beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rus mədəniyyəti tarixindən

Dünyanın ən qədim mədəniyyətlərindən biri olan rus mədəniyyətinin konkret olaraq hansı tarixdən və hansı sosial-ictimai proseslə əlaqədar təşəkkül tapdığı məlum deyil. Bir həqiqət inkaredilməzdir ki, rus mədəniyyətinin əsasında qədim slavyan mədəniyyəti durur. Bu gün ruslar və digər rus mənşəli xalqlar qədim slavyan mədəniyyəti ənənələrinə sadiq qalır, onun mütərəqqi keyfiyyətlərindən istifadə edirlər.

İbtidaidən aliyə doğru tədrici inkişaf keçmiş rus mədəniyyətinin ən qədim qalıqlarının əsasında şərq slavyanlarının bütpərəst mədəniyyəti durur. Bu xalqlar müxtəlif region və ərazilərdə yaşasalar da, müxtəlif həyat normalarına, məişət tərzinə malik olsalar da, hətta orcinal xüsusiyyətləri ilə fərqlənsələr də tarixi kökləri eynidir.

İlk xaç suyuna çəkilmə mərasimlərinin keçirilməsi, bütpərəstlik şəraitinə tədriclə son qoyulması, xristianlığın qəbulu, slavyan adət və ənənələrinin mənimsənilməsi rus mədəniyyətinin formalaşmasında əsaslı addım idi. Lakin Rusiyada xristianlığın üstünlüyü şəraitində iki müxtəlif istiqamətli dini təmayüllər müəyyən müddət paralel fəaliyyət göstərə bilmişdi. Bütpərəstlik aşağı təbəqəyə mənsub olan rus əhalisində daha çox hiss olunurdu. Rusiyada ikitəriqətliyin mənəvi bazası yox idi. Ona görə də daha çox nüfuza malik olan xristianlıq öz üstünlüyünü sübut edə bildi. Xristianlığın daha sürətlə yayılmasında xristian kilsəsi mühüm rol oynadı.

Xristianlığın qəbulu rus mədəni həyatında mühüm hadisə idi. Artıq xalqın öz ədəbiyyatı, öz dilində və əlifbasında yazılmış dini və dünyəvi kəlamları mövcud idi. Onlar bütün istiqamətlərdə dini baxışlarla əlaqələndirildi. Ölkənin hər yerində xristian ibadətgahları, kilsələr tikildi. Bu mühüm işə ən mahir sənətkarlar cəlb olundu. Rəssamlar kilsələrin çöl və iç bəzəyini ən yüksək zövqlə tərtib etməyə borclu idilər. Xristianlığın qəbulundan sonra rus mədəniyyətinin inkişafında yeni mərhələ başlayır. Kiyev, Moskva, Petroqrad və digər şəhərlər sürətlə inkişaf edir. Hər yerdə yeni mədəniyyət mərkəzləri yaranır, təsviri sənət, ağac və daş memarlığı sürətlə inkişaf edir. Mədəniyyətin bütün sahələrində əsaslı dirçəliş hiss olunur.


Rus mədəniyyəti tarixində və onun inkişafında bir çox görkəmli şəxsiyyətlərin rolu danılmazdır. Onlardan biri də I Pyotrdur. I Pyotrun Rusiyanı dünya miqyasında şöhrətləndirə bilən xidmətləri olmuşdur. Rusiyada «Pyotr islahatları» elmi konsepsiyası da meydana gəlmişdir. Milli sənaye müəssisələrinin yaradılamsı, qərb ölkələrinə giriş yolunun açılması, bu əsasda «Pyotr Avropaya pəncərə açdı» zərb məsəlinin meydana gəlməsi, Qərb dünyası ilə Rusiyanın ticarət əlaqələrinin genişlənməsi, ölkənin sərhədlərini qoruya biləcək güclü dəniz donanmasının yaradılması, ölkədə aramsız olaraq baş verən kəndli üsyanlarının qarşısının alınması, ordunun və ölkənin müdafiə sisteminin möhkəmləndirilməsi, ölkədə mənəvi mədəniyyətin hərtərəfli inkişafına şərait yaradılması, savadsız xalqı cəhalət yuxusundan oyatmaq və bir çox mütərəqqi tədbirlər məhz böyük islahatçının bəşəri xidmətləri idi. Pyotrun həyata keçirdiyi saysız-hesabsız tədbirlər o vaxtki həyatın bütün sahələrinə sirayət edirdi. Kilsə, məişət və bütün mədəniyyət sahələri də ciddi islahata uğramışdı. Mədəniyyət və məişət sahəsində islahatlar dünyəvi elmlərin, maarif və təhsil sisteminin avropasayağı qurulmasına yönəldilmişdi. Ölkədə savadlı, dərin bilikli kadrlara ehtiyac olduğundan dünyəvi məktəblər açılmağa başladı, təhsil dünyəvi xarakter aldı. Kilsə dərslikləri sıradan çıxarıldı, onları yeni elmi biliklər verən dərsliklər əvəz etdi. Elm və təhsilin dünyəviləşdirilməsi ilə əlaqədar kitab və elmi ədəbiyyat nəşri qaydaya salındı, Peterburqda və Moskvada yeni mətbə ələr yaradıldı. Rus mədəni həyatında inkişaf etmiş Avropa ölkələrinin qabaqcıl təcrübəsi geniş təbliğ olunmağa başladı. Yaradıcı elm və mədəniyyət adamlarının xaricdə təhsil almağa göndərilməsi elmdə, təhsildə və mədəniyyətin müxtəlif sahələrində dünya təcrübəsinin öyrənilməsinə səbəb oldu. Peşəkarlığını artırmaq üçün xaricə göndərilən rəssamlar, memarlar və digər sənət adamları iki-üç il müddətinə xüsusi təqaüdlə təmin olunurdular.

O dövrdə xaricdə təhsil almış onlarla istedadlı ziyalı Rusiyanın mədəni həyatında çox mühüm rol oynadı. Onlar rus mədəni mühitinə yeni əhval-ruhiyyə gətirdilər. Mədəniyyətlə əlaqədar xaricdən dəvət olunmuş görkəmli mütəxəssislərin təqdirəlayiq xidməti oldu. Onlar xüsusilə milli incəsənətin inkişafına əsaslı təsir göstərirdilər. O vaxtki rus hakimiyyəti dövründə Pyotrun xüsusi əhəmiyyət verdiyi memarlıq, təsviri sənət, gəmiqayırma, şəhərsalma və digər sahələr xüsusi sürətlə inkişaf edirdi. Rus mədəniyyətinin dirçəlişi təkcə qeyd olunan sahələrlə məhdudlaşmırdı. Döyüş səhnələrini əks etdirən əsərlər, dekorativ sənət nümunələri, portret janrında yeni əsərlər meydana gəlirdi. Binaların interyeri və zahiri tərtibatı üçün yüksək zövqlə tərtib olunmuş sənət nümunələrindən istifadə olunurdu. Bu dövrdə milli mədəniyyətin sürətli yüksəlişi davam edir. Qədim rus mədəniyyətinin tarixi ənənələrinə geniş yer verilirdi.

Rus mədəniyyəti elm və təhsilin əsaslı inkişafı olmadan irəliləyə bilməzdi. I Pyotrun islahatları bu sahələrdə öz təsirini göstərmişdir. Əvvəlki dövrlərdə müəyyən mütərəqqi irəliləyişin olmasına baxmayaraq Rusiyada maarifçilik sahəsində inkişaf XVIII əsrin birinci yarısının sonlarından başladı. Artıq ölkədə bir sıra qəzet və jurnalların nəşrinə başlanmışdı. Onlar ölkənin elm, mədəniyyət, sosial-siyasi həyatını, eləcə də maarifçiliklə əlaqələr həyatını əks etdirirdilər. Rusiyada Avropa alim və ziyalılarının fəlsəfi, ictimai-siyasi ideyaları yayılmağa başladı.

Ölkədə rus maarifçilərindən ibarət böyük ziyalılar ordusu fəaliyyət göstərirdi. Onlar dövlətin maarifçilik siyasətinin həyata keçirilməsinə, elmin rolunun artırılmasına, ölkənin aşağı təbəqələrinin istedadlı nümayəndələrinin aşkara çıxarılmasına qayğı göstərirdilər. Rus elmi dilinin yaradılmasında maarifçi alimlərin xidməti xüsusilə böyük idi. Rus elminin və mədəniyyətinin inkişafında M.V.Lomonosovun xidməti xüsusilə qeyd olunmalıdır. 1755-ci ildə onun təklifi və qraf Şuvalovun yardımı ilə Moskva Universiteti təsis edildi. 1764cü ildə Peterburqda Zadəgan qızlar üçün Avropada ilk dəfə olaraq dünyəvi təhsil ocağı – əsilzadə xanımların Smolnı İnstitutu açıldı. 1764-cü ildə çar II Yekaterina gənclərin tərbiyələndirilməsi üçün baş müəssisə təsis etdi. Müəssisənin tələblərində əməksevərlik, nəzakət, əxlaq, kasıblara mərhəmət, səliqə-səhmanı inkişaf etdirmək və başqa mədəni tədbirlər nəzərdə tutulurdu.

XIX əsrin sonu – XX əsrin əvvəllərində rus mədəniyyətinin inkişafında yeni mərhələ, yüksəliş dövrü başlayır. Bu mədəniyyət öz nailiyyətləri ilə görünməmiş zirvəyə yüksəlir, ümumdünya əhəmiyyətə malik bir mədəniyyətə çevrilir. Rus mədəniyyəti tədriclə klassik mədəniyyət nümunələrindən uzaqlaşdırılaraq yeni məzmun və məna kəsb etməyə başlayır. İnkişafın ümumən mürəkkəb, ziddiyyətli gedişində yeni ədəbi cərəyanlar meydana gəlir. Onların bir çoxu əqidə və izlədikləri məqsəd baxımından üst-üstə düşmürdülər. Tənqidi realizm, simvolizm, futurizm və başqa cərəyanlar müxtəlif konsepsiyalara xidmət etməklə hər biri rus mədəniyyətinin inkişafına daha çox fayda verdiklərini iddia edirdilər. Dövrün ədəbi cərəyanları özlərini insanları daha yaxşı birləşdirə bilən yeganə qüvvə kimi qələmə verməyə çalışırdılar.

XX əsrin əvvəllərində rus mədəniyyətində mürəkkəb ictimai proseslər baş verdi. Bədii ədəbiyyatda, xüsusilə poeziyada yeni forma və üsullar təklif olunur. Müxtəlif şair və yazıçıların ümumi istiqamət verməyə səy göstərdiyi ədəbi cərəyanlar üst-üstə düşmür, müxtəlif bədii ideallara xidmət edən əsərlərin meydana gəlməsinə səbəb olurdu. Bütün bunlar mədəni inkişafın ümumi ahənginə uyğun gəlmirdi. Bir çoxları tarix boyu dərin kök salmışənənələrə qarşı çıxır, Puşkin, Dostoyevski, Tolstoy kimi dünya şöhrətli mədəniyyət xadimlərindən imtina etməyi təklif edirdilər. Fundamental əsası olmayan belə halları Rusiyanın mədəni həyatında bir növ geri çəkilmə kimi qiymətləndirmək olardı. Bu proseslər bədii yaradıcılıqda forma və üsulların meydana çıxmasına səbəb oldu. Mütərəqqi ideyalı sənət adamları incəsənətin əsas vəzifələrini insanda gözəllik, humanizm hissinin aşılanmasında görürdülər.

XIX əsrin sonunda Rusiyanın səhnə sənəti də tənəzzül dövrü keçirirdi. Repertuarda olan teatr tamaşalarının çoxu həyatın zəruri problemlərinə toxunmurdu, adi əyləncə səviyyəsindən irəli gedə bilmirdi. Ona görə də teatrın simasının ciddi surətdə dəyişilməsi zəruri idi. Teatr sənətindəki durğunluq A.P.Çexovun və M.Qorkinin əsərlərinin səhnəyə çıxması ilə aradan qaldırıldı. 1898-ci ildə Moskva Bədəye teatrı açıldı. Səhnə sənətinin baniləri olan K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenko teatrın açılmasının təşəbbüskarları idilər. Onlar rus və dünya teatr mədəniyyətindən istifadə edərək günün tələbinə cavab verə biləcək incəsənət yaratmağa müvəffəq oldular. Bədaye teatrı ölkənin demokratik istiqamətli sənət ocağı idi. Ona görə də o, qısa müddətdə Rusiyanın qabaqcıl teatrına çevrildi. 1904-cü ildə istedadlı rus aktrisası V.F.Komissaryevskaya Sankt-Peterburqda öz teatrını yaratdı. Onun səhnəsində ölkənin görkəmli dramaturqlarının əsərləri tamaşaya qoyulurdu. Moskvada Malı teatr, Peterburqda Aleksandrinsk tearı rus mədəniyyətinin inkişafında mühüm rol oynadı. XIX əsrin sonunda Ukraynada, Belorusiyada, Azərbaycanda və digər ərazilərdə teatrlar fəaliyyətə başlamışdı. Şübhəsiz bu mədəni tərəqqidə rus mədəniyyətinin müsbət təsiri olmamış deyildi. Səhnə sənəti digər ərazilərə sürətlə yayılmaqda idi.

Rus mədəniyyətinin inkişafında ölkənin imtiyazlı adamlarının və xeyriyyəçilərinin böyük xidməti olmuşdur. Tacir P.M.Tretyakov rus sənət əsərlərini topladıqdan sonra öz kolleksiyasını Moskvaya bəxş etmişdi. Onun qardaşı S.M.Tretyakov da öz Qərbi Avropa təsviri sənət toplusunu Moskvaya verməyi vəsiyyət etmişdi. S.c.Mamontov Moskvada fərdi rus operasını yaratdı. Onun Abramtsevo malikanəsi bədii həyatın mühüm mərkəzi idi. Bu malikanədə bir çox görkəmli rus sənətkarları yaşayıb-yaratmışlar. Moskva Bədaye teatrının banisi sənayeçi S.M.Morozov idi. A.A.Baxruşin topladığı kolleksiya əsasında fərdi ədəbi-teatr muzeyi yaratdı. Hazırda teatr muzeyi Baxruşinin adını daşıyır. M.D.Tenişeva Smolensk rus muzeyinin, öz malikanəsində bədiisənaye emalatxanalarının hamisi və təşkilatçısı idi. Rus tarixinin əvvəlki mərhələlərinin heç biri mədəniyyətin tərəqqisini XIX əsrdəki qədər görməmişdir.

Mədəniyyətə dair elmi fikir XIX əsri rus mədəniyyətinin inkişafında qızıl dövr kimi xarakterizə edir. A.S.Puşkin yaradıcılığında öz əksini tapan Rusiyanın mənəvi mədəniyyəti ilə dünya musiqisi, ədəbiyyatı, təsviri sənəti, təbiətə dair elmləri, tarixi, fəlsəfəsi sürətlə irəliləməkdə ili. XIX əsr rus mədəniyyətində ədəbiyyat xüsusi yer tuturdu. Müxtəlif istiqamətlərdə inkişaf edən əsas cərəyan tənqidi realizm idi. O, rus cəmiyyətinin böyük bir hissəsinin arzu və ideallarına cavab verirdi. Bu baxımdan Puşkinin, Lermontovun, Qoqolun, Saltıkov-Şedrinnin, Dostoyevskinin, Tostoyun və digər realist yazıçıların əsərləri o dövrün dünya ədəbiyyatında fəxri yer tuturdu. XIX əsrdə musiqi və təsviri sənətin sürətli inkişafı müşahidə olunmaqda idi. Mədəniyyətin bu sahələrində bəşəri əhəmiyyəti olan insanları ədalətə, bərabərliyə, humanizmə səsləyən əsərlər meydana gəlirdi. XIX əsrin bütün gedişində və XX əsrin əvvəllərində rus mədəniyyətini demokratik istiqaməti, xalqın böyük gələcəyinə inam bütün istiqamətlərdə özünü göstərməkdə idi.

Rusiyanın sovet dövrü mədəniyyəti, dünya mədəniyyəti müstəvisində xüsusi yer tutur. Bu dövrdə mədəniyyət yeni istiqamət, kapitalizmdən fərqli olan yeni cəmiyyətin tələblərinə uyğun xarakter almışdı. Ölkənin görkəmli elm və mədəniyyət xadimlərinin bir çoxu yeni quruluşun tələblərinə uyğunlaşmağa çalışır, yeni ruhda və məzmunda əsərlər yaradırdılar. İ.Pavlov, N.Vavilov, K.Siolkovski, M.Şoloxov və bir çox başqalarını misal göstərmək olar. Onlar yeni quruluşa sədaqətlə xidmət edən yaradıcı şəxsiyyətlər idi. Lakin yeni rejimə qarşı çıxan, başqa cür düşünənlər da vardı. Onların bir çoxu repressiya dövründə totalitar rejimin qurbanı oldular.

Elmi ateizm şüarı altında ölkədə olan bütün dinlərə qarşı yürüş təşkil olundu. Dövlət dindən, məktəb və kilsə vətəndaşlardan ayrı salındı. İqtisadiyata rəhbərlikdə inzibati amirlik üsullarının tətbiqi, yaradıcı ziyalıların üzərində partiya və dövlət nəzarətinin gücləndirilməsi totalitarizmin başlıca xüsusiyyəti idi. Totalitarizmin dağıdıcı siyasəti rus xalqına, eləcə də sovet rejimində yaşayan xalqlara qarşı yönəldilmişdi.

XX əsrin ayrı-ayrı illərində mövcud olan əyintilər mədəniyyətə güclü təsir edə bilmədi. Öz tarixi, mütərəqqi ənənələrinə sadiq qalan böyük mədəniyyəti milli inkişaf tarixinə sadiq qalaraq dünya mədəniyyəti müstəvisində bütün mədəniyyətlərlə birlik


Tarix: 09.12.2014 / 12:57 Müəllif: Aziza Baxılıb: 250 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)