beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baptizmdə Allah inancı

Baptizmdə tarixən iki axın mövcud olmuşdur: ümumi və xüsusi. Onlar biri-birindən vəftiz məfhumunun mahiyyətini fərqli dərk etdikləri üçün seçilirlər. Ümumi baptistlərə görə, İsa Məsih insanlar arasında fərq qoymadan hər kəsin günahını təmizləmişdir. Xüsusi baptistlər isə İsanın əvvəlcədən seçilmiş bir sıra insanın günahlarını təmizlədiyini qəbul edirlər. Con Smit ümumi baptist icmasının qurucusu hesab olunur. İlk xüsusi icma isə 1638-ci ildə İngiltərənin Sosverq şəhərində meydana gəlmişdir. Baptistlərin həyat devizi olan "Tanrı məhəbbətin özüdür" ifadəsi özündə bütün xoşbəxtlik və sevincin Tanrı ilə bilavasitə əlaqədar olması mənasını ehtiva edir. İnanca görə, inanan insanın Allahın varlığına sübut gətirməsinə ehtiyac yoxdur. Çünki Allah varlığını inanan insanın şüuruna yerləşdirmişdir. Baptistlərə görə, Allah təkdir, o bir ruhdur, diridir, hər şeyə qadir, əbədi, müqəddəs və ədalətlidir. Katolik, pravoslav, lüteran və digər xristian təriqətlərindən fərqli olaraq, baptistlər Tanrının yalnız ruhani təbiətə malik olduğunu bildirərək, onun insan qismində nə vaxtsa zühurunu qəbul etmirlər. Tanrının hansısa formada surətinin təsvir edilməsinə etiraz edirlər. Əgər katolik və pravoslav kilsələrində Ata Tanrının təsvirlərini tavan və divarlarda görmək mümkündürsə, baptistlər bunu ümumiyyətlə qəbul etmirlər.

Baptistlər təslis, yəni üçlük inancını Ata Tanrı, Oğul Tanrı və Müqəddəs Ruh Tanrısını qəbul edirlər. Onlara görə, Müqəddəs Ruh insanın inancında böyük rol oynayır. Müqəddəs Ruh insana açılmadan insanda imana olan istək meydana gəlməz. Baptistlər bu səbəbəbdən Müqəddəs Ruha böyük əhəmiyyət verirlər.

Baptistlər Tanrı mövzusunda digər xristianlardan fərqli fikirdədirlər. Belə ki, xristian icmaların əqidəsinə görə, bəndə cəzalanmalıdırsa, Tanrı onu harda olursa-olsun cəzalandıracaq. Tanrı ilahi şəxsiyyət kimi aşkar yerdədir. Baptistlər də tanrının isdədiyi vaxt və yerdə insanı cəzalandıra bilmək qabiliyyətinə malik olması ideyasını qəbul edirlər. Lakin onlar Tanrını laməkan sayırlar. Baptizm ideologiyasının mərkəzində məsihçilik dayanır. Baptistlər İsanın Allahın özü olduğuna inanmaqla yanaşı, Tanrının insan bədəninə girərək İsa adı ilə bəşəriyyəti günahlardan qurtarmaq üçün gəldiyini qəbul edirlər. İsa onların əqidə və ehkamlarında mənbə rolunu oynayır. O, xilas, həqiqət və həyat yoludur. Tanrı ilə bəndə arasında yeganə əlaqə vasitəçisi İsadır.

Aktiv missioner fəaliyyət göstərmələrinin səbəbi baptistlərdə İsanın bəşəriyyəti xilas etmək üçün özünü qurban etməsindən doğan sevinc hissinin daha yüksək olması ilə izah olunur. Xilas olmaqdan danışarkən, baptistlər həvari Paveldən gətirilən sitata əsaslanırlar: "Zira Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Allahın ənamıdır. Əməllərdən asılı deyil ki, heç kim öyünməsin" (Efeslilərə məktub, 2:8-9). Bibliyaya görə, yalnız İsa Məsih insanların günahlardan çəkinərək, yalnız ona etibar etdiyi təqdirdə xilas edə bilər. Lakin, təkcə İsanın öldüyü və yenidən diriləcəyi ideyası ilə kifayətlənmək olmaz: hər insan özündə İsanın onun günahları ucbatından öldüyü və ona bəraət qazandırmaq üçün yenidən zühur edəcəyi fikrini təlqin etməlidir.

Baptistlərə xas digər mühüm xüsusiyyət onların kilsə haqqında düşüncələridir. Onlara görə, kilsə Tanrı tərəfindən xüsusi mənəvi imtiyazlar verilmiş, mükəmməl insanların məkanıdır. Kilsə, hər hansı məbəd binası, ilahi firavanlığın təmsilçisi deyil, hər şeydən öncə "dirilmiş ruhlar"ın toplandığı yerdir. Baptistlər ikona, xaç simvolu və əksər kilsə ayinlərini qəbul etmirlər. Lakin baptistləri digər icmalardan fərqləndirən ən mühüm xüsusiyyət onların etiqadında Bibliyanın çox əhəmiyyətli yer tutmasıdır. İcma üzvləri bunun səbəbini Bibliyanın İsa Məsih vasitəsilə xilas olmağın və Tanrı ilə barışmağın mümkünlüyünə şahidlik etməsilə izah edirlər. Baptistlər inanc və həyat təcrübəsində yalnız Müqəddəs Yazıların hökmlərinə istinad edirlər. Spirtli içkilər, narkotik maddələrin qəbulu, papiros çəkmək, əxlaqsızlıq və dələduzluqla məşğul olmaqdan xilas olmaq təbliğ edilir. Belə mənfi vərdişlər ruhun xilas olması üçün ciddi maneədir. Onlardan xilas olmayan insan böyük günah sahibidir və Cənnətə düşmək şansını itirir.


Tarix: 12.03.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Kilseler