incəsənətinin – Vergilinin «Eneidasını», Terensinin komediyalarını, Horatsinin satiralarını, Senekanın faciələrini təqlid edir. Klassisizmə görə, hətta təbiətin özü antik lada uyğun dəyişdirilməli idi. «Antik» dedikdə isə, əsasən Roma bədii mədəniyyəti nəzərdə tutulurdu, çünki o, yunan incəsənətinə nisbətən mütləq monarxiyanın ideallarını daha yaxşı tərənnüm edirdi. Məsələn, Kornelin müsbət qəhrəmanları Avqust və Horatsidir. O, Roma və Bizans tarixinə aid süjetlərə üstünlük verirdi. Rasin də öz faciələrində Roma tarixinə aid materiallara müraciət edir (məsələn, «Britanik», «Berenik»), lakin bununla yanaşı o, yunan tarixinə də maraq göstərir («Fedra», «Andromaxa», «İfigeniya»). Kornel aə Rasin tənqidi çıxışlarında və ön sözlərində dramaturci material əsasında klassisizmin estetik prinsiplərini işləyir.

Öz əsərlərinin tənqidi təhlili ilə məşğul olan dahi fransız dramaturqu Kornel dram nəzəriyyəsinə aid bir sıra kiçik həcmli traktatların da müəllifidir. Sələfləri kimi o da Aristotelin «Poetika»sını şərh edərək, dram sənətinin formal qanunlarını tədqiq etməyə çalışır. Aristotel tərəfindən göstərilən, tragik süjetin 2 əsas prinsipləri olan həqiqətəbənzərlik və zərurət içərisində sonuncuya üstünlük verir. Antik ənənələr qarşısında səcdə etməsinə baxmayaraq, Kornel klassik faciəyə hadisələri çevik inkişafda verən ispan dramının da mühüm elementlərini gətirməyə nail olur.

XVII əsr faciəsi qəhrəmanlıq fəaliyyəti ilə bağlıdır. Burada nə lirika, nə də fəlsəfi düşüncələr yoxdur. Faciə qəhrəmanları çox vaxt bu işə öz arzularının əksinə olaraq qoşulmuşlar. Lakin hadisələr xüsusi qaydalara əsasən açılır. 1630-cu ildən başlayaraq faciə əsərlərindən 3 vəhdət qanununa – zaman, məkan və hərəkətin vəhdətinə riayət olunması tələb edilirdi.

Klassisizmin ən məşhur nəzəriyyəçisi, bu cərəyanın prinsiplərini işləmiş Nikola Bualodur. O öz nəzəriyyəsini «Poeziya sənəti» adlı traktatında, şer dili ilə şərh edib. Bualonu da müəyyən mənada karteziançı adlandırmaq olar. O, Dekart fəlsəfəsindən qidalanaraq incəsənətdə əqlin rolunu yüksək qiymətləndirir. Onun fikrincə, əqli başlanğıc hiss və təxəyyüldən üstün olmalıdır. «Poeziya sənəti» (1674) dörd hissədən ibarətdir. Birinci hissədəşairin vəzifəsindən, mənəvi məsuliyyətindən, poetik sənətə yiyələnməyin zəruriliyindən söhbət açılır. İkinci hissədə lirik janrlar: oda, elegiya, ballada, epiqramma, idilliya analiz edilir. Üçüncü hissədə faciə və komediya janrlarından, dördüncü hissədəşairdən, yaradıcılığın etik problemlərindən danışılır. Bualo antik dövrü, mifologiyanı örnək kimi qəbul etməyi tələb edir. Bualo gözəlliyin obyektiv əsasa malik olmasını söyləsə də, mənbəyini mənəvi varlıqla bağlayır. Ona görə də sənət əsəri təbiətdən yüksəkdə dayanır. Təbiət incəsənətə nümunə ola bilməz. O, təbiəti təqlid etməyə çağırsa da, hesab edir ki, təbiət öz ilkin qabalığından azad olmalı, əqlin fəaliyyəti ilə nizamlanmalıdır. Həqiqətdən kənarda gözəllik yoxdur. Gözəlliyə emosiyalarla yox, ağılla çatırlar. Anlaşılmaz şeylər gözəl ola bilməz. Dini, xristian süjetlər irrasional olduğu üçün incəsənətdən çıxarılmalıdır. Hadisələr vahid zamanda, 24 saat ərzində baş verməlidir. Buna görə də təsvir edilən xarakter dəyişməməlidir, inkişafda verilməlidir. Bualo bu tələblərə riayət etmədiyinə görə ispan dramaturqu Lope de Veqanı tənqid edir, öz dövrünün bədii təcrübəsini isə təqdirəlayiq hesab edir. Doğrudan da Molyerin xarakterləri statikdir, məsələn, Qarpaqon əvvəldən axıra kimi xəsis, Tartüf ikiüzlü və riyakar olaraq qalır.

Klassisizmdə tipik obrazlar fərdi cəhətlərə malik deyillər, tipikləşmə üsulu XVII əsr fəlsəfəsi və təbiətşünaslığı ilə həmahəng olub, metafizik xarakter daşıyır. Bu, bilavasitə mütləq borcu yerinə yetirmək üçün şəxsi mənafeyi ümumiyə tabe etməyi tələb edən klassisist dünyagörüşünün xüsusiyyətlərindən irəli gəlirdi. Klassisistlər şəxsiyyətə pərəstiş prinsipini əsas tutur, kralları əsər qəhrəmanı edir, xalqa isə yalnız «aşağı janr»da

– komediyada yer verirdilər ki, bu da tarixi ziddiyyətləri daha düzgün təsvir etməyə mane olurdu. Bu hal Bualoya xas idi. Klassisitlər eyni zamanda incəsənətdə mühüm ideyaların – vətənpərvərlik, borc hissi, eqoist hisslərə üstün gəlmək, qəhrəmanlıq və s.-nin təcəssümünü təbliğ edirdilər. Klassisitlərin normaları nə qədər doqmatik olsa da, onların çoxu bu gün də öz əhəmiyyətini itirməmişdir. Məsələn, tipin xarakteristikasının aydın olması, incəsənətin növ və janrlarına, faciəvilik və komikliyə hədd qoyulması, əsərin kompozisiyasının ahəngdar olması, dilin aydınlığı və ardıcıllığı, təsvir edilənin inandırıcı və həqiqətəbənzər olması tələbləri. Bu tələblər doqmatik bəzək-düzəkdən təmizləndikdən sonra rasional məna əldə edir. Hətta üç vəhdət prinsipində də rasional məzmun yox deyil.

Klassisizmdə janrların iyerarxik bölgüsünə görə «yüksək janrlara» faciə, epopeya, oda, tarix, mifologiya, dini təsvir və s., «aşağı» janrlara isə komediya, satira, təmsil və s. aiddir.

Bədii ədəbiyyatda (Fransada P.Kornelin, C.Rasinin, Volterin faciələri, Molyerin komediyaları, N.Bualonun poema və satiraları, Lafontenin təmsilləri; Almaniyada F.Şiller və Hötenin Veymar dövrü, Rusiyada M.Lomonosovun və Dercavinin odaları, Sumarokovun faciələri) əsas rolu etik kolliziyalar, tipik obrazlar oynayır.

Fransız klassisizmi digər ölkələrin incəsənəti və sənət nəzəriyyəsinə güclü təsir göstərib: İngiltərədə Drayden, Almaniyada Qotşed, İtaliyada Alfyeri, Rusiyada Lomonosov, Fonvizin və b. buna misaldır. Hər bir ölkədə klassisizm doktrinası milli xüsusiyyətlərə uyğun olaraq mənaca dəyişikliyə uğrayırdı.

Alman klassisizminin həm nəzəri, həm də praktik cəhətdən inkişafı çox çətin bir dövrə təsadüf edir. İqtisadi və siyasi cəhətdən geri qalmış Almaniyanın 300-ə qədər mikrofeodal dövlətə, külli miqdarda xırda əyalətlərə bölünməsi mədəniyyətə də təsir göstərir. XVII əsr alman mədəniyyətinin əsas problemi – onun milli zəmində inkişafı idi. Bu dövrdə estetik nəzəriyyənin ilk yaradıcılarından olan M.Ofits Bualonun klassisizmin klassik doktrinası sayılan «Poeziya sənəti» əsərindən hələ 50 il əvvəl, 1624-cü ildə «Alman şeriyyatı haqqında kitab» əsərində nəşr etdirir. Bu əsər alman klassisizminin ilk proqram manifesti olaraq o dövrdə Almaniyada bədii inkişafı nəzəri və praktik cəhətdən müəyyənləşdirdi. Antik ənənələri təqlid etmək, incəsənətə kamil insan idealı, qəhrəman obrazı gətirmək – əsərin əsas ideyasıdır. Almaniyada fəlsəfi fikrin sonrakı inkişafı Leybnisin adı ilə bağlıdır. Alman mədəniyyətinin klassisizmdən maarifçiliyə keçid dövrünün nümayəndələrindən olan Qotşedin estetik baxışları «Almanlar üçün poeziya və tənqidi incəsənət təcrübəsi» (1730) əsərində şərh edilib. Qotşed fransız klassik faciəsinin, ümumiyyətlə, fransız klassisizminin, aristokrat incəsənətinin tərəfdarı idi. Bu dövrün digər nümayəndələri isveçrə yazıçıları Breytinger və Bodmer poeziyanı fəlsəfə və elmdən ayırmağı tələb edir, incəsənətdə təxəyyül və fantiziyadan geniş istifadə etməyə çağırırdılar. Onlar alman mədəniyyətinə sələflərindən fərqli olaraq fransız deyil, ingilis ruhu gətirdilər. Orta əsr alman poetik mədəniyyətini, xalq, kəndli dilini, milli poeziyanın mənbələrini öyrənərək alman mədəniyyətinin müstəqil milli zəmində inkişafı məsələsini qarşıya məqsəd qoydular. Almaniyada klassik komediyanın təşəbbüskarı olan Şlegel də Qotşedin fikirlərinə etiraz edərək klassisist faciənin əsas tələblərinə qarşı çıxır, milli və məhdud (lokal) xarakterli qəhrəman yaratmağı təklif edirdi. Müxtəlif cərəyanların və milli məktəblərin nailiyyətlərini ümumiləşdirən görkəmli sənətkarlar klassisizmə xas metafizikliyi və doqmatizmi dəf edərək, zənginləşdirilmiş, şərtilik və qəddar normalardan azad, yeni tipli klassisizm yaratdılar. Veymar məktəbi (Şiller, Höte), Vyana məktəbi (Haydn, Motsart, Bethoven) buna misaldır.

Musiqidə klassisizm özünü opera janrında daha çox büruzə verir. Fransada lirik faciə, İtaliyada operaseriya buna misaldır. Vyana klassik məktəbinin nümayəndələri – Haydn, Motsart və Bethovenin yaradıcılığı klassisizm tələblərinə uyğun gəlir.

Memarlıq

XVII əsrin I yarısında Fransanın paytaxtı qala şəhərindən tədricən iqamətgah şəhərinə çevrildi. İndi artıq Parisin siması qala divarları və qəsrlərlə deyil, saraylar, parklar, küçə və meydançaların müntəzəm sistemi ilə müəyyən edilirdi. Memar Salomon de Brosun 1615-1621-ci illərdə tikdiyi Lüksemburq sarayı və Fransua Mansarın 1642-1650-ci illərdə tikdiyi Mezon-Laffit sarayı buna misaldır.

XVII əsrin I yarısına aid olan sarayların ətrafında mütləq park olmalı idi. Park başdan-başa yaşıllığa qərq olmalı, xiyabanlar səliqə ilə əkilmiş və həndəsi fiqurlar təşkil edən güllərdən ibarət olmalı idi. Belə parklar «müntəzəm» və ya «fransızsayağı» adlanırdı.

Memarlıqda yeni cərəyanın zirvəsi Paris yaxınlığında fransız krallarının nəhəng və təntənəli iqamətgahı olan Versal oldu. XVII əsrdə o, bütün Avropa üçün zövq və dəbdəbə mücəmməsi idi. O dövrdən başlayaraq fransız dili, fransız modası və adətləri bütün Avropa paytaxtlarında nümunəyə çevrilərək təqlid olunmağa başladı.

Klassisizm üslubunda salınmış meydanlardan biri Parisdəki Vandom meydanıdır. Onu 1685-1701-ci illərdə Jül Arduen-Mansar salıb. Mərkəzdə XIV Lüdovikin atlı heykəli ucalırdı ki, XIX əsrdə o, I Napoleona həsr edilmiş qələbə sütunları ilə əvəz edildi.

XVII əsrdə Parisin ən möhtəşəm monumental tikililərindən biri XIV Lüdovikin əmri ilə yaşa dolmuş əsgərlər üçün tikilmişƏlillər Evi və Kilsəsinin bina kompleksi və onun qarşısındakı iri meydandır. Jül Arduen-Mansar tərəfindən tikilmiş bu kilsə Parisin ən hündür və mühüm guşəsi oldu, onun nəhəng qübbəsi şəhərin mənzərəsini xeyli dəyişdi.

Parisdə kral sarayı olan Luvrun əsas, şərq fasadının tikintisi (1667-1673/8) üçün elan edilmiş müsabiqədə heç kəsin tanımadığı memar Klod Perro qalib gəldi. O, XVI əsr memarları Lesko və Lemersyenin başladığı işi davam etdirdi. Yetkin fransız klassisizminin bu abidəsi Avropanın bir çox ölkələrinin dövlət müəssisələri və başçılarının iqamətgahı üçün nümunə oldu.

Heykəltəraşlıq

XVII əsrin II yarısında klassisizm mütləqiyyətin şöhrətlənməsinə xidmət edən rəsmi saray üslubuna çevrildi. Nəhəng kral iqamətgahı saraylarının zallarını (xüsusən Versal), park xiyabanlarını bəzəyən heykəltəraşlıqdan klassik ciddilik və harmoniklikdən daha çox təntənə və dəbdəbə tələb olunurdu. İtalyan barokkosunun ənənələri, xüsusən də Lorenso Bernininin yaradıcılığı bu işə təkan verdi.

Romada Bernininin şagirdi olan heykəltəraş Fransua Cirardon ömrünün çox hissəsini Şarl Lebren və Andre Lenotorla birgə Versal parkının tərtibatına həsr edib. Onun bütün əsərləri texniki cəhətdən yüksək səviyyədə olub, klassisizm və barokko cizgilərini birləşdirir.

1683-cü ildə Vandom meydanında Cirardonun yaratdığı XIV Lüdovikin monumental atlı heykəli 17891799-cu illərdə fransız inqilabı dövründə məhv oldu. Bu heykəl Roma imperatoru Mark Avrelinin heykəlini xatırladırdı.

Antuan Kuazevoks da Cirardon kimi Versalda çox işləmiş, Döyüş zalı və Güzgülü qalereyanın tərtibatı ilə məşğul olmuşdur. «XIV Lüdovikin Reyn çayından keçməsi» əsərində heykəltəraş kralın fiqurunu digərlərinə nisbətən xeyli qabarıq düzəldib, halbuki digər fiqurlar səth üzərində güclə seçilir.

Pyer Püce o dövrün ən istedadlı sənətkarı – rəssam, memar, heykəltəraş idi. Versaldan uzaqda, əsasən Tulon və Marseldə işləyən sənətkarın yaradıcılığında Bernini və klassisist teatrın təsiri hiss edilir. «Makedoniyalı İskəndər və Diogen» (1692), «Milon Krotonski» (1682) və s. onun məşhur əsərlərindəndir.

Beləliklə, XVII əsr fransız hekəltəraşlığı özündə klassisizm və barokko cizgilərini birləşdirərək bu üslubların dərin daxili qohumluğunu üzə çıxarır. Zahirən bir-birinin əksi kimi görünən bu üslublar, əslində eyni məqsədə çatmağın müxtəlif yollarıdır.

Rəngkarlıq

XVII əsrin əvvəlində Fransada əsas rəngkarlıq mərkəzi Paris yox, şərq əyaləti olan Lotaringiya və onun əsas şəhəri Nansi idi. Bu dövrün məşhur rəssamlarından biri Corc de Latur (1593-1652) idi. Onun müraciət etdiyi mövzular məişət (məs. «Qumarbaz») və dini mövzular idi («Müq. Sebastyan», «Dülgər Yusif»).

Kralın I rəssamı adını almışŞarl Lebren (1619-1690) bütün rəsmi layihələrdə, xüsusən Versalın Böyük Sarayının tərtibatında iştirak edib. Portretlər müəllifi olan rəssamın əsas sifarişçiləri kral nazirləri və saray əyanları idi.

XVII əsr Fransa rəngkarlığında klassisizmin banisi, yaradıcılığı fransız klassisizminin zirvəsi olan Nikola Pussen (1594-1665) hərtərəfli savada malik, antik ədəbiyyatı gözəl bilən bir insan idi. Homer və Ovidi – onun ən sevimli müəllifləri idi. Pussenin müraciət etdiyi mövzular – mifologiya, antik tarix, Əhdi-Ətiq və əhdi-Cədid hekayələri və s. idi. Əsas əsərləri: «Flora səltənəti» (1631), «Arkad çobanları», «Germanikin ölümü» (1627), «Döyüş», «Yatmış Venera» (1620), «Tankred və Erminiya» (1630) və s.-dir. Rəssamın yaradıcılığında mühüm yeri 50-ci illərdən sonra daha çox müraciət etdiyi peyzaj janrı tuturdu. Məs. «Gerkules və Kanusla peyzaj» (1640), «Polifemlə peyzaj» (1649-cu il. Polifem – qədim yunan mifologiyasında təpəgöz) və s.-dir.

Cak Kallo (1592\3 – 1635) ümumi mövzu ilə birləşən qrafik silsilələr işləyirdi. Faciəvi mövzular onu daha çox cəlb edirdi. «Dilənçilər» (1622), «Müharibənin kiçik bəlaları» (1632), «Müharibənin böyük bəlaları» (1633) və s. Bundan başqa, «Kadril amfiteatrda» (1617), «Kapriççi» (1617) seriyası və s.

Klod Loren. (1600-1682) Əsil adı Klod Celledir. Lotaringiyaya (fransızca Lorraine) görə belə adlanıb. O, öz həyatını XVII əsr Fransası üçün nadir hadisə olan klassik peyzaja həsr edərək fransız peyzajı ənənələrinin banisi sayılır. Məsələn, «Günorta» (1651), «Axşam» (1663), «Səhər»(1666), «Gecə»(1672) və s.

XVII əsrin I yarısında Fransada realist cərəyanın inkişafı Lenen qardaşlarının – Antuan, Lui və Matyenin adı ilə bağlıdır. Bunlardan Lui daha məşhurdur. «Kəndli süfrəsi», «Yeməkdən əvvəl dua» (1645), «Atlının dayanması», «Südçü ailəsi» (1640), «Dəmirçixana» və s. onu daha çox tanıtmışdır.

Əgər XVII əsrin I yarısı üçün incəsənətdə I yeri rəngkarlıq tutursa, 60-cı illərdən başlayaraq rəngkarlıq da heykəltəraşlıq kimi dekorativ xarakter daşımağa başlayaraq memarlığın təsiri altına düşür. Fransız krallarının sarayları bunu sübut edir.

XVII əsrin I yarısında klassisizm rəssamlarının yaradıcılığı tənəzzülə uğrayır və XVII əsrin II yarısında Fransada bir nəfər də olsun samballı rəssam tapmaq olmur.

XVIII əsrin ortalarında (maarifçilik dövründə) klassisizm üçün təkamül dövrü olur. Bu, ilk növbədə bədii əsərlərin ideyası ilə əlaqədar idi. Siyasi azadlıq uğrunda mübarizədə meydana çıxan mövzu və konfliktlər (ziddiyyətlər) ön plana çəkilir (Volter, Lemyer). Fransa inqilabı dövründə klassisizmdə antifeodal tendensiyalar inkişaf edir (M.C.Şenye, David). Napoleon imperiyası zamanı isə klassisizm öz ideya-estetik məzmununu və dəyərini itirərək XIX əsrin əvvəllərinin rəsmi estetik doktrinasına çevrilir.
Bəşəriyyətin bədii inkişafında klassisizm estetikası irəliyə doğru bir addımdır.


Tarix: 09.12.2014 / 13:01 Müəllif: Aziza Baxılıb: 440 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...