Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mədəniyyət anlayışı və ona tarixi yanaşma

Mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, onun həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin - antropologiya, arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir.Beləliklə, «mədəniyyət» - latınca «kultura» (cultura) sözündən olub, işləmə, qulluqetmə, yaxşılaşdırma, həmçinin tərbiyə, inkişaf, tərəqqi deməkdir. Bu anlayışın mənşəyi isə «kolo», «kolere» (kolo, kolere) sözlərindən gələrək torpaqşünaslıqla məşğul olma, torpaqla işləmək, burada çalışmaq, «kultus» - «təzədən işlənmiş» mənalarını ifadə edir. Qədim latın dilində həmin söz məhz bu mahiyyəti kəsb edərək «aqri kultura» (aqri kultura) mənasını, yəni torpağı əkinə hazırlamaq fikrini izah edirdi. Bu fikri qətiləşdirməkdə bizə kömək edən əsas informasiya mənbəyi dövrümüzə gəlib çatan Mark Porsi Katonun kənd təsərrüfatı məsələlərinə həsr edilən eyni adlı «De aqri kultura» əsəridir.
«Kultura» sözünə qədim romalılar özünəməxsus şəkildə tərif vermişlər. Digərlərindən fərqli olaraq onlar «kultura»ya insan fəaliyyətinin ümumiləşdirilmiş tərifini vermişlər. Bu, fəaliyyətin müxtəlif sahələrini əhatə etməklə «texne», «mimesis», «paydey» təsəvvürləri ilə əlaqədar idi. «Kultura»nı hər hansı bir obyektin insan tərəfindən dəyişdirilməsi, yenidən yaradılması kimi qəbul edirdilər. Bu mənada «kultura» anlayışını nəzəri termin kimi ədəbiyyata ilk dəfə b.e.ə. 45-ci ildə roma natiqi, ritorikanın görkəmli banisi, filosof Mark Tulli Siseron gətirmişdir. Onun «Tuskulan söhbətləri» əsərində bu anlayış məcazi mənada işlədilmişdir. Belə ki, Siserona görə, «kultura» insan zəkasının reallaşmasının özünəməxsus təzahürüdür. Kəndlilər torpağı becərib, ona qulluq edib, məhsul yığdıqları kimi, insanlar da beyinlərini hərəkətə gətirərək, ruhunu təkmilləşdirərək əsil mədəniyyət yaradırlar. Məhz bu xüsusiyyətinə görə M.T.Siseronun məşhur ifadəsi belə səslənir: «Düşüncə mədəniyyəti- fəlsəfədir.»
Tarixi inkişafın sonrakı mərhələlərində mədəniyyətin digər sahələrinə aid terminlər formalaşmağa başladı: «sivilizasiya», «təhsil», «tərbiyə», «tərəqqi», «inkişaf» və s. Qədim xalqlardan biri hesab edilən və Şərq sivilizasiyasının aparıcı dirəklərindən olan çinlilər və hindlilər də «mədəniyyət» anlayışını öz fəlsəfi nəzəriyyə və təlimlərinə müvafiq mənalandırmışlar. Belə ki, qədim çinlilərdə bu söz «jen», Hindistanda «dharma» anlayışı ilə, türklərdə isə «kultür» formasında ifadə olunur. Çox qəribədir ki, mənşəcə soy kökü türk olan bizim xalqın dilində «kultura» anlayışı «mədəniyyət» sözü ilə ifadə olunaraq ərəb dilindən gətirilib. Belə ki, ərəb dilində «mədinətun» anlayışı «şəhər» sözü ilə bağlıdır. Bu, xam vəziyyətində olanın insan əli ilə dəyişdirilməsi, təkmil formaya salınması mənasını verir.
Bununla yanaşı, şəhər münasibətləri, şəhərin həyat tərzi səhra əhalisinin, bədəvilərin kobudluğuna, onların qaba həyat tərzinə qarşı istiqamətləndirilirdi. «Kultura», «mədəniyyət» anlayışlarının «şəhər» sözü ilə əlaqələndirilməsi digər tərəfdən antik polislə bağlı idi. Belə ki, polis - qədim sivilizasiyada tərəqqinin sinonimi kimi işlənərək şəhərin azad vətəndaşları kimi qəbul olunurdu. Onların əsas borcunu şəhərin qayda-qanunlarına tabe olmaq, onları qorumaq, xidməti işlərdə layiqincə qulluq etmək, xalq yığıncaqlarında yaxından iştirak təşkil edirdi. Belə şəhərlərdə mədəniyyət «tərbiyə», «kult» (sitayiş ayin), «becərmə» mənalarını ifadə edirdi. Digər tərəfdən «kultura» ifadəsinin başqa etimologi mənalarından birini şərəf, sitayiş, kult təşkil etdiyindən onu, həm də «dini sitayiş» anlamında qəbul etmək zəruridir.
«Kultura» sözünün dinlə, dini sitayişlə bağlılığına istinad edən bir çox müəlliflər, xüsusilə, müasir dinşünas alim A.Men belə hesab edir ki, hər bir mədəniyyətin tamamlanması üçün «inam» hissi və əqidəsi başlıca yer tutmalıdır. Bir çox müəlliflər isə, belə hesab edirdi ki, dini əqidəsi, inamı olmayanı mədəni hesab etmək düzgün deyil. «Mədəniyyət» sözünün təhlilində bu fikirlərin hansının düzgün olub-olmamasından asılı olmayaraq bir fikir diqqətəlayiqdir ki, həmin anlayışın mahiyyətinin düzgün dərk edilməsində yuxarıda söylənənlərin hər birinin özünəməxsus obyektiv qiyməti vardır. İstər fəlsəfə tarixində, istərsə də digər humanitar elm sahələrində «mədəniyyət»lə bağlı problemlərə toxunan tədqiqatçılar bu hadisəni ictimai-tarixi proses kimi təhlil edərək onun mahiyyət və məzmununun dərin şərhini vermişlər. Məhz elə buna görədir ki, müasir kulturologiyada «kultura» və ya «mədəniyyət»in yüzlərlə tərifi məlumdur. Bu, hər şeydən əvvəl həmin fenomenin çoxhüdudluğu, çoxaspektliliyi ilə izah edilir.
«Mədəniyyət» anlayışının müasir anlamı ilk dəfə Almaniyada öz təsdiqini tapmışdır. Artıq XVIII əsrin axırlarında bu söz alman ədəbiyyatında iki mənada - birincisi, bilik və peşələrin köməkliyi ilə təbiət üzərində hökmranlıq, ikincisi isə, şəxsiyyətin mənəvi zənginliyini bildirirdi. «Kultura» sözünün bu mənaları yavaş-yavaş bütün Avropa dillərinə daxil oldu. Mədəniyyət fenomeninin müxtəlif aspektlərdən tədqiqi müasir kulturologiyada özünəməxsus yer tutan sahələrdən birinə çevrilmişdir. Bu tədqiqatları birləşdirən vahid amil onun tarixi proses kimi qəbul edilməsidir. Mədəniyyətin qeyri-biologi təbiətə malik olması və irsən əldə edilmiş ictimai əxlaq vasitəsilə həyata keçirilməsi fikri ilə bu sahə üzrə məşğul olan bütün tədqiqatçılar razıdır.
Ümumiyyətlə, mədəniyyəti ictimai- tarixi proses kimi tədqiq edən kulturoloqlar bu fenomenə müxtəlif aspektlərdən yanaşmışlar ki, bunları da aşağıdakı kimi təsnif etmək mümkündür: Mədəniyyətə antropoloji mövqedən yanaşma bu fenomenin insan təbiətinin təzahürü kimi şərhini nəzərdə tutur. Mədəniyyətə fəlsəfi-tarixi aspektdən yanaşma isə onun fəaliyyət prosesi kimi dərkini nəzərdə tutur. «Hərəkət», «fəaliyyət» reallığın, tarixin bilərəkdən dəyişdirilməsi kimi başa düşülür. Mədəniyyət haqqında daha geniş yayılmış təsəvvür insan fəaliyyətinin nəticəsi ideyasıdır. Bu ideyanı müxtəlif aspektdən şərh edənlər də var. Belə ki, bəzi tədqiqatçılar mədəniyyəti yalnız yaradıcı fəaliyyəti özündə əks etdirən fəaliyyət növü kimi dəyərləndirirsə, bir qisim tədqiqatçılar isə, reproduktiv fəaliyyəti də (yenidən hazırlama, üzünü çıxartma, təkrarlama) mədəni fəaliyyət kimi qiymətləndirir.
Mədəniyyət fenomeninə sosioloji yanaşma onun ictimai həyatın təşkili amili kimi başa düşülməsinə imkan yaradır. cəmiyyət mədəni dəyər və sərvətləri yaradır, onlar isə öz növbəsində həmin cəmiyyətin inkişafını müəyyənləşdirir; dil, inam, estetik zövq və tələbatlar, biliklər, peşəkarlıq, müxtəlif adət və ənənələr. Bütün bu ənənəvi yanaşmalardan başqa mədəniyyətin öyrənilməsində aksioloji (və ya dəyərləndirmə) yanaşma da tədqiqatçılıqda mühüm mövqe tutur. Mədəniyyətə bu mövqedən yanaşma həmin fenomenə müəyyən dəyər və sərvətlərin kompleksi kimi dərkini nəzərdə tutur. Mədəniyyətin strukturu və ona yanaşmada dəyərlərin rolu qiymətləndirici məqamlarına görə müstəsnalıq təşkil edir. Bunlar ideal təsəvvürləri ilə uyğunlaşdırılaraq insan həyatına məna verirlər.
Beləliklə, mədəniyyəti aksioloji mövqedən dərk etmək bəşəriyyət tərəfindən məqsədyönlü yaradılmış, qorunmuş və inkişaf etdirilmiş dəyər və sərvətlər toplusunun tanınması deməkdir.


Tarix: 08.12.2014 / 17:25 Müəllif: Aziza Baxılıb: 161 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...