Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədəniyyət və sivilizasiya

Mədəniyyətlə bağlı olan anlayışlardan biri də «sivilizasiya»dır. Bu termin latın dilindəki «sivilis» sözündən götürülərək «vətəndaş», «mülk», «dövlət» mənalarını ifadə edir. Dilimizdə bu termini çox vaxt «inkişaf», «tərəqqi» mənalarında işlədirik. Əlbəttə, «sivilizasiya» anlayışı özünün ilkin mənasında məhz bu məzmunu, yəni «tərəqqi»ni ifadə edir. Çox zaman bizə elə gəlir ki, «tərəqqi» yalnız müasiri olduğumuz bu günə aiddir. Amma əslində tarix boyu mədəniyyət və sivilizasiya anlayışları bir-birinə bağlı olmuşdur. Məsələn, qədim sivilizasiyalar haqqında şahidlik edən abidələr bunun bir daha canlı nümunəsidir. Bəzən isə, sivilizasiyanın modern texnikası ilə bağlılığına güvənilir. Əslində sivilizasiya, ilk növbədə insanların şüurunda, beynində olmalıdır. Məhz bu xüsusiyyətinə görə görkəmli filosof İ.Kant qeyd edirdi ki, sivilizasiya insanın öz həyatı və davranışını nizama salandan sonra başlayır.
Sivilizasiya inkişafın ən yüksək mərhələsi, eyni zamanda süqutun başlanğıcıdır. Bunu sübut etmək üçün tarixi mərhələlərin bir-birini əvəz edərək süqutlarının nümunəsi kifayətdir. Belə ki, onların süqutuna səbəb bu mərhələlərin özünəxas ən yüksək inkişafı, xüsusilə, təsərrüfatın tərəqqisi idi. Tarixi inkişaf prosesinə uyğun olaraq sivilizasiyaların da formaları mövcuddur: quldarlıq, feodalizm, kapitalizm və s.
İnkişafın bu tarixi dövrlərində sivilizasiya ilə mədəniyyət eyni addımlamış və vəhdət təşki edərək birbirini tamamlamışdır. Sivilizasiya mədəniyyətin zəruri taleyidir. Görkəmli alman filosofu və kulturoloqu O.Şpenqlerə görə mədəniyyət potensialın açılması, imkanların gerçəkləşməsidirsə, sivilizasiya mədəni varlığın böhranı və sonudur. Yaxud, «Sivilizasiya mədəniyyətin qocalığıdır». Əgər bu ifadənin dərindən təhlilinə diqqət yetirsək məntiqi bir cavab əldə edərək, insan müdrikliyə qocalıqda çatdığı kimi, mədəniyyət də sivilizasiyaya sonda çatır.
Görkəmli rus kulturoloqu N.A.Berdyayev isə yazır ki, hər bir mədəniyyətin sivilizasiyaya çatması labüddür. Bu, mədəniyyətin taleyidir. O, ölümlə nəticələnir. Bəs mədəniyyət sivilizasiyadan nə ilə fərqlənir? Görkəmli kulturoloqun fikirincə mədəniyyət öz əsasına görə dini, sivilizasiya isə, dini deyildir. Mədəniyyətin kökü dini inamdan, ayindən gəlirsə, sivilizasiyada dünyəvi, bəşəri güc daha mühüm amildir. Mədəniyyət milli, sivilizasiya isə beynəlmiləldir. «Sivilizasiya bəşəri bir şəhərdir».
Sivilizasiya haqqında fikirlərə L.Morqanın əsərlərində də rast gəlirik. O, bəşəriyyəti üç əsas mərhələyə bölməklə tarixi inkişafın sonuncu, üçüncü mərhələsini «barbarlıq», vəhşilikdən sonrakı tərəqqi kimi adlandırır ki, bu da sivilizasiyadır.
Mədəniyyət və sivilizasiya anlayışlarını müxtəlif aspektlərdən tədqiq edənlərin hamısını bir nöqteyi-nəzər birləşdirir ki, bu da bir neçə məqam ilə izah edilir. Bunlar ilk növbədə aşağıdakılardır: birincisi «mədəniyyət» anlayışı «sivilizasiya» anlayışına nisbətən daha genişdir. Belə ki, «mədəniyyət» anlayışı həm bir tayfa və ya birliyə, həm də miqyası olduqca geniş əraziyə aid ola bilər,. Məsələn, «Azərbaycanlıların mədəniyyəti» və ya «Avropa mədəniyyəti» və s; ikincisi, «mədəniyyət» özündə elmi-texniki tərəqqi ilə yanaşı, nəsillərdən ötürülən mənəvi - humanist varisliyi də əhatə edir, «sivilizasiya»da isə maddi-istehsal üstünlüyü daha qabarıq şəkildə özünü büruzə verir; üçüncüsü, «mədəniyyət» irqi və insan qruplarının milli-etnik xüsusiyyətləri ilə izah edilirsə, «sivilizasiya» daha ümuminsani, qlobal miqyası özündə əks etdirir; və nəhayət, dördüncüsü, «mədəniyyət» anlayışı dini başlanğıca malikdirsə, «sivilizasiya»da bunlar labüd deyildir.
Bütün bu deyilənlərdən belə bir qısa nəticə əldə etmək olar ki, mədəniyyətin kökündə daha çox mənəvi əsaslar, ideyalar durursa, «sivilizasiya»nın kökündə maddi amillər üstünlük təşki edir.
İnsanlar mənən sivilizasiyaya çatmalıdırlar ki, maddidə onu həyata keçirə bilsinlər. Mədəniyyətin müxtəlif sahələrində, məs. incəsənətdə - musiqi, boyakarlıq, heykəltəraşlıq və digər növlərdə modern cizgilərin meydana gəlməsi texniki tərəqqi ilə incəsənətin qaynayıb-qarışmasına dəlalət edir. Xüsusilə rəssamlıqda meydana gələn yeni – XX əsrin özünəxas xüsusiyyətlərini əks etdirən cərəyanlar (sürrealizm, modernizm, kubizm) sanki inqilab etmişlər. Bunun özü mədəniyyətdə sivilizasiyadır.
Ancaq qəribəsi budur ki, mütəfəkkirlərin bir qismi müasir dövrümüzdə «mədəniyyətdə sivilizasiya» anlayışına müxtəlif aspektdən yanaşırlar. Onların bir qismi sivilizasiyanın bu günümüzə, digərləri isə, keçmişə aid olduğunu qeyd edirlər. Artıq yaşadığımız XXI əsrdə keçmişəsrin mədəniyyəti və sivilizasiyası haqqında daha aydın təhlil vermək asan olacaqdır.


Tarix: 08.12.2014 / 17:30 Müəllif: Aziza Baxılıb: 91 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...