beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şimali Avropa intibahı

XV əsrdəki humanist hərəkat İtaliyanın hüdudlarından kənara nüfuz etməyə başlayırdı ki, bu da İntibahın vətənindən şimaldakı ölkələrin mədəniyyətinə də güclü təsir göstərirdi. Ona görə də Şimali Avropa İntibahı ifadəsinin işlədilməsi məntiqə müvafiq səciyyə kəsb edir. Bu intibahın əsas dayaqlarına İngiltərə, Almaniya, İspaniya, Niderland, İsveçrə və Fransa ölkələri daxildir.

Şimali Avropa intibahın xüsusiyyətlərini anlamaq üçün Qərbi Avropadakı istlahatçılıq istiqamətlərinin xarakteristikası ilə tanış olmaq vacibdir. İslahat hərəkatı Almaniyada başlayaraq tədricən Qərbi Avropa ölkələrinin əksəriyyətinə nüfuz etdi. Bu feodal cəmiyyətin özəyindəki ən ciddi dəyişikliklərlə izah olunurdu. Yetişən milli burjuaziya artıq ortodoksal katolitizmin fanatizmi, asketizm, Vatikan xidmətçilərinin ikiüzlülüyü ilə barışa bilmirdi. İslahatın təşəkkülündə İtalyan İntibahı ideyalarının rolu böyük əhəmiyyət kəsb etdi. Bu ideyalar Əhdi-Ətiq və əhdi-Cədidin ilkin mənbələrdən öyrənilməsinə marağı gücləndirdi. Almaniyada İslahatın başlanğıcı Martin Lüterin (1483-1546) 1517-ci il 31 oktyabr tarixində indulgensiyaya qarşı 95 tezisinin elan edilməsi ilə bağlıdır. Bu tezislərdə əsas ideya kilsə və ruhanilərin Allah və insan arasında vasitəçi olmaması ideyasının təsdiqlənməsi və kilsənin günahları bağışlamaq gücünə malik olmamasını göstərmək idi. Lüterin antiklerikal istiqamətli tezisləri alman cəmiyyətindəki qabaqcıl düşüncəli ziyalıların mənəvi dəstəyi ilə müşayiət olunurdu.
Kilsənin bərpası tələblərindən irəli gələn islahatçılıq feodal cəmiyyətinin çoxluq hissəsini təşkil edən lüterançılığın təşəkkülü ilə başlıca yer tutdu.

Almaniyanın ardınca Avropanın digər ölkələrində də bu hərəkat geniş vüsət tapdı. Belə ölkələrdən İsveçrə daha çox irəlidə gedənlərdən idi. Ölkədə tsvinqliançılıq və kalvinizm lüterançı istiqamətli hərəkatlardan idi. Ulrix Tsvinqli (1484-1531) həmin islahatçı təlimin banisi idi. Onun təliminin əsas prinsipləri lüterançılıq ilə vəhdət təşkil edirdi. Bu təlimdə ənənəvilikdə dəyişikliklərin həyata keçirilməsi başlıca yer tuturdu.
Can Kalvin (1509-1564) özü Fransada anadan olmuşdur. 1556-cı ildə Cenevrəyə gələrək burada islahatçılıq hərəkatının banisi kimi tanınır. Onun təlimi daha çox burjuaziyanın maraqlarını təmin edirdi.

XV əsrdən başlayaraq Avropa mədəniyyətinin nəhəng mərkəzi Niderland hesab edildi. Bu mədəniyyətin görkəmli nümayəndəsi Rotterdamlı Erazm (1469-1536) hesab edilirdi. Görkəmli humanistə populyarlığı məşhur satirik əsəri olan «Ev söhbətləri», «Axmaqlığın tərifi» (1509) gətirmişdi. Bu satirik əsərlərdə sxolastik dünyagörüşü, nadanlıq ciddi tənqid edilirdi.
Humanist ədəbiyyatın görkəmli nümayəndələrindən biri də Filipp Aldehonde (1539-1598) hesab edilirdi.

İtaliya İntibahının ənənələri Niderland rəngkarlarının bədii yaradıcılığında mühüm yer tuturdu. Bu kiçik ölkə dünya mədəniyyətinə Yan Van Eyk (1390-1441), Hieronimus (1460-1516), Piter Breygel (1525-1569), Frans Hals (1585-1666) kimi rəngkarlar bəxş etmişdir. Bu rəssamlar daha çox natürmort və peyzaj sənətinin inkişafına təkan vermişlər. Rəssamların bu janra müraciəti İslahatın dini mövzulara qadağalar qoyması ilə izah edilirdi.


XVII əsrdə Avropanın məşhur rəssamı niderlandlı Piter Pauel Rubens (1577-1640) və Xarmens van Reyn Rembrandt (1606-1669) hesab edilirdi. Rubensin yaradıcılığında patetiklik, güclü hərəkət hiss edilir. O, daha çox dini və mifoloji süjetlərə üstünlük verirdi: «Torpaq və suyun ittifaqı», «Xaçdan çıxarılma» rəsmləri belələrindəndir.

Rembrandtın yaradıcılığı daha çox psixologizmi ilə fərqlənirdi. O, işıq-kölgə effektlərinə üstünlük verən rəssam idi. O, 60-a yaxın avtoportret, 300 ofort və 1000-dən artıq rəsmlər yaratmışdır. Onun dini və mifoloji mövzudakı əsərlərinə «Müqəddəs ailə», «Danaya»nı göstərmək olar. Həyatının sonlarında rəssamın yaradıcılığında qəm, küdurət, melanxoliya üstünlük təşkil edir. Bu əhvali-ruhiyyə rəssamın «Yan Siks» rəsmində daha çox hiss olunur.

Humanizm ideyaları Almaniyaya XV əsrin ortalarında nüfuz etməyə başlayır. Humanist hərəkatın xüsusiyyətləri katolik kilsəsi və cəmiyyətin siyasi təbəqələrinin əhvali-ruhiyyələri ilə müəyyən olunurdu. Humanistlər arasında Rotterdam Erazm böyük hörmətlə qarşılanırdı. Onun satiraları alman humanistləri tərəfindən təqlid olunurdu. Görkəmli filosof, filoloq, humanist İohann Reyxlin (1455-1522) insanın özündə ilahilik axtarmaq cəhdi mühüm yer tuturdu.
İslahatın ölkədə geniş vüsəti milli humanist mədəniyyətin inkişafına təkan verdi. Xüsusilə, təsviri sənət bu sahədə irəliyə getdi. Albrext Dürer (1471-1528) özünün «Apokalipsis» (1498) adlı qravyura seriyaların obrazlarını gərgin-ekpressiv formada təsvirinə başlıca yer verir. Onun müasirləri olan görkəmli realist portret ustası Kiçik Hans Halbeyt (1498-1543), humanist rəssam Qryünevald (1475-1528), Lukas Kranaxın (1472-1553) adlarını çəkmək olar.
northern renaissance

İslahatçılıq hərəkatı eyni xüsusiyyətlərlə İsveçrə mədəniyyətində də təzahür tapmışdır.

Fransada İntibahın görkəmli nümayəndəsi satirik əsərlərin müəllifi kimi tanınan Fransua Rable (14941553) hesab edilir. Onun «Qarqantua və Pantaqryuel» adlı satirik romanı katolik kilsəsi, onun xidmətçilərinin nadanlığı, insanları aldatmağı nöqteyi-nəzərindən ciddi tənqid olunur.

Maarifçilik cəhətdən «Pleyada» adını almış yeddi şairdən ibarət ədəbi qrupun da yaradıcılığı dövrün nailiyyətlərindən biri kimi hesab olunur. Onun əsasını şairlər Pyer de Ronsar (1524-1585) və Coake Dyü Belle (1522-1566) qoymuşlar. Bu qrup Fransız poeziyasının təkmilləşməsində çox böyük rol oynamışdır.

Dövrün görkəmli humanisti Mişel de Monten (1533-1592) sayılırdı. O, esse ədəbi formasında gözəl əsərlər yaratmışdır. Montenin ən böyük əsəri «Təcrübələr» essesidir. Bu əsərdə rasionalizm ideyaları aparıcı yer tuturdu.

İngiltərədə İntibahın ömrü daha uzun olmuşdu. Humanist ideyalarının aparıcı mərkəzi Oksford Universiteti idi. İngilsi İntibahının görkəmli nümayəndəsi Tomas Mor (1478-1535) sayılırdı. O, «Utopiya» adlı sosialfəlsəfi əsərin müəllifi olmaqla utopik sosializm istiqamətinin əsasını qoydu. Digər humanist şairlərdən Tomas Uayetin (1503-1542) adını çəkmək olar ki, o, ingilis poeziyasına sonet janrını gətirmişdi. Filipp Sidney (15541586), Lester Edmund Spenser (1552-1599) də İntibahın görkəmli sənətkarları idi.

İngiltərədə İntibahın ən məhsuldar dövrü XVI əsrin axırı XVII əsrin əvvəllərinə təsadüf etdi. Bu, V. Şekspirin (1564-1616) adı ilə bağlıdır. 37 pyesin müəllifi olan Şekspir dünya ədəbiyyatı ilə yanaşı, dramaturgiya, teatrın «nadir incisi» sayılır.

İspaniya da İntibahın aparıcı dayaqlarından hesab olunur. Lakin İngiltərədən fərqli olaraq burada katolik ideologiyası başlıca yer tuturdu. Migel de Servantes (1547-1616), Lope de Veqa (1562-1635) kimi yazarlardan başqa El Qreko (1541-1614), Diyeqo Velaskes (1599-1660) kimi rəssamlar dünya təsviri sənətinin görkəmli simalarındandır.

Beləliklə, sonda onu qeyd etmək vacibdir ki, İntibah dövrü dünya mədəniyyətinin inkişaf tarixinin ən məhsuldar çağları kimi dəyərləndirilməlidir. İntibah fenomeni gələcək sivilizasiyaların ən zəngin mənəvi mənbələri kimi qiymətləndirilməlidir.

Müəllif: Sədaqət Əliyeva, ADMİU-nun «Mədəniyyətşünaslıq» kafedrasının müdiri,dosent, kulturologiya elmləri namizədi;


Tarix: 09.12.2014 / 13:07 Müəllif: Aziza Baxılıb: 187 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)