beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fotoqrafiya incə sənətdir

İnformasiya aləminin bugünkü qaynar çağında məlumatı daha dolğun çatdıran, insanlara emosional təsir edən və bununla yanaşı yaradıcılıq nümunəsi kimi diqqət çəkən, estetik zövq formalaşdıran sənətlərdən biri də fotoqrafiyadır. Bədii, sənədli, elmi, texniki, peyzaj və s. janrları ilə yanaşı, foto məişətə də daxil olaraq sevimli məşğuliyyətlərdən birinə çevrilib.
Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) heç də asanlıqla kəşf edilməyib. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırıb. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. XIII əsrdə eynəyin ixtirası, optik cihazların icadı foto-obyektivin yaranmasına təkan verdi, lakin fotoaparatın yaranması, yəni əşyanın kağıza köçürülməsi kimya elminin inkişafını zəruri edirdi. Kimya elmində bu imkan XVIII əsrdə meydana çıxdı.
Optik cihaz vasitəsilə rəsmin kimyəvi prosesə çevrilməsində sonralar diplomat olmuş rus kimyaçısı A.P. Bestujev-Ryumin (1693-1766) və alman tibb alimi, cərrah İ.Q. Şulsenin (1687-1744) böyük xidmətləri olub. 1725-ci ildə Bestujev-Ryumin günəş işığında müxtəlif duz tərkibli məhlulların rəngini dəyişdiyini aşkara çıxardı. İki il sonra isə Şulse brom duzunun işığa olan həssaslığını sübuta yetirdi.
XIX əsrin birinci yarısında dünyanın müxtəlif ölkələrindən alimlərin bu sahədə səylə çalışması bəhrəsini verdi. Fotoaparatın icad olunması sahəsində ən uğurlu işi fransız Jozef Nisefor Neps (1765-1833), Lui-Jak Mande Daqer (1787-1851) və ingilis Uilyam Foks Henri Talbot (1800-1877) gördülər. Onlar fotoqrafiyanın yaradıcısı kimi tarixə düşdülər.
Beləliklə, 1839-cu il yanvarın 7-də Nisefor Neps və Lui Daqer dayanıqlı insan foto rəsmi çəkməyi bacardılar. Həmin gün fotoqrafiyanın yaranma tarixi kimi qəbul olundu. Müasir fotodan fərqli olaraq çəkilmiş ilk foto neqativ deyildi, foto pozitiv idi. Onu isə yalnız düz günəş şüaları altında görmək olurdu. Həmçinin foto pozitivdən köçürmə (surətçıxarma) mümkün deyildi.

Foto sənətinin inkişaf mərhələləri
Əsrlər boyu təşəkkül tapan bir çox incəsənət növlərindən fərqli olaraq fotoqrafiyanın yaxın tarixi, XX əsrin ikinci yarısını əhatə edir. Bu dövrdə bir çox ölkələrdə foto sənətinə həsr olunmuş kitablar yazılmağa başladı. Baxmayaraq ki, həmin dövr fotoqrafiyası janr baxımından zəif idi. Bunun səbəbləri isə muzey, arxiv, kolleksiyaçıların az olması, həmçinin neqativ və çap kağızlarının keyfiyyətsizliyi idi. Buna görə də fotoqrafiyanın incəsənət növü kimi qəbul olunması kulturoloqlar tərəfindən tərəddüdlə qarşılanırdı.
Bir çox incəsənət növlərindən fərqli olaraq foto-rəsm çox qısa zamanda əldə olunurdu. Bu səbəbdən mütəxəssislər tərəfindən fotoqrafiya sənəti uzun zaman tənqid atəşinə tutuldu. Onlar fotoya gerçəkliyi kağıza köçürən mexaniki vasitə kimi baxırdılar. Baxmayaraq ki, foto hələ o dövrdə zamanın bir çox sosial problemlərini əks etdirirdi. İstənilən incəsənət növünün müstəqil sənət kimi təşəkkül tapmasında əsas problem özünəməxsus ifadə dilinin olmasıdır. Buna görə də foto özünəməxsusluğunu sübuta yetirməli idi.
Fotoqrafiyanın bir sənət kimi yaradıcı tarixini analiz etsək, bir neçə inkişaf dövrünü qeyd etmək olar. Başlanğıcda fotoqraflar monumental, hərəkətsiz (dağlar, evlər) obyektləri çəkməyə üstünlük verirdilər. Portretlərə gəlincə, uğurlu işin alınması üçün modellər uzun müddət yerlərində donub qalmalı olurdular. Bu mərhələ 1939-cu ildən başlayaraq təxminən növbəti 10-15 ili əhatə etdi.
Növbəti mərhələ fototexnologiyanın inkişafı — “shutter”ın (işığahəssas hissəyə işığın təsir etməsini təyin edən vaxt intervalıdır) bir neçə dəqiqədən saniyəyə enməsi və geniş obyektivlərin yaranması ilə bağlı oldu. Fotoqraflar ətrafda nə varsa çəkməyə can atırdılar. Beləliklə, fotoqrafiyada təbiilik və reallıq həm anlaşıqlı olması, həm də sadəliyi ilə diqqət çəkməyə başladı.



Foto rəssamlığın sonudur?
XIX əsrin sonu XX əsrin əvvəllərində fotoqrafiyada yeni üsul — piktorializm meydana çıxır. Bu, fotonu incəsənətə yaxınlaşdırdı. Piktorializm (ingilis dilindən pictorial — rəssamlıq) XIX əsrin sonu XX əsrin əvvəllərində Avropa və Amerika foto sənətində yaranmış cərəyandır. Rəssamlıq elementlərini fotoya gətirməklə onu sənətə yaxınlaşdırdılar. Bu effekti əldə etmək üçün fotoqraflar müxtəlif texniki üsullara əl atırdılar (yumşaldıcı obyektiv, filtrlərdən istifadə, pozitivin gümüş, duzlar və s. ilə işlənilməsi).
Fotoqrafiya yaranan zaman estetikada belə bir fikir hökm sürürdü ki, yalnız əllə yaradılan əsərlər incəsənət nümunəsi hesab olunur.
Yeri gəlmişkən, “texniki incəsənət növləri”nin hamısı eyni inqilabı yaşayıb: ilk dövrlərində onlar məzəli attraksionlar (kino), daha sonra informasiya ötürməyi bacaran texniki vasitələr (televiziya) kimi qəbul olunurdu. Yalnız yeni sənət növü yaratma zərurəti prosesində kommunikativ-sənətlər meydana çıxdı.
Foto yeni yaranan zaman fransız rəssamı Delaroş (1797-1856) onun imkanlarını analiz edərək demişdi: “Rəssamlıq bu gündən məhv oldu”.
Hələ yeni yarandığı zaman incəsənətin müxtəlif sahələrindən olan mütəxəssislər və cəmiyyət tərəfindən oyuncaq kimi qəbul olunan foto nə sənədli, nə bədii idi, nə də işıq-kölgə prinsiplərini əks etdirməyə qadir deyildi. Bu gün isə yuxarıda sadalananları mükəmməl mənimsəmiş fotoqrafiya incəsənətin növü kimi qəbul olunma haqqını qazanır.
Fotonun inkişafı cəmiyyətin tələbatından irəli gəlirdi. Qəzet-jurnal bazarının kütləviləşməsi fotoqrafiyanı müxbirlik sahəsinə istiqamətləndirdi. İlk kino lentləri yaranan zaman fotoqrafiya parlaqlıq və estetikası ilə əsl sənət kimi çıxış edirdi.
Daim müzakirə olunan məsələlərdən biri də “bədii dəyərlərinə görə fotonu rəssamlıqla müqayisə etmək olarmı” sualı ətrafında müzakirələr idi.
Təbii ki, rəssamlığın fotoqrafiyaya təsiri böyük olub. Lakin müstəqil sənət kimi formalaşmasında fotoqrafiyanın da məqsədi ikimənalıdır: bir tərəfdən mümkün qədər rəssamlıqdan ayrılaraq öz sərhədlərini müəyyənləşdirmək, ikinci tərəfdən isə rəssamlığın bədii təcrübəsini özünəməxsus tərzdə mənimsəmək.
Buna görə də ənənəvi incəsənət növləri ilə müqayisədə həm oxşarlıq, həm də fərdiliyi açıq-aşkar görmək mümkündür.
Fotoqrafiyanın bədii tərəflərinə nəzər saldıqda mütləq ona xas sənədliliyin vacibliyi vurğulanmalıdır. Dokumentalizm, həqiqilik, dolğunluq, reallıq — fotoda əsas məqamlardan biridir. Bu köklü özəllikdə fotoqrafiyanın dünya mədəniyyətinə qlobal təsiri də böyükdür.


Tarix: 09.12.2014 / 13:01 Müəllif: Aziza Baxılıb: 147 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)