Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim Mesopotamiya mədəniyyəti

Mesopotamiyada ilk sakinlər təxminən b.e.ə. 40-cı minillikdə məskunlaşmışlar. B.e.ə. IV-III minillikdə ilk şəhər-dövlətlər yaranmağa başlayır: Ur, Uruk, Kiş, Laqaş, Nippur, Akkad belələrindəndir. Şəhərlərin çoxu şumerlər tərəfindən qoyulduğu üçün həmin mədəniyyəti şumer mədəniyyəti kimi adlandırmaq qəbul edilmişdir . Şumer mədəniyyətinin mövcudluq tarixi b.e.ə. IV minillikdən III minilliyin I yarısına qədərdir.

B.e.ə. XXIV-XX əsrlərdə Akkad şəhərinin təsirinin güclənməsi nəticəsində bu mədəniyyət şumerlərin varisi kimi inkişaf etməyə başlayır. Tarixi mənbələrdə hər iki mədəniyyət İkiçayarası mədəniyyəti kimi qəbul edilmişdir ki, bu da ilk növbədə həmin dövlətlərin Dəclə və Fərat çaylarının arasında yerləşməsi ilə izah edilir. «Mesopotamiya» sözü yunan dilindən tərcümədə «İkiçayarası» mənasını verir.

qədim MesopotamiyaMədəniyyət tarixində bunu çox vaxt Şumer-Akkad mədəniyyəti kimi tanımaq da qəbul edilmişdir. Şumer-Akkad mədəniyyətinin, həm də belə adlandırılması digər vacib bir məqamla da izah edilir: şumerlər və Akkad şahlığı sakinləri müxtəlif dillərdə danışaraq, həm də ayrıayrı yazıya malik idilər.

Şumer haqqında məlumatlar bir də onu deməyə imkan verir ki, qədim sakinlər öz fikirlərini sim və ağac kəsikləri üzərində müxtəlif təsvirlərin verilməsi ilə də bildirmişlər. Yazı Şumer-Akkad mədəniyyətinin ən böyük nailiyyəti idi. Babillər tərəfindən o, bütün Ön Asiyada – Suriya və İranda geniş yayılmağa başlamışdır. Yazı əsasında şumerlər bəşər tarixində ilk poema sayılan «Qızıl əsr»i, ilk elegiyanı (mərsiyə tipli şer) yaratmışlar, dünyada ilk dəfə biblioqrafik kataloq tərtib etmişlər. Şumerlər, həmçinin tibbə aid reseptləri toplayaraq xüsusi toplu hazırlayan ilk xalq olmuşlar. Şumerlərin dini görüşləri allahlara sitayiş üzərində qurulmuşdu. Belə ki, bu xalqın ən güclü allahları An, Enlil və Enki idi. An – Səma allahı olub, digər allahların atası hesab edilirdi, bütün insanlar hər bir işdə ona müraciət edirdilər. Qədim İkiçayarası sakinlərinin etiqad etdikləri allahlardan biri də Ay allahı olan Nanna (akkadlarda Sin) hesab edilirdi.

Şumer-Akkad dini görüş və təsəvvürləri bütövlükdə Mesopotamiya mədəniyyətinə güclü təsir göstərir, ədəbiyyat və incəsənətin inkişafında mühüm əhəmiyyət kəsb edirdi.
Ədəbiyyatda əfsanələr xüsusi yer tutmağa başladı. Şumer və akkadlar öz ədəbi mənbələrini şifahi xalq yaradıcılığı məhsulu kimi yazıya köçürmüşlər. Şumer ədəbiyyatının möhtəşəm abidəsi Gilqameş haqqında olan silsilə mətnlərdir. Gilqameş Uruk şəhərinin əfsanəvi şahı hesab edilir. O, b.e.ə. XXVIII əsrdə hakimiyyətdə olmuşdur. Əsərdə Gilqameş Ninsu allahının oğlu kimi təsvir edilir.
Mesopotamiya ədəbiyyatı nümunələrinə qeyri-dini səciyyə kəsb edən hekayə, nağıl, ibarə, zərb – məsəlləri də aid etmək olar. Bu ədəbi nümunələrdə həyat və məişətin müxtəlif cəhət və hadisələri təsvir olunur

Mesopotamiyanın memarlıq və incəsənəti də dövrünə görə mühüm əhəmiyyət kəsb edirdi. Dini xarakterli tikililər – əzəmətli məbəd, məqbərələr ilk memarlıq nümunələri kimi mühüm rol oynayırdısa, bu tikililərin bəzədilməsi, müxtəlif bədii işlərin aparılması təsviri və tətbiqi sənətin formalaşması üçün əsaslı zəmin idi. Belə ki, e.ə. IV minillikdə hündür yerdə tikilən nəhəng məbədlər, həm də yaşayış məntəqələrinin mərkəzi xarakterini kəsb edirdi. İbadət üçün xüsusi komplekslər, 3, 5, 7 mərtəbədən ibarət bürclər (zikkuratlar) İkiçayarası mədəniyyətinin orijinal memarlıq nümunəsi idi.


İkiçayarası mədəniyyəti heykəltəraşlığı üçün e.ə. III minilliyə aid fiqurlar daha səciyyəvidir. Hökmdar Qudeanın və Hammurapinin heykəl təsviri buna misaldır. Tətbiqi sənət növləri içərisində zərgərlik, silahqayırma, daşdan hazırlanan güldanlar üstünlük təşkil edirdi. Şumer-Akkad sivilizasiyasının varisi Babilistan hesab edilirdi. Onun mərkəzi Babil şəhəri («Babil» - «Allahın qapısı deməkdir) hesab edilirdi. Babilistan hakimiyyətinin çiçəklənməsi dövrü I Babil nəslindən hesab edilən Hammurapinin hökmranlığı (e.ə. 1792-1750) müddətinə təsadüf edir.
Onun hakimiyyəti dövründə Babilistan ön Asiyada birincilik qazanaraq kiçik şəhərdən yüksək iqtisadi, siyasi və mədəni mərkəzə çevrildi. Məşhur Qanunlar külliyyatı da məhz onun hakimiyyəti dövründə meydana çıxdı. Külliyyat 2 metrlik daş üzərində gil yazı ilə yazılmışdır. Bu qanunlarda Babil şahlığı sakinlərinin təsərrüfat, məişət və mədəni həyatı, əxlaq və mənəviyyatı əks olunurdu. Külliyyat 282 maddədən ibarət olub, akkad dilinin babil ləhcəsində yazılmışdır. Bu qanunlar bütünlükdə qədim Şərq hüququnun tədqiqi üçün əhəmiyyətli mənbədir. Hammurapinin qanunlar külliyyatı üç hissədən – giriş, qanunlar və nəticədən ibarətdir. Giriş və nəticə hissəsində bu qanunların tərtibinin əsas məqsədi öz izahını tapır.
Planet və ulduzların hərəkətinə güclü maraq bu qədim ölkədə astronomiya və riyaziyyat elmlərinin tərəqqisinə güclü təsir göstərdi. Bunun əsasında vaxtın - saniyə və dəqiqələrin 60-lıq sistemi müəyyən olundu. Babil astronomları bəşər tarixində ilk dəfə Günəş və Ayın dövretmə qanunlarını hesablamış, Günəş tutulmalarının qanunauyğunluqlarını müəyyən etmişlər. Qədim babillər bütün bunları misirlilərin müşahidələri əsasında aparmışlar.

Ümumilikdə götürüldükdə babil sənətinin memarlıq nümunələri dövrümüzə qədər çox az sayda gəlib çatmışdır. Bunu təkcə elə onunla izah etmək olar ki, İkiçayarası ərazisi daşlarla kasad olduğundan, günəş altında qurudulmuş kərpiclərin tətbiqinə daha geniş yer verilmişdir ki, bu da zamanın sərt sınaqlarından müvəffəqiyyətlə çıxmaqdan məhrum idi.

Memarlıqda daha çox gümbəz, arka, birləşdirici tavanlar kimi elementlərin tətbiqi üstünlük təşkil edirdi. Babil təsviri sənətində vəhşi heyvanların – şir və öküzün təsvirinə tez-tez rast gəlmək olur.
Tel-Əsmərdə mərmərdən hazırlanmış kişi fiqurları sənət nöqteyi-nəzərindən qiymətli hesab olunur. Babil mədəniyyətini inkişaf etdirən assuriyalılar b.e.ə. VIII əsrdə Babilistanı özlərinə tabe etdilər. Nineviyadakı sarayda alimlər Assuriya hökmdarı Aşşurbanipal (b.e.ə. VII əsr) dövrünə təsadüf edən və həmin dövr üçün çox zəngin sayılan kitabxana tapmışlar. Burada on minlərlə mixi yazı mətnləri əldə olunmuşdur. Belə güman edilir ki, həmin kitabxana vaxtilə babil, o cümlədən qədim şumer ədəbiyyatlarını özündə cəm etmişdir.

Memarlıq tikililərində heyvanların – şir, dəvə, atların təsvirləri üstünlük təşkil edir. Assuriya saraylarına xas olan təsvirlərin məzmununa qüdrətli hökmdar, kinli, amansız şah obrazı daha xasdır.

Assuriya incəsənətində hökmdar qəddarlığının təsviri dünya sənət tarixində daha orijinal görünür. Assuriyalıların mənəviyyatındakı bu qəddarlıq, görünür, onların yüksək olmayan dini təsəvvürləri ilə bağlıdır. Yeni Babil 200 min əhalisi olan Qədim Şərqin ən iri şəhərlərindən biri hesab edilirdi. Şəhərin 24 böyük prospekti, böyük məşhur «Babil» qülləsi mövcuddur ki, hazırda o, dünyanın 7 möcüzəsindən birini təşkil edir. Bu qüllə 7 pilləli 90 m hündürlüklü zikkuratdır. Qüllənin ətrafındakı yaşıllıq trassı da 7 möcüzədən biridir – bunları «Semiramidanın asılı bağları» adlandırırlar.


Tarix: 08.12.2014 / 16:44 Müəllif: Aziza Baxılıb: 218 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...